Məhkəmə qərarları › İş №e-2(006)-3680/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3680/2025

14.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3680/2025 14.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 392.000 manat məbləğində vəsaitin və 682 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə: a) İş materialları:

3. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********) xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyətini “taksi fəaliyyəti” təşkil edir (statusu: aktiv).

4. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış, əsas fəaliyyətini “tikinti materiallarının topdan satışı” təşkil edir (statusu: fəaliyyətini müvəqqəti dayandırmış).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

5. Beləliklə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi məhkəmə aidiyyəti normalarına riayət etməmişdir.

6. Belə ki, İddiaçı və Cavabdeh müvafiq vergi orqanında uçota alınmış fərdi sahibkarlardır. Deməli, hazırkı mübahisənin subyektiv tərkibi olan iddiaçı da, cavabdeh də sahibkarlıq fəaliyyəti subyektləridir.

7. Tərəflər arasında olan mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iş materialları əsasında tərəflərin sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün aralarında “hüquqların əvəzli qaydada ötürülməsinə dair” müqavilə bağladığı müəyyən edilir. Müqaviləyə görə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsi barəsində bütün hüquqların ötürülməsinə dair etibarnamənin verilməsinin əvəzi olaraq İddiaçı cavabdehə 125.000 manat yəni, 30.000 (otuz min) manat məbləğində pulu və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan aktla müəyyənləşdirilmiş 95000 (doxsan beş min) manat dəyərində olan tikinti materiallarını ona verməli idi. Həmin müqavilənin 3.2ci bəndinə əsasən 10 iyun 2021-ci il tarixinə qədər Cavabdeh 10.000 (on min) manat məbləğində pul ödəməyi və həmin müqavilənin 3.3-cü bəndinə əsasən, 22 avqust 2021-ci il tarixinə qədər Cavabdeh aktla müəyyən edilmiş tikinti materiallarını təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı tərəfindən 30.000 manat cavabdehə ödənilsə də, 95.000 manatlıq tikinti materiallarını həmin ərəfədə cavabdehə vermək iqtidarında olmamışdır. Sonradan iddiaçı cavabdehin istəyinə uyğun olaraq ona satmaq üçün tikinti materialları vermişdir. Şifahi razılaşmaya görə belə razılığa gəlmişlər ki, iddiaçının ona verdiyi tikinti materiallarının satışından əldə olunan vəsaitdən ödəməli olduğu 95.000 manat hesabdan silinəcək qalan məbləği isə iddiaçıya qaytaracaqdır. Həmin şifahi razılaşma əsasında cavabdehə 11 dəfə təyin olunan yerdən cavabdehə məxsus olan yük avtomobilləri ilə tikinti materiallarının daşınması həyata keçirilərək ona 487850,93 manat dəyərində 123 çeşiddə santexnik avadanlıqları verilmiş və bu barədə xx.xx.2023-cü ildə AKT tərtib olunmuşdur. Lakin cavabdeh götürdüyü malların pulunu ödəməkdən müxtəlif bəhanələrlə yayındığından iddiaçı məhkəməyə hazırkı tələblə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Məhkəmə iddia tələbinə əsasən qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçı cavabdehə olan borcunu ödəmək üçün ona satması məqsədilə saxtexnik avadanlıqları vermiş, lakin cavabdeh borc çıxıldıqdan sonra həmin satışdan əldə etdiyi gəliri iddiaçıya qaytarmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur qalmışdır.

9. Göründüyü kimi, cavabdeh vergi ödəyicisi olmaqla, onun əsas fəaliyyət növü tikinti materiallarının satışıdır. İddiaçı cavabdehə satması üçün verdiyi 487.850,93 manat dəyərində santexnik mallarının satışından əldə etdiyi puldan öz borcunu çıxıb qalan hissəsinin ona ödənilməsini tələb edir.

10. Hazırkı mübahisənin predmeti malların satışı nəticəsində əldə edilən pulun müvafiq hissəsinin iddiaçıya ödənilməsindən, tərəflər arasında olan hüquq münasibətinin xarakteri isə aralarındakı razılaşmaya əsasən borcun ödənilməsi və gəlir əldə etmələri məqsədilə sahibkarlıq fəaliyyətlərinin ralizəsindən ibarətdir.

11. Məhkəmə hazırkı mübahisənin subyektiv tərkibini, predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə sahibkarlıq subyektləri arasında olan kommersiya münasibətlərindən irəli gələn kommersiya mübahisəsidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 1-ci maddə. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddə. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddə. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddə. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 114.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: 11-ci bənd. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 28-ci bənd. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

14. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin xarakterinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, hazırkı iddia tələbinə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

15. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 682 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

Nəticə:

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 682 (altı yüz səksən iki) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar