Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3756/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi,Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Slavyan Universitetinə ödənilmiş 5950 (beş min doqquz yüz əlli) manat məbləğin Bakı Slavyan Universitetindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ildə ödənişli əsaslarla Bakı Slavyan Universitetinin rus dili müəllimliyi ixtisasına qəbul olmuşdur. Hal-hazırda həmin universitetin Xarici dil müəllimliyi fakültəsinin Xarici dil müəllimliyi (rus dili) ixtisası üzrə İV tədris ilinin RDM-306 qrupunda, əyani formada və ödənişli əsaslarla təhsil alır. O, Füzuli şəhərində yaşayış yeri üzrə qeydiyyatdadır. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarına əsasən Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixli Seriya AA№508982 məcburi köçkün vəsiqəsi verilmişdir. Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi (rus dili) ixtisası üzrə İ tədris ilində təhsil aldığı müddətdə İddiaçı illik təhsil haqqının ödənilməsi tələb edilmişdir. Əks halda imtahanlarda iştirakına icazə verilməyəcəyini bildirilmişdir. Bu səbəbdən o, Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitə müraciətə cavab olaraq bildirmişdir ki, Məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi dair Qaydalar"in 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Məhz bu səbəbdən, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün vəsiqəsi verilməsindən imtina edilmişdir. Komitə tərəfindən ona məcburi köçkün vəsiqəsi əvəzinə arayış təqdim edilmişdir. Universitet arayışı qəbul etməmiş və ondan məcburi köçkün vəsiqəsini tələb etmişdir. Məcbur vəziyyətdə qalan Xuraman və ailəsi maddi çətinlikləri səbəbindən ilk növbədə, təhsil haqqının yarısını (850 AZN) ödəmiş, daha sonra isə digər yarısını (850 AZN) ödəmişlər. Yalnız bundan sonra onun imtahanda iştirakına icazə verilmişdir. O, İİ və İİİ tədris ilində təhsil aldığı müddətdə isə Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edildiyindən mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia təmin edilmişdir. Nəticədə, Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı xx.xx.2024- cü il tarixli AA №508982 Seriyalı məcburi köçkün vəsiqəsi verilmişdir İddiaçı Məhkəmə tərəfindən ona verilən2-1(120)-2482/2024 nömrəli işin icraatda olmasına dair arayışı Universitetə təqdim etmiş və yalnız bundan sonra onun imtahanda iştirak etməsinə icazə verilmişdir. İddiaçı İV tədris ilində təhsil alır. Lakin, yuxarıda qeyd edildiyi kimi universitet tərəfindən əvvəlki illərin təhsil haqqı “ödənilmədiyindən” imtahana buraxılmayacaqdır. Belə ki, universitet tərəfindən ona bildirilmişdir ki, onun təhsil haqqından azad olması yalnız ona verilən məcburi köçkün vəsiqəsində göstərilən tarixdən (xx.xx.2024) sonrakı dövr üçün nəzərdə tutulmuşdur. Həmin dövrdən öncəki tədris ili üçün ödənilməyən, yəni İİ və İİİ tədris illərinin təhsil haqqı ödənişi mütləq şəkildə ödənilməlidir. Nəzərdə tutulan təhsil haqqı ödənişini xx.xx.2025-ci il tarixinədək ödəməyəcəyi təqdirdə xx.xx.2025 və xx.xx.2025-ci il tarixində baş tutacaq imtahanlarda iştirakına icazə verilməyəcəkdir. Məhz bu səbəblə İddiaçı "xxxx" ASC ilə bağlanmış AGLMB-08410 nömrəli kredit müqaviləsinə əsasən 4012 AZN məbləğində kredit götürmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2025-ci il tarixində universitetin hesabına 4000 AZN ödəniş etmişdir. Əlavə olaraq qeyd etmək zərurəti yaranmışdır ki, o, imtahanlarda iştirak edə bilməsi üçün xx.xx.2025-ci il tarixində də təhsil haqqı ödənişinin yarısını, yəni 850 AZN ödəmək məcburiyyətində qalmışdır. Beləliklə, İddiaçı tərəfindən İ, İİ, İİİ kurslar üzrə illik təhsil haqqının hamısı, yəni 5100 AZN, İV kurs üzrə isə illik təhsil haqqının yarısı, yəni 850 AZN olmaqla, ümumilikdə 5950 AZN ödəniş edilmişdir.Göründüyü kimi İddiaçı məcburi köçkün statusuna malik şəxs olmasına baxmayaraq, Bakı Slavyan Universiteti tərəfindən ondan əsassız şəkildə təhsil haqqı ödənişi tələb edilmiş. Beləliklə, İddiaçı tərəfindən ödənilmiş ümumilikdə 5950 AZN məbləğində vəsaitin Universitet tərəfindən geri qaytarılması zərurəti yaranmışdır. Cavabdeh Bakı Slavyan Universiteti tərəfindən məhkəməyə iddia tələbinə etiraz ünvanlanaraq bildirilmişdir ki, İddiaçı Bakı Slavyan Universitetinə xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət etmiş və yalnız bundan sonra BSU-nun xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı təhsil haqqından azad edilmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixinədək məcburi köçkün statusu alması ilə bağlı müvafiq sənədləri BSU-ya təqdim etməmiş və təhsil haqqından azad olunması ilə bağlı ərizə ilə müraciət etməmişdir. “Təhsil haqqında” Qanunun 14.8-1. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin həmin Qanunun 14.8-1,6-ci maddəsinə əsasən, dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına aid edilmişdir. Bakı Slavyan Universiteti tərəfindən hər il il təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin siyahısı (həmin şəxslər müvafiq sənədlərlə birlikdə universitetə müraciət edərsə) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim olunur Elm və Təhsil Nazirliyi həmin siyahı üzrə olan tələbələrin təhsil haqlarını cari il üzrə birbaşa universitetə köçürür. Həmçinin siyahıda müvafiq sənədləri qaydasında olmayan və məqbul hesab edilməyən şəxslərin təhsil haqları dövlət büdcəsi tərəfindən qarşılanmır.Qeyd edək ki, Bakı Slavyan Universitetinin Nizamnaməsinin 5.8 və 5.9-cu bəndlərinə əsasən, BSU-nun maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir. Başqa sözlə, BSU özü-özünü maliyyələşdirən təhsil müəssisəsidir.Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi qanunvericilikdə ödənilmiş təhsil haqqının geri qaytarılması nəzərdə tutulmadığından tələbələrin təhsil haqqı ödənişlərini tələbə məcburi köçkün statusu aldığı vaxtdan universitetlərə ödəyir.Azərbaycan Respublikasının Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin 1 nömrəli 23 may 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalaf’a əsasən, məcburi köçkün statusunu təsdiq edən sənəd müvafiq orqan tərəfindən verilmiş vəsiqədir. Bu səbəblə tələbənin adının, “təhsil haqqı dövlət büdcəsi hesabına qarşılanan imtiyazlı şəxslər”in siyahısına daxıl edilib Elm və Təhsil Nazirliyinə təqdim edilərkən müvafiq vəsiqənin təsdiq olunmuş surəti ilə birlikdə təqdim edilidiyini qeyd edərək iddiaçını iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ilə müraciət edilib, məhkəmə iclasında iştirak edə bilmədiyini, bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı Slavyan Universitetinin nümayəndəsi X3 izahatında, iddianın əsassız olması ilə əlaqədar olaraq rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 2.0.2.-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli Əlavə olan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında nümunəvi çərçivə müqaviləsi”nin 2.1-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət edərək, ödədiyi təhsil haqqının ona geri ödənilməsini tələb etmişdir. Yuxarıda istinad edilən qanunvericilik aktlarının tələbinə görə, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir, lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir. Odur ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı ödədiyi təhsil haqqının geri qaytarılması ilə bağlı Universitetə - hazırkı iş üzrə cavabdehə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan dövlət orqanına - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edə, imtina olunduqda isə inzibati icraat qaydasında məhkəmə müdafiəsindən istifadə edə bilər. İddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi əsassız varlanma ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddələrin məzmunundan göründüyü kimi, qeyd edilən maddənin dispozisiya şərtləri hazırkı işin hallarına uyğun gəlmir. Beləki, cavabdeh təhsil haqqını aldığı üçün varlanmır və təhsil haqqı tələbinin qanuni əsası mövcuddur. Digər bir tərəfdən, iddiaçının məcburi köçkün olması ilə əlaqədar ona güzəşt edilməsi, ödənişli əsaslarla təhsil alan tələbə üçün təhsil haqqı ödənişinin hüquqi əsasını aradan qaldırmır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı "pul tələbinə" dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-3756/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3756/2025
01.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver