Məhkəmə qərarları › İş №e-2(006)-346/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-346/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-346/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.000 manat əsas borc, 400 manat faiz, 320 manat vəkilə ödənilən vəsait, 108 manat dövlət rüsumu olmaqla, cəmi 8.828 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İdrak» Liseyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, təhsil alan X5, X6 və X1 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında «Təhsil Xidmətlərinin göstərilməsi haqqında» 09 sentyabr 2022-ci il tarixli 415-22 nömrəli, 09 sentyabr 2022-ci il tarixli 416-22 nömrəli və 09 sentyabr 2022-ci il tarixli 417-22 nömrəli müqavilələr bağlanılmışdır. Müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolları bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, «Lisey» «Təhsilalan»a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilalanın «Qanuni nümayəndəsi» isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini «Lisey»ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən hər üç müqavilə üzrə təhsil haqqı 6.000 manat olmaqla, ümumilikdə 18.000 manat təşkil etməkdədi. Lakin cavabdeh tərəfindən təhsil haqqının az bir hissəsi olan 09 sentyabr 2022-ci il tarixli 415-22 nömrəli müqaviləyə əsasən 3.500 manat, 09 sentyabr 2022-ci il tarixli 416-22 nömrəli müqaviləyə əsasən 3.000 manat və 09 sentyabr 2022-ci il tarixli 417-22 nömrəli müqaviləyə əsasən 3.500 manat olmaqla, 10.000 manat ödənilmiş, qalan 8.000 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirlər ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5 %-lə dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 108 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. Hesab edirlər ki, 8.000 x 5 % = 400 manat. 8.000 + 400 + 320 manat + 108 manat = 8.828 manat cavabdehdən alınaraq Liseyə ödənilməlidir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, onunla İddiaçı MMC arasında təhsil haqqlarının ödənilməsi məqsədilə 09 sentyabr 2022-ci il tarixdə 415-22, 416-22 və 417-22 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr üzrə razılaşdırılmış şərtlər daxilində hər iki tərəf üzərinə öhdəliklər götürmüşdür. Müqavilə üzrə təhsilalanın nümayəndəsi olaraq öhdəliklərlə məlumatlı olduğunu müqavilə bağlanan zaman qarşı tərəfin diqqətinə çatdırmışdır və bunun qarşılığı olaraq övladlarına yüksək keyfiyyətli təhsil verilməsi üçün tələbi olduğunu israrla bildirərək razılıq almışdır. Müqavilə üzrə ödənişlər hər ayın ilk on günlüyündə litseyin hesabına ödənilmişdir. Ödəniş edilməyən ay üçün qabaqcadan litseyə şifahi olaraq məlumat verilmiş və razılıq alınmışdır. Bu ödəniş çətinliyi 2022-ci ilin sentyabr və dekabr aylarında olmuşdur. Qeyd etmək istəyir ki, təhsilin, qidalanmanın keyfiyyəti, kitabların təminatı ilə bağlı dəfələrlə şifahi xəbərdarlıqla litseyə iradlarını bildirmişdir. Hər dəfə üçün vəziyyətin düzəlməsini rəhbərlik söz vermiş, amma əməl edilməmişdir. 09 fevral 2023-cü ildə litseyə yaxınlaşıb, bu cür təhsil verəcəklərsə müqaviləyə dəyişiklik edilib, qiymətlərin endirilməsini rəhbərlikdən xahiş etmişdir. Amma müsbət cavab almamışdır. Nəticə olaraq növbəti dəfə söz vermişlər ki, hər şey mükəmməl olacaq. O da ödənişlərini davam etdirmişdir. Bu şərtlə davam etdirmişdir ki, ilin sonu təhsil səviyyəsini imtahan edərək nəticə ilə tanış olub ödənişi tamamlayacaq, əks halda ödədiyi məbləğin geri qaytarılmasını tələb edəcək. Amma dəfələrlə illik nəticəni tələb etməsinə baxmayaraq təqdim edilməmişdir. Diqqətə çatdırmaq istəyir ki, onunla İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən Lisey, hüquq və vəzifələrini 2.1.5, 2.2.1, 2.2.3, 2.2.4, 2.2.8 bəndləri üzrə tam yerinə yetirməmişdir. Təhsilalan tərəf olaraq, övladının hüquq və vəzifələri, qeyd edilən müqavilənin 2.3.3, 2.3.4, 2.3.5, 2.3.6, 2.4.1 bəndləri üzrə məhdudlaşdırılmışdır. Qanuni nümayəndə olaraq, onun hüquq və vəzifələri adı çəkilən müqavilənin 2.5.1, 2.5.2, 2.5.3, 2.5.9 , 2.6.3 bəndləri üzrə məhdudlaşdırılmışdır. Qeyd etdiyi müqavilə şərtlərinin, qarşı tərəfin öhdəliklərini yerinə yetirmədiyinə görə ödənişlərdən imtina edib, litseydən ödədiyi məbləğin geri verilməsini xahiş etmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı MMC-nin pul tələbinə dair iddiası əsassız olduğundan, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş «Təhsil xidmətlərinin göstərilməsi haqqında» 09 sentyabr 2022-ci il tarixli 415-22, 416-22, 417-22 saylı Müqavilələrdən və eyni tarixli Razılaşdırma Protokollarından görünür ki, İddiaçı MMC N.Qüdrətzadənin övladları X2, X3 və X4 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkili öhdəliyini, N.Qüdrətzadə isə təhsil alan övladlarının qanuni nümayəndəsi kimi Razılaşdırma Protokollarında müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini Liseyə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilələrin 3.1-ci bəndlərinə əsasən hər müqavilə üzrə təhsil haqqı 6.000 manat olmaqla, cəmi 18.000 manat təşkil edir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, 09 sentyabr 2022-ci il tarixli 415-22 nömrəli müqaviləyə əsasən 3.500 manat, 09 sentyabr 2022-ci il tarixli 416-22 nömrəli müqaviləyə əsasən 3.000 manat və 09 sentyabr 2022-ci il tarixli 417-22 nömrəli müqaviləyə əsasən 3.500 manat olmaqla, cəmi 10.000 manat ödəniş etsə də, qalan 8.000 manat borcu ödəməmişdir. Cavabdeh təhsil haqqının qalan hissəsini ödəməməsini verilən təhsilin istənilən səviyyədə olmaması, qida və dərsliklərlə təminatın qeyri-qənaətbəxş olması ilə əsaslandırsa da, qeyd olunan halların mövcud olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçıya qeyd olunan hallarla bağlı yazılı (rəsmi) şəkildə müraciət etməsinə dair sübutları da məhkəməyə təqdim etməmişdir. Habelə iddia tələbi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edilməmişdir. Göründüyü kimi, cavabdehin iddiaya etirazı əsassız olmaqla, subyektiv mülahizələrdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı MMC-yə vaxtı-vaxtında təhsil haqqı ödəməli olmasına, bu barədə iddiaçı qarşısında öhdəlik götürməsinə baxmayaraq, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, iddiaçıya yuxarıda sadalanan müqavilələr üzrə cəmi 8.000 manat borcu qalmışdır. Bu səbəbdən, iddiaçı pretenziya qaydasına riayət edərək cavabdehə xəbərdarlıq məktubu göndərmiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 108 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 8.000 manat məbləğində təhsil haqqı borcu və ödənilmiş dövlət rüsumunun 99 manatı Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı hüquqi xidmət göstərilməsi üçün vəkilə 320 manat ödəniş edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, iddiaçı 400 manat faiz tutulmasını tələb etsə də, tərəflər arasında bağlanmış «Təhsil xidmətlərinin göstərilməsi haqqında» 09 sentyabr 2022-ci il tarixli 415- 22, 416-22, 417-22 saylı Müqavilələrdən göründüyü kimi, müqavilədə tərəflərin öhdəlikləri müfəssəl şəkildə əks olunmuş, lakin təhsil haqqının ödənilməsindən əlavə olaraq müqaviləyə valideynin (hazırki vəziyyətdə cavabdehin) üzərinə hər hansı bir başqa öhdəliyin qoyulması ilə bağlı müqavilə şərti daxil edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8.000 manat məbləğində təhsil haqqı borcu və ödənilmiş dövlət rüsumunun 99 manatı Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar