Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3560/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada 21.000 ABŞ dollarının (manata ekvivalenti 35.700 manat), habelə mənəvi ziyan kimi 1.500 manat məbləğində pulun alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2021-ci ilin yanvar ayında İddiaçı2 tanışı Abdulla və Ayaz adlı şəxslərlə birlikdə pomidor məhsulunu Rusiya Federasiyasına apardığından onlarla birlikdə birgə fəaliyyət göstərmək barədə razılığa gəlmişlər. Bundan sonra İddiaçı1 Abdulla və Ayaz adlı şəxslərlə görüşmüşdür. Bu görüş zamanı Abdulla, Ayaz və Nicat söhbət əsasında bildirişmişlər ki, onunla görüşənə qədər "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən istixanasında (parnik) olublar və orada pomidorların yüklənilməsi üçün istixananın rəhbərliyi və istixananı işlədən Cavabdeh1 ilə bütün məsələləri həll ediblər. İddiaçı1 onlarla birlikdə "xxxx" MMC-nin istixanasına getmişdir. İstixanada hər maşına 17 ton olmaqla, cəmi 34 ton pomidor məhsulunu yeşiklərə yığırmışlar. Onlar orada bir müddət olduqdan sonra geriyə qayıtmışlar. Üç gündən sonra 2 maşın pomidor məhsulu yükləmişlər. "xxxx" MMC-də maşınlar yükləndikdən sonra o, Qazaxıstan Respublikası vət: KZ-825-LEB-05 dövlət nömrə nişanlı “Volvo” yük avtomaşınının sürücüsü X9 gömrük rüsumu ödəmək üçün 6.000 ABŞ dolları və nəqliyyatda yükün daşınma haqqı üçün 8.500 ABŞ dolları; Qazaxıstan Respublikası vət: KZ-9064-02 dövlət nömrə nişanlı “Volvo” yük avtomaşınının sürücüsü X5 nəqliyyatda yükün daşınma haqqı üçün 8.500 ABŞ dolları; Biləsuvar rayonu ərazisində yerləşən istixanadan KZ-294-BXZ-02 dövlət nömrə nişanlı “Volvo” markalı avtomaşınının sürücüsü Qazaxıstan vətəndaşı Şaxmurzayev Şuxrat nəqliyyat yükünün daşınması üçün 8.500 ABŞ dolları vermişdir. Beləliklə, "xxxx" MMC-dən və Biləsuvar rayonu ərazisində yerləşən istixanadan yüklənən pomidor məhsullarının nəqliyyatda daşınması üçün 3 yük avtomaşınının sürücülərinə ümumilikdə 31.500 ABŞ dolları pul vermişdir. Sonradan həmin istixanada 3-cü və 4-cü maşınlar üçün pomidor məhsulu olmadığından Abdulla ilə Ayaz qərara gəlmişlər ki, başqa yerdən maşınlara pomidor məhsulu yüklətdirsinlər. 3-cü maşını Maştağa kəndində yaşayan Sərraf adlı şəxsin vasitəçiliyi ilə Abdulla və Ayazla bərabər gedərək Zirə qəsəbəsindən yükləmişlər. 4-cü avtomaşını isə Əvəz adlı şəxsin vasitəçiliyi ilə Ayaz və Abdulla Biləsuvar rayonu yol üzərində yerləşən istixanalardan almışlar. 4 maşın yığıldıqdan sonra gəmi ilə yola salınmışdır. Maşınlardan biri Qazaxıstan Respublikası vət: KZ-857-02 dövlət nömrə nişanlı “Volvo” yük avtomaşınının sürücüsü Nasirxuja Tursinovun idarə etdiyi avtomaşında olan pomidor məhsulları istehlaka yararlı olduğu üçün ünvanına çatdırılmışdır. Lakin sürücülər: X12 və X1 "xxxx" MMC-dən yüklənmiş pomidor məhsulu və Biləsuvar rayonu ərazisində yerləşən istixanadan Şamurzaev Şuxratın idarə etdiyi avtomaşına yüklənmiş pomidor məhsulları AR Gömrük nəzarət postundan keçmiş, lakin Qazaxıstan Gömrük postu nəzarətindən keçərkən pomidorlarda texniki tələblərə cavab vermədiyi üçün Qazaxıstan gömrüyündən keçməmiş, orada avtomaşınlar bir müddət qalandan sonra Azərbaycana geri qaytarılmış və təyinatı üzrə ünvana çatdırılmamışdır. Bu səbəbdən də "xxxx" MMC və Biləsuvar istixanasının rəhbərliyinin təqsiri üzündən 53.500 manat onlara ziyan vurulmuşdur ki, hazırkı iddia üzrə cavabdehlərin nöqsanı (zay məhsul) ucbatından onlara 21.000 ABŞ dollar maddi və mənəvi zərər dəymişdir. Cavabdeh tərəfin ona qarşı dələduzluq cinayəti törətməsi qənaətinə gələrək barələrində qanuni tədbir görülməsi məqsədi ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəisinə rəsmi müraciət etmişlər. Ərizəyə əsasən Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru C.N.Hüseynov tərəfindən araşdırılma aparılmış, onun ərizəsi üzrə toplanmış HK/1-782 saylı material üzrə özünün 18 sentyabr 2021-ci il qərarı ilə cinayət işinin başlanmasını rədd etməklə bərabər cavabdehlərə qarşı etdiyi müraciətin mülki mübahisələrə aid olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Onu da qeyd edir ki, 3 maşın pomidor müəyyən tələblərə cavab vermədiyi üçün Qazaxıstan gömrüyündən keçmədiyi və geri qaytarıldığından onlar bir maşındakı pomidorun tullantıya çevrildiyini, digər 2 maşındakı pomidorun 30 faizinin xarab olduğunu, qalanını isə satdıqlarını və satışdan 12.000 manat pul əldə etdiklərini bildirmişlər. Göstərilənlərə əsasən İddiaçı2 Moskva şəhərindən telefon vasitəsilə Ayaz, Abdulla və Nicat adlı şəxslərlə hesabat aparmış, həmin hesabatda onun tərəfindən Mehdi və Rafiq iştirak etmişlər. Hesabat nəticəsində onların dedikləri bütün itkiləri nəzərə alaraq Ayaz və Abdullanın ona 15.000 manat borcları qalmışdır. Onlar həmin pulları ona ödəyəcəklərinə söz versələr də ödəməmişlər. Bu səbəbdən Sabunçu RPİ-nə ərizə ilə müraciət etmişlər. Sonra isə məhkəməyə müraciət edərək qeyd edilən pulun alınmasına nail olmuşlar. Bu faktı pomidor məhsulunun nəqliyyat vasitələrinə yüklənilməsi, göndərilməsi və s. işlərlə əlaqədar proseslərdə bilavasitə iştirak etmiş: vət. X13, Salmanov Ayaz Tahir oğlu, Cavabdeh1, X14 məhkəmədə təsdiq edə bilərlər. Cavabdeh1 Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə verdiyi izahatın məzmunundan görünür ki, 2020-ci ilin dekabr ayında X4 qəsəbəsində yerləşən pomidor parniklərindən Qazaxıstan şəhərinə tırlar və gəmi vasitəsi ilə mal göndərirmiş. Həmin ərəfədə X13 istixana müdir müavini Zeynaldan 18.000 manat dəyərində nisyə pomidor vurub Qazaxıstan şəhərinə göndərmişdir. Həmin şəhərdə isə şəriki Rəhman malı qəbul etmişdir. Malı Qazaxıstana göndərdikdən sonra isə yaşadığı Göyçay şəhərinə getmişdir. Orada əvvəllər həmyerli kimi tanıdığı Ayaz ona təklif etmişdir ki, 4 nəfər tanış tır sürücüləri var. Onlar Rusiya ərazisinə Qazaxıstan yolu ilə keçə bilirlər. İstəsən onunla işləyər. O isə sonuncudan həmin sürücüləri haradan tanıdığını soruşanda bildirmişdir ki, Moskva şəhərində Elxan adlı tanışı var və həmin sürücüləri də Elxan tanıyır. Söz vermişdir ki, həmin malın Rusiya bazarına çatmasına cavabdehdir. Həmin vaxt Ayazın telefonu ilə Rusiyada yaşayan Elxanla da danışmış və Elxanla danışıq zamanı Elxan söz vermişdir ki, tırların Qazaxıstan şəhərindən Rusiya bazarına keçməsinə özü cavabdehdir, lakin hər bir maşına dövlət rüsumundan əlavə 8.500 ABŞ dolları pul verməlidirlər. 2021-ci ilin yanvar ayında Ayazla bərabər Bakı şəhərinə gəlmiş və Bakı şəhərində Ayaz ona bildirmişdir ki, Elxanın şəriki Mehdi müəllimlə görüşməlidirlər. Onlar Mehdi müəllimlə görüşüb danışandan sonra üçü birlikdə Ramanı qəsəbəsində yerləşən pomidor parniklərinə getmişlər. Həmin istixanada Zeynal adlı şəxsin parnikindən hər kiloqramını 1 manat 40 qəpik olmaqla 35 tona bərabər nisyə pomidor məhsulunu iki tıra yüklətdirmişlər. 3-cü tırı isə Maştağa kəndində yaşayan Sərraf adlı şəxsin vasitəçiliyi ilə Ayazla bərabər gedərək bir hissəsini Zirə qəsəbəsində yerləşən pomidor parniklərindən almışlar. 4-cü maşını isə Əvəz adlı şəxsin vasitəçiliyi ilə Ayazla bərabər Biləsuvar rayonu yolunun üstündə yerləşən pomidor istixanasından almış və həmin prosesdə də Mehdi müəllim iştirak etməmişdir. 4 maşın yığıldıqdan sonra gəmi ilə yola salınmışdır. Lakin maşınlardan biri Rusiya sərhədini keçsə də 3 maşında olan pomidor məhsullarının tərkibində tələblərə cavab verməyən maddə aşkarlandığı üçün geri qaytarılmışdır. Beləliklə də cavabdehlərdən müştərək qaydada pul tutularaq onların xeyrinə ödənilməsi barədə məhkəmə qətnamə qəbul etməlidir. İddiaçıların Azərbaycan Respublikasından hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) və Biləsuvar rayonu ərazisində istixanadan toplanılmış hər avtomaşına 17 tondan, 3 maşına 51 ton pomidor məhsulunun Qazaxıstan Respublikasına nəqliyyat vasitəsi ilə daşınması üçün verilmiş 53550 AZN pulunun "xxxx" MMC və Biləsuvar rayonu ərazisində yerləşən istixananın pomidorlarının texniki tələblərə cavab vermədiyindən geri qaytarıldığı üçün onlara dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Zirədən alınan pomidorların hamısı gömrükdən keçmiş, lakin Biləsuvardan alınan pomidorlarla bağlı problem yarandığı üçün geri qaytarılmışdır. Həmçinin, qətnamələrdə qeyd olunanlardan görünür ki, həqiqətən təqsir "xxxx" MMC-də olmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsində qeyd olunan hallar hamıya bəlli olan faktlardır və sübuta ehtiyacı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında bildirmişdir ki, sözügedən malların həmin maşınlara yüklənilməsini və həmin maşınların pulunun məhz iddiaçı tərəfindən ödənilməsini sübuta yetirən fakt yoxdur. İddiaçıların mötəbər sübut təqdim etməməsini nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları: Sifarişçi İddiaçı2 və icraçı X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir. Sifarişçi İddiaçı2 və icraçı X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 02 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir. Sifarişçi İddiaçı2 və icraçı Şamurzaev Şuxrat arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 03 nömrəli sifariş aktının surətindən görünür ki, sifarişçi Azərbaycan Respublikasından yüklənmiş 17 ton tezxarab olan (pomidor və s.) məhsulların Rusiya Federasiyasına çatdırılması məqsədilə icraçıya 10.500 ABŞ dolları (yol xərcləri və Azərbaycanda qalmaq üçün çəkiləcək məsrəflər) məbləğində pul verərək, icraçı yüklənmiş məhsulunu təhvil alaraq 17 ton məhsulu Rusiya Federasiyasına çatdıraraq təhvil verməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə ünvanladığı məktubdan görünür ki, Xaçmaz Gömrük İdarəsinə Qazaxıstan Respublikası vətəndaşları X1, X8 və Şaxmurzayev Şuxratın ixrac-idxal əməliyyatları ilə bağlı müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-33-1700/2-002544/2024 nömrəli məktubundan görünür ki, Qazaxıstan Respublikası vətəndaşı sürücü X10 tərəfindən idarə olunan “Volvo” markalı, 825LEB05/62OVO02 nömrə nişanlı yük avtomobili ilə 07 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 02 fevral 2021 ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Qazaxıstan Respublikası vətəndaşı sürücü X6 tərəfindən idarə olunan “Volvo” markalı, F906402/66OVO02 nömrə nişanlı yük avtomobili ilə 07 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 05 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Qazaxıstan Respublikası vətəndaşı sürücü Şaxmurzayev Şuxrat tərəfindən idarə olunan “Volvo” markalı, 294BXZ02/43İPA13 nömrə nişanlı yük avtomobili ilə 09 yanvar 2021-ci il tarixdə pomidor yükü rəsmiləşdirilərək Qazaxıstan Respublikasına yola salınmış, həmin yük 30 yanvar 2021-ci il tarixdə geri qaytarılaraq 10 fevral 2021-ci il tarixdə “təkrar idxal” gömrük prosedurunda rəsmiləşdirilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X7 xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı1 şikayət ərizəsi üzrə toplanmış HK/1-782 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Araşdırma materialına əsas İddiaçı1 Abdulla və Ayaz adlı şəxslərin ondan aldıqları pulu qaytarmamaları ilə bağlı olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Salmanov Ayaz Tahir oğlundan 6850 (altı min səkkiz yüz əlli) manat və 399.5 (üç yüz doxsan doqquz manat əlli qəpik) manat faiz borcunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 2935/2023 nömrəli qətnaməsi ilə cavabdeh Salmanov Ayaz Tahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-156/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsinin təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2936/2023 nömrəli qərarı ilə cavabdeh Salmanov Ayaz Tahir oğlunun kassasiya şikayətinin təmin edilməməsi və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2023-cü il tarixli, 2(103)-2935/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 13(102)- 402/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2936/2023 nömrəli qərarından cavabdeh Salmanov Ayaz Tahir oğlu və vəkili X15 verdikləri əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-559/2023 saylı qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-dən 10000 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı1 verilməsi qət edilmişdir. İddianın təmin edilməsinə əsas MMC-nin əməkdaşı olan Cavabdeh1 İddiaçı1 aldığı 10000 manat pulu əsassız olaraq Abdulla adlı şəxsin MMC-yə olan borcunun ödənilməsi kimi hesaba mədaxil etməsi, bununla da MMC-nin əsassız olaraq varlanması olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixində, 2(006)- 1650/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 MMC-dən 1375 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. İddianın təmin edilməsinə əsas Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-559/2023 saylı qətnaməsinə əsasən pulun ödənilməsinin gecikdirilməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 5101/2024 nömrəli qətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(006)-1650/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-562/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı1 cavabdeh X11 qarşı pul tələbi qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 3500 manat məbləğində pul tutulması qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tamhüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin araşdırılmış halları ilə bağlı müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı2 tərəfindən Abdulla Yaqubov və Ayaz Salmanov adlı şəxslərin vasitəçiliyi ilə Cavabdeh2 MMC-dən istixana pomidorunun alınıb-satılması ilə bağlı işgüzar münasibətlər yaranmışdır. Bununla belə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2936/2023 saylı qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2935/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hal ondan ibarət olmuşdur ki, İddiaçı1 tərəfindən Ayaz Salmanova borc üçün pul verilmişdir. Yuxarı instansiya məhkəmələrinin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı1 tərəfindən Ayaz Salmanova işgüzar münasibətlər çərçivəsində borc pul verilmişdir. Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hal ondan ibarətdir ki, İddiaçı1 tərəfindən Abdulla Yaqubova işgüzar münasibətlər çərçivəsində borc pul verilmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hal ondan ibarətdir ki, İddiaçı1 tərəfindən Cavabdeh2 MMC-yə əslində pomidor alınması üçün mədaxil edilmiş pul Abdulla Yaqubovun borcuna hesablandığı üçün Cavabdeh2 MMC İddiaçı1 hesabına əsassız varlandığından həmin pul məbləğinin Cavabdeh2 MMC-dən alınıb İddiaçı1 qaytarılması qət edilmişdir. Beləliklə, İddiaçı1, İddiaçı2, Abdulla Yaqubov və Ayaz Salmanov adlı şəxslər arasında işgüzar, habelə borc münasibətlərinin olması daha əvvəl qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Hazırda İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 MMC-dən onlara dəymiş zərərə görə pul tutulmasını tələb edirlər. İddiaçıların dəlilləri ondan ibarətdir ki, onlar Cavabdeh2 MMC-dən aldıqları pomidorun Rusiya Federasiyasına göndərilməsi istiqamətində xərclər çəkmiş, həmin pomidorlarda aşkar edilmiş nöqsanlar nəticəsində pomidorların yükləndiyi nəqliyyat vasitələri geri qayıtmışdır. Bununla, məhz, pomidorlarda aşkarlanmış nöqsanlara görə onlara, yəni İddiaçı2 və İddiaçı1 dəymiş ziyana görə 21000 ABŞ dollarının Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 35700 manat və mənəvi ziyana görə 1500 manat pulun Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada pulun tutulmasını tələb edirlər. İddiaçıların sübutları onlar tərəfindən pomidor yükünün daşındığı nəqliyyat vasitəsi sürücülərinə gömrük rəsmiləşdirilməsi və xidmətlə bağlı ödədikləri pul məbləğinə dair xx.xx.2020-ci il tarixli İddiaçı2 ilə sürücülər arasında rəsmiləşdirilmiş sifariş aktlarıdır. Həmçinin, iddiaçıların bildirməsinə görə həmin pomidor yüklənmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası sərhədini keçsə də, Qazaxıstan Respublikasının sərhədindən yükdə aşkar edilmiş nöqsana görə geri qayıtmışdır. Bununla bağlı məhkəmə tərəfindən aidiyyəti gömrük orqanına sorğu ünvanlanmış və həmin orqanın cavabında X10, X3 və Şaxmurzayev Şuxrat tərəfindən idarə olunan və pomidor yükü rəsmiləşdirilmiş nəqliyyat vasitələrinin müvafiq olaraq xx.xx.2021-ci il tarixdə ölkədən çıxaraq xx.xx.2024-cü il tarixdə, xx.xx.2021-ci il tarixdə ölkədən çıxaraq xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə ölkədən çıxaraq xx.xx.2021-ci il tarixdə geri qayıtması qeyd olunmuşdur. Məhkəmə iddia tələbinin hər bir iddiaçıya münasibətdə ayrılıqda təhlil edilməsini zəruri hesab edir. Belə ki, ilkin olaraq iddia tələbinin İddiaçı1 aidiyyəti ilə bağlı qeyd edilməlidir ki, Mehdi X16rşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsində özü göstərmişdir ki, Abdulla və Ayaz adlı şəxslərin pomidorun nəqliyyat vasitələrinə yüklənməsi prosesinə rəhbərlik etməsi Elxan tərəfindən ona tapşırılmışdır. Həmin iddia ərizəsində göstərilir ki, pomidor yükü nəqliyyat vasitələrinə yükləndikdən sonra 4 yük maşınından yalnız biri sərhədi keçə bilmiş, digər 3 yük maşını isə yüklə birlikdə geri qayıtmışdır. İddia ərizəsində göstərilən və məhkəmə qətnaməsində qeyd edilən hal – “Geri qaytarılan məhsulun yarı hissəsini Azərbaycanda satmışlar. Məhsul satıldıqdan sonra Elxan, Ayaz və Abdulla satışdan kimə nə qədər pul veriləcəyini müəyyənləşdirmişlər.” Göründüyü kimi İddiaçı1 həmin yük maşınlarına hər hansı bir məbləğdə pul ödənilməsində hər hansı iştirakı olmamışdır. Yəni İddiaçı1 Ayaz Salmanova və Abdulla Yaqubova qarşı iddiaları yalnız həmin şəxslərə verdiyi pula görə olmuşdur. İddiaçı1 tərəfindən daha əvvəl qaldıırlmış iddialarda onun yük maşınlarının sürücülərinə hər hansı məbləğdə pul ödəməsi barədə hər hansı bir fikir ifadə olunmamışdır. Odur ki, hazırkı iddia tələbinə baxarkən də İddiaçı1 yük maşını sürücülərinə ödənilmiş pul məbləğinin hazırkı iş üzrə cavabdehlərdən tutulmasına dair iddia qaldırılmasına subyektiv hüququ müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə rədd edilməlidir. Məhkəmə digər İddiaçı2 cavabdehlərdən aldığı pomidor məhsulunu ölkə xaricində satmaq üçün yük maşınlarının sürücülərinə pul ödəməsi və məhsulda nöqsan aşkar edilməsi ilə bağlı ona maddi ziyanın dəyməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, Cavabdeh2 MMC-nin istixanasından götürüldüyü iddia edilən pomidor məhsulunda nöqsanlar aşkar edilməsi ilə bağlı dəlillər sübuta yetməmişdir. İddiaçı bu barədə dəlilini yalnız həmin yük maşınlarının Qazaxıstan sərhədindən geri qayıtması ilə əsaslandırmışdır ki, bu hal da özlüyündə məhsulların xarab olmasını deməyə əsas vermir. İkinci bir məqam, İddiaçı2 sürücülərin xidmətinə görə onlara ödənişlə bağlı sifariş aktlarıdır ki, həmin aktlarda qeyd edilən tarix iddiaçının bildirdiyi tarixlərlə üst-üstə düşmür, habelə həmin aktların mötəbərliyini müəyyən etmək mümkün deyildir. Nəhayət, məhkəmə vurğulayır ki, yuxarıda göstərilən iddia ərizəsində İddiaçı1 və həmçinin, Nərimanov RPİ İŞ-nin xx.xx.2021-ci il tarixli qərarında Abdulla Yaqubovun da izahatlarından aydın olur ki, İddiaçı2la işbirliyi nəticəsində Cavabdeh2 MMC-dən nisyə olaraq götürdükləri pomidor məhsullarının yükləndiyi maşınlarda olan məhsullarda aşkar edilən nöqsana görə geri qayıtmış, sonradan isə həmin məhsulları bazarda özləri satmış və müəyyən məbləğdə gəlir əldə etmiş, Elxanla birlikdə həmin gəlir və xərclərin hesabatını aparmışlar. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı2 məhz Cavabdeh1 və ya Cavabdeh2 MMC-nin təqsirli hərəkətləri nəticəsində zərər vurulması faktı öz təsdiqini tapmadığından buna dair iddia təmin edilə bilməz. Məhkəmə bir daha qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla, hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, həmçinin, qeyd edir ki, işgüzar münasibətlərdə şəxslər bu və ya digər maliyyə itkiləri ilə nəticələnən riskləri nəzərə almaqla fəaliyyət göstərirlər. Hazırkı halda İddiaçı2 baxılan məsələdə yük maşınlarına çəkdiyi xərci ehtimal etmək olsa da, bu xərc İddiaçı2 bu tip fəaliyyət zamanı nəzərə almalı olduğu risklər kateqoriyasına aid edilməlidir. Üstəlik hətta bu məhsullarda nöqsan aşkarlanması ehtimalı bir daha nəzərə alınsa da, işin araşdırılmış hallarından müəyyən edilir ki, İddiaçı2 həmin məhsulları Cavabdeh2 MMC-dən nisyə əldə etmişdir. Habelə, pomidorlarda qüsur aşkarlanmış olsa da, qayıtmış məhsullar daxili bazarda satılmış, hətta bu faktdan sonra İddiaçı2 yenidən Cavabdeh2 MMC-yə mal alınması üçün müraciət etmişdir. Beləliklə, cavabdehlər tərəfindən iddiaçılara zərər vurulması ilə nəticələnən hər hansı təqsirli hərəkətlər müəyyən edilmədiyindən, iddiaçıların cavabdehlərə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair əsas iddia tələbi, eləcə də həmin tələbdən doğan vurulmuş mənəvi zərərin ödənilməsi tələbi təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada 21.000 ABŞ dollarının (manata ekvivalenti 35.700 manat), habelə mənəvi ziyan kimi 1.500 manat məbləğində pulun alınaraq onlara ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3560/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3560/2024
16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver