Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-374/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən İddiaçı MMC barəsində verilmiş xx.xx.2023-cü il tarixli 8İ-9858 nömrə ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 113-MFZ-304 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən illik 16% olmaqla 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Bundan başqa, kredit öhdəliklərinin təminatı olaraq X6 ilə bank arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borc alan tərəfindən kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş ödəniş qrafikinin şərtlərinə mütəmadi olaraq riayət edilmiş, daha sonra kredit borcunun ödənilməsində problemlər yaranmışdır. "xxxx" ASC notariat ofisinə müraciət edərək borcun tutulması ilə bağlı icra qeydinin verilməsini xahiş etmiş, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 vaxtında ödənilməmiş 150936,96 manat pulun, 908,22 manat cərimənin, 25 manat məbləğində dövlət rüsumunun, cəmi 151870.18 manat pulun İddiaçı MMC-dən və X2 bankın xeyrinə tutulmasına dair xx.xx.2023-cü il tarixdə icra qeydi vermişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi ilə bağlı borclulara bildiriş göndərmişdir. Qərar və bildirişin surəti kredit müqaviləsi üzrə zamin, eyni zamanda müəssisənin direktoru Cavid Əlizadəyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Hesab edirlər ki, bank tərəfindən borc alana qarşı kredit müqaviləsi üzrə borc məbləği şişirdildiyindən və icra qeydində qeyd olunan borc məbləği ilə razı olmadıqlarından icra qeydi ləğv edilməlidir. Belə ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli kredit reyestrindən çıxarışdan görünür ki, şirkətin "xxxx" ASC-yə sözügedən müqavilə üzrə qalıq borcu 142645 manat təşkil edir. Buna baxmayaraq icra qeydində borcun məbləği 151870.18 manat göstərilmişdir. Bu məbləğin hansı hissəsinin əsas borc və faiz borcu təşkil etdiyi məlum deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı»nda qeyd edilmişdir ki, icra qeydini almaq üçün müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilməlidir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydində ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu əks etdirilməlidir. Məhkəməyə təqdim edilmiş icra qeydindən görünür ki, borcun məbləği 151870.18 manat göstərilmiş, məbləğin 908.22 manatı cərimə təşkil edir. Qeyd olunanlardan əsas borcun və faiz borcunun məbləği aydın deyildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kreditin qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə 08 iyun 2024cü il müəyyən edilmişdir. Göründüyü kimi, 151870.18 manat məbləğində borc heç bir halda vaxtında ödənilməmiş borc ola bilməzdi, bu isə öz növbəsində borcun mübahisəsiz olduğunu təsdiq etmir. Belə olan halda isə xüsusi notarius Elşən Qurbanovun icra qeydinin verilməsi üçün heç bir qanuni əsası olmamışdır, buna görə də icra qeydləri ləğv edilməlidir. Müvafiq normativ sənədlərdən göründüyü kimi, icra qeydinin verilməsi zamanı notarius borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsini yoxlamalı, icra qeydi borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Lakin notarius qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq kreditin qaytarılması üçün son müddətin tərəflərin qarşılıqlı razılaşmaya əsasən 08 iyun 2024-cü il müəyyən olunmasına baxmayaraq borcun mübahisəsiz olduğunu araşdırmamış (və ya bilərəkdən araşdırmamış), icra müddəti çatmamış öhdəlik üzrə icra qeydi vermişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində «icra qeydləri» yalnız borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərin təqdim olunduğu halda aparılır və «borcun mübahisəsizliyi» borcu təsdiq edən sənədlərin notariusa təqdim olunması ilə məhdudlaşır və sənədlərin təqdim olunması borcun «mübahisəsiz»liyi faktını təsdiq edir və bu «icra qeydi»nin aparılması üçün əsasdır. Lakin, «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda «icra qeydi»nin verilməsi üçün «borcu təsdiq edən sənədlərin təqdim olunması»ndan əlavə notarius tərəfindən «borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsininin yoxlanılması» da şərt kimi irəli sürülür. Başqa sözlə, borclunun öhdəliyi icra etməməsinin yoxlanılması həmin borc məbləğinin mübahisəsiz olmasını sübut əhəmiyyətli materiallarla öz təsdiqini tapmalı olmasını müəyyən edir. «Borcun mübahisəsizliyi» borcun mübahisə predmeti olub-olmamasını, borclu tərəfindən «mübahisələndirilməsi» hüququnun olmamasını və ya mübahisə etmək imkanlarının qanunla müyyən olunmuş qaydada başa çatmasının sübut əhəmiyyətli materiallarla təsdiqini nəzərdə tutur. Belə sübut materiallarına «borcun» məhkəmə qaydasında müəyyən olunması faktını təsdiq edən sənədlər: məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, borcun mübahisəsizliyinə dair tərəflərin «barışıq sazişi»ni və ya «icraata xitam verilməsi»nə dair qanuni qüvvəsini almış məhkəmə qərarları və sairə ola bilər; yəni elə sənədlər ki, həmin borc məbləğinə dair borclu tərəfindən «borc məbləği» mübahisələndirilməmiş olsun və ya borc məbləğini mübahisə edə bilmək imkanları tükənmiş olsun. Yaxud «müqavilə üzrə müəyyən ediliş öhdəliyin icra müddəti bitmiş olsun» və s. Buna görə də, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində qeyd olunan «borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərin» təqdim olunması anlayışı məhdud formada tək tələbkar tərəfindən borcu müəyyən edən sənədlərin təqdim olunmasını nəzərdə tutmur, borc məbləğinin mübahisəsiz olmasının və notarius tərəfindən yoxlanılmalı olmasını nəzərdə tutur. Qeyd olunan sübutların olmadığı halda kreditor tərəfindən notariusa təqdim olunan borc sənədləri yalnız borcun mövcud olması faktını təsdiq edir. Onun mübahisəsizliyini təsdiq edə bilməz. Çünkü borcun mübahisələndirilməsi və ya borcun mübahisəsiz olması borclu tərəfin həmin sənədlərdə borc tələbinə, borcun miqdarına və borcla yanaşı cərimə, dəbbə pulu və digər tutmaların yönəldilməsinə münasibətindən asılı olaraq müəyyənləşdirilə bilər. Çünki mübahisə etmək hüququ subyektiv hüquqdur. Hər bir şəxsin subyektiv hüququ ona qarşı yönələn və onun hüquq və azadlıqlarının pozulması hissəsində onun özü tərəfindən mübahisələndirilə bilən hüquqdur və bu mübahisələndirmə heç bir kəs və orqan tərəfindən məhdudlaşdırıla bilməz. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh ünvan 1 ünvanlanaraq, işin çoxluğu ilə əlaqədar məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 08 iyul 2023-cü il tarixli 8İ-9858 reyestr saylı icra qeydindən görünür ki, X2 və İddiaçı MMC-dən 1**-MF-*** nömrəli müqaviləyə əsasən 150.936 manat 96 qəpik müddət üçün vaxtında ödənilməmiş pul vəsaiti, 908 manat 22 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 151.870 manat 18 qəpik pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Həmin icra qeydinin verilməsinə əsas olmuş sənədlərdən görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında 08 iyun 2022-ci il tarixli 113-MFZ-304 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı MMC "xxxx" ASC-dən (Mərkəz filialı) 24 ay müddətinə, illik 16 % dərəcəsi ilə 200.000 manat kredit almışdır. Kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi üçün borc verənlə zamin X6 arasında zaminlik müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, borc alan borcu vaxtında və tam şəkildə qaytarmamışdır. Bu səbəbdən, tələbkar notariat ofisinə müraciət edərək, icra qeydi verilməsini xahiş etmiş, Notariat Ofisi də kredit müqaviləsi üzrə qanunun tələbinə uyğun olaraq icra qeydi vermişdir. İddiaçı bildirir ki, icra sənədi mübahisə edilməyən borc tələbləri üzrə verilməlidir. Hazırki iş üzrə mübahisələndirilən icra qeydi isə qanunun tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. İşin faktiki hallarından göründüyü kimi, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Tərəflər arasında öncələr də kredit və ipoteka müqavilələri bağlanmış, tərəflər öz üzərlərinə öhdəlik və vəzifələr götürmüşlər. Sonuncu kredit müqaviləsi də qanuna riayət edilməklə bağlanmışdır, müqavilə məhz borc verənlə borc alan arasında bağlanmış, borc alan borc məbləğini borc verəndən almışdır. Kredit müqaviləsi görünüş üçün deyil, real olaraq bağlanmışdır və iddiaçı cavabdehdən şərtləşdikləri vaxtda qaytaracağına vəd verərək 200.000 manat kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli 9/10163 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu və faiz 151.452,39 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə: Əsas borc üzrə – 142.759,90 manat; Faiz üzrə – 8.692,49 manat. "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən müqavilə üzrə kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanması müəyyən edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 200 manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 200 manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 200 manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-374/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-374/2024
11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver