Məhkəmə qərarları › İş №e-2(006)-3717/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-3717/2025

08.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3717/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 148, mənzil 33 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbinə texniki düzəliş edilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü ildə Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 148, mənzil 33 (yeni qaydalarla: ünvan 1 ünvanındakı ümumi sahəsi 80,30 kv.metr olan mənzili əldə etmiş və çıxarış almışdır. Beləliklə, iddiaçı həmin mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Lakin cavabdehlər mənzildə qeydiyyatda qalmışlar. Halbuki, onlar mənzildə yaşamır və formal qeydiyyatdadırlar. Lakin mənzilə dair hüquqi işlər zamanı onların iştirakı tələb edilir. Cavabdehlərin isə mənzilə dair heç bir iddiaları yoxdur.

3. İddiaçının vəkili-nümayəndəsi ərizə təqdim edərək, cavabdeh tərəf iştirak etmədiyi üçün qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdiyindən, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

5. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Daşınmaz əmlakın AN-İ seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 148, mənzil 33 (yeni qaydalarla: ünvan 1 satıcı X1 tərəfindən alıcı İddiaçı satılmışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 148, mənzil 33 (yeni qaydalarla: ünvan 1 tam mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehlər mübahisə predmeti olan mənzildə qeydiyyatdadırlar.

9. Bakı şəhəri 23 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdehlər mübahisə predmeti olan mənzilin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 148, mənzil 33 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır.

11. Mənzilin keçmiş mülkiyyətçisi və ailə üzvləri mənzildən köçsələr də, ailə üzvlərindən ikisi – keçmiş mülkiyyətçinin qızı ilə nəvəsi, yəni hazırkı iş üzrə cavabdehlər formal olaraq mənzildə qeydiyyatda qalmışlar, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur.

12. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən isə satıcı xx.xx.2025-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

c) Məhkəmənin mövqeyi:

13. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələndiyindən, iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Mübahisə predmeti olan mənzilə dair hər hansı hüquqları olmadığı mübahisəsiz olan cavabdehlərin sözügedən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə hazırkı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüququnu itirmişlər.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4-cü maddəsinin tələbinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

16. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir: Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”.

17. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2004cü il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinə görə, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

20. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 148, mənzil 33 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

Nəticə:

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 148, mənzil 33 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər qiyabi qətnamə onlara rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar