Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-355/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.250 manat borc, 1.250 manat əldən çıxmış fayda və 1.000 manat mənəvi zərər olmaqla, cəmi 9.500 manat pul vəsaiti və ödənilmiş 115 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2020-ci il tarixdə 5.000 manat, xx.xx.2020-ci il tarixdə 3.500 manat olmaqla, ümumilikdə 8.500 manat borc vermişdir və bu faktı onunla aralarında olan danışıqlar, yazışmalar, səs yazıları və şahidlər təsdiq edir. Belə ki, cavabdeh ona təcili pul lazım olduğunu bildirmiş, ondan aldığı 8.500 manat məbləği ən gec 5-6 aya qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və borc aldığı tarixdən bu günə qədər ona borclu olduğu 8.500 manat borcdan çox cüzi bir hissəsini geri qaytarmışdır. Belə ki, borclu müxtəlif vaxtlarda (fevral-mart 2021-ci il) cəmi borcundan 1.250 manat (750 + 500) geri qaytarmışdır. Cavabdehi onunla tanış edən təxminən 5 ilə yaxındır tanıdığı X1 da bu barədə dəfələrlə desə də, narahat olmamasını və tezliklə borcu qaytaracağını söyləmişdir və hələ də söyləməkdə davam edir. Cavabdeh hər dəfə görüşdən qaçır, onunla əlaqədən yayınır, zənglərinə cavab vermir. Sonradan əldə etdiyi məlumata əsasən cavabdeh ondan aldığı pulla özünə biznes qurmuşdur. Bunu öyrəndikdə qurduğu biznesə baxmağa getmişdir, cavabdeh bir obyektdə dil kursu açmış və fəaliyyət göstərirdi. O, borcumu qaytarmasını tələb etdikdə, narahat olmamasını, işlərinin yaxşı getdiyini və ona daha çox pul verəcəyini qeyd etmişdir. O isə cavabdehə artıq pul istəmədiyini qeyd edərək sonuncuya verdiyi məbləğdə pulun geri qaytarılmasını tələb etmişdir. Sonradan min cür bəhanələr gətirərək işinin qaydasında getmədiyini, hal-hazırda ödəmə imkanının olmadığını qeyd edərək ödəmə etməkdən yayınmışdır. Cavabdeh Bakı şəhəri 47 saylı orta məktəbdə Rus dili müəlliməsi işləyir. Hətta iş yerinə qədər gedib ondan pulunu tələb etməyə cəhd etmiş, lakin təəssüf ki, məktəbdə onu tapa bilməmişdir. Məktəbin rəhbərliyindən cavabdehi şoruşanda başqa şikayətçilərin də onu axtardığı haqqda məlumat almışdır. Bu məlumatlardan sonra aldandığını və ona qarşı dələduzluq əməli törətdiyini başa düşmüşdür. Bu barədə dərhal Nəsimi rayon 20 saylı polis bölməsinə şikayət etmiş, işə Həbib kimi özünü təqdim edən əməliyyatçı tərəfindən baxılmışdır. Bölmədə izahatını yazmış və cavabdeh haqqında əlində olan bütün məlumatları təqdim etmişdir. Cavabdeh bölməyə gələrək izahat vermiş və etdiyi əməli etiraf etmiş və fakt öz təsdiqini tapmışdır. Sonradan anlamadığı səbəblərdən Həbib kimi özünü təqdim edən əməliyyatçı onunla kobud şəkildə davranmağa başlamış, cavabdehlə guya görüşə bilmədiyini, onu tapa bilmədiyini qeyd edərək işə xitam verməyə çalışmışdır. Haqqını tələb etsə də onu hədələmiş, süründürməçilik edərək işi süni şəkildə uzatmışdır. Sonda cavabdehin tapıla bilmədiyi əsas gətirilərək işə xitam verilmişdir. Çox maraqlıdır ki, iş yeri, telefonu, yaşadığı yer bəlli olan adamı polis orqanlarının əməkdaşları niyə tapa bilmir? Bu qanunsuz hərəkətlərdən Bakı şəhər prokurorluğuna şikayət etmişdir və hal-hazırda işə yenidən detallı baxılır. Cavabdehə bu günə qədər dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh borclu olduğu məbləği vaxtında qaytarmadığı üçün o, müəyyən məbləğdə qazancından da mərhum olmuşdur. Belə ki, Cavabdeh verdiyi pul onun dövriyyəsindən çıxmışdır, həmin məbləğ dövriyyəsində olsaydı düşünür ki, o, əlavə olaraq 1.250 manat qazana bilərdi. Həmçinin psixoloji sarsıntı keçirmişdir, bütün əsəb sistemi sıradan çıxmışdır, ürək xəstəliyi tapmışdır və hal-hazırda da intensiv olaraq müalicə alır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh öncə iştirak etdiyi məhkəmə iclasında iddianı etiraf edərək bildirmişdir ki, həqiqətən iddiaçıdan borc almışdır. Aldığı borcun bir hissəsini ödəsə də, qalan hissəsini vaxtında qaytara bilməmişdir. Bu səbəbdən, onun iddiaçıya borcu qalmışdır. Cavabdeh izahatında iddiaçıya ödədiyi və qalıq qalan məbləğlərlə bağlı bir-biri ilə uyğun gəlməyən, təzadlı rəqəmlər səsləndirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, son məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş tərəflər arasındakı borc müqaviləsi ilə əlaqəli yazışmalardan, cavabdehin məhkəmədə verdiyi etirafedici izahatından görünür ki, Cavabdeh iddiçı İddiaçı şərtləşdikləri tarixdə qaytarmaq şərti ilə, faizsiz olaraq xx.xx.2020-ci il tarixdə 5.000 manat, xx.xx.2020-ci il tarixdə 3.500 manat olmaqla, ümumilikdə 8.500 manat borc almışdır. Cavabdeh aldığı borc məbləğlərindən 2021-ci ilin fevral-mart aylarında 750 manat və 500 manat olmaqla iki dəfəyə, cəmi 1.250 manatı geri qaytarsa da, qalan 7.250 manat borcu iddiaçıya qaytarmamışdır. İddiaçı borcun qalan hissəsinin qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etmiş, nəticəsi olmadığından hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmiş, müraciəti araşdırılaraq cinayət xarakterli və inzibati xəta tərkibli olmadığından iddiaçıya mülki xarakterli mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında 8500 (səkkiz min beş yüz) manat pul məbləğinə dair borc müqaviləsi bağlanmışdır. Lakin həmin borc müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilmədən, şifahi formada bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, həmin müqavilə etibarsız (əhəmiyyətsiz) əqddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda 5000 manat və 3500 manat olmaqla, ümumilikdə 8500 manat borca pul vermiş, lakin buna dair müqaviləni mülki qanunvericiliyin imperativ normalarına müvafiq olaraq bağlamamışdır. Belə ki, mülki qanunvericiliyin göstərişlərinə əsasən, tərəflər arasında olan pul məbləğlərinin (3000 manatdan çox olduqda) verilməsinə dair müqavilə yazılı formada bağlanmalı olduğu halda, heç bir yazılı müqavilə bağlanmamışdır. Bu səbəbdən də tərəflər arasında olan şifahi əqd məhkəmə tərəfindən etibarsız hesab olunur və mülki qanunvericiliyin tələblərinə görə, cavabdeh əqd üzrə aldıqlarının hamısını iddiaçıya qaytarmağa borcludur. Belə ki, tərəflər arasında olan mülki hüquq münasibətlərindən görünür ki, cavabdeh hazırki situasiyada iddiaçının vəsaiti hesabına əsassız varlanan şəxs hesab olunur. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh öz növbəsində, İddiaçı 8500 (səkkiz min beş yüz) manat pul borc aldığını etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh aldığı vəsaitin daha çox hissəsini qaytardığını bildirsə də, bununla bağlı ziddiyyətli ifadələr (ifadələrində 2500-3000 arası borcu olmasını bildimişdir), eyni zamanda pulun qatyarılması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarına istinad olunan qərarı əsas götürülməklə iddia tələbi qismən təmin olunmalı və ödənilməmiş 7.250 manat borca illik 5 % dərəcəsi ilə əldən çıxmış fayda formasında zərər hesablanaraq iddiaçıya ödənilməlidir. Bu məbləğin iki il müddətində saxlanılmasını nəzərə alaraq cəmi 725 manat əldən çıxmış fayda formasında zərər hesablanaraq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 115 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 7.250 manat əsas borc, qaytarılmamış əsas borca iki il ərzində hər il 5 % hesabı ilə hesablanmış cəmi 725 manat əldən çıxmış fayda və ödənilmiş 115 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.975 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı ona mənəvi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 7.250 manat əsas borc, qaytarılmamış əsas borca iki il ərzində hər il 5 % hesabı ilə hesablanmış cəmi 725 manat əldən çıxmış fayda və ödənilmiş 115 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7.975 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-355/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-355/2023
12.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver