Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3686/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Bakı Slavyan Universiteti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "təhsil haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “təhsil haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil aldığı dövrdə tərəfindən ödənilmiş 5950 manat təhsil haqqının və vəkil xərci kimi ödənilmiş 320 manat pul vəsaitinin Bakı Slavyan Universitetindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçının ərizəsi əsasında əsl olmayan cavabdeh Bakı Slavyan Universiteti əsl cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əvəz edilmiş, Bakı Slavyan Universiteti isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Slavyan Universitetinin “xarici dil - rus dili” fakültəsi üzrə 403/2 nömrəli qrupda ali təhsil alaraq məzun olmuşdur. Ağdam rayonundan məcburi köçkündür. Oxuduğu dövr ərzində məcburi köçkün olmağı nəzərə alınmadığından universitet tərəfindən ondan 5950 manat məbləğində təhsil haqqı alınmışdır. Həmin məbləğ ona geri qaytarılmalıdır. Belə ki, məcburi köçkün olaraq təhsil haqqı ödəməkdən azaddır. Lakin oxuduğu dövr ərzində bu nəzərə alınmamışdır. Məcburi köçkün olduğunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı da mövcuddur. Həmin qərar əsasında aidiyyatı orqan tərəfindən ona məcburi köçkün vəsiqəsi də verilmişdir. Bununla bağlı universitetə rəsmi ərizə ünvanlayıb tərəfindən ödənilən təhsil haqqının ona geri qaytarılmasını xahiş etsə də, ona müvafiq cavab verilməmişdir. O, doğulduğu ildən, yəni 2002-ci ildən məcburi köçkün statusuna malik olmuşdur. Lakin ona məcburi köçkün statusu və vəsiqəsi verilməsindən Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən əsassız imtina verilmişdir. Ona görə də, bu status məhkəmə qaydasında əldə edilmişdir. Universitetdə oxuduğu dövr ərzində məcburi köçkün statusundan irəli gələn hüquqlarından istifadə edə bilməsi məhdudlaşmış və təhsil haqqı ödəmək məcburiyyətində qalmışdır. 2002-ci ildən məcburi köçkün statusuna malik şəxs olduğundan təhsil haqqı ödəməkdən azad olmalı idi. Öncəki məhkəmə iclaslarında cavabdeh qismində iştirak edən zaman Bakı Slavyan Universiteti tərəfindən məhkəməyə iddia tələbinə eiraz ünvanlanaraq bildirilmişdir ki, İddiaçı Bakı Slavyan Universitetində təhsil aldığı müddətdə məcburi köçkün statusu alması ilə bağlı müvafiq sənədləri BSU-ya təqdim etməmiş və təhsil haqqından azad olunması ilə bağlı ərizə ilə müraciət etməmişdir. Bakı Slavyan Universiteti tərəfindən hər il ildə iki dəfə təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin siyahısı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim olunur. Elm və Təhsil Nazirliyi həmin siyahı üzrə olan tələbələrin onların təhsil haqqından azad olunma barədə ərizə ilə müraciətlərin edildiyi semestrdən hesablayaraq təhsil haqlarını birbaşa universitetə köçürür. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci Sərəncamının 1-ci bəndinə əsasən, əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Sərəncamdan aydın olur ki, ödəniləcək məbləğ universitetin büdcəsindən deyil dövlət büdcəsindən ödənilməlidir. Həmçinin Bakı Slavyan Universitetinin Nizamnaməsində məcburi köçkün statusu olan tələbələrin və ya digər imtiyazlı tələbələrin təhsil haqlarının universitet büdcəsi hesabına ödənilməsi nəzərdə tutulmamışdır. Bakı Slavyan Universitetinin Nizamnaməsinin 88-ci bəndinə əsasən, BSU-nun maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir. Başqa sözlə, BSU özü-özünü maliyyələşdirən təhsil müəssisəsidir. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2012-ci il tarixli Qərarının 4.1-ci bəndinə əsasən, ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına qəbul olmuş məcburi köçkünün təhsil haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin Qərarın 4.2-ci bəndinə əsasən, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi tərəflər arasında bağlanmış müqavilələr, adlı siyahı və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa dövlət ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə həyata keçirilir. Qərardan aydın olur ki, məcburi köçkün statusu olan şəxslərin təhsil haqları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən birbaşa universitetə köçürülməlidir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi qanunvericilikdə ödənilmiş təhsil haqqının geri qaytarılması nəzərdə tutulmadığından tələbələrin təhsil haqqı ödənişlərini tələbə məcburi köçkün statusu aldığı vaxtdan universitetlərə ödəyir. Tələbə universitetə qəbul olunarkən ödənişli əsaslarla təhsil alacağını bilmiş və şərtləri qəbul etməklə, könüllü şəkildə ödənişi etmiş, hazırda təhsilini davam etdirməkdədir. Sübut kimi təqdim edilmiş ödəniş qəbzindən də görünür ki, ödəniş edilmişdir. İddiaçı tərəfindən təhsilin ilk ili üçün ödənişin edilməsi onun subyektiv fikri olmuş, həmin ödənişi könüllü surətdə etməklə öz iradə ifadəsini bildirmişdir. Odur ki, bu hissədə iddia əsassız olmaqla təmin edilməməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən məhkəməyə ərizə ilə müraciət edilib, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəkləri, lakin iddia tələbini müdafiə etdikləri bildirilmiş və işin məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. Məhkəmə ərizəni nəzərə alıb, iddia tələbinə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, mülki iş üzrə Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin heç bir məsuliyyəti yoxdur. Belə ki, iddiaçı təhsil müəssisəsinə daxil olduğu müddətdə məcburi köçkün statusu əldə etməyib və təhsil haqqı ödəyib. Burada statusun əldə olunması əsas şərtdir. İddiaçı vaxtında statusu ilə bağlı vəsiqəni təqdim etməli, təhsil müəssisəsi onu imtiyazlı şəxslər siyahısına daxil etməli, daha sonra siyahı Təhsil Nazirliyinə göndərilməli, Təhsil Nazirliyi isə təhsil xərclərinin ayrılması üçün Maliyyə Nazirliyinə siyahını göndərməli idi. Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi statusu verməkdən imtina edib və bu məsələ məhkəmədə mübahisələndirilərək status əldə olunub. Status əldə olunmadığına görə təhsil müəssisəsinə təhsil haqqı ödənilməli idi. Lakin ehtimal edir ki, iddiaçının təhsil aldğı müddətdə statusun verilməsi ilə əlaqədar məhkəmə çəkişmələri davam etdiyinə görə iddiaçı vaxtında status əldə edə bilməyib və təhsil haqqı ödəməli olub. Bütün bu hallar isə iddiaçıya ziyan dəydiyinə dəlalət edir. Ziyan məhz Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin statusun verilməsindən əsassız imtina etməsi nəticəsində dəyib. Dəymiş ziyana dair tələb irəli sürülməklə vəsait məhz Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsindən tələb edilə bilər. İzahatının sonunda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını qeyd edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Slavyan Universitetinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə digər cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Slavyan Universiteti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş C seriyalı 177833 saylı bakalavr diplomunun surətinə əsasən Dövlət Attestasiya Komissiyasının 11 iyul 2023-cü il tarixli qərarı ilə İddiaçı xarici dil müəllimliyi (rus dili) ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-10426/2023 saylı qərarına əsasən iddia təmin edilərək, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. - Məcburi köçkün vəsiqəsinin surətinə əsasən vəsiqə İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 19 iyul 2023-cü il tarixli qərarına əsasən verilmişdir. - Ödəniş qəbzlərinin surətlərinə əsasən İddiaçı tərəfindən Bakı Slavyan Universitetinin balansına müxtəlif vaxtlarda təhsil haqqı ödənişləri həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən şəxsin inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi inzibati orqanların təsnifatına daxil edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş işin halı ondan ibarətdir ki, İddiaçı Bakı Slavyan Universitetinin məzunudur. Ödənişli əsasla təhsil müəssisəsinə qəbul olunmuş, xarici dil müəllimliyi (rus dili) ixtisası üzrə bakalavr təhsili almışdır. Məcburi köçkün statusunun və onun əsasında vəsiqənin verilməsi ilə əlaqədar öncə aidiyyəti quruma, müsbət nəticə əldə etməyincə məhkəməyə müraciət etməli olmuş, tələbi məhkəmə qaydasında təmin edilib, məcburi köçkün statusu verilmişdir. İddiaçı təhsil aldığı dövrdə məcburi köçkün statusu əldə edə bilməməsi səbəbilə təhsil müəssisəsinə 4 il boyunca ödəniş etmək məcburiyyətində qaldığını, lakin sonradan məcburi köçkün statusu əldə etməklə, həmin kateqoriya şəxslər üçün müəyyən edilmiş imtiyazlardan istifadə etmək hüququnun yarandığını və bu hüququnun statusun verilmə vaxtı ilə deyil, məhz doğulduğu andan əmələ gəlməsi ilə əlaqələndirib, təhsil müəssisəsinə ödəmiş olduğu vəsaitin (təhsil haqının) geri qaytarılmasını tələb edir. Başda iddia tələbi iddiaçının təhsil aldığı müəssisəyə yönəlmiş olsa da, sonradan iddiaçı tərəfin təşəbbüsü ilə cavabdeh əvəz edilərək, tələb Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı yönəlmiş, ödənilmiş vəsait məhz sözügedən qurumlardan tələb edilmişdir. Lakin məhkəmə irəli sürülmüş tələbə mahiyyət etibarı ilə mülki məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab etmir. Belə ki, qanunvericiliyin tələblərinə görə məcburi köçkün olan təhsil alanların təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədlər təhsil müəssisəsi tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilməli və tələbənin adı siyahıya salınaraq Maliyyə Nazirliyinə göndərilməlidir. Elm və Təhsil Nazirliyi ali təhsil müəssisələri tərəfindən təqdim edilən məcburi köçkünlərin siyahısını Maliyyə Nazirliyinə təqdim edir və vəsait həmin adlı siyahıya uyğun olaraq ayrılır. Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait Elm və Təhsil Nazirliyi tərəfindən adlı siyahıya uyğun olaraq ali təhsil müəssisələrinə ayrılır. Sadalanmış olan prosedur qaydaları hazırki işdə pozulmamış, təhsil aldığı müəssisədə iddiaçının məcburi köçkün olmasına dair hər hansı sənəd olmadığına görə onun adı sözügedən siyahıya daxil edilməmiş, bu səbəbdən həmin dövrdə təhsil haqqından azad edilməsi üçün əsaslar olmamışdır. Lakin məcburi köçkün statusu əldə etməklə, həmin statusdan irəli gələn hüquq və vəzifə daşıyıcısı hesab edildiyi üçün məhkəmə iddiaçıya iddia tələbini düzgün formada tərtib edib aidiyyəti məhkəməyə müraciət etməli olduğu qənaətinə gəlir. Başqa sözlə, iddia tələbini: təhsil haqqı qismində deyil - vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi şəklində, hazırki cavabdehlərə qarşı deyil - statusun verilməsini əsassız gecikdirmiş Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı, aidiyyəti inzibati məhkəməyə müraciət etməklə irəli sürə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Bakı Slavyan Universiteti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "təhsil haqqı" tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Bakı Slavyan Universiteti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "təhsil haqqı" tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3686/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3686/2024
26.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver