Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3466/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclas katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçı Selvi Erdinçin nümayəndəsi və vəkili Vəkil Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Selvi Erdinçin Cavabdehnə qarşı məlumatın internet informasiya ehtiyatından silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Selvi Erdinç Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir?” yazısını internet informasiya ehtiyatından silmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Yazıda iddiaçıya və şirkətlərinə aid yanlış, həqiqəti əks etdirməyən məlumatlar, o cümlədən razılığı olmadan fərdi məlumatları dərc olunmuşdur. İddiaçının və yazıda qeyd olunan şirkətlərinin zeytun istehsalı və satışı ilə heç bir əlaqəsi yoxdur. Həmin yazıda “Diles Holding” Azərbaycanda geyim biznesi ilə də məşğul olur.” qeyd olunur. Halbuki bu həqiqəti əks etdirmir. O Türkiyədə və Avropada yalnız qida və tekstil məhsullarının istehsalı ilə məşğul olur, istehsal sahələrinə yatırım edən bir sərmayəşçi kimi tanınır, heç bir ticarətlə də məşğul deyil. İstinad olunan yazıda göstərilmişdir: “Qeyd edək ki, “Diles Holding”in saytında onlara məxsus “Olives Britannia” adlı brendin də olduğu bildirilir. Lakin, açıq internet resurslarda belə bir brend haqqında heç bir məlumat mövcud deyil.” Yazıdakı bu qeyd isə onun, şirkərləri və “Olives Britannia” adlı brend barədə oxucuda şübhə yaradır. İlk dəfə internet informasiya ehtiyatında linkini görüb "xxxx"xəbər saytına müraciət etmiş və yazıda kiçik dəyişiklik edilib, “Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir? yazısı kimi yayımlanmışdır. Onu da internet informasiya ehtiyatından silməyi tələb etmişdir, lakin "xxxx" xəbər saytı adından xx.xx.2025-ci il tarixli cavab məktubunda rədd cavabı almışdır. Yazıda qeyd olunanlar bir sərmayəçi olaraq iddiaçının işgüzar nüfuzuna zərər vurur və ona görə də internet informasiya ehtiyatından silinməlidir. Bundan əlavə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən (maddə 18.1) kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlarlar məxfi məlumatlardır və heç bir halda açıqlana bilməz. Cavabdehin etirazı: Cavabdeh yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar və əsas gətirdiyi dəlillər əsassız və qeyri-qanuni olduğundan iddia ərizəsinə etiraz verməsi zərurət yaranmışdır. Məhkəmənin icraatında olan e-2(006)-3466/2025 nömrəli mülki işə əsasən iddiaçı Erdinç Selvi və onun vəkili Vəkil iddia ərizəsi ilə müraciət edərək “Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir?”ehtiyatından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Hesab edir ki, iddia ərizəsi hüquqi və faktiki əsaslardan məhrumdur və əsassızdır. Belə ki, həmin yazıda iddiaçının işgüzar nüfuzuna xələl gətirən və ya onu ticarətlə məşğul olan şəxs kimi göstərən heç bir söz, ifadə və ya məlumat yoxdur. Yazıda yalnız Erdinç Selvinin qanuni təmsilçi olduğu şirkətlər barədə qısa və ictimai mənbələrə istinad edən məlumat yer alır. Həmçinin, iddiaçı və onun vəkili iddia ərizəsində kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların məxfi olduğunu bildirmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyi (xüsusilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun) belə məlumatların dövlət qeydiyyatında açıq və ictimai xarakter daşıdığını müəyyən edir. Cavab məktubunda da qeyd olunduğu kimi, iddiaçının istinad etdiyi qanun və maddədə tamamilə əks norma əks olunub - yəni bu məlumatlar istənilən maraqlı şəxs tərəfindən əldə edilə bilər. Bundan başqa, yazıda iddiaçının hansı şirkətdə təsisçi olması və ya nizamnamə kapitalındakı payı barədə ümumiyyətlə, heç bir məlumat əks olunmayıb. Beləliklə, kommersiya sirri təşkil edən məlumatların yayılması ilə bağlı iddianın hüquqi əsası yoxdur. Yazıda yalnız açıq mənbələrdə (məsələn, vergi orqanının internet resurslarında) mövcud olan məlumatlardan istifadə olunub. İddiaçı və onun vəkili pretenziyada və iddia ərizəsində şirkətlərin zeytun istehsalı və satışı ilə məşğul olmadığını iddia etmişlər. Halbuki hazırda barəsində danışılan yazıda belə bir məlumat ümumiyyətlə yer almamışdır. Əvvəllər bu cür məlumat yazıda əks olunmuş olsa da, iddiaçının müraciəti əsasında artıq tam şəkildə silinmişdir və hazırda yazıda yoxdur. Bu barədə də iddiaçı tərəfə dəfələrlə məlumat verilmişdir. Bununla yanaşı, cavabdeh olaraq saytın fəaliyyətində məlumatların düzgünlüyünə, qərəzsizliyinə və obyektivliyinə əməl olunmasını, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyinə və şəxsin şərəf və ləyaqətinin qorunması prinsiplərinə hörmətlə yanaşılmasını təmin etməyi öz üzərlərinə götürmüşlər. İddiaçının təqdim edəcəyi istənilən əlavə məlumat və izahlar isə tərəflərin bərabər hüquqlu şəkildə məlumatlandırılması prinsipinə uyğun olaraq qanunvericiliyə əsasən şəffaf və ədalətli qaydada nəzərdən keçiriləcəkdir. Həmçinin qeyd edir ki, təqdim olunan yazıda iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğuna dair heç bir ifadə və ya məlumat yer almamışdır. Yazıda yalnız “Diles Holding”in Azərbaycanda geyim biznesi ilə məşğul olduğu barədə ictimai, rəsmi mənbədən götürülmüş məlumat əks etdirilmişdir. Həmin məlumat iddiaçının şəxsi və ya peşəkar nüfuzuna xələl gətirmək məqsədi daşımır və yalnız ictimai marağın təmin olunmasına və açıq mənbələrin obyektiv şəkildə yayılmasına xidmət edir. Təqdim olunan yazının məzmununa diqqətlə baxıldıqda, orada iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya mənfi təqdim edən heç bir məlumat və ya ifadənin yer almadığı aydın olur. Yazıda yalnız açıq və obyektiv mənbələrdən əldə edilmiş məlumatlardan idtifadə olunmuş, həmin məlumatlar faktiki xarakter daşıyaraq iddiaçının nüfuzuna xələl gətirən hər hansı fikir və ya mülahizə ilə müşayiət olunmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və Vəkil izahatında bildirdi ki, “Yeni Avaz”, “Hocanın Blogu”, “X10” saytlarında iddiaçı barədə informasiya paylaşılmışdır, hər üçünə pretenziya göndərilmiş, “Yeni Avaz”dan başqa digərləri pretenziyanı qəbul edərək, bu informasiyanı silmişlər, lakin hələ də link şəklində durur. Ona görə də bu iddia “Yeni Avaz” saytına qarşı qoyulub. Bu məlumatlar qanunvericiliyin tələbləri pozulmaqla paylaşılmışdır. Onlarla əlaqə saxlanılıb, özünü cavabdehin nümayəndəsi kimi tanıdan şəxs qeyd etmişdir ki, araşdırıb geri dönəcəklər. 1 gün sonra artıq başlıq dəyişmişdir. 1-ci halda təsisçi barədə və onun təsis payları barədə məlumat yayılmışdı. Bu qanunsuz idi. 2-ci bir məsələ odur ki, iddiaçı qeyd edir ki, zeytun biznesi ilə məşğul deyil. İki şirkətdən biri tikiş işləri ilə məşğuldur, digəri isə qida sənayesi ilə bağlı olacaq. Buna görə də iddiaçı hesab edir ki, həm onun haqqında məlumatlar təhrif olunub, həm də fərdi məlumatlar onun xəbəri olmadan paylaşılıb. “Oliver” adlı brend haqqında isə qeyd ediblər ki, heç belə bir şey yoxdur. Şəxsin yaşı ilə bağlı məlumatlar da yanlışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, “Yeni Avaz” saytının təsisçisi Cavabdeh MMC-dir. İddiaçının silinməsini tələb etdiyi informasiyada səsləndirilən iradların heç biri yoxdur. Əvvəlki məqalədə işlədilən “Şirkət açıbdır” sözü sonra “rəhbərlik edir” sözüylə əvəz edildi. Bu hadisə 1 il əvvəl olub. Yazıda şirkətin ümumi nizamnamə kapitalı yazılmışdır ki, bunu da hər yerdən tapmaq olar. Məxfi məlumat olsa idi, əldə etmək olmazdı. “Oliver” adlı brend məsələsinə gəldikdə isə qeyd edir ki, bu barədə açıq internet saytlarında məlumat tapa bilməyiblər. Mətbuat olaraq bu cür informasiyalar verməyə borcludurlar. İddianın heç bir əsası yoxdur. Ona görə də yazı silinməməlidir. Xəbərin silinməsi alçaldıcı münasibətdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı Erdinç Selvlin vəkili və nümayəndəsi Vəkil tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir? yazısını internet informasiya ehtiyatından silməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli “Yeniavaz.com” saytının cavab məktubunda göstərilmişdir ki, “pretenziya”da qeyd olunan iradlarla razı deyillər. Yazıda qeyd olunan məlumatların hamısı açıq kateqoriyalı məlumatlar hesab olunur və bu səbəbdən onların haqqında bəhs olunan yazıda yer alması qanunla qadağan deyil. “Yeniavaz.com” saytında dərc olunmuş “Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir?” adlı məqalədə qeyd edilir: “Bu ilin iyun ayının 11-də 100 min manat nizamnamə kapitalı olan “X6 İndustry and Foreign Trade” MMC (VÖEN – **********) adlı şirkət dövlət qeydiyyatına alınıb. Yeniavaz.com xəbər verir ki, yeni yaranan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, ünvan 1si Türkiyə vətəndaşı Erdinç Selvidir. Məlumat üçün bildirək ki, X11 Britaniyada yerləşən “Diles Holding” adlı şirkətin təsisçisi və rəhbəridir. 1955-ci il təvəllüdlü Erdinç Selvi hazırda Londonda “86-90 Paul Street, London, EC2A 4NE” ünvanında qeydiyyatda olan aşağıdakı şirkətlərin direktoru vəzifəsini icra edir. 12 yanvar 2022-ci ildə qeydiyyata alınan “X8 X16 X7 Ltd”; 11 yanvar 2022-ci ildə qeydiyyat alınan “X9 X13 Logistics Ltd”; 4 mart 2019-cu ildə qeydiyyata alınan “X12 X5 X14”; 30 avqust 2018-ci ildə qeydiyyat alınan “X4 X17”. “Diles Holding”in rəsmi veb-saytında qeyd olunur ki, şirkət Avropada, ABŞ-də yerli ofisləri və Türkiyə, Azərbaycanda istehsalat fabrikləri olan Londonda yerləşən korporativ müəssisədir. “Diles Holding” Azərbaycanda geyim biznesi ilə də məşğul olur. Holdinqə bağlı olan “X12 Baku” premium qadın və kişi geyimlərinin dizayneri, istehsalçısı və topdansatışçısıdır. Qeyd edək ki, “Diles Holding”in saytında onlara məxsus “Olives Britannia” adlı brendin də olduğu bildirilir. Lakin, açıq internet resurslarda belə bir brend haqqında heç bir məlumat mövcud deyil.” AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet informasiya səhifəsindən çıxarılmış kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə pəncərəsindən görünür ki, “X6 İndustry and Foreign Trade” MMC-nin qanuni təmsilçisi Erdinç Selvidir, nizamnamə kapitalı 10000 manat təşkil edir. Vergilər sosial iqtisadi onlatn qəzetin surətindən görünür ki, qəzetdə kommersiya qurumlarının dövlət reyestri məlumatları əks etdirilmiş, həmin məlumatlardan biri “X6 İndustry and Foreign Trade” MMC barəsindədir. Məlumata əsasən, MMC-nin nizamnamə kapitalı 10000 manat təşkil edir. Maliyyə ili 01 yanvar 31 dekabr. Qanuni təmsilçisi Selvi Erdinçdir. xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar X1ndə yayılmışdırsa, həmin X1ndə də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Media haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir: 14.1.7. şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir; 14.1.8. şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir; 14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir. Maddə 18.1. Media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlardır. 1.1.2. media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühitidir 1.1.3. media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir; 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır. Maddə 5.3. Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur. Maddə 13.2. Subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir: 13.2.1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə; 13.2.2. konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları) və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə; 13.2.3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məlumatın əldə edilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və üsullarla həyata keçirilir. Əldə edilməsi qaydasına görə məlumat açıq məlumata və alınması məhdudlaşdırılan məlumata bölünür. Maddə 9. Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir: internet informasiya ehtiyatları vasitəsilə; rəsmi nəşrlərlə; kütləvi informasiyanın yayılması ilə, kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə; fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə; qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 №-li 14 may 1999-cu il tarixli Qərarı: Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. İddiaçı onun şərəf və ləyaqətinə toxunan məlumatların cavabdeh tərəfindən yayılması faktını sübut etməlidir. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Cavabdehnə məxsus “Yeniavaz.com” saytında “Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir?” başlıqlı məqalənin dərc edilməsi işin mübahisəsiz halıdır. İddiaçı Erdinç Selvi həmin yazıda ifadə olunan məlumatların, həqiqətə uyğun olmayan və ona məxsus fərdi məlumatlar olmaqla, onun işgüzar nüfuzunu ləkələdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunması, yəni qeyd olunan məlumatların yayılmasına görə cavabdehin mülki məsuliyyətinin yaranması üçün, həmin məlumatların yalan olması və cavabdeh tərəfindən qanuna zidd yayılması müəyyən edilməlidir. Məlum olduğu kimi, şəxsiyyət haqqına müdaxilə, o cümlədən şərəf və ləyaqətin, işgüzar nüfuzun ləkələnməsi mülki hüquq pozuntusu sayılır və belə iddiaların qanuni əsası kimi həm də delikt normaları çıxış edir. Cavabdehin istinad olunan hərəkətinin mülki hüquq pozuntusu sayılması və bu səbəbdən onun iddiaçı qarşısında məsuliyyət daşıması üçün həmin əməlin hüquqa zidd olması müəyyən edilməlidir. Əməlin hüquqa zidd olması dedikdə, onu törədən şəxs tərəfindən qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyin edilməsi başa düşülür. Başqa sözlə, törədilmiş əməl qanunvericiliklə qadağan edilmiş və ya yol verilən qanuni hədləri aşmış olmalıdır. Odur ki, qadağan edilməyən davranış, yaxud Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş hüququn həyata keçirilməsi hüquqa zidd əməl sayıla bilməz İddiaçı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlarların məxfi məlumatlar olması və heç bir halda açıqlana bilməməsi ilə bağlı normasına (maddə 18.1) əsaslanmaqla, yazıda ona aid məxfi məlumatların əks olunduğunu iddia edir. Halbuki sözügedən yazıda iddiaçının “X6 İndustry and Foreign Trade” MMC-nin qanuni təmsilçisi olması və şirkətin nizamnamə kapitalı barədə məlumat göstərilmiş, habelə onun direktoru olduğu şirkətlərin adları sadalanmışdır ki, bu halda iddiaçının bildirdiyi kimi ona məxsus şirkətlərin təsisçiləri (iştirakçıları) və onların həmin şirkətlərdəki payları barədə hər hansı məlumat müəyyən edilmir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 2.0.14cü bəndinə əsasən qanuni təmsilçi nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Mülki Məcəllənin 47-ci maddəsinə əsasən isə təsisçi hüquqi şəxsi yaratmış və həmin hüquqi şəxsin nizamnaməsini təsdiq edən şəxsdir. Göründüyü kimi qanunvericilikdə qanuni təmsilçi və təsisçi anlayışları fərqləndirilmiş, sözügedən Qanunda açıqlanması qadağan edilən məlumatlar isə şirkətin qanuni təmsilçisi və nizamnamə kapitalı barədə deyil, məhz hüquqi şəxsin təsisçisi və onun nizamnamə kapitalındakı payı barədə məlumatlardır. O da qeyd olunmalıdır ki, cavabdeh tərəfindən təqdim edilmiş “Vergilər” sosial iqtisadi onlayn qəzetində, həmçinin hamının istifadəsi üçün açıq olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet informasiya səhifəsindəki “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” pəncərəsində “X6 İndustry and Foreign Trade” MMC-nin qanuni təmsilçisinin Erdinç Selvi, nizamnamə kapitalının 100000 manat olması öz əksini tapmışdır ki, bu da həmin məlumatın məxfi olması ilə bağlı iddiaçının dəlillərini bir daha təkzib edir. Həmçinin “Fərdi məlumatlar haqqında” Qanunun 13.2-ci maddəsində də açıq kateqoriyalı fərdi məlumatların subyektin razılığı olmadan verilməsinin mümkün olduğu təsbit edilmişdir. İddiaçının digər dəlili ondan ibarətdir ki, həmin yazıda qeyd olunan şirkətlərin zeytun istehsalı və satışı ilə heç bir əlaqəsi yoxdur. Halbuki yazıda şirkətlərin zeytun istehsalı ilə məşğul olmasına dair hər hansı məlumat göstərilməsi ümumiyyətlə müəyyən olunmur. Bundan başqa iddiaçı həmin yazıda “Diles Holding”in Azərbaycanda geyim biznesi ilə də məşğul olmasına dair həqiqətə uyğun olmayan məlumatın dərc edildiyini bildirir. İddiaçının dəlilinə münasibət olaraq cavabdehin nümayəndəsi şirkətin rəsmi veb-saytı olan “dilesholding.com”-dan çıxarılmış məlumatlara istinadən müvafiq məlumatın verildiyini bildirmiş, eyni zamanda müvafiq saytdan olan məlumatları məhkəməyə təqdim etmişdir. Təqdim olunan məlumatlarda “Diles Holding” şirkətlər qrupunun tərkibinə daxil olan “X15 Baku” şirkətinin qadın və kişi geyimlərinin istehsalçısı və topdan satısıcı olması barədə yazı öz əksini tapmışdır. Göründüyü kimi, “Yeniavaz.com” saytında dərc edilmiş məqalədə iddiaçının işgüzar nüfuzuna xələl gətirən və ya digər qeyri-maddi nemətlərə hüquqazidd müdaxilə hesab olunan hər hansı söz, ifadə və ya məlumat yoxdur. Yazıda yalnız Erdinç Selvinin qanuni təmsilçi olduğu şirkətlər barədə qısa və ictimai mənbələrə istinad edən məlumat yer alır. Beləliklə, məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan məqalədə qeyd olunan məlumatlar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilmir. Şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzu ləkələyən məlumat və ifadələrin bildirilməsi və ya hərəkətlərin edilməsi ilə bağlı mənəvi zərərin ödənilməsini tələb edən iddiaçı onların cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və (və ya) ləyaqətini, şəxsi və (və ya) işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə ifadə edilmiş və (və ya) yayılmış məlumatların həqiqətə uyğun olduğunu sübut etməlidir. Qeyd olunan məqalənin dərc edilməsi nəticəsində iddiaçının zərərə məruz qalmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar təşkil etməlidir. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Selvi Erdinçin Cavabdehnə qarşı məlumatın internet informasiya ehtiyatından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3466/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3466/2025
26.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver