Məhkəmə qərarları › İş №e-2(006)-3775/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3775/2024

06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3775/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bir neçə il bundan əvvəl "xxxx" Açıq Səhmdar Cəmiyyətində 4189 8000 8097 9485 saylı Bank Kartı açdırmış və həmin kartın müddəti 07/2026-cı ilə kimi qüvvədədir. xx.xx.2024-cü il tarixində saat 17:52 və 17:58 radələrində ona məlum olmayan şəxs tərəfindən onun Kartına dörd dəfə müdaxilə olunmuş və 1500 tele, 1000 tele, 1000 tele, 1000 tele olmaqla ümumilikdə , 4500 (dörd min beş yüz) tele pul yəni 240 (iki yüz qırx) AZN manat çıxarılmışdır. onun kartından qanunsuz olaraq çıxarılmış pul vəsaiti Hotel Kolagası-nın (Türkiyə Respublikası Corum şəhəri) hesabına köçürülmüşdür. Bildirilir ki, iddiaçı heç vaxt Hotel Kolagası ilə heç bir əlaqəsi olmamış və onun hesab kartının nömrəsini Bankdan başqa heç kim bilmir. Bank haqqnda qaydalara əsasən Bank tərəfindən onun kartına müdaxilənin qarşısını almalı olduğu halda bu edilməmişdir. Bununla əlaqədar iddiaçı Banka zəng edərək ona qarşı cinayət etmiş şəxslərin tapılması, onun Kartından çıxarılmış pulun qaytarılması və onlar barədə qanuni tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına məlumat verilməsini xahiş etmişdir. Lakin Bank əməkdaşları cinayət yolu ilə onun Bank Kartından çıxarılmış pul vəsaitinin kim tərəfindən çıxarılması barədə araşdırma aparılması xahiş etdikdə, iddiaçıdan xidmət haqqı adı ilə əlavə 30 manat pul tələb olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Bankın səhvi nəticəsində onun kartına edilmiş müdaxilə nəticəsində ona vurulmuş 4500 Tele pul yəni 240 (iki yüz qırx) AZN manat vəsaitinin ona qaytarılmasını tələb etmişdir. Bank tərəfindən edilmiş səhlənkarlıq nəticəsində iddiaçı dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Polis və Banka gedərək pulunun geri qaytarılmasını tələb etməyinə baxmayaraq, lakin Bank pulunun qaytarılması üçün heç bir tədbir görməmişdir. Sonradan dəfələrlə müraciətilə əlaqədar Bank əsasız olaraq iddiaçıya bildirmişdir ki, iş üzrə araşdırma aparılması üçün iddiaçı əlavə vəsait ödəməli və əks təqdirdə ona vurulmuş zərəri qaytarmayacaqlar. İddiaçı onlara etiraz etmişdir. Bank əməkdaşlarının və rəhbərliyinin səhlankarlığı nəticəsində sarsıntılar keçirmişdir. Bu hal onun pulunun elektron qaydada oğurlanmasına dəlalət edir. Onun kartından pulunun oğurlanmasını və müxtəlif orqanlar müraciəti onun mənəvi zərər çəkməsinə dəlalət edir. Bank tərəfindən edilən səhlənkarlıq nəticəsində ona mənəvi zərər dəymişdir. Ona vurulan mənəvi zərəri iddiaçı 1000 (min) manat dəyərləndirir. Hesab edir ki, məhkəmə tərəfindən mənəvi zərərə görə cavabdehdən 1000 (min) pul tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən iddiaçıya vurulmuş maddi ziyana görə 4500 (dörd min beş yüz) Türk Respublikası telesi, yəni 240 (iki yüz qırx) AZN manat və mənəvi zərərə görə 1000 (min) manat pulun tutularaq və ödədiyi 33 (otuz üç) manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Cavabdeh ASC-nin müştərisi olan İddiaçı Vladimirovich adına olan **********0944-475063 hesablı və 418980******9485 nömrəli kartı vasitəsi ilə həqiqətən də xx.xx.2024-cü il saat 17:52:10-xx.xx.2024-cü il saat 17:58:47 tarix aralığında 7111 MCC kod altında fəaliyyət göstərən “HOTEL KOLAGASİ” adlı ticari mənətəqədən 4 ədəd avtorizasiya sorğusu (1 dəfə 1500 TRY və 3 dəfə 1000 TRY məbləğində) daxil olmuşdur və əməliyyatlar uğurla tamamlanmışdır. Həmin əməliyyatlar otel/turizm şəbəkəsində məşhur və uyğun olan “Mail/X8 vv CVV2” (Telefon/ E-mail vasitəsi ilə daxil olmuş kart əməliyyatları əsasında əməliyyatların icrası) üsulu ilə həyata keçirilmişdir. Həmin əməliyyatlar üzrə MasterCard X7 Sistemləri (sonra-BÖS) səviyyəsində və vəsaitin əsassız şəkildə müştəridən silinməsini iddia edərək əməliyyatın icra olunma müddətindən başlayaraq 120 gün ərzində dələduzluq növü altında etiraz sorğusunun qaldırılması və beləliklə vəsaitin müştəriyə geri qaytarılması mümkündür. Bunun Mobile Арр vasitəsi ilə və yaxud filiala yaxınlaşaraq ərizə ilə müraciət Həmin əməliyyat zamanı da kartın üstündə olan əsas məlumatların hamısı omuşdur (PAN, Expiry Date, CVV2). Ehtimal olunur ki, müştərinin kart məlumatları daha əvvəlki əməliyyatlar zamanı hər hansısa xarici saytda ödəniş fiziki olaraq və yaxud digər istənilən vasitə ilə 3-cü şəxs tərəfindən ələ keçirilib, daha sonra həmin məlumatların doğru olub-olmadığı məhz bu yol ilə yoxlanılıb, daha sonra eyni məlumatlar həmin otelin POS terminalında əl ilə daxil edilərək, müştərinin hesabından vəsaitlər silinib. Müştəri bu dələduzluq əməliyyatlarını vaxtında aşkar etmiş olduğu halda, vaxtında tədbir görməli idi, ən azından: kart əməliyyatlar aşkar olunan kimi dərhal Mobile Арр / Bank / Azericard vasitəsi ilə bloklanmalı idi. Müştəri Chargeback (Etiraz) sorğusu ilə bağlı Banka müraciət etməli idi. İddiaçı (Müştəri) bu 2 addımdan heç birini etməyib. Bildirilir ki, 418980******9485 nömrəli kart hələ də aktivdir. Müştəriyə 30 AZN komissiya qarşılığında sözügedən əməliyyatların geri qaytarılma cəhdi üçün Banka hansı şəkildə müraciət edilməli olduğu bildirilməsinə baxmayaraq, lakin müştəri buna baxmayaraq, kartını (müvəqqəti / itirilmiş / blok-bağlanma) blok etməmiş və Chargeback sorğusu ilə banka müraciət etməmişdir. Qeyd olunan tərzdə əməliyyat gün ərzində bank kartları vasitəsi ilə çoxlu sayda əməliyyat icra olunur və bu müştəridə keçirilmiş əməliyyatlar da heç bir parametrinə görə əvvəlcədən onlar tərəfdən dələzuluq halı kimi qiymətləndirilməyib. Əlavə olaraq, müştərinin kart məlumatlarının fiziki olaraq və yaxud hər hansısa elektron şəbəkədə sızması ilə bağlı məsuliyyəti özü daşıyır və vaxtında müraciət edilsəydi, böyük ehtimalla həmin məbləğdə vəsait BÖS və beləliklə Bank tərəfindən ona vaxtında geri qaytarıla bilərdi. Hal-hazırda isə həmin əməliyyatların icra olunma müddətindən 120 gündən artıq vaxt keçdiyi üçün, Kartlar Departamenti tərəfindən geri qaytarılma üzrə heç bir tədbir görülə bilməz. İddiaçı ilə Cavabdeh ASC (“Nəsimi” filialı) arasında bağlanmış “E-Bankçılıq Xidməti Müqaviləsi”-nin 2.1-ci rəndinə görə e-Bankçılıq vasitəsi ilə X5 tapşırığı əsasında real vaxt rejimində Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş siyahıda xəzərdə tutulmuş xidmətləri təqdim etməyi, Müştəri isə bunun müqabilində Banka bu Müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etməyi öhdəsinə götürür. Müqavilənin 3.11-ci bəndinə görə, X6/Mobil Bankçılığa yerləşdirilmiş Bankın rəsmi internet səhifəsi vasitəsi ilə və 133 əlaqə telefonu üzrə İş saatları çərçivəsində dəstək xidməti təqdim edir. Müqavilənin 5.4.5.-ci bəndinə görə Müştəri E-Bankçılıqdan istifadə qaydalarına riayət etməlidir. Belə ki, bankın rabitabank.com rəsmi internet səhifəsində “kartlar”, sonra “kartmane debit”, sonra “plastik kartlardan istifadə haqqinda təhlükəsizlik qaydaları” bölməsi yerləşdirilmişdir, Həmin bölmədə müştəriyə “Kartı təhvil alarkən”, “Alışveriş edərkən və ya yararlanarkən”, “Online ödənişlər apararkən”, “Bankomatdan və ya POS-terminaldan istifadə etdikdə”, habelə “Əlavə təhlükəsizlik təbirləri” barədə ətraflı bildirilmişdir. Bundan əlavə, bankın rabitabank.com rəsmi internet səhifəsində “Kartlar”, sonra “Kartmane Debit”, sonra “Ödəniş kartları ilə əməliyyatların aparılması üzrə ərizələrin baxılması” qiymətləri edilmişdir. Ölkəxarici chargeback qiyməti 30 azn/usd/eur müəyyən edilmişdir. İddiaçının özünün iddia materiallarına əlavə etdiyi bankdan ona ünvanlanan RB-02/2752 nömrəli 28 iyun 2024-cü il tarixli məktubda onun kart 4500 TRY məbləğdə vəsaitin silinməsi və həmin əməliyyatların 3D təhlükəsizlik kodu təsdiq edilmədən həyata keçirilməsi barədə Müştəriyə Məktubda iddiaçıya bildirilmişdir ki, sözgedən ödənişlər onun tərəfindən icra edilmədiyi halda, X4 tətbiq etdiyi əməliyyatın icra tarixindən 120 gün ərzində Chargeback ərizəsi yazılmalıdır. Lakin, bu müddət ərzində iddiaçı tərəfindən Chargeback iddia ərizəsi təqdim olunmadığı təqdirdə müraciətinin araşdırılması mümkün olunmaması barədə iddiaçıya məlumat verilmişdir. Nəzərə alınsa ki, əməliyyatlar 05 may 2024-cü ildə baş vermiş və yuxarıda qeyd olunan bankın iddiaçıya ünvanladığı məktub da 28 iyun 2024-cü il tarixdə imzalanıb ona göndərilmişdir - iddiaçının kifayət qədər vaxtı olmuşdur ki, silinmiş vəsaitin geri qaytarılması üçün həm müqavilə şərtlərinə görə, həm də ona rəsmi qaydada verilmiş məktuba əsasən Chargeback iddia ərizəsi qaldırsın. Lakin, bütün bunlara baxmayaraq müştəri Chargeback iddiası qaldırmamış və məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində “НОTEL KOLAGASİ” adlı ticari məntəqəsi ilə heç bir əlaqəsinin olmadığını və hesab kart nömrəsini bankdan başqa heç kimin görmədiyini göstərsə də, iddia etdiyi halların sübutu kimi hər hansı dəlil təqdim etməmişdir. Halbuki, Müqavilənin şərtlərinə görə kart məlumatlarının başqa şəxsə verilməsinə görə Müştəri özü məsuliyyət daşıyır. Hesab edilir ki, iddiaçının yazdığı fikirlər onun subyektiv fikirləridir və sübut edilməlidir. Bunun üçün müqavilə şərtlərinə və bank tərəfdən iddiaçıya göndərdiyi məktubla da ona kömək etməkdən ötrü bir daha ona “Chargeback” iddiası qaldırmağı tövsiyyə edilmişdir. Məktubu aldığı tarixə iddiaçının silinmiş vəsaitin geri qaytarılmasına hələ vaxtı var idi. Lakin, özü bunu şüurlu şəkildə etməmiş və məhkəmə prosesi zamanı bunu niyə etmədiyi barədə sual verildikdə - “Chargeback iddiasının onun üçün bahalı olduğunu” bildirmişdir. Halbuki, tariflər müqavilənin ayrılmaz tərkib hissəsidir. Belə hallar baş verdiyi təqdirdə - silinmiş vəsaitin geri qaytarılmasının yolu yalnız “Chargeback” iddiasının müştəri tərəfindən qaldırılması və bunun üçün müvafiq xidmət haqqının ödənilməsidir. Bu beynəlxalq qəbul edilmiş bank xidmətləri münasibətləridir. Müqavilənin 6.1,-ci bəndinə görə Müştəri E-Bankçılığa qoşulmaq, bu müqavilə üzrə təklif olunan xidmətlərdən istifadə etmək, əməliyyatlar aparmaq üçün bankın daxili tariflərinə əsasən müəyyən edilmiş tarif, xidmət haqqı və komissiyalar ödəyir. Müqavilənin 6.5.-ci bəndinə görə Bank bu Müqavilə üzrə tətbiq olunan tarif, xidmət haqqı və komissiyaları öz rəsmi saytında (www.rabitabank.com) elan etməklə birtərəfli qaydada müəyyən etmək və dəyişdirmək hüququna malikdir. Müqavilənin 5.2.6-cı bəndinə görə Bankın hüququ var ki, bu Müqavilə üzrə təklif etdiyi xidmətlərə tətbiq edilən tariflərə və xidmətdən istifadə şərtlərinə/limitlərinə internet və/və ya digər əlavə/informasiya kanalları vasitəsi ilə müştərini məlumatlandırmaqla birtərəfli qaydada dəyişikliklər etsin. Müqavilənin 6.66-ci bəndinə görə bankın E-Bankçılıq üzrə tarifləri, təqdim etdiyi xidmətlərin siyahısı və əməliyyatın limitləri haqqında məlumat Bankın rəsmi internet səhifəsində yerləşdirilir. Müştəri apardığı hər əməliyyatdan əvvəl rəsmi internet saytına daxil olaraq komissiya, tarif və xidmət haqları ilə tanış olmalıdır. Göstərilənlərə əsasən iddiaçının iddiasının əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə onun cavabdeh bankda olan bank hesabından onun məlumatı 4 dəfə, ümumilikdə 4500 türk lirəsi, yəni 240 manat məbləğində pul köçürülməsi olmuşdur. O, bu barədə cavabdeh bankın onda olan mobil tətbiqi vasitəsi ilə məlumat əldə etdi. Pul köçürülən zaman ümumiyyətlə ona bank tərəfindən heç bir məlumat, SMS göndərilməmişdir. Həmin pul isə Türkiyə Respublikasında yerləşən HOTEL KOLAGASİ-nın hesabına köçürülmüşdür. Onun heç vaxt HOTEL KOLAGASİ ilə heç bir əlaqəsi olmamış və pul onun tərəfindən köçürülməmişdir. İlk öncə hesab etdi ki, hər hansı bir yanlışlıq olub və pul ona geri qaytarılacaqdır. Daha sonra banka yaxınlaşdı. Oradan ona bildirildi ki, pul onun hesabından çıxarılıb, lakin otelin də balansına keçirilməyib. Hazırda onun hesabından çıxarılan pul ortadadır. Ona bir müddət gözləməyini məsləhət gördülər. O, bir neçə gün gözlədikdən sonra təkrarən banka müraciət etdi. Oradan ona bildirildi ki, pul artıq otelin balansına oturub və ona geri qaytarılması mümkün deyildir. Həmçinin, bildirdilər ki, ərizə yazsın ki, onlar məsələni araşdırsınlar. Lakin bunun rüsumu 30 manat təşkil edir. Həmçinin, bunun üçün 4 müxtəlif ərizə yazılmalıdır. Nəticədə, sadəcə araşdırmanın aparılması üçün ümumilikdə 120 manat pul ödəməli olduğundan o, bundan imtina etdi. Çünki 120 manat pul ondan çıxıldıqdan sonra ərizələrin nəticəsinin müsbət olmasının qarantiyası da yox idi. Daha sonra o, bununla bağlı polisə müaciət etdi. Polis pulun xarici ölkəyə köçürülməsi səbəbindən heç bir şey edə bilməyəcəyini ona bildirdi. Daha sonra təkrarən cavabeh banka yaxınlaşdı və sədrin adına məktub ünvanladı. Təxminən 40 gün sonra ona bildirildi ki, onlar heçnə edə bilməzlər. Lakin təsdiq edirlər ki, ona UTP kodu gəlməyib. Odur ki, qeyd etdiyi xüsusatları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının hesabından həqiqətən pul köçürmələri olub və bu zaman iddiaçıya bank tərəfindən SMS məlumat gəlməyib. Burada bankın heç bir məsuliyyəti yoxdur, çünki bu, bankın təklif etdiyi bir xidmətdir. Həmin xidmət isə ödənişlidir. Müştəri istəyərsə, həmin xidməti aktiv edə və SMS xəbərdarlıqdan istifadə edə bilər. Lakin müştəri bu xidmətdən istifadə etməsə belə, mobil tətbiqə daxil olan zaman köçürülmə ilə bağlı məlumatla oradan tanış ola bilər. Hazırki situasiyada iddiaçıya silinmə barədə məlumat verilib. Bundan sonra artıq iddiaçı banka müraciət edərək kartı bloklaşdırmalı idi, lakin bu edilməyib. Bundan başqa, iddiaçının “Chargeback” sorğusu ilə banka müraciət etmək hüququ var idi ki, iddiaçı bu hüquqdan da istifadə etməkdən imtina edib. Bununla bağlı iddiaçıya tərəflərindən rəsmi müraciət də edilmişdir. Həmçinin, “Chargeback” xidməti üçün ümumi tarif 30 manat nəzərdə tutulub. Bir sorğu ilə isə 35 əməliyyat mübahisələndirilə bilər. Yəni, həmin tarif bir əməliyyat üçün deyil, 35 əməliyyat üçün keçərlidir. Bundan başqa, iddiaçının kartı tam olaraq 3D UTP kod təhlükəsizliyini dəstəkləyir. Lakin iddiaçının kartından vəsaitlərin silinməsində iştirak etmiş qarşı tərəf UTP kodu dəstəkləmədiyi üçün iddiaçıya UTP kod gəlməmişdir. Lakin bu o demək deyil ki, silinməni həyata keçirən bank tərəfindən həmin vəsaitlər geri qaytarıla bilməz. Bunun üçün iddiaçı banka “Chargeback” sorğusu ilə müraciət etməli və 30 manat rüsumu ödəməli idi. Bundan sonra onlarla qarşı tərəfin bağlı olduğu bank arasında pulun geri qaytarılması ilə bağlı danışıqlar və rəsmi platformada 120 gün müddətində bir növ məhkəmə mübahisəsi həyata keçiriləcəkdi və onlar bank olaraq qarantiya verir ki, həmin pul iddiaçının hesabına geri qaytarılacaqdı. Lakin iddiaçının bununla bağlı müraciəti olmadığı üçün onlar bu əməliyyatları həyata keçirə bilməmişlər, çünki bunun üçün müştəri tətbiqi imzalamalıdır. Əgər iddiaçı “Chargeback” sorğusu ilə onlara müraciət etsəydi və onlar qarşı bankla olan danışıqlar zamanı pulu geri qaytara bilməsəydilər, iddiaçının hüququ var idi ki, məhkəməyə müraciət etsin. Lakin hazırki situasiyada bu hal olmamışdır. Nəticə etibarı ilə onların tərəfindən heç bir nöqsana yol verilməmişdir və onlar iddiaçının hesabından pulun köçürülməsi ilə bağlı heç bir məsuliyyət daşımırlar. Kart məlumatlarının məxfiliyini qorumaq birbaşa müştərinin vəzifəsidir. İddiaçının kartından köçürmə də məhz onlayn qaydada olmuşdur. Ola bilsin ki, iddiaçı kart məlumatlarını kiminləsə paylaşıb. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, bank tərəfindən heç bir pozuntuya və səhlənkarlığa yol verilməmiş və iddiaçıya aid pul vəsaiti onlardan asılı olmayan səbəblərdən başqa şəxsin hesabına köçürülmüşdür. Burada üçüncü şəxs əsassız varlanmışdır. Əgər həmin vəsait bankdan tutularsa, bankın mənafeyi birbaşa pozulacaqdır. Belə ki, onların bank olaraq müştərinin müraciəti olmadan köçürülmüş pul vəsaitini üçüncü şəxsdən geri tələb etmək hüququ yoxdur. Həmçinin, müştəri müraciət etsə belə, artıq 120 günlük müddət ötürülmüşdür. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 7.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh Bank arasında 08 sentyabr 2021-ci il tarixli E-Bankçılıq Xidməti Müqaviləsi bağlanmışdır. 05 may 2024-cü il tarixdə iddiaçının cavabdeh Banka məxsus kart hesabından onlayn qaydada müdaxilə edilərək 4 dəfə ayrı-ayrılıqda olmaqla ümumilikdə 4500 TRY məbləğində pul vəsaiti “Hotel Kolagası”nın hesabına köçürülmüşdür. Hazırda iddiaçı kart hesabına qanunsuz müdaxilədə və pulun köçürülməsində cavabdeh Bankı təqsirli bilərək, köçürülən 4500 TRY, yəni 240 manat məbləğində pul vəsaitinin və ona dəymiş mənəvi ziyanın əvəzi kimi 1000 manat məbləğində pulun, həmçinin 33 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəf isə baş vermiş hadisə ilə bağlı Bankın heç bir təqsirinin olmadığını bildirərək iddia tələbinin rədd edilməsini tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 08 sentyabr 2021-ci il tarixli E-Bankçılıq Xidməti Müqaviləsinin surətindən görünür ki, E-Bankçılıq vasitəsi ilə X5 tapşırığı əsasında real vaxt rejimində Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş siyahıda nəzərdə tutulmuş xidmətləri təqdim etməyi, Müştəri isə bunun müqabilində Banka bu Müqavilədə nəzərdə tutulmuş qaydada ödəniş etməyi öhdəsinə götürür (bənd 2.1). 10.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən hesabdan çıxarışdan görünür ki, 05 may 2024-cü il tarixdə ayrı-ayrılıqda 1000 TRY, 1000 TRY, 1000 TRY və 1500 TRY olmaqla ümumilikdə 4500 TRY məbləğində pul vəsaiti iddiaçıya məxsus kart hesabından “Hotel Kolagası”na köçürülmüşdür. 11.Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 ünvanlanan 28 iyun 2024-cü il tarixli, RB-02/2752 nömrəli cavab məktubundan görünür ki, müştəri X1 ilə Bank arasında xx.xx.2021-ci il tarixində imzalanmış müqaviləyə əsasən Kartmane MC World Debet kartı təqdim olunmuşdur. Onun plastik kart hesabından xx.xx.2024-cü il tarixində sonu ****9485 ilə bitən plastik kart hesabından “Hotel Kolagasi” təyinatı ilə 4500 TRY məbləğində vəsait silinmişdir. Sözügedən əməliyyatlar 3D təhlükəsizlik kodu təsdiq edilmədən həyata keçirilmişdir. Sözügedən ödənişin onun tərəfindən icra edilmədiyi halda, X4 tətbiq etdiyi qaydaya əsasən əməliyyatın icra tarixindən 120 gün ərzində Chargeback ərizəsi yazılmalıdır. Lakin bu müddət ərzində tərəfindən Chargeback iddia ərizəsi təqdim olunmadığı təqdirdə müraciətin araşdırılması təəssüflər olsun ki, mümkün olmayacaqdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 14.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 15.Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 16.Həmçinin, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 17.Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 18.Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı cavabdeh Bankın müştərisidir və tərəflər arasında 08 sentyabr 2021-ci il tarixli E-Bankçılıq Xidməti Müqaviləsi bağlanmışdır. 05 may 2024-cü il tarixdə iddiaçıya məxsus kart hesabına qanunsuz müdaxilə edilərək həmin kart hesabından ümumilikdə hissə-hissə olmaqla 240 AZN məbləğində pul vəsaiti “Hotel Kolagası”nın hesabına köçürülmüşdür. Sonradan iddiaçı məsələ ilə bağlı Banka rəsmi müraciət etsə də, bunun nəticəsi olmamış, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 19.Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ilk növbədə iddiaçının baş vermiş hadisə ilə bağlı təqsiri, yəni iddiaçıya məxsus kart hesabına qanunsuz müdaxilənin edilməsi və bununla bağlı onun tərəfindən Bankın müəyyən etdiyi təhlükəsizlik tədbirlərinə riayət edilməməsi halı müəyyən edilməmişdir. Cavabdeh tərəf isə bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hesabına qanunsuz müdaxilə anında cavabdeh Bank ona təhlükəsizliklə bağlı 3D UTP kodu göndərilməli idi, lakin tərəflərin izahatlarından və işin araşdırılan hallarından göründüyü kimi iddiaçıya həmin kod göndərilməmişdir. Cavabdeh tərəf bunu pulun köçürüldüyü tərəfin həmin kodu dəstəkləməməsi və s. halla əlaqəli olduğunu qeyd etsə də, məhkəmə bu halı yetərli hesab etmir. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh Bank iddiaçıya münasibətdə müəyyən dərəcədə güclü tərəfdir və Bankın yaşanmış hadisə ilə bağlı kifayət qədər genişləndirilmiş təhlükəsizlik tədbirləri mövcud olmalı idi. İddiaçıya 3D UTP kodunu göndərməməklə bir növ məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, Bank o zaman haqlı ola bilərdi ki, iddiaçıya kart hesabına qanunsuz müdaxilə ilə bağlı hansısa xəbərdarlıq göndərmiş, lakin iddiaçı həmin xəbərdarlığa riayət etməmiş və ya gözardına vurmuş olmuş olardı. Lakin buna baxmayaraq nəticədə iddiaçıya 3D UTP kodu gəlmədən birbaşa hesabından silinmə halı baş vermişdir. 20.Daha sonra məhkəmə qarşı tərəfin “Chargeback” xidmətindən iddiaçı tərəfinin mütləq qaydada istifadə edilməsinin məcburiliyi barədə fikrinə münasibətdə qeyd edir ki, iddiaçı baş vermiş hadisədən sonra ərizə ilə cavabdeh banka müraciət etmiş, lakin cavabdehin cavab məktubunda qeyd edilmişdir ki, 120 gün ərzində onun tərəfindən “Chargeback” ərizəsi yazılmalıdır, əks halda müraciətin araşdırılmasının mümkün olmaması qeyd edilmişdir. Halbuki, tərəflər arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli E-Bankçılıq Xidməti Müqaviləsində iddiaçının üzərinə belə bir hal yaşandığı anda müəyyən müddət daxilində Banka “Chargeback” ərizəsi ilə müraciət etməli olmasına dair öhdəlik (vəzifə) qoyulmamışdır. Yəni cavabdeh tərəfin belə bir tələblə çıxış etməsi üçün qeyd edilən şərtin mütləq olması barədə tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapmalı idi (öhdəliyin yaranması üçün). Eyni zamanda, iddiaçının həmin müraciətindən sonra Bankın yaşanmış halla bağlı hər hansı tədbir görməsi, hadisəni araşdırması və s. faktı da iş materiallarında aşkar edilməmiş, Bank yalnız iddiaçının Chargeback ərizəsi ilə müraciət etməli olması əsasını irəli sürərək bir növ araşdırmadan yayınmışdır. Lakin iddiaçı bununla bağlı (istifadə edilməsi ilə “Chargeback” xidmətindən) müəyyən edilmiş ödənişin çox olmasını (çıxarılan pula münasibətdə) düşünərək banka özü tərəfindən rəsmi qaydada da müraciət etmişdir. Bu halda bank həmin ərizəni öz risk dairəsinə salaraq, gələcəkdə oxşar xarakterli hadisələrin yenidən baş verməməsi üçün bankın təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, müştəri məmnuniyyətinin artırılması məqsədi ilə bunu etməli olduğu halda etməmiş, sanki bir növ yenidən buna şərait yaratmaqda davam etmişdir. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, pulun silinməsi anında iddiaçının hər hansı onlayn proqramlara qoşulması və ya pulun köçürüldüyü Türkiyə Respublikasında olması və s. hallar da məhkəmə tərəfindən aşkar edilməmişdir. 21.Odur ki, məhkəmə qeyd edilən halları, həmçinin iddiaçının hər hansı təqsirinin olmamasını və eyni zamanda silinən pul vəsaitinin məbləğinin də az olmasını, iddiaçının banka münasibətdə zəif tərəf olmasını nəzərə alaraq hesab edir ki, hazırki mübahisənin iddiaçının xeyrinə həll edilməsi məhkəmə tərəfindən ədalətli hesab edilir. Odur ki, iddia tələbi iddiaçıya dəymiş maddi ziyanın cavabdehdən tutulması hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir. 22.Daha sonra məhkəmə iddia tələbinin mənəvi zərərə görə 1000 manat məbləğində pulun tutulması hissəsinə münasibədə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, iddiaçı Bankın səhlənkarlığı nəticəsində ona mənəvi ziyan dəyməsini və bunu 1000 manat məbləğində qiymətləndirməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. 23.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 24.Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 25.İddiaçı isə hazırda ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. 26.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 33 manatın 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissə iddiaçının özünə aid edilməlidir. 27.Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 28.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi ziyanın əvəzi kimi 240 AZN (iki yüz qırx manat), həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 AZN (otuz manat) olmaqla, ümumilikdə 270 AZN (iki yüz yetmiş manat) məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 32.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi ziyanın əvəzi kimi 240 AZN (iki yüz qırx manat), həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 AZN (otuz manat) olmaqla, ümumilikdə 270 AZN (iki yüz yetmiş manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar