Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3577/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehlə qonşu olmuş və daha sonra qohumluq əlaqəsində olmuşdur. Qızı onun oğlu ilə ailə qurmuş və aralarında bir qohum kimi xoş münasibətləri olub. Cavabdeh ailəsində ciddi maliyyə problemləri yaranmışdı. Ona pul köməkliyi göstərməyini xahiş etdi. Ümumilikdə ona 112.000 manat pul verdi. Bir müddətdən sonra iddiaçının ailəsində maliyyə sıxıntıları yarandı. Cavabdeh da bu barədə məlumatlı idi. O, iddiaçı ilə söhbət əsnasında guya ailəsinə cadu edildiyini və onun təmizləyərək köməklik edə biləcəyini bildirdi. Bunun müqabilində iddiaçıdan ilk 15300 manat, daha sonra isə 5100 manat, ümumilikdə 20400 manat pul aldı. Bir müddətdən sonra iddiaçı ondan vəziyyətin düzəlmədiyini bildirdi və verdiyi 20400 manat pulu geri istədi. Sevda müxtəlif bəhanə gətirərək pul geri qaytarmağını uzadırdı. Bu aralarda qızı ilə kürəkəni arasında da münasibətlər pozulurdu. Evlərində tez-tez mübahisələr yaranırdı. Nəhayət ki, rəsmi nikahları məhkəmə qaydasında pozuldu. Sevda iddiaçıdan əvvəlcə aldığı 112.000 manat pulu yaxın qonşularının iştirakı ilə akt əsasında qaytardı və qalan 20400 manatı isə 18 aya hissə-hissə olmaqla geri qaytaracağını öhdəsinə götürdü. Artıq müəyyən müddət keçsə də, cavabdeh pulu geri qaytarmırdı. İddiaçı ona dəfələrlə ehtiyacı olduğunu bildirsə də, heç bir şəkildə nəticəsi olmurdu. Belə olan halda 23 yanvar 2025-ci ildə DİN-nin “102” Xidməti Zəng Mərkəzi sisteminə zəng edərək ondan şikayət etdi. Etdiyi şikayət araşdırılması üçün Nəsimi rayon 19-cu PB-nə ünvanlandı. Aparılmış araşdırılma nəticəsində mübahisənin mülki mübahisə olduğu üçün məhkəməyə müraciət edilməsi məqsədilə “cinayət işinin başlanılmasının rədd ediməsi barədə” 25 yanavar 2025-ci il tarixli qərar qəbul edildi. Qərarı aldıqdan sonra məhkəməyə müraciət etmək qəraraına gəldi. Hesab edir ki, Cavabdeh qarşı iddia tələbində tam haqlıdır və iddiası təmin edilməlidir. Göstərilənlərə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh 20.400 (iyirmi min dörd yüz) manat məbləğində borcla bərabər tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödədiyi 152 (yüz əlli iki) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, şahidlərin iştirakı ilə tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən 112.000 manatın cavabdeh tərəfindən ödənildiyi və onun iddiaçıya 20.000 manat borcunun olması müəyyən edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, iddia ərizəsində 400 manat əlavə pul tələb etmələrinə səbəb kimi bu məbləği özlərinin hesabladıqlarını, 400 manat tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdıqlarını, cavabdehin 112.000 manatı borcu sənədin tərtib olunduğu gün qaytardığını, borc sənədinin əslinin onlarda olmadığını, amma qarşı tərəfin borc sənədini etiraf etdiyini, borcun verilməsində səbəb kimi cavabdehin maddi vəziyyətini yaxşılaşdırmaq olduğunu, cavabdehin ümumi məbləğdən 112.000 manatı ödədiyi, 20.000 manat isə borclu qaldığını, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 20.000 manat pulun 2022-ci ildə verildiyinin qeyd olunduğunu bildirmişdir. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə iddiaçının ona 112.000 manat pul verdiyini etiraf etdiyini, oğluna ipoteka ilə 2 otaqlı ev aldığını, iddiaçının evin alınmasında özünün də xeyri olsun deyə təklikdə ona 112.000 pul verdiyini, pulu götürdüyünü, daha sonra ona olan borcunu qaytardığını, borcun qaytarılmasını rəsmiləşdirmək üçün notariat ofisinə getdiyində ona borcun notariat qaydasında verilmədiyi üçün qaytarılmasının da bu qaydada olmadığını, ona görə iddiaçı və onun həyat yoldaşı ilə birlikdə banka gedib, ödənişini orada ödədiyini, borcun qaytarılması üçün akt tərtib edilmədiyini, Dəyanət, Ceyhun, Könül və Fəridəni çağırıb iddiaçıdan ona nə qədər borc verdiyini soruşduğunu, onun 112.000 manat borc verdiyini bildirdiyini, o isə hər kəsin qabağında ona 112.000 manatı qaytardığını, heç bir sənəd tərtib etmədiklərini, heç bir sənədə də imza atmadıqlarını, daha sonra iddiaçının dəfələrlə ona 20.000 manat verərək oğluna qarşı aliment tələbinin olmayacağını, falçılıqla məşğul olmadığını, heç vaxt məşğul olmadığını, pulu qaytaran zaman şahidlərin də heç bir sənədə imza atmadıqlarını, iddiaçının ona 20.000 manat pul vermədiyini, ona şər atdığını, ona 20.000 manat pul verərək nəvəsi üçün ev almasını bildirdiyini, qarşılığında aliment tələb etməyəcəklərini, bununla razılaşaraq iddiaçıya hər ay 1.000 manat ödəməyə razılaşdığını, aliment ödəməmək şərtilə sənəddə 20.000 manat borcun qeyd olunmasına razı olmadığını, elə bir sənəddən xəbəri olmadığını, heç bir sənədə imza atmadığını, uşağın 1 yaşı tamam olana qədər ümumiyyətlə aliment məsələsi olmadığını, çünki iddiaçının övladlarının barışacağını düşündüyünü, 112.000 manatı tərəflər nikah münasibətlərinə daxil olmamışdan əvvəl aldığını, 112.000 manatı geri qaytardığında tərəflər arasındakı münasibətin pozulduğunu, iddiaçının ona 20.000 manat pul vermədiyini, özünün ondan aliment qarşılığında 20.000 manat pul istədiyini, oğlunun aliment ödədiyini bildirmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq borc sənədinin olduğunu etiraf etmədiklərini, cavabdehin ona borc sənədinin olduğunu söyləmədiyini, sadəcə olaraq məhkəmə iclasında 112.000 manat pul verilərkən 4 nəfər şahidin iştirak etdiyini söyləmişdir. 6.Məhkəmə tərəflərin izahatını və vəkillərin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı tərəfindən qəbul edilmiş 28 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müaciət etmək hüququ izah olunmuşdur. 8.Mülki işin materiallarında olan İ.Dəyanət, A.Ceyhun, B.Könül, N.Fəridə, K.Sevda və C.Ceyran tərəfindən imzalanan sənədin surətinə əsasən C.Ceyran tərəfindən 2021-ci il dekabr ayında K.Sevdaya verilən 112.000 manat pul xx.xx.2024-cü il tarixində geri qaytarıldığı, əlavə 20.000 manat pulun 18 ay müddətinə hissə-hissə qaytarılacağı qeyd edilmişdir. 9.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli, **********59 nömrəli elektron mədaxil qəbzinə əsasən iddia qaldırılması üçün iddiaçı tərəfindən 152 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında qohumluq münasibətləri olmuş, belə ki, iddiaçının qızı ilə cavabdehin oğlu nikaha daxil olmuş, sonradan boşanmışlar. Bundan əvvəl iddiaçı tərəfindən cavabdehə 112.000 manat məbləğində borc pul verilmiş, sonradan cavabdeh həmin borcu şahidlərin iştirakı ilə iddiaçıya qaytarmışdır. 11.İddiaçı, cavabdehin falçılıqla məşğul olduğunu, bu baxımdan ona köməklik göstərilməsi üçün cavabdehin 112.000 manatı qaytardığı zaman ona 20.000 manat əlavə olaraq pul verdiyini, bununla bağlı şahidlərin iştirakı ilə yazılı sənədin tərtib edildiyini, hazırki vaxtadək cavabdehin pulu qaytarmadığını iddia edərək hazırki tələbini irəli sürmüşdür. 12.Cavabdeh isə iddiaçıdan 112.000 manat məbləğində borc pul aldığını etiraf edir. Lakin, iddiaçının ona şər-böhtan atdığını, belə ki, falçılıqla məşğul olmadığını, ona 20.000 manat pul verilmədiyini, sadəcə uşaqları boşandığı zaman iddiaçının ona aliment ödənilməsi qarşılığında 20.000 manat pul verilməsini bildirdiyini, həmin pulun verilməsinə dair heç bir sənədə imza atmadığını bildirərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsində isə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətlər, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 14.Məhkəmə hesab edir ki, Mülki Məcllənin 739-cu maddəsinin dispozitiv şərtlərinin təmin edilməsi üçün aşağıdakı hallar müəyyən edilməlidir: - pul məbləği cavabdehə verilməli; - cavabdehlə borc müqaviləsi olmalı, borcun qaytarılma müddəti bitməli; - cavabdeh borcu qaytarmaqdan imtina etməlidir. Sübutetmə vəzifəsinə görə, bu halların sübuta yetirilməsi iddiaçının üzərinə düşür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 16.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. 17.Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı, cavabdehə 20.000 manat məbləğində pulu “cadu işləri” ilə bağlı verdiyini, lakin sonradan bunun nəticəsi olmadığını görüb cavabdehin ona həmin pulu borc pul kimi qaytarmağı şahidlərin iştirakı ilə yazılı sənəd əsasında təsdiq etdiklərini iddia etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. 18.Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən tələb, yəni cavabdehə 20.000 manat pul vəsaiti verilməsi və sonradan bu vəsaitin borc qismində geri qaytarılmalı olması barədə təqdim edilən dəlillər iş üzrə inandırıcı və mötəbər sübutlarla əsaslandırılmamışdır. İddiaçı tərəfindən bu tələbin əsaslandırılması üçün işə yalnız bir ədəd yazılı sənədin surəti əlavə edilmişdir. Həmin sənəddə 112.000 manatın qaytarıldığı, 20.000 manatın isə hissə-hissə ödəniləcəyi qeyd olunmuşdur. Lakin sənədin əsl nüsxəsi, yaxud notarial və ya qanunvericiliklə müəyyən edilmiş digər qaydada təsdiqlənmiş surəti təqdim olunmamışdır. Həmçinin, bundan əlavə tərəflər arasında 112.000 manat məbləğində pulun verilməsinə dair borcun etirafı müqaviləsi də yazılı şəkildə mövcud olmamışdır. Lakin həmin vəsaitə münasibətdə cavabdeh borc pul aldığını etiraf etsə də, iddiaçı həmin pulun qaytarıldığını bildirərək mübahisələndirməmişdir. Göründüyü kimi tərəflər arasında nə 20.000 manat pulun verilməsinə dair yazılı müqavilə, nə də ki, 112.000 manat pulun etirafı barədə yazılı müqavilə mövcud olmuşdur. 19.Qanunvericilik və məhkəmə təcrübəsi baxımından iddia tələbinin sübuta yetirilməsi yükü iddiaçının üzərinə düşür. İddiaçının təqdim etdiyi surət, təkbaşına sübut kimi hüquqi nəticə doğura bilmir. Sənədin surətinin etibarlılığına dair heç bir şahid ifadəsi, əlavə yazışma, ödəniş sənədi və ya digər sübut təqdim edilməmişdir. Bu baxımdan, məhkəmə həmin surəti nə borc münasibətinin mövcudluğunu, nə də cavabdehin üzərinə öhdəlik düşdüyünü təsdiq edən sübut hesab etmir. Bu səbəbdən, təqdim edilən sənədin yalnız surət şəklində olması, onun mötəbər yazılı sübut kimi qəbul edilməsinə əngəl yaradır və sənədin hüquqi qüvvəsi məhkəmə tərəfindən şübhəli hesab edilir. Həmçinin, cavabdeh tərəf də sənədin surətinə etiraz edir və onun mövcudluğunu, etibarlılığını və məzmununu tanımamışdır. Belə ki, cavabdeh tərəfin bildirdiyinə görə 20.000 manat pul iddiaçı tərəfindən ona verilməmiş, sözügedən sənəd mövcud olmamış, sadəcə aliment qarşılığında onun qızına həmin vəsaitin verilməsinin iddia tərəfindən tələb edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədin yalnız surəti təqdim olunduğundan və onun əsli təqdim edilmədiyindən, həmçinin qarşı tərəf həmin surətin məzmununa və orijinallığına etiraz etdiyindən, bu sənədin sübut kimi hüquqi qüvvəyə malik olması mümkünsüzdür. 20.Bundan başqa, yazılı sənədin tərəflər arasında borc münasibətlərinin yarandığını təsdiq etməməsindən əlavə, iddiaçı tərəfindən cavabdehə 20.000 manat pulun verilməsi, nəticədə cavabdehin iddiaçının vəsaiti hesabına əsassız varlanması, yəni iddiaçının pulunu heç bir hüquqi əsas olmadan özündə saxlaması faktı da sübuta yetirilməmişdir. İş materiallarında, o cümlədən bank köçürmələri, ödəniş qəbzləri və digər müvafiq yazılı sübutlar təqdim edilməmişdir. Sadəcə olaraq, cadu məqsədilə pul verilməsi kimi qeyri-müəyyən izahatların və surət şəklində təqdim edilən sənədin təkbaşına bu məbləğin verilməsi və borc öhdəliyinin mövcudluğunu sübuta yetirməsi mümkün deyildir. Həmçinin, iddiaçı, tələbində mübahisələndirilən 20.000 manatdan əlavə 400 manat məbləğində pulu nəyə görə cavabdehdən tələb etməsini əsaslandıra bilməmişdir. Nəticə etibarilə, məhkəmə hesab edir ki, iddiaçının tələbi yalnız fərziyyələrə və surət əsasında qurulmuş ehtimallara əsaslandığından, bu tələbin təmin edilməsi üçün zəruri sübut yükü daşınmadığından, tələb əsassız hesab edilməklə rədd olunmalıdır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 22.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı cavabdeh tərəfindən hüququnun pozulması öz təsdiqini tapmadığından iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. 23.Məhkəmə daha sonra tələbin ödənilmiş 152 manat məbləğində dövlət rüsumunun qaytarılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə əsassız hesab edilməklə təmin edilmədiyindən, həmin tələb üzrə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 24.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3577/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3577/2025
20.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver