Məhkəmə qərarları › İş №e-2(006)-3503/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3503/2022

28.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3503/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdeh LPO "xxxx" KB QSC-nin nümayəndəsi X2 qızının iştirakları ilə, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı «borcun olmamasına dair məlumatın verilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 oktyabr 2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «borcun olmamasına dair məlumatın verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan QSC "xxxx" KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə, "xxxx" MMC-yə kredit borcunun olmamasına dair məlumat verilməsi və "xxxx" MMC-nin üzərinə göstərilən məlumat əsasında Mərkəzləşdirilmiş Kredit Reyestrində müvafiq qeydiyyat aparılmasna dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 08 fevral 2008-ci il tarixdə QSC "xxxx" KB-nm “Sahil” filialından 07/K saylı kredit xətti müqaviləsinə əsasən kredit götürmüş və həmin krediti qaytarmışdır. Lakin buna baxmayaraq cavabdeh Ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə “borcun qaytarılmasına” dair müraciət etmiş, 2(004)- 7788/2013 saylı məhkəmə əmri çıxarılmış və ondan "xxxx" KB-nin xeyrinə 4878,33 AZN (dörd min səkkiz yüz yetmiş səkkiz manat otuz üç qəpik) əsas borc, 167,44 AZN (bir yüz altmış yeddi manat qırx dörd qəpik) faiz borcu, cəmi 5045,77 AZN (beş min qırx beş manat yetmiş yeddi qəpik) borcun və ödənilmiş 20 AZN (iyirmi manat) məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Bundan sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə yuxarıda qeyd olunan xx.xx.2013-cü il tarixli, 2(004)-7788/2013 saylı məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçirilməsi qərara almışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə "xxxx" KB-nin ona qarşı “borcun qaytarılmasına” dair iddia tələbi təmin edilmiş və ondan ümumilikdə 5.065,77 AZN (beş min altmış beş manat yetmiş yeddi qəpik) tutularaq "xxxx" KB-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5757/2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı QSC "xxxx" KB-nin ona qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı QSC "xxxx" KB qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürərək ona qarşı iddia qaldırmışdır. Ləğv prosesində olan QSC "xxxx" KB ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmiş və adının Mərkəzləşdirilmiş Kredit Reyestrindəki borclular siyahısından çıxarılmasını xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondunun ona ünvanladığı 22//200801425-saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)- 5757/2014 saylı qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Hazırda onun kredit təşkilatları ilə münasibətdə müəyyən arzuolunmaz problemlər yaşanır və o hər hansı bank təşkilatlarından kredit ala bilmir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının əsl cavabdeh LPO "xxxx" KB QSC ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla LPO "xxxx" QSC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin LPO "xxxx" KB QSC-yə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun LPO "xxxx" KB QSC-dən tutularaq ona qayatrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayənədəsi X1 iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)- 5757/2014 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsi, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Sandard” Kommersiya Bankının cavabdeh İddiaçı qarşı kreditin və ona hesablanmış qayatrılması tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, onunla bank arasında bağlanılmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 4.878,33 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Yasamal Rayon Məhkəməsi xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddianı təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-5757/2014 saylı qətnaməsi ilə isə QSC "xxxx" KB-nin cavabdeh İddiaçı qarşı iddiası rədd edilmişdir. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhtəlik qoyulmamışdır. "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli SF-26833 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO "xxxx" KB QSC-yə xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 4.878,33 manat, faiz məbləği üzrə 11.261,66 manat məbləğində borcu vardır. Beləliklə araşdırılmış iş materiallarından göründüyü ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-5757/2014 saylı qətnaməsinə əsasən "xxxx" KB QSC-nin İddiaçı qarşı kredit məbləğinin və ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası iddia müddətinin keçməsi səbəbi ilə rədd edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, bankın xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən ondan borcun qaytarılmasını tələb etmək hüququnu artıq itirdiyinə, buna baxmayaraq bank tərəfindən "xxxx" MMC-yə borcunun olmaması barədə müvafiq təşkilatlara məlumat verilmədiyinə istinad edir, onunla LPO "xxxx" QSC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin LPO "xxxx" KB QSC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Bu Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 527-ci maddəsinin tələblərinə görə öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(103)-5757/2014 saylı qətnaməsi ilə iddia borcalanın bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verilməsi əsası ilə rədd olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi də öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Öhdəliklərə tamamilə və ya qismən xitam verilməsinin bir sıra əsasları Mülki Məcəllənin 527-ci maddəsində müəyyən edilmişdir. Həmin maddədə isə iddia müddətinin keçməsi və bu institutun məhkəmə tərəfindən tətbiq edilməsi nəticəsində iddianın rədd olunması borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi kimi əsas nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. ... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Bundan başqa qeyd edilməlidir ki, “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, həmin normativ hüquqi aktlarla kredit təşkilatının borcalana qarşı verdiyi iddianın nəticəsi barədə kredit reyestrinə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s. daxildir. Göründüyü kimi, qanunvericilik iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün əsas kimi tanımır. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı “onunla LPO "xxxx" QSC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin LPO "xxxx" KB QSC-yə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı «borcun olmamasına dair məlumatın verilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar