Məhkəmə qərarları › İş №e-2(006)-362/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-362/2025

01.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-362/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “hasarın sökülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “hasarın sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Artıq bir ildən artıqdır ki, İddiaçı yaşadığı məhəllə Cavabdeh MMC tərəfindən 4 (dörd) metrə yaxın hündürlüyü olan hasara alınmışdır. Bunun da nəticəsində İddiaçı mülkiyyət hüquqları kobud şəkildə pozulur. Belə ki, həmin hasara görə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzil günəş işığı və havalanmadan məhrum olmuşdur. Qeyd edilən səbəbdən mənzilin divarları nəmişlikdən və havasızlıqdan xarab olur. Yaranan rütubətdən mənzildə yaşamaq demək olar ki, mümkün deyil. Həmin mənzildə İddiaçı yaşlı atası yaşayır. O, 4 (dörd) dəfə infarkt keçirmiş, ağır xəstədir. Qeyd edilən hallar isə onun səhhətinə daha da pis təsir edir. İddiaçı tərəfindən bir neçə dəfə həmin hasar sökülməyə cəhd edilsə də, hər dəfə Cavabdeh MMC tərəfindən hasar yenidən bərpa edilərək iddiaçını gün işığı və havadan məhrum etmişdir. Həmçinin, Cavabdeh MMC müxtəlif qeyri-qanuni üsul və vasitələrdən istifadə edərək hasarı sökməmək üçün iddiaçıya təzyiqlər edir. Bütün bunlar həm qanunvericiliyin, həm də mülkiyyət sahibi olan şəxs kimi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, sözügedən evin həyətinə tökülmüş tikinti tullantılarının daşınması vəzifəsinin cavabdehin üzərinə qoyulması, mənzilin divarları ilə bitişik qonşu divarların sökülməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Son olaraq, İddiaçı vəkili-nümayəndəsi Vəkil “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin Cavabdeh MMC-yə qadağan edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 27 ünvanında yerləşən evin həyətinə tökülmüş tikinti tullantılarının daşınması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsinin Cavabdeh MMC-yə qadağan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə prosesi:

5. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 73,6 kv.metr olan 3 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında – 1 otaqdan (y/s – 11.5 kv.m, k/s – 4.4 kv.m) ibarət hissədə X1 (qeydiyyat tarixi: xx.xx.2016, qeydiyyat nömrəsi **********), 1 otaqdan (y/s – 21.2 kv.m) ibarət hissədə X4 (qeydiyyat tarixi: xx.xx.2016, qeydiyyat nömrəsi: **********), 2 otaqdan (y/s – 17.3 kv.m, k/s – 19.2 kv.m) ibarət hissədə isə İddiaçı (qeydiyyat tarixi: xx.xx.2016, qeydiyyat nömrəsi: **********) adına qeydiyyata alınmışdır.

10. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

11. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov, Əlibəy Hüseynzadə, B.B.Məcidov və Cəlil Məmmədquluzadə küçələrinin əhatə etdiyi 1,07 ha torpaq sahəsi daxilində müasir sosial infrastruktur obyektlərin, yaşayış kompleksinin tikintisinin həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 194 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Cavabdeh MMCnin istifadəsinə verilmişdir.

12. ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 188 nömrəli Sərəncamı ilə yaşayış binalarının tikintisi məqsədilə Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Ağadadaş Qurbanov, ev 27 ünvanında da söküntü işləri başlamış və Cavabdeh MMC tərəfindən hasara alınmışdır.

13. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinin və Cavabdeh MMC-nin müraciət məktublarını, aidiyyəti dövlət qurumlarının müvafiq razılıq məktublarını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 188 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, B.Məcidov, Ə.Topçubaçov, Ə.Hüseynzadə, S.Əsgərova, Mərdanov Qardaşları və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılılıq razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarınn tikintisi üçün icarə əsasında adıçəkilən MMC-nin istifadəsinə verilmişdir. Ağadadaş Qurbanov küçəsi 27 saylı ünvan yuxarıda göstərilən sərəncam ilə Cavabdeh MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri daxilində yerləşir (məktuba müvafiq sərəncamdan çıxarış əlavə edilmişdir).

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş tədqiqat obyektinə dair mütəxəssis rəyindən görünür ki, X2 həkim-laborantı Həsənova Fidan və xəbərdaredici sanitariya nəzarəti bölməsinin mühəndisi Kərimov Əziz tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının icra olunması məqsədilə ünvan 3 ünvanında xx.xx.2025-ci il tarixində laborator müayinələr aparılması həyata keçirilmişdir. Müayinələr İddiaçı yaşadığı mənzilin 1-ci mərtəbəsinin yaşadığı mənzilində aparılmışdır. Yaşayış otağında rütubət 43.5 %, hava cərəyanının surəti 0,00 m/s, işıqlanma 76 Lk olmuşdur. “Здания жилые и общественние. Параметры микроклимата и помещениях” ГОСТ 30494-2011-ə əsasən yaşayış otağında rütubət 30-60 %, hava cərəyanının norması 0.2 m/s artıq olmamaq “Естественные и искуственные освещение” MCH 2.04-05-95-ə (CHиП 23-05-95) yaşayış otağında işıqlanmanın norması 150 Lk-dur. Nəticə: ünvan 3 ünvanında İddiaçı məxsus mənzilin yaşayış otağında aparılmış müayinənin göstəricilərinə əsasən rütubət və hava cərəyanının surəti normaya uyğundur. İşıqlanma tələb olunan normadan azdır (müvafiq müayinə protokolu rəyə əlavə edilmişdir).

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli, 10/03 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsində göstərilənləri, o cümlədən tədqiq olunan hasarın hündürlüyünün 2.8 metr təşkil etdiyini nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Digər suallarda göstərilən məsələlər məhkəmə tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid olmadığından suallar üzrə tədqiqat aparılmamışdır.

16. Ekspertiza xərclərinə dair 29 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

17. İş materiallarında, həmçinin, videogörüntülər olan 1 ədəd yaddaş kartı (fləşkart) da vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında 2 otaqdan ibarət hissədə İddiaçı mülkiyyətindədir. Bir hissəsi iddiaçıya məxsus mənzilin yerləşdiyi həmin küçə və ona qonşu olan digər bir sıra küçələri (C.Məmmədquluzadə, B.B.Məcidov, Ə.Topçubaçov, Ə.Hüseynzadə, S.Əsgərova, Mərdanov Qardaşları və S.Salayev küçələrini) əhatə edən 1,07 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən, icarə əsasında cavabdehin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti MKTD Nəsimi rayon MKTB 41 saylı MKİS-in xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, iddiaçının mənzilinin yerləşdiyi həmin ünvanda söküntü işləri başlamış və ərazi cavabdeh MMC tərəfindən hasara alınmışdır.

19. İddiaçı həmin hasarın təbii gün işığının və hava axınının qarşısını aldığını, işıqlanmanın qarşısının alınmasının və yaranan rütubətin onun mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığını, habelə mənzildə yaşayan yaşlı və xəstə atasının səhhətinə də pis təsir etdiyini bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının sonradan həcmi artırılmış iddia tələbi mənzilinin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və hasarın çəkilməsinin cavabdehə qadağan edilməsi, evin həyətinə tökülmüş tikinti tullantılarının daşınması vəzifəsinin cavabdehin üzərinə qoyulması, mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsinin cavabdehə qadağan edilməsindən ibarət olmuşdur.

20. Tələb üzrə aparılan araşdırma zamanı iş üzrə ilkin və təkrar məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-dən mütəxəssis rəyi alınmış və məhkəmə tərəfindən mübahisə predmeti olan əraziyə yerli baxış keçirilmişdir (yerli baxış audio-videoyazı aparılmaqla protokollaşdırılmışdır). İlkin məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilsə də, təkrar ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 aprel 2025-ci il tarixli ekspert rəyi verilmişdir. Rəydə iddiaçıya məxsus mənzilin divarları qarşısında çəkilmiş hasarın hündürlüyünün 2.8 metr təşkil etməsi qeyd edilərək, hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilməməsinin müəyyən edildiyi göstərilmişdir. Həmçinin, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş mütəxəssis rəyində iddiaçıya məxsus mənzilin yaşayış otağında aparılmış müayinənin göstəricilərinə əsasən rütubət və hava cərəyanının surətinin normaya uyğun olması müəyyən edilsə də, işıqlanmanın tələb olunan normadan az olması qeyd edilmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı mənzilin yerləşdiyi evin həyətində tikinti tullantılarının mövcudluğu aşkar olaraq müşahidə edilərək videoyazıya alınmış, tikinti tullantılarının antisanitar vəziyyətə gətirib çıxarması məhkəmə tərəfindən mübahisəsiz olaraq müəyyən edilmişdir. Bundan başqa, iddiaçıya məxsus mənzilin divarlarına bitişik olan qonşu divarların olması da müşahidə edilmişdir. c) Məhkəmənin mövqeyi:

21. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.

22. Belə ki, iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 27 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin mənzilin divarları qarşısında hasarın çəkilməsinin Cavabdeh MMC-yə qadağan edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2025ci il tarixli ekspert rəyi ilə sözügedən hasarın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun inşa edilməməsi; habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəssisləri tərəfindən həmin hasarın mövcudluğuna görə iddiaçının mülkiyyətində olan mənzildə işıqlanmanın tələb olunan normadan az olması müəyyən edilmişdir. Həmin ekspert və mütəxəssis rəylərinin mötəbər sayılmaması üçün hər hansı əsas mövcud olmadığından, məhkəmə rəyləri mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, bu rəylərdə göstərilənlər iddiaçıya məxsus mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsinə əsas verir. Belə ki, bu rəylərlə təsdiq olunur ki, həqiqətən də, iddiaçıya məxsus mənzilin divarları qarşısında çəkilmiş hasar onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədir, bu hasar tikinti qanunvericiliyinin tələblərinə zidd inşa edilməklə yanaşı, həm də iddiaçının mənzilinin təbii şəkildə işıqlanmasının qarşısını alır. Hasarın cavabdeh tərəfindən çəkilməsi mötəbər sübutlarla təsdiqlənərək mübahisəsiz olduğundan məhkəmə hesab edir ki, hasarın sökülməsi vəzifəsi cavabdehin öz üzərinə qoyulmalıdır. Mənzilin divarları qarşısında hasar çəkilməsinin cavabdehə qadağan edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırda bu tələbin təmin edilməsinə hər hansı əsas və zərurətin mövcudluğu müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin bu hissəsi qismən təmin edilməli, Cavabdeh MMC-nin üzərinə ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi vəzifəsi qoyulmalıdır.

23. Tələbin “Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 27 ünvanında yerləşən evin həyətinə tökülmüş tikinti tullantılarının daşınması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə tərəfindən mübahisə predmetinə keçirilən yerli baxış zamanı orada tikinti tullantılarının mövcudluğu müəyyən edilmişdir. Tikinti tullantılarının antisanitar vəziyyətə səbəb olması və beləliklə, ətrafda yaşayan şəxslərin mülkiyyət hüquqlarını sərbəst və maneəsiz şəkildə həyata keçirməsini məhdudlaşdırması mübahisəsizdir. Hətta iddiaçı tərəfindən təqdim edilmiş videogörüntülərdən bəzən bu tullantıların yandırılması, bu zaman isə xüsusilə təhlükəli vəziyyətin yaranması müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu tələblə məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur və tələb bu hissədə təmin edilərək, Cavabdeh MMC-nin üzərinə ünvan 3 ünvanında yerləşən evin həyətinə atılmış tikinti tullantılarının daşınması vəzifəsi qoyulmalıdır. Bir daha qeyd edilir ki, sözügedən ərazidə söküntü və tikinti işlərinin cavabdeh tərəfindən həyata keçirilməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiqlənmişdir.

24. İddia tələbinin “ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsinin Cavabdeh MMC-yə qadağan edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yerli baxış zamanı həm də iddiaçıya məxsus mənzilin divarları ilə bitişik qonşu divarlar olması müəyyən edilmişdir. Həmin divarların bitişik olması müəyyən edildiyindən, hər hansı birinin sökülməsi, sözsüz ki, iddiaçıya məxsus mənzilə zərər vurulması, hətta ola bilsin ki, onun mənzilinin də məhv olması ilə nəticələnəcək, bu zaman isə əlavə məhkəmə mübahisəsinə zəmin yaranacaqdır. Həm mülki qanunvericiliyin mülkiyyətin müdafiəsi barədə olan normalarını, həm də prosessual qənaət prinsipini rəhbər tutan məhkəmə hesab edir ki, tələbin bu hissəsinin təmin edilməsi ağlabatan, ədalətli və məqsədə müvafiqdir. Buna görə də məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsi Cavabdeh MMC-yə qadağan edilməlidir.

25. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: - Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; - Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; - Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; - Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; - Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; - Başqa şəxsə zərər vurulması; - Əsassız varlanma; - Fiziki və hüquqi şəxslərin digər hərəkətləri; - Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1-170.2. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1098. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

27. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Maddə 79.1, 79.1.3. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 60. Qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

30. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin üzərinə ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin ünvanda yerləşən evin həyətinə atılmış tikinti tullantılarının daşınması vəzifələri qoyulmalı, ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsi Cavabdeh MMC-yə qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən bu barədə qərar qəbul edərkən məhkəmə tərəflərin tələblərindən asılı deyildir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 80 (səksən) manat hissəsi Cavabdeh MMC-dən, qalan 20 (iyirmi) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin üzərinə ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları qarşısında çəkilmiş hasarın sökülməsi və həmin ünvanda yerləşən evin həyətinə atılmış tikinti tullantılarının daşınması vəzifələri qoyulsun. ünvan 3 ünvanında yerləşən 3 nömrəli mənzilin divarları ilə bitişik olan qonşu divarların sökülməsi Cavabdeh MMC-yə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 80 (səksən) manat hissəsi Cavabdeh MMC-dən, qalan 20 (iyirmi) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar