Məhkəmə qərarları › İş №e-2(006)-3542/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3542/2025

02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3542/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun ödənilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun ödənilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

3. İddia ərizəsinin dövlət rüsumunun ödənilməsi barədə məlumat bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Əsaslandırıcı hissə:

4. Belə ki, ərizənin mahiyyətindən aydın olur ki, ərizəçi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-081/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borcun ödənilmiş hesab edilməsini xahiş edir. Halbuki, borc ilə bağlı mübahisəyə artıq məhkəmədə baxılmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Hazırkı ərizənin mahiyyəti qətnamənin icra olunması (icra olunmuş hesab edilməsi) barədədir. Məhkəmə hesab edir ki, bu məsələ ayrıca iddia tələbi üzrə icraatın predmeti ola bilməz, çünki mübahisə icra icraatı çərçivəsində həll edilməlidir. İcra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayətə iddia icraatı qaydasında deyil, müvafiq yekun məhkəmə aktının icrası qaydasında verilmiş ərizə əsasında “8” indeksi ilə baxılmalıdır.

5. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət xarakteri daşıyan hazırkı ərizəyə iddia icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir.

6. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə, xüsusi icraat, icra icraatı) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməsini ehtiva edir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 153.2, 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-153.6-cı maddə. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

8. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Nəticə:

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun ödənilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında – “8” indeksi ilə məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması, həmçinin, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar