Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3732/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdehnə qarşı “universitetdən xaric edilmə barədə əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı “universitetdən xaric edilmə barədə əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tələbələri sırasından xaric edilməsinə dair xx.xx.2024-cü il tarixli 628/T saylı əmrin ləğv edilməsinə və onun aldığı ixtisas üzrə universitetin tələbələri sırasına bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Cavabdeh 628/T №-li, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, universitetin daxili intizam qaydalarını kobud surətdə pozduğuna görə İddiaçı universitetdən xaric edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kommersiya təşkilatlarının dövlət reyestrindən xx.xx.2002-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2002-ci il tarixdə “50” № ilə qeydə alınmış, təşkilati-hüquqi forması “məhdud məsuliyyətli cəmiyyət” qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdə “Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı Cavabdeh, təşkilati-hüquqi forması “ali təhsil müəssisəsi” olaraq dəyişdirilmiş, mülkiyyət növü - dövlət, hüquqi varislik hissəsində Cavabdeh xx.xx.2002-ci il tarixdə 50 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Cavabdeh məhdud məsuliyyətli cəmiyyətinin hüquqi varisi olduğu qeyd edilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri, o cümlədən mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı qismində əcnəbi fiziki şəxs (tələbə) cavabdeh qismində ali təhsil müəssisəsi çıxış edir. Ali təhsil Müəssisəsi dövlətin təhsil siyasətini həyata keçirən orqandır. Bu siyasətin həyata keçirilməsini təmin etmək dövlətin vəzifələrindən biri olduğuna görə bu zaman tərəflər iradələrini ifadə etməkdə tam sərbəst olmurlar. Məhkəmə öz mövqeyini qanunvericiliyin aşağıdakı normalarına görə əsaslandırır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1-ci maddəsinə görə Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 6.1-ci maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. 29.0.1-ci maddəsinə görə təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək Təhsil sahəsində dövlətin vəzifələrindən biridir. 44.2-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli, 7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin: 1.3-cü bəndinə görə Ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Qanuna uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. 3.1-ci bəndinə görə Ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, ali təhsil müəssisəsinin vəzifələri aşağıdakılardır: 3.1.1. ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək; 3.4-cü bəndinə görə ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti ali təhsil pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir. 3.5-ci bəndinə görə ali təhsil müəssisəsində tədris ali təhsil pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramları ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının: 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 15.4-cü bəndinə görə inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”nın 2.1 və 2.1.3-cü bəndinə görə, bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır. Ali təhsil müəssisləri bir sıra məsələlər üzrə mülki dövriyyənin müstəqil subyekti kimi mülki hüquq münasibətlərinə iştirak etsə də, ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən, tələblərin ali təhsil müəssisələrinə qəbul edilməsi və onların həmin müəssisələrdən xaric edilməsi ilə bağlı məsələlərdə inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edirlər. (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-4074/2023 nömrəli, xx.xx.2023 tarixli qərarı). Məhkəmə iddiaçının icraata dair mövqeyinə münasibətdə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasını xx.xx.2002-ci il tarixli reyestrdən çıxarışa əsasən Cavabdeh təşkilati-hüquqi formasının məhdud məsuliyyətli cəmiyyət olması ilə əsaslandırsa da, xx.xx.2016-cı il tarixdə müvafiq reyestr məlumatlarına dəyişiklik edilməsini nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə görə, ərizəyə mülki məhkəmə icraatı qaydasında qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.6-cı maddəsinə görə, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını nəzərə almamışdır. Buna görə də mövcud iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “universitetdən xaric edilmə barədə əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah olunsun ki, hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3732/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3732/2024
12.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver