Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3721/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialına qarşı “cəmiyyətin drektoru vəzifəsindən çıxarılma və qanuni təmsilçilik hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialına qarşı “cəmiyyətin drektoru vəzifəsindən çıxarılma və qanuni təmsilçilik hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “X1 Turizm” Anonim Şirkətinin Azərbaycan Filialınınb direktoru vəzifəsindən çıxarılmaqla onun cəmiyyətdəki qanuni təmsilçilik hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ”X1 Turizm” Anonim Şirkətinin Azərbaycan filialının direktorudur. Artıq neçə müddətdir ki, o, təsisçilərə, iddiası üzrə cavabdeh olan “X1 Turizm” Anonim Şirkətinə müraciət edir ki, ümumi yığıncaq keçirərək onu direktorluqdan çıxarsınlar, qanuni təmsilçilik hüququna xitam versinlər. Ancaq çox təəssüf ki, onlar onun bu müraciətlərinə əhəmiyyət vermədiklərindən artıq onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmədə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı tərəfindən “X1 Turizm Gayrımenkul Ticaret Limited” Anonim Şirkətinə ünvanlanan ərizədən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehə müraciət edərək, onu “X1 Turizm Gayrımenkul Ticaret Limited” Anonim Şirkətinin Azərbaycan filialının direktoru vəzifəsindən azad edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən ünvanlanan 07 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, uçot-baza məlumatlarına əsasən, “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialının (VÖEN **********) xx.xx.2013cü il tarixdə dövlət qeydiyyatına alınması, fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır; 45-ci maddəsinə əsasən, hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. 47.1-ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. 55.1-ci maddəsinə əsasən Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.3-cü maddəsinə əsasən Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.2-ci maddəsinə əsasən, cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərindən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə İddiaçı iddia qaldırdığı “X1 Turizm Gayrımenkul Ticaret Limited” Şirkətinin Azərbaycan Filialında direktor vəzifəsinə təyin edilməsi məsələsi cəmiyyətin ümumi yığıncağında həll edildiyinə görə vəzifədən çıxarılması məsələsi də cəmiyyətin ümumi yığıncağında həll edilməlidir. İş materiallarından görünür ki, İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, onun direktor vəzifəsindən çıxarılmasını xahiş etsə də, sonradan iddiaçı tərəfindən müraciətin nəticəsi barədə heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda İddiaçı cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limted” Şirkətinin Azərbaycan Filialına qarşı “cəmiyyətin drektoru vəzifəsindən çıxarılma və qanuni təmsilçilik hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh “X1 Turizm Gayrımenkul Ticaret Limted” Şirkətinin Azərbaycan Filialına qarşı “cəmiyyətin drektoru vəzifəsindən çıxarılma və qanuni təmsilçilik hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3721/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3721/2022
26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver