Məhkəmə qərarları › İş №e-2(006)-3472/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3472/2023

24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3472/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı yol verilmiş qeyri-qanuni hərərkətlər nəticəsində ona dəymiş mənəvi və maddi ziyanın, Maliyyə Nazirliyi tərəfindən 150.000 manat olaraq ödənilməsi cavabdeh orqan qarşısında öhdəlik olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Məhkəməsinin qətnaməsi ilə onun Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı maddi və mənəvi təzminatın ödənilməsi ilə əlaqədar qaldırdığı iddia ərizəsinə baxaraq qətnamə çıxarmışdır. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, düzgün cavabdehin Maliyyə Nazirliyinin verilməsi məqsədə müvafiqdir. O, isə öz növbəsində ona qarşı edilmiş qeyri-qanuni cinayət məsuliyyətinə qanunsuz cəlb etmə qəti imkan tədbiri kimi həbsə almanın nəticəsində ona maddi və mənəvi zərərin Hərbi Prokurorluq tərəfindən vurulmasını göstərmişdir.xx.xx.1995-ci il Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının qanuni qüvvəsini almış qərardadı ilə, onun xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək qeyri-qanuni həbsdə saxlanmışa və onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə qərdadında Hərbi Prokurorluğa 1 həftə ərzində protest verilməsi hüququ izah edilmişdir. Baxmayaraq ki, Azərbaycan dövlətinin Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda onların hərbi hissə qanuna uyğun olaraq, iştirak etmiş və dövlətin qoyduğu tapşırığı uğurla icra etmişdir. Hərbi Prokurorluğun qaldırdığı cinayət məcəlləsinin 102 və 255.B maddələri ilə ittihamı məhkəmədə sübut olunmamışdır, iş ibtidai istintaqa qaytarılmaqla məhkəmə tərəfindən Hərbi Prokurorluğun istintaqın düzgün aparılması, əsl cinayət törətmiş şəxslərin tapılmasını tövsiyyə etmişdir. Belə ki, dövlət tapşırığını icra edən zabit baş leytenant İddiaçı cinayət məcəlləsinin 255.B maddəsini qulluq səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərini sui-istifadə etdiyini heç nə ilə sübut etmədiklərini göstərmişdir və sonradan cinayəti hansısa naməlum şəxsin törətdiyini qeyd etmişdir. Beləliklə onun xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək qanunsuz həbsdə saxlamaqla ona maddi və mənəvi ziyan vurmuşdur. Nəzərə alsaq ki, o, qeyri-qanuni hərəkətlər nəticəsində aylıq məvaciblərimdən məhrum olmuş və digər hüquq və azadlıqlarım pozularaq mənəvi işgəncələrə məruz qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 iddianın təmin edilib-edilməməsi məsləsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiacı iddia ərizəsində əmək fəaliyyəti ilə məşğul olmasını və qeyri-qanuni hərəkətlər nəticəsində aylıq məvaciblərindən məhrum olunduğunu qeyd etsə də bu fəaliyyətini təsdiq edən əmək muqaviləsi və əmək kitabçasının surətini və ayda konkret qazancı barədə subutları təqdim etməmişdir. İddiaçı həmçinin mənəvi ziyanın ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublıkasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində manfi fikrın formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və dıgər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-cı il tarıxlı 7 N-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət: və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərər miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçırdiyı mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab etmişdir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analofi norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi mövcud qanunvenciliyə əsasən hər hansı şəxsə qarşı cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Lakın hazırkı iddiaçıya qarşı hər hansı cinayət törədilməmiş, yalnız onunla bağı, işı başlansa da, sonradan ona bəraət verilmişdir. Daha sonra, iddiaçı onun cinayət işi ilə aidıyyəti olmayan Maliyyə Nazirliyini cavabdeh qismində göstərmişdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun huquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bır qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq çavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsırkar sayılmalı və ıddıa tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq iddaçı İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazırliyinə qarşı iddiasının rədd edilməsıni Sizdən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun arxivində Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq zabiti, baş leytenant İddiaçı barəsində 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin b bəndi və 105-ci maddəsi ilə istintaq olunaraq icraatına xitam verilmiş 2160103/94 N-li cinayət işi saxlanılır. Həmin cinayət işi 16 avqust 1994-cü il tarixdə Dəvəçi rayon prokuroru tərəfindən 08 avqust 1994cü il tarixdə Dəvəçi rayonu, “Xanlar” xanası adlanan ərazidə hərbi qulluqçuların hərəkətdə olan ZİL markalı avtomaşına odlu silahdan atəş açaraq avtomaşının yük yerində olan vətəndaş X1 ayağından güllə yaralanması ilə müşayiət olunan az ağır dərəcəli bədən xəsarəti yetirmələri faktına görə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 102-ci maddəsinin 1-ci hissəsi ilə başlanmış və istintaq aparılmışdır. 26 sentyabr 1994-cü il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmiş və 14 oktyabr 1994-cü il tarixdə X4 icrasına nəzarət üzrə Hərbi Prokurorluğun müstəntiqi, ədliyyə baş leytenantı İ.İ.Əliyevin icraatına qəbul edilmişdir. 01 noyabr 1994-cü il tarixdə müstəntiq tərəfindən toplanmış sübutlar qiymətləndirilərək 08 avqust 1994-cü il tarixdə saat 16 radələrində Dəvəçi rayonu, "Xanlar" xanası adlanan ərazidə xidmət aparan Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq zabiti, baş leytenant İddiaçı “saxla” tələbinə tabe olmayan ZİL markalı avtomobilə xidməti avtomat silahından atəş açaraq avtomaşının yük yerində olan vətəndaş X5 bədən xəsarəti yetirməsi qənaətinə gəlinmiş və İddiaçı 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin b bəndi və 102-ci maddəsinin 1-ci hissəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. 16 noyabr 1994-cü il tarixdə İddiaçı əməlləri 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin b bəndi və 105-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir. 29 dekabr 1994-cü il tarixdə İddiaçı 01 sentyabr 2000-ci İl tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin b bəndi və 105-ci maddəsi ilə ittiham olunmasına dair tərtib edilmiş ittihamnamə X4 icrasına nəzarət üzrə hərbi prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Hərbi Dəniz Qüvvələri Tribunalına göndərilmişdir. Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 13 fevral 1995-ci il tarixli qərardadına əsasən cinayət işi əlavə istintaq aparılması üçün X4 icrasına nəzarət üzrə Hərbi prokurorluğa qaytarılmışdır. 07 may 1995-ci il tarixdə cinayət işi X4 icrasına nəzarət üzrə Hərbi Prokurorluğa daxil olmuş və müstəntiq İ.İ.Əliyevin icraatına qəbul edilmişdir. 06 iyun 1995-ci il tarixdə Daxili Qoşunların N nömrəli hərbi hissəsinin komandanlığı X4 icrasına nəzarət üzrə Hərbi Prokurorluğa müraciət edərək hərbi hissənin zabiti, baş leytenant İddiaçı hərbi hissə komandanlığının nəzarətinə verilməsi haqqında vəsatət qaldırmışdır. 06 iyun 1995-ci il tarixdə cinayət işinin İddiaçı 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 105-ci maddəsi ilə ittiham olunmasına dair hissəsinə xitam verilmiş və əməli 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin b bəndi ilə tövsif olunmuşdur. Həmin tarixdə İddiaçı 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin b bəndi ilə ittiham elan edilmiş və İddiaçı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Həmçinin İddiaçı istintaqa ərizə ilə müraciət edərək cinayət işinin icraatına xitam verilməsinə və onun hərbi hissə komandanlığının zaminliyinə verilməsinə etirazının olmadığını bildirmişdir. Müstəntiq İ.İ.Əliyev 06 iyun 1995-ci il tarixdə toplanmış sübutları qiymətləndirərkən N nömrəli hərbi hissə komandanlığının vəsatətini, İddiaçı törətdiyi cinayət əməlinin ictimai təhlükəli olmamaqla ağır nəticələrə səbəb olmadığını, İddiaçı təmiz ürəklə peşman olduğunu nəzərə alaraq 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 5-ci maddəsinə əsasən hərbi prokurorla razılaşdırılmaqla İddiaçı yenidən tərbiyə və islah olunması üçün hərbi hissə komandanlığı və kollektivin zəminliyinə verilməklə barəsində 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin b bəndi ilə istintaq olunan 21-60103/94 N-li cinayət işinə xitam verilməsi haqqında qərar qəbul etmişdir. 06 iyun 1995-ci il tarixli 21/HİMX-832-95 N-li məktubla İddiaçı qəbul edilmiş Qərar barədə məlumat verilmiş və həmin qərardan şikayət etmək hüququ izah edilmişdir. İş materiallarında olan X4 İcrasına Nəzarət üzrə hərbi prokuror tərəfindən qəbul edilmiş xx.xx.1995-ci il tarixli “cinayət işinin hissəvi xitam edilməsi haqqında” qərarın surətindən görünür ki, müttəhim İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255 maddəsinin b bəndi və 105-ci maddəsi ilə ittiham olunmasına dair 21-60103/94 N-li cinayət işinin icraatına ona elan olunmuş CM-in 105-ci maddəsi ilə hissəvi xitam edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, baş leytenant İddiaçı özünə təhkim edilmiş avtomat silahından atəş açıb zərərçəkmiş T.A.İsrafilova xəsarət yetirməsi faktı təsdiq edilməmişdir. İş materiallarında olan X4 İcrasına Nəzarət üzrə hərbi prokuror tərəfindən qəbul edilmiş xx.xx.1995-ci il tarixli “cinayət işinin icraatına xitam vermək haqqında” qərarın surətindən görünür ki, N nömrəli hərbi hissə komandanlığının və kollektivin baş leytenant İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 255-ci maddəsinin “b” bəndi ilə ittiham olunmasına dair 21-60103/94 saylı cinayət işinin xitam edilib onun yenidən tərbiyə və islah olunması üçün hərbi hissə komandanlığı və kollektivinin zaminliyinə verilməsi barədə vəsatəti təmin edilməklə, Daxili Qoşunların N saylı hərbi hissəsinin 1-ci patrul bölüyünün komandiri, baş leytenant İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 255-ci maddəsinin “b” bəndi ilə ittiham olunmasına dair 21-60103/94 saylı cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, baş leytenant İddiaçı törətdiyi cinayət əməli ictimai təhlükəli olmamaqla ağır nəticələrə səbəb olmamış, o, özü isə təmiz ürəklə peşman olduğunu bildirdiyindən barəsində olan cinayət işi xitam edilməklə Azərbaycan Respublikası CPM-inin 5-ci maddəsinə əsasən o, yenidən tərbiyə və islah olunması üçün xidmət etdiyi hərbi hissə komandanlığı və kollektivinin zaminliyinə verilməlidir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, vətəndaş İddiaçı X4 İcrasına nəzarət üzrə hərbi prokurorluğun baş müstəntiqi, ədliyyə kapitanı İ.İ.Əliyevin cinayət işinn icraatına xitam verilməsi haqqında xx.xx.1995-ci il tarixli qərarının ləğv edilməsi və barəsində bəraət qərarının verilməsi haqqında məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbulundan imtina edilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı məktubun surətindən görünür ki, ona müraciətində qeyd etdiyi məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq zabiti, baş leytenant İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 255-ci maddəsinin b və 105-ci bəndləri ilə ittiham olunmasına dair 21-60103/94 saylı cinayət işinin icraatına xitam əvvəl 105-ci bəndinə dair hissəvi, sonradan 255-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı cinayət işi gedişatında barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Məhkəmə qeyd edir ki, Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq zabiti, baş leytenant İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 255-ci maddəsinin “b” bəndi ilə ittiham olunmasına dair 21-60103/94 saylı cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının “xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək qanunsuz həbsdə saxlanılmaqla ona maddi və mənəvi ziyanın ödənilməli olması”na dair iddiası əsaslı hesab edilməməklə, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bəliləklə, məhkəmə heab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar