Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3676/2024 04.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir) «mülkiyyətdə olan qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsinə maneələrin aradan qaldırılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «mülkiyyətdə olan qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsinə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 nömrəli binanın 84 saylı mənzilinin altında yerləşən ümumi sahəsi 17 m2 olan qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsinə binanın komendantı Cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və həmin ünvana elektrik enerjisi çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda 84 saylı mənzilin altında yerləşən ümumi sahəsi 17 m2 olan qeyri-yaşayış sahəsini almışdır. Adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli ********** saylı çıxarış verilmişdir. Həmin qeyriyaşayış sahəsi onun tam mülkiyyətindədir. O, «Bakı elektrik şəbəkə»yə müraciət edərək mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinə elektrik xətti çəkdirmək istəmişdir. Həmin idarənin işçiləri qeyri-yaşayış sahəsinə gəlsələr də, "xxxx" MTK-nın nəzdində olan 70 nömrəli binanın komendantı Cavabdeh Əhməd qızı «Bakı elektrik şəbəkə»nin nümayəndələrinə mülkiyyətində olan qeyri-yaşayış sahəsinə elektrik xətti çəkilməsinə mane olmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətindən istifadə edə bilmir. Bunun nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından biri olan mülkiyyətində olan əmlakdan maneəsiz istifadə hüquqları pozulur. Cavabdeh ona dəfələrlə bildirmişdir ki, həmin obyektə elektrik xətti çəkilməsinə icazə verməyəcək. Sonradan, "xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 84 saylı mənzilin altında yerləşən, alqı-satqı müqaviləsinə əsasən aldığı, xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə elektrik xətti çəkmək istədiyini, lakin onun tərəfindən buna maneçilik törədildiyini bildirirək, maneənin aradan qaldırılmasını xahiş etmişdir. Bildirir ki, İddiaçı tələbi qanunsuzdur və aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, birincisi, İddiaçı elektrik xətti götürmək istədiyi lövhə (şit) adlanan elektrik paylayıcısı ümumi istifadədir, həmin lövhədən 18 mənzilin hər birinə ayrılıqda elektrik xətti gedir. Fuad Abbsaov həmin şitə gedən xəttə qoşulmaq istəmişdir. Yaşadıqları mənzil 1986-cı ildə tikilərək istifadəyə verilmişdir, təhsil işçiləri üçün nəzərdə tutulmuşdur və kooperativ binadır, həmin vaxtdan çəkilən elektrik xəttləri heç bir təmir aparılmadan, dəyşiklik edilmədən bu gün də istifadə olunur. Yəni təhvil verildiyi vaxtdan istifadə olunan xəttlərdir. Həmin xəttlər artıq öz istismar müddətini başa vurmuşdur və həmin xəttin gücü yalnız 108 mənzil üçün nəzərdə tutulmuşdur. Bundan artıq yükləmələr ağır nəticələrə səbəb ola bilər. Bütün bunları nəzərə alaraq o, binanın ictimai əsaslarla seçilən komendantı olaraq İddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsinə ümumi şitdən elektrik xətti çəkilməsinə icazə verməmişdir. Bildirmişdir ki, bir neçə dəfə onun kimi adamlar ümumi xəttdən elektrik xətti çəkmək istədikdə sakinlər narazılıq edərək buna icazə verməmişlər. Bundan başqa, binadan 200 m. aralıda ümumi istifadədə olan transfarmator fəaliyyət göstərir. Enerji idarəsində texniki şərtlər alınmaqla həmin transfarmatordan, yəni yarımstansiyadan elektrik xətti çəkilə bilər. İddiaçı isə cavabında texniki şərt almaq üçün xərc çəkmək lazım olduğunu bildirmiş, məhz ümumi xəttdən necə olursa-olsun xətt çəkdirəcəyini bildirmişdir. O, iddiaçıya əlavə olaraq bildirmişdir ki, hətta bu xətt çəkilsə belə, bunun üçün yenə texnki şərt və sakinlərin razılığı lazımdır, həm də bina tikilərkən elektrik naqillərinin gücləri, şərait nəzərə alınaraq, elektrik xəttləri ancaq mənzillərə çəkilmişdir. Əlavə xəttlərin çəkilməsi üçün digər mənbədən istifadə edilməklə çəkilməlidir. Mövcud elektirik xəttinə əlavə xəttlərin qoşulması faciələrə, sakinlərə ziyan vurulmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları»na görə mövcud elektrik xəttinə əlavə qoşulmalar zamanı texniki şərtin alınması tələb olunur. Həmin texniki şərt də mövcud olan elektrik xəttlərin gücünün, qoşulma nöqtələri (yarımstansiya, transformator məntəqəsi, elektrik xətti), obyekti qidalandıran hava və ya kabel xətlərinin hansı gərginliyə hesablanması, qoşulma nöqtələrində gərginliyin gözlənilən səviyyəsinin nəzərə alınması tələb olunur. Bildirir ki, yaşadıqları binada olan mənzillər üçün yaşayış binasının həmin mənzillərin yerləşdiyi mərtəbədə ümumi istifadədə olan sahəsində quraşdırılmış lövhə vardır. Yəni mövcud xəttlər qeyd etdiyi kimi, ancaq binanın mənzilləri üçün nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən qaydalara görə qeyri-yaşayış sahəsində elektrik xətti bunlar üçün nəzərdə tutulan lövhədən (şitdən) götürülməlidir. Qeyd edilən binada lövhə (şit) ancaq yaşayış sahələri üçün nəzərdə tutulmuşdur. Qeyri-yaşayış sahələri üçün ayrıca lövhə (şit) nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, həmin qeyri-yaşayış sahəsinə xətt digər mənbədən götürülməlidir. Bu, qeyd edilən Qaydaların 2.2.7-ci bəndində açıq-aşkar göstərilmişdir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı mülkiyyətində olan obyektə elektrik xətti çəkilməsinə manelərin aradan qaldırılması tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-nin nümayəndəsi izahatında bildirmişdir ki, İş materialları: xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən və xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda yerləşən sahəsi 17 m2 olan qeyri-yaşayış sahəsini X1 almış, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin aidiyyəti ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Əliyeva Arəstə, Mirzəyev Telman, Cavabdeh, Novruzov Emil, Qarayev Babaş, Qarayeva Nahidə, Qarayeva Sahibə, Oruclu Dilşad, Səlimov Rəhim, Nəsirov Qulu, Rzayeva Xalidə, Rzayev Elçin, Zeynalova İradə, Mahmudov Ramin, Dadaşov Zaur, Mirzəyeva Sona, Şahverdiyeva Arifə, Mehdiyev Sabir, Salayev Anar, Ələkbərov Xulvar, Mirhaşimov Rasim, Nəcəfli Mehman, Manafov İsmayıl, Ağayev Rövşən, Qurbanova Solmaz, Mirzəyevə Zeynəb, Orucova Dilarə, Qorçiyev Vüqar, Novruzov Emil, Qarayeva Sahibə və Mustafayev Eldar tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin akt ünvan 2 ünvanda yerləşən mənzillərin sakinləri tərəfindən tərtib edilmişdir. Aktda qeyd olunmuşdur ki, Nəsimi rayon elekrik idarəsinin üç nəfər işçiləri özlərini "xxxx" ASC-nin işçiləri kimi təqdim edərək, qeyri-yaşayış sahəsinin sahibi İddiaçı tapşırığı ilə 4-cü mikrorayon Cavadxan küçəsi 70 saylı binanın şitindən onun qeyri-yaşayış sahəsinə elektik xətti çəkmək üçün gəldiklərini bildirmişlər. Binanın sakinləri qəti olaraq buna öz narazılıqlarını bildirmişlər. Sakinlər bunun səbəbini onunla izah etmişlər ki, 1986-cı ildən istifadəyə verilmiş binaya daxil olan kabel və şitlər köhnə olduğu üçün ora əlavə xəttin çəkilməsi ağır nəticələr verə bilər. Onsuz da axşamlar işıqlar zəifləyir və bura əlavə fazanın qoşulmasına qəti etiraz edirlər. Binaya çəkilən kabel kooperativ binada yaşayan əhali üçün nəzərdə tutulmuşdur və qeyri obyekt bura qoşula bilməz. İddiaçı nəzərinə çatdırılmışdır ki, 200 metr aralıda olan yarımstansiyadan öz qeyri-yaşayış obyektinə elektrik xətti çəkə bilər. Hal-hazırda İddiaçı obyektində elektrik enerjisi var. "xxxx" MTK sakinlərinin xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, yuxarıda qeyd edilən aktın məzmununa uyğun səbəblər qeyd edilməklə, təhsil işçiləri üçün nəzərdə tutulmuş kooperativ binanın sakinlərinə məxsus olan elektrik şitindən İddiaçı qeyri-yaşayış sahəsinə elektrik xətti çəkilməsinə etiraz etdiklərini və çəkilməsinə qəti razılıq verilməməsini qərara almışlar. "xxxx" MTK sakinlərinin adından tərtib edilmiş sənəd, "xxxx" MTK-nın möhürü ilə təsdiq edilmişdir. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli 32 saylı arayışından görünür ki, İddiaçı kooperativ binanın üzvü olmadığından həmin binadan ona pay yoxdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məlumatından, həmçinin xx.xx.2024-cü il tarixli müraciət (enerji təchizatı şəbəkəsinə qoşulma) barədə bildirişdən görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı İddiaçı tərəfindən 03 iyun 2024-cü il tarixdə «ASAN kommunal» Mərkəzi vasitəsi ilə müraciət olunmuş, lakin qeyri-yaşayış sahəsi elektrik enerjisi ilə təchiz edilməmişdir. Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir. 20.2-ci maddəsinə əsasən elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların elektrik şəbəkəsinə qoşulması elektrik şəbəkəsinə dair qaydalar ilə tənzimlənir. 20.3-cü maddəsinə əsasən elektrik enerjisi bazarı subyektləri tərəfindən onların tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün bu Qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş qaydaların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektrik qurğularının quraşdırılması qaydalarının tələbləri yerinə yetirildikdən və ötürücü sistem operatoruna və ya paylayıcı sistem operatoruna qoşulma xidmətinə görə ödəniş edildikdən sonra ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru elektrik enerjisi bazarı subyektlərinin tikinti obyektlərini elektrik şəbəkəsinə qoşmalıdır. 20.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 27 avqust tarixli 234 nömrəli və “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 iyul tarixli 326 nömrəli qərarlarının ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli 399 №li Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması” Qaydası “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin; tələb olunan gücü 200 kVt-a qədər (orta və yüksəkgərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin; enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektlərinin; elektrik enerjisinin paylayıcılarının tikinti obyektlərinin tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir. “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması” Qaydasının: 1.3-cü bəndinə əsasən hər bir sifarişçinin bu Qaydaya uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaq hüququ vardır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır. 1.5-ci bəndinə əsasən tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması ETM və ya DEM ilə bağlanılmış qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. Qoşulma müqaviləsində dəyişiklik edildikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində də müvafiq dəyişikliklər edilir. Tərəflər arasında qoşulma müqaviləsi ləğv edildikdə elektrik enerjisinin alqı-satqı müqaviləsi də ləğv edilmiş hesab olunur. 1.6-cı bəndinə əsasən texniki şərt Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, iddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət etsə də, həmin qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsinə cavabdeh tərəfindən maneə yaradılmışdır. Bu səbəbdən, iddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirə bilmir. Cavabdeh iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə elektrik xətti çəkilməsinə maneə yaratmasının səbəbini iddiaçının bunun üçün texniki şərt almaması, binada mövcud olan elektrik avadanlıqlarının və naqillərinin köhnəliyi, binanın, həmin binada olan mənzillərin və sakinlərin təhlükəsizliyinin təmin edilməməsindən narahat olması ilə əsaslandırsa da, məhkəmə cavabdehin iddiaya etirazında qeyd etdiyi mövqe ilə razı deyil. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsi üçün zəruri prosedurlara riayət olunub-olunmamasına nəzarət etməli olan qurum "xxxx" ASCdir. İddiaçı həmin quruma mülkiyyətində olan qeyri-yaşayış sahəsinə elektrik xətti çəkilməsi ilə bağlı müraciət etmiş, zəruri ödənişi icra etmişdir. "xxxx" ASC öz növbəsində elektrik enerjisindən istifadə qaydalarını və əlaqəli sahələri tənzimləyən normativ hüquqi aktların (Qanun, Qayda, Təlimat və s.) tələblərinə zidd olmadığından, elektrik xətti çəkilməsi üçün nümayəndələrini qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana göndərmişdir. Cavabdeh isə buna hüququ olmadığı təqdirdə, iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə – konkret olaraq enerjitəchizat müəssisəsinin nümayəndələrinə elektrik xəttinin çəkilməsinə maneələr yaratmışdır. Hazırda məhkəmə hesab edir ki, iddiaçının iddiası onun qeyri-yaşayış sahəsinin elektrik şəbəkəsinə qoşulması üçün yalnız onun tərəfindən təbii inhisar subyekti ilə müvafiq qaydaların tələblərinə uyğun olaraq rəsmiləşdirilmə aparıldıqdan və zəruri sənədlər ( enerji təchizatı şəbəkəsinə qoşulma müqaviləsi , elektrik enerjisi (gücü) alınması üçün texniki şərtlər və s.) olduğu təqdirdə cavabdeh tərəfindən hər hansı maneə əsassız hesab edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 nömrəli binanın 84 saylı mənzilinin altında yerləşən ümumi sahəsi 17 m2 olan qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsinə Cavabdeh tərəfindən birbaşa və ya dolayı yolla (binanın sakinləri vasitəsi ilə və s. qaydada) yaradılan maneələr aradan qaldırılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, hazırki icraat çərçivəsində məhkəmənin yekun aktında elektrik xəttinin çəkilməsi barədə göstərişin qeyd edilə bilməz. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosedur həyata keçirildikdən sonra hər bir halda sahə elektrik enerjisi ilə təmin edilməlidir. Bunun icrası isə enerji satışını həyata keçirən orqanın səlahiyyətinə aiddir və bu fəaliyyəti həyata keçirən orqan olan "xxxx" ASC ilə iddiaçı arasında elektrik xəttinin çəkilməsi ilə əlaqədar mübahisə mövcud deyil. Bu səbəbdən, obyektiv reallıqla bağlı olaraq qətnamənin nəticə hissəsində "xxxx" ASC-nin üzərinə elektrik xəttinin çəkilməsi öhdəliyinin qoyulması mümkün deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 3 nömrəli binanın 84 saylı mənzilinin altında yerləşən ümumi sahəsi 17 m2 olan qeyri-yaşayış sahəsinə elektrik xəttinin çəkilməsinə "Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması" Qaydalarına uyğun olaraq müvafiq sənədlərin İddiaçı tərəfindən təqdim edilməsi şərti ilə Cavabdeh tərəfindən birbaşa və ya dolayı yolla (binanın sakinləri vasitəsi ilə və s. qaydada) yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin.Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3676/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3676/2024
04.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver