Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3721/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması" tələbinə dair iş üzrə (açar sözlər: sığorta ödənişinin tutulması) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP ******* №-li, xx.xx.2020-ci il tarixli protokoldan və inzibati tənbeh vermə haqqında TP ******* №-li, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 02:40-da “Khazar Samand” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nə məxsus olan Cavabdeh tərəfindən idarə olunan “Khazar Samand” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Kia Clarus” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və "xxxx" MMC-yə məxsus əmlaka zərər yetirmişdir. - Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, “Kia Clarus” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1570 manatdır - Əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, əmlaka dəymiş zərərin məbləği 600manatdır - İddiaçı SŞ ASC-nin 088244 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019xx.xx.2020-ci il ərzində icbari sığorta növündə sığortalanmış “Khazar Samand” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən xx.xx.2020-ci ildə törədilmiş sığorta hadisəsi nəticəsində vurulmuş zərərin məbləği 600 manat təşkil edir. Ödənişin verilmə üsulu köçürmə olub, faydalanan şəxsin X1 olması göstərilmişdir - İddiaçı SŞ ASC-nin 086845 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019xx.xx.2020-ci il ərzində icbari sığorta növündə sığortalanmış “Khazar Samand” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən xx.xx.2020-ci ildə törədilmiş sığorta hadisəsi nəticəsində vurulmuş zərərin məbləği 1570 manat təşkil edir. Ödənişin verilmə üsulu köçürmə olub, faydalanan şəxsin X3 olması göstərilmişdir - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziyadan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra vurulmuş ziyanın ödənilməsi tələb edilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh qarşı "subroqasiya qaydasında pulun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" QSC və Cavabdeh “Kia Clarus” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və "xxxx" MMC-nin-yə görə ödənilmiş 2170 AZN (iki min yüz yetmiş manat) pulun və ödənilmiş 41.70 AZN (qırx bir manat yetmiş qəpik) dövlət rüsumu və 40 qəpik (qırx qəpik) komissiyanın İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nə məxsus olan Cavabdeh tərəfindən idarə olunan “Khazar Samand” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Kia Clarus” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və "xxxx" MMC-yə məxsus əmlaka zərər yetirmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Kia Clarus” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1570 AZN (bir min beş yüz yetmiş manat) və "xxxx" MMC-nin-yə 600 AZN (altı yüz) manat sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyir ki, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, 2170 AZN (iki min yüz yetmiş manat) pul "xxxx" QSC-dən və Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır Sonradan iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, "xxxx" Qapalı Səhmdar Cəmiyyətini hazırki mülki iş üzrə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 mizahat verərək iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-21.2-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 926.1-ci maddə. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 936.1-936.2, 936.5-ci maddə. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddə. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddə. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddə. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 327.6-cı maddə. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 63.1-ci maddə. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 02:40-da Cavabdeh “Khazar Samand” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hal Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh haqqında qərarla təsdiq olunur. Həmin qərarla onun Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, yol-nəqliyyat hadisəsinin baş verməsi, hadisənin məhz cavabdehin təqsiri ucbatından törədilməsi və inzibati məsuliyyətə cəlb olunması rəsmi sənədlərlə təsdiq edilmişdir və bu hallar mübahisələndirilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli zərərin qiymətləndirilməsi hesabatları ilə müəyyən edilmişdir ki, hadisə nəticəsində “Kia Clarus” markalı nəqliyyat vasitəsinə 1570 manat, "xxxx" MMC-yə məxsus əmlaka 600 manat məbləğində zərər dəymişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” qanunun tələblərinə uyğun olaraq, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən həmin zərər üzrə sığorta ödənişi həyata keçirilmişdir. Bu hal 086845 və 088244 nömrəli sığorta aktları ilə təsdiq olunur. Sığortaçı tərəfindən ümumilikdə 2170 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin subroqasiya ilə bağlı müddəalarına əsasən, sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuran şəxsə qarşı zərərin ödənilməsi tələbi hüququnu əldə edir. Bu hüquq zərərin ödənildiyi həcmdə sığortaçıya keçir. İş üzrə müəyyən edilmişdir ki, hadisə zamanı Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayındığı üçün sığortaçıda ona qarşı subroqasiya hüququ yaranmışdır. Bu hal iddiaçı tərəfindən təqdim olunmuş pretenziya məktubu və inzibati materiallarla təsdiq olunur. Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri nəticəsində baş vermiş, zərərin məbləği qiymətləndirmə sənədləri ilə sübuta yetirilmiş, sığortaçı tərəfindən həmin zərər faktiki olaraq ödənilmiş, ödəniş həyata keçirildikdən sonra subroqasiya hüququ qanun əsasında sığortaçıya keçmiş və cavabdeh tərəfindən zərər könüllü qaydada ödənilməmişdir. İddiaçı sonradan "xxxx" QSC-ni cavabdehlər siyahısından çıxardığından və iş üzrə sübutlarla hadisənin bilavasitə təqsirkarı kimi Cavabdeh məsuliyyəti müəyyən edildiyindən, məhkəmə tələbin həmin şəxsə münasibətdə təmin edilməsini əsaslı hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh yolnəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığından, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və cavabdeh barəsində tətbiq edilmiş həmin cəriməni ödəmişdir. Belə olan halda, zərər çəkənə vurulmuş zərərin əvəzini ödəmiş sığorta şirkətinin cavabdehə qarşı subroqasiya qaydasında irəli sürdüyü hazırkı tələbi məhkəmə tərəfindən əsaslı hesab edilir. Bundan əlavə məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41.70 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2170 (iki min yüz yetmiş manat) manat məbləğində pul və 41.70 (qırx bir manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2170 (iki min yüz yetmiş manat) manat məbləğində pul və 41.70 (qırx bir manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №e-2(006)-3721/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3721/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver