Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3532/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoruna (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoruna (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X2 tərəfindən verilmiş 8İ-3762 reyestr nömrəli, 23 aprel 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə X9 arasında Bakı Şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X2 tərəfindən 3M- 608 reyestr nömrəsi ilə təsdiq edilmiş 14 sentyabr 2023-cü il tarixli “Borc Müqaviləsi”nin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alan”a 103.700,00 (bir yüz üç min) ABŞ dolları (176.290,00 (bir yüz yetmiş altı min iki yüz doxsan) manat ekvivalentində) məbləğində pul borc vermişdir. Həmin Müqavilənin 2 və 3-cü bəndlərinə əsasən “Borc alan” 103.700,00 (bir yüz üç min) ABŞ dolları krediti 6 (altı) aya yəni 14 mart 2024-cü il tarixədək “Borc verənə qaytarmağı öhdəsinə götürmüş və tərəflər kredit faizsiz verilməsini şərtləndirmişlər. X5 müraciəti əsasında yuxarıda qeyd olunan “Borc müqaviləsi” üzrə Bakı Şəhəri 54 saylıNotariat Ofisinin Xüsusi X223 aprel 2025-ci il tarixdə 8İ-3762 reyestr nömrəli icra qeydi aparmışdır. Həmin icra qeydinə əsasən iddiaçıdan X5 xeyrinə əsas borc üzrə 176.290,00 (bir yüz yetmiş altı min iki yüz doxsan) manat və dövlət rüsumu üzrə 25,00 (iyirmi beş) manat ümumilikdə 176.315,00 (bir yüz yetmişaltı min üçyüz on beş) manat tutulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin bildirişdən və “İcraata başlamaq haqqında” qərarından iddiaçıya məlum olmuşdur ki, cavabdeh Bakı Şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X2 8İ-3762 reyestr saylı, 23 aprel 2025-ci il tarixli icra qeydi aparmışdır. İlk növbədə qeyd edir ki, cavabdeh Bakı Şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən iddiaçı barəsində icra qeydi aparılarkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 167 saylı, 11 sentyabr 2000-ci il tarixli Qərarının və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 156 saylı, 02 sentyabr 2000-ci il tarixli Qərarının tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh Bakı Şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X3 tərəfindən 3M-608 reyestr nömrəsi ilə təsdiq etmiş olduğu 14 sentyabr 2023-cü il tarixli “Borc Müqaviləsi”nin bəndlərində verilən pul vəsaitinin bəzi bəndlərində borc bəzlərində isə kredit olduğu qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin etibarlı olmasını şərtləndirən 4 amilin mövcud olmasıdır. Tərəflər müqavilə bağlayarkən sərbəst iradə ifadəsini əks etdirməklə bağlanmış müqavilənin məzmununu müəyyən edirlər. Bu səbəbdən bağlanmış müqavilənin məzmunu mübahisəli olduğundan cavabdeh tərəfindən icra qeydi aparıla bilməzdi. Bundan başqa, bağlanmış müqavilənin məzmunu təkcə müqavilə tərfləri üçün deyil, eyni zamanda cavabdeh üçün vacibdir. Çünki müqavilə tərəfləri arasındakı bağlanmış müqavilənin məzmununa görə cavabdeh tərəfindən müddətin tətbiqi məsələlərinə baxılmalı idi. Bundan başqa, mübahisə edilən icra qeydinə əsasən iddiaçıdan X5 xeyrinə əsas borc üzrə 176.315,00 (bir yüz yetmiş altı min üç yüz on beş) manat tutulmasına baxmayaraq onun tərəfindən ödənilən ödənişlər nəzərə alınmamışdır. Hazırkı icra sənədi üzrə mübahisənin mövcud olmasına baxmayaraq cavabdeh Bakı Şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X2 tərəfindən iddiaçı barəsində icra qeydi aparılmışdır. X9 tərəfindən notariat ofisinə müraciət edərkən tələb olunan sənədləri natamam təqdim etmiş, əsas borc məbləği şişirdilmiş bu isə öz növbəsində hazırkı icra sənədi üzrə işin mübahisəli olmasına dələt edir. Belə ki, iddiaçı tərəfindən X7 borc müqaviləsi üzrə müxtəlif vaxtlarda həm nağd, həm onun cari bank kart hesabına borc məbləğləri üzrə ödənişlər edilmişdir. Bundan başqa borclu və ya notariat ofisi tərəfindən icra qeydinin aparılacağı barədə iddiaçıya bildiriş təqdim etməmişdir. Qanunvericiliyin tələbinə əsasən notariat orqanı borc müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi isə icra sənədinə bərabərdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmələn iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, tərəflər arasında bir əqd bağlanıb və həmin əqdə əsasən müəyyən bir borc verilib. Ümumi dəyəri 103.700 ABŞ dolları, yəni 176.290 manat. Notariatda bununla bağlı icra qeydi işlənib, sonra icraya yönəldilib, icraya yönəldikdən sonra tərəf bunu mübahisələndirib. Niyə notariat orqanı icra qeydini işləyə bilməzdi, çünki borc müqaviləsi hələ özü-özlüyündə müəyyən olunmayan əqddir. Borc və kredit münasibətləri tam başqa münasibətlərdir. Başlıqda borc müqaviləsi yazılıb, amma mətndə kredit sözləri keçir. Məcəlləyə əsasən, kredit münasibətlərinə 1 illik iddia müddəti, borc münasibətlətinə isə 3 illik iddia müddəti tətbiq olunur. Qanunvericilik bir növ notariusa araşdırma səlahiyyəti verir, o tərəfləri çağırıb dinləməlidir. Birinci onlar istinad etdiyi hal borcun mübahisəli olması halıdır. Əqdin etibarsızlığı üçün əsaslar var, ona görə də, birinci onun etibarlılığı müzakirə olunmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı indiyə kimi heç bir ödəniş etməyib. Notariusun bildirişi iddiaçıya göndərilib. Bildirir ki, xəbəri yoxdur, lakin ona iki dəfə bildiriş göndərilib. İddiaçı öz mülklərini adından çıxarıb. Pulu ödəmək üçün vaxt istəyir, amma bu günədək heç bir məbləğ ödəniş etməyib. Onun belə iddia qaldırması öz prosessual hüquqlarından sui-istifadədir. Cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən:
1. "Borc verən" "Borc alana" 103700 (bir yüz üç min) ABŞ dolları (176290 (bir yüz yetmiş altı min iki yüz doxsan) manat ekvivalentində) məbləğində pul borc verir.
2. "Borc alan" 103700 (bir yüz üç min) ABŞ dollar krediti 6 (altı) aya yəni xx.xx.2024 tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür.
3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.
4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.
5. "Borc alan" kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər.
6. "Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir.
7. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.
8. "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.
9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.
10. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.
11. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alan" çəkir.
12. Bu müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-3762 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Bakı şəhəri 54 saylı notariat ofisinin Xüsusi X2 Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir, həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan X5 (AA4351183, xx.xx.2023 00:00 - Asan 1; FİN: 2WF0BTC; d/t: xx.xx.1978) xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, 16.12,201.9 - Asan 2; FİN: xxxxxxx; d/t: 25.11,1969) müddət üçün vaxtında ödənilməmiş 176290 manat 00 qəpik (yüz yetmiş altı min iki yüz doxsan manat sıfır qəpik) tutulması, bundan əiavə təklif edirəm borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 176315 manat 00 qəpik (yüz yetmiş altı min üç yüz on beş manat sıfır qəpik) pul tutulması qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-3762 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli e5880/2025-5-40 saylı bildirişinə əsasən Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-3762 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə tələbin könüllü icrası üçün borclu İddiaçı göndərilmişdir. Bakı şəhəri 54 saylı Notariat Kontorunun İddiaçı ünvanladığı x/k-208 nömrəli xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixdə bağlanmış 3M-608 saylı reyestrlə X9 ilə onun arasında 103700 (bir yüz üç min) ABŞ dolları (176290 (bir yüz yetmiş altı min iki yüz doxsan) manat ekvivalentində) məbləğində pula dair kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin müqavilə rəsmiləşdirilərkən həmin borcun 14.03,2024-cü il tarixə qədər qaytarmasını İddiaçı öz öhdəsinə götürmüşdür. Lakin həmin müddət keçməsinə baxmayaraq, o, həmin borcu qaytarmadığı üçün X9 notariat ofisinə müraciət edərək, barəsində İcra qeydi aparılmasını xahiş etmişdir. Borclu İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcunu xx.xx.2024-cü il tarixədək ödəmədiyi halda tələbin məcburi icrası üçün barənizdə icra qeydinin aparılması üçün aidiyyəti notariat ofisinə yaxud müvafiq məhkəməyə müraciət olunacağı, bu zaman borc məbləği ilə yanaşı icra qeydi, məhkəmə və digər xərclər də ondan tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Tətbiq edilən hüquq: “Notariat haqqında” Qanun Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə, 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” İ. Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması Bənd 1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: - notariat qaydasında təsdiq edilmiş əqdin əsli.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə X9 arasında Bakı Şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi Notariusu tərəfindən 3M-608 reyestr nömrəsi ilə təsdiq edilmiş 14 sentyabr 2023-cü il tarixli “Borc Müqaviləsi”nin 1-ci bəndinə əsasən “Borc verən” “Borc alan”a 103.700,00 (bir yüz üç min) ABŞ dolları (176.290,00 (bir yüz yetmiş altı min iki yüz doxsan) manat ekvivalentində) məbləğində pul borc vermişdir. Həmin Müqavilənin 2 və 3-cü bəndlərinə əsasən “Borc alan” 103.700,00 (bir yüz üç min) ABŞ dolları krediti 6 (altı) aya yəni 14 mart 2024-cü il tarixədək “Borc verənə qaytarmağı öhdəsinə götürmüş və tərəflər kredit faizsiz verilməsini şərtləndirmişlər. X5 müraciəti əsasında yuxarıda qeyd olunan “Borc müqaviləsi” üzrə Bakı Şəhəri 54 saylı Notariat Ofisinin Xüsusi X2 23 aprel 2025-ci il tarixdə 8İ-3762 reyestr nömrəli icra qeydi aparmışdır. Həmin icra qeydinə əsasən iddiaçıdan X5 xeyrinə əsas borc üzrə 176.290,00 manat və dövlət rüsumu üzrə 25,00 (iyirmi beş) manat ümumilikdə 176.315,00 manat tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ- 3762 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişi, icra sənədinin icrasının təmini məqsədilə tələbin könüllü icrası üçün borclu İddiaçı göndərilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, tələbkar tərəfindən borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş, həmin bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı notariusa təqdim olunmuş, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Qanunuvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması, borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır, borc mübahisəli olduqda notarius icra qeydini aparmaqdan imtina etməli, tələbkara məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Göründüyü kimi borcun məbləği borcalan tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərdən əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarında göstərilmişdir ki:
1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin. 2.Göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilsin. 3.Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət tətbiq edilsin. Bu qərarda formalaşdırılan hüquqi mövqeyə görə...borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində icra məmurunun bildirişindən və icraata başlamaq haqqında qərarını aldıqdan sonra icra qeydinin aparılmasından məlumatlı olduğunu qeyd etmişdir. “Elektron icra” informasiya sistemindən çıxarılmış məlumatlardan da görünür ki, icraata başlamaq haqqında məlumat xx.xx.2025-ci il tarixdə borcluya sms vasitəsilə çatdırılmışdır. Beləliklə, İddiaçı icra qeydinin mövcudluğundan xx.xx.2025-ci il tarixdə məlumatlı olsa da, xx.xx.2025-ci il tarixdə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Demək iddiaçı ən geci xx.xx.2025-ci ilədək icra qeydini mübahisələndirməli idi. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoruna (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoruna (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva