Məhkəmə qərarları › İş №e-2(006)-3671/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3671/2022

05.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3671/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 aprel 2021-ci il tarixdə iddiaçının atası X2 ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmıdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən iddiaçının atası Şahlar Abdullayevə 340.000 manat borc verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq 07 aprel 2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və ilkin olaraq iddiaçının atasının mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən 69 saylı evin 33, 34, 35 saylı mənzilləri ipoteka qoyulmuşdur. Lakin bütün bunlara baxmayaraq, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən heç bir araşdırma aparmadan, onların həqiqətən də Cavabdeh 340.000 manat məbləğində pul borcunun olub-olmamasını, borcun təminatı olaraq qeyd edilən mənzillərə dair ipoteka müqaviləsi bağlanarkən onların razılığının olubolmamasnı müəyyənləşdirmədən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, həmin sənədlər üzrə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xeyrinə, borclu ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 07 iyul 2021-ci il tarixinədək vaxtında ödənilməmiş 340.000 manat pulun ondan tutulması barədə 01 iyun 2022-ci il tarixli icra qeydi vermişdir. İddiaçı tərəfindən sözügedən icra qeydinin ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edilərək, 8İ- 8893 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu Elmar Vəliyev tərəfindən xx.xx.2022-ci il tarixli, 2033 saylı məktub ünvanlayaraq, icra qeydi çıxarılarkən, qanunvericiliyin tələblərinə ciddi riayət edildiyi, borc məbləğinin, borclu tərəfindən notariusun depozit hesabı vasitəsilə qaytarılmadığından, eyni zamanda, icra qeydinin çıxarılmaması üçün notariat ofisinə müraciət daxil olmadığından, notariat hərəkətinin tərəfindən təsdiq edildiyini bildirmişdir. İddiaçının atası X2 ilə Cavabdeh arasında kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış və sözügedən kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan’" krediti xx.xx.2021-cı il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının atası Şahlar Abdullayev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şahlar Abdullayev vəfat edənədək Cavabdeh bir dəfə də olsun gəlib borcunu tələb etməmiş, nə də ki, göründüyü kimi icra qeydi verilməsi üçün notariat ofisinə müraciət etməmişdir. Çünki, mərhum Ş.Abdullayev kredit müqaviləsində müəyyən edilmiş müddət ərzində 340.000 manat məblğində borcu tam olaraq borcverən Cavabdeh ödəmişdir. Hazırda isə iddiaçının atasının vəfat etməsindən istifadə edərək, əsassız olaraq həmin borc məbləğini atasının vərəsəsi olaraq iddiaçıdan tələb edir. Mövcud qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Həmçinin, notariat ofisi borcun ödənilməsi barədə borcluya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək, yalnız kredit və girov müqaviləsinə əsaslanmaqla, həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin 8İ-8893 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia tələbində göstərdiyi heç bir halı sübuta yetirə bilməmişdir. İddia ərizəsi verilməzdən əvvəl iddiaçı onlara təklif etmişdir ki, ipoteka predmeti olan mənzili özü satıb borcu bağlayacaqdır, lakin vədinə əməl etməmiş və onlar da məcburiyyət qarşısında qalaraq notariusdan icra qeydinin verilməsini xahiş etmişlər. İcra qeydi verilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl edilmiş və heç bir pozuntuya yol verilməmişdir. İddiaçının hazırki iddianın və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsində məqsədi isə icranı dayandırmaq və beləliklə də müəyyən qədər vaxt udmaqdan ibarətdir. Borcun iddiaçı tərəfindən ödənilməsi ilə bağlı heç bir sübut yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən məhkəməyə məktubla müraciət edilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən Cavabdeh Ş.Abdullayevə xx.xx.2021-ci il tarixədək qaytarılması şərti ilə 340.000 manat məbləğində kredit vermişdir. İşdə olan eyni tarixli ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsinin təminatı kimi borclu-ipoteka qoyan X2 özünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsindəki 69 saylı evin 33,34,35 saylı mənzilini kreditin təminatı kimi kreditor-ipoteka saxlayan Cavabdeh xeyrinə yüklü etmişdir. İşin materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-ll № 204649 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, X1 vərəsəsi - qızı İddiaçı mərhum atasından miras qalmış Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsindəki 69 saylı evin 33,34,35 saylı mənzili vərəsəlik qaydasında qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 8İ- 8893 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən İddiaçı (borclunun vərəsəsi kimi) 340.000 manat məbləğində pul vəsaiti tutulmalı, tələb ipoteka predmetinə yönəldilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Səbail Rayon İcra Şöbəsinin böyük icra məmuru S.Əhmədov tərəfindən Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 8İ-8893 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçının atası sağlığında kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq cavabdeh ilə həmin müqaviləni bağlamış, Şahlar Abdullayev vəfat edəndən sonra qızı – hazırki iş üzrə İddiaçı atasının vərəsəsi kimi miras əmlakı qəbul etmişdir. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, 8İ- 8893 saylı icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, icra qeydinin hüquqi statusu "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydi aparmalıdır. Göründüyü kimi icra qeydi qərar və ya ləğv edilməsi mümkün olan hər hansı digər hüquqi kateqoriyaya aid deyil. Digər tərəfdən, "icra qeydinin ləğvi" mümkün olsa belə, icra qeydinin formal və texniki tələblərə uyğun gəlməməsi əsası ilə ola bilər. Məhz bu hallarda icra qeydi mübahisələndirilə bilər. Hazırki halda isə iddiaçı kreditor-ipoteka saxlayana qarşı olan maddi hüquqi tələbini notariusun icra qeydinin ləğv edilməsi formasında irəli sürmüşdür. İddiaçının icra qeydinin ləğvinə əsas kimi göstərdiyi onun ünvanına bildirişin göndərilməməsi halı ilə bağlı məhkəmə qeyd edir ki, icra qeydi ilə bağlı təqdim olunmuş notariat işindən görünür ki, bildiriş İddiaçı ünvanına sifarişli poçt vasitəsilə göndərilmişdir. Bundan əlavə, iddiaçının icra qeydinin ləğvi üçün əsas kimi göstərdiyi borcun tam şəkildə Cavabdeh ödənilməsi barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin halı təsdiq etmək üçün heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar