Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-379/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 Məhdud Məsuliyyətlinin direktoru X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1420 (bir min dörd yüz iyirmi) manat ödənilmiş pul, 102 (bir yüziki) manat faiz, 500 manat mənəvi zərər üçün kompensasiya, 45 manat dövlət rüsumu, 120 manat hüquqi xidmət xərci, cəmi 2187 (iki min bir yüz səksən yeddi) manat pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023 tarixli, 97 saylı ingilis dili kurslarının tədris edilməsilə bağlı 40 günlük xidməti müqavilə bağlanmışdır. Həmin Müqavilə xidmət haqqı olan 1420 (bir min dörd yüz iyirmi) manat Cavabdeh1 əməkdaşının tələbi əsasında onun vatsap yolu ilə göndərdiyi Məmmədzadə X1 5239 1515 1149 6492 nömrəli kartın xx.xx.2023-cü il tarixində köçürülmüşdür. Lakin həmin müqavilə üzrə Cavabdeh1, iddiaçıya müqavilədə nəzərdə tutulan öhdəlikləri demək olar ki icra etməmişdir. Belə ki, Müqavilənin “İcraçının Vəzifələri” adlanan 2.1.1-ci bəndində deyilir ki, “40 günlük İngilis dili proqramı üçün zəruri mövzularda, peşəkar müəllimin iştirakı ilə həftədə 7 (yedi) dəfə, qrup şəkilində (həftə içi dərslərində qrupda ən çoxu iki, həftə sonu dərslərdə ən çıx 3 nəfər ola bilər) olduğu halda hər dəfə 120 dəqiqə, qrupda tək olduğu təqdirdə 60 dəqiqə dərsləri tədris edərək Sifarişçiyə ingilis dili biliklərini qazandırmaq”. Bu öhdəliyə baxmayaraq cavabdeh cəmi 2 dərs keçmişdir. Bundan başqa Müqavilənin 3.2.4-cü bəndində qeyd edilən Sifarişçinin keçirilən tədrisin qiymətləndirilməsi üçün imtahan təşkil olunmamış və müəllim tərəfindən heç bir qiymətləndirilmə vərəqi təqdim edilməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixində Cavabdeh1nə göndərdiyi pretenziya məktubunda deyilir ki, “Sizin xx.xx.2023 tarixli, 97 saylı ingilis dili kurslarının tədris edilməsilə bağlı bağlanılmış 40 günlük xidməti müqavilədə göstərildiyi kimi 40 gün ərzində ardıcıl xidmətlər göstərilmədiyi, müqavilənin 3.2.4 cü bəndində qeyd edilən Sifarişçinin keçirilən tədrisin qiymətləndirilməsi üçün müəllim tərəfindən heç bir qiymətləndirilmə vərəqi təqdim edilməmişdir, eyni zamanda Müqavilənin xx.xx.2023-cü il tarixdə bağlanılması və 40 gün müddətində icra edilməsi qeyd olunmasına baxmayaraq xx.xx.2023-cü il tarixə qədərədək tədris hələ də bitməmişdir və cəmi 1 sınaq 2 dərs keçirilmişdir. Enverson şirkəti olaraq müəllimlərin düzgün dərs saatı tənzimlənməməsi, sifarişçinin öncədən təyin etdiyi dərs saatlarının şirkət tərəfindən planlaşdırılmaması və İcraçının müqavilə üzrə öhdəliyinin icrası ilə bağlı sifarişçiyə rəsmi heç bir məlumat verməməsini, 5.1-ci maddəsində göstərildiyi kimi icraçının xidmətə görə yalnız “keçirilən dərslərin müqabilində ödəniş edilməsini” nəzərə alaraq göstərilməyən xidmətə görə xx.xx.2023-cü il tarixdə 40 gün ərzində icrası edilməsilə bağlı bağlanımış müqavilənin öhdəliyinə əsasən tərəfindən təqdim edilmiş Cavabdeh2 adlı şəxsin kapital bank 5239 1515 1149 6492 nömrəli debet plastik kart hesabına xx.xx.2023-cü il tarixdə tərəfindən Milliön ödəniş terminalı vasitəsilə ödənilmiş 1420 manat vəsaiti keçirilməyən dərslərin ödənişləri kimi hesablamaqla geri qaytarılmasını təmin edəsiniz. Müqavilənin tərtibatında şirkət haqqında məlumatlar (hüquqi ünvan, MMC-direktoru, email ünvanı, əlaqə nömrəsi qeyd edilməmişdir) anonim saxlanıldığı, Şirkətə rəsmi müarciət etmək üçün aidiyyatı üzrə Dövlət Vergi xidmətinə müraciət etməklə şirkətin vöen üzərindən elektron ASAN imza vasitəsilə müarciətimiz mümükün olmuşdur”. Bu məktuba Cavabdeh1 tərəfindən bu gün qədər heç bir cavab verilməmişdir. Göründüyü kimi Cavabdeh1 həmin müqavilə üzrə götürdüyü öhdəlikləri demək olar ki, icra etməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən hallar: Müqavilə üzrə xidmət haqqı olan 1420 (bir min dörd yüz iyirmi) manat Cavabdeh1 əməkdaşının tələbi əsasında onun whatsap yolu ilə göndərdiyi Məmmədzadə X1 5239 1515 1149 6492 nömrəli kartına xx.xx.2023-cü il tarixində köçürülmüşdür (qəbzin surəti məhkəməyə təqdim olunub). Aşağıdakılar əsasında hesab edir ki, həm Cavabdeh1, həm də Cavabdeh2 (hər iki cavabdeh) birgə qaydada iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmiş, ona qarşı birgə qaydada məsuliyyət daşıyırlar: Cavabdeh1 rəhbərliyi vergi qanunvericiliyin və nağdsız hesablaşmalar haqqında qanunun tələblərini pozaraq, vergidən yayınmaq məqsədi ilə ödənişin, 1420 manat ödənişin MMC-nin bank hesabına deyil, Cavabdeh2 hesabına köçürülməsini tələb edib. Başqa bir ifadə Cavabdeh1 rəhbərliyi və Cavabdeh2 birləşərək (hər iksi bilərək və istəyərək) vergi qanunvericiliyini və nağdsız hesablaşmalar haqqında qanunvericiliyi pozmuş, mülki hüquq pozuntusu törətmiş və bunun da nəticəsində İddiaçı 1420 manat məbləğində real zərər dəymişdir. Məhz bu əsasla hesab edir ki, hər iki cavabdeh birgə qaydada iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmiş, onu aldatmış və nəticədə isə ona 1420 manat ziyan dəyməsinə səbəb olmuşdur Cavabdeh2 kartına köçən 1420 manat puldan, Cavabdeh1 məlumatı olmayıbsa, onda demək ki, Cavabdeh2 əsassız olaraq varlanıb, həmin pulu iddiaçıya geri qaytarmalıdır. Bunlardan başqa hesab edir ki, cavabdehlər iddiaçının 1420 manat pulunu heç bir əsas olmadan, qanunsuz olaraq özlərində saxlayıblar. Bu isə məsuliyyətə səbəb olur və cavabdehlər həmin vəsaitin məbləğindən faizlər ödənilməlidirlər. Mərkəzi Bankın https://www.cbar.az/infoblocks/corridor_percent saytında olan məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixinə olan Bank uçot dərəcəsi illik 7,25%-dir. 1420 manatın 7,25%-i isə 102 manat təşkil edir. Bundan başqa iddiaçı cavabdehlərin hərəkətləri səbəbi əsəb gərginliyi, mənən iztirab keçirmiş, xəstələnmiş, dəfələrlə bu səbəblə həkimə müraciət etmişdir. Bu durum iddiaçının mənəvi zərərə də məruz qaldığını təsdiq edir. İddiaçı mənəvi zərər üçün də cavabdehlərdən 500 manat kompensasiya tutulmasını xahiş edir. Cavabdehin hərəkətlərin səbəbi ilə iddiaçının xəstələndiyi barədə sənədlərin surəti əlavə olunur. Bunlardan başqa hesab edir ki, Cavabdeh1 rəhbərliyi ilə Cavabdeh2 birləşərək Cinayət qanunvericiliyini pozmuş və cinayət əməli törətmişdir. Bu səbəblə xahiş edir ki, Cavabdeh1 rəhbəri X3 və Cavabdeh2 barəsində xüsusi qərardad qəbul edilərək iş baxılması üçün prokurorluq orqanlarına göndərilsin. Belə ki, Cavabdeh1 rəhbərliyi ilə Cavabdeh2 birləşərək (hər ikisi bilərək və istəyərək) vergi qanunvericiliyini və nağdsız hesablaşmalar haqqında qanunvericiliyi pozaraq İddiaçı 1420 manat məbləğində real zərər vurması hərəkəti həm də Cinayət qanunvericiliyin görə cinayət əməli hesab olunur. Cavabdehin etirazı: Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Aydın qızı iddia edir ki, onunla cavabdeh arasında xx.xx.2023 tarixində bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqavilə üzrə İcraçı, yəni Cavabdeh1 MMC öz öhdəliklərini icra etməmişdir. Buna əsas olaraq isə müqavilənin 2.1.1 -ci bəndinin icraçı tərəfindən icra edilmədiyi və nəticə olaraq müqavilə üzrə ona 40 gün dərs keçirilməli olduğu halda cəmi 2 dərs keçirildiyini bildirir. İddia tamamilə əsassızdır və müqavilə üzrə sifarişçi, İddiaçı İcraçı Cavabdeh1 MMC tərəfindən tədris olunan, ümumilikdə, 40 dərsdə iştirak etmişdir. Keçirilən dərslər tarixləri ilə birgə elektron sistemdə qeyd olunmuşdur. Proqramda iştirak etdiyi müddət ərzində Sifarişçi İddiaçı bir neçə dəfə şəxsi məsələlər ilə bağlı dərsləri dondurduğu üçün proqramın ardıcıllığı pozulmuşdur. Sifarişçi tərəfindən ilk dəfə dərslərin dondurulması tələbi xx.xx.2023-cü il tarixində olunmuş və dərslər müqavilənin 4.4-cı bəndinə əsasən kurs tərəfindən dondurulmuşdur. Dərslərə yenidən xx.xx.2023-cü il tarixində başlamış və xx.xx.2023-cü il tarixinə qədər iştirak etdikdən sonra şəxsi məsələlər ilə bağlı yenidən fasilə vermək istəmişdir, bu tələbi yenidən qəbul olunmuşdur. Sifarişçi dərslərə yenidən xx.xx.2024-cü ildə başlamış və xx.xx.2024-cü il tarixinə qədər davam etmişdir. Həmin tarixdən etibarən dərslərini yenidən dondurmuş və 3 ay sonra, xx.xx.2024-cü il tarixində dərslərə yenidən başlamaq istədiyini bildirmişdir. Bu tələb də qəbul olunaraq dərsləri 25.042024-cü il tarixində yenidən başladılmışdır. Sifarişçi İddiaçı son dondurulma (xx.xx.2024-cü il tarixindən) ilə bağlı kursun müvafiq əməkdaşını məlumatlandırmamışdır. Müqavilənin 4.4-cü bəndinə əsasən, Sifarişçi proqram ərzində dondurmaqla bağlı müraciət edərsə, kursun iş gedişatına təsir etmədiyi halda bu müraciət qəbul olunaraq maksimum 3 ay müddətində dərslər dondurula bilər. Tələbə yenidən dərslərin başladılması ilə bağlı müraciət edikdə kursun təyin etdiyi gün və saatda dərslərinə yenidən davam edə bilər. Göründüyü kimi müqavilə üzrə Sifarişçi dərsləri dondurmaq istədikdə kursun müvafiq əməkdaşını məlumatlandırmalı və ondan dondurulmanın təsdiq olunması ilə bağlı cavab gözləməlidir. Ancaq Sifarişçi məlumatlandırma etmədən dərsləri dondurmuş və 3 ay sonra yenidən başlamaq istədiyi ilə bağlı müraciət etmişdir. Baxmayaraq ki, sifarişçi müqavilə üzrə öhdəlikləri pozmuş və dondurulma ilə bağlı müraciət etmədən və cavab almadan dərsləri özbaşına dondurmuşdur, İcraçı yəni, Cavabdeh1 MMC tərəfindən müştəri məmnuniyyəti prinsipi əsas götürülərək onun yenidən dərslərə başlamaq istəyi qəbul olunmuş və dərsləri xx.xx.2024-cü il tarixində yenidən bərpa olunmuşdur. Göründüyü kimi dərs proqramında iştirak etdiyi müddət ərzində Sifarişçinin dərsləri dondurmaqla bağlı müraciətləri qəbul olunmuş və yenidən başlamaq istədikdə, Sifarişçini çox gözlətmədən dərslər yenidən bərpa olunmuşdur. Sifarişçinin şəxsi səbəblərlə bağlı dərsləri dondurmaq müraciəti ilə əlaqədar proqramın ardıcıllığı pozulmuş və müqavilə müddəti uzadılmışdır. AR Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tələbənin dərsləri başladığı gündən növbəti 40 gün ərzində qüvvədə qalır. Müqavilənin 4.3- cü bəndinə görə isə, müqavilənin müddətinin bitdiyi ancaq tərəflərin bir-birlərinin qarşısında öhdəliyi qaldığı hallarda müqavilənin müddəti öhdəliyin tam icra olunub qurtadığı müddətədək uzadılacaqdır. Beləliklə, Sifarişçi İddiaçı Aydın qızı dərsləri dondurmaqla bağlı hər dəfə müraciət etdikdə öhdəliklərin tam icra olunub qurtarması üçün müqavilənin müddəti uzadılmışdır. Sifarişçinin həm ilkin dərslərə başlama prosesində, həm də dondurulmalardan sonra yenidən dərslərin bərpa olunması prosesində şirkətin əməkdaşları tərəfindən qrafiklər maksimum həssaslıq və sürətlə, Sifarişçiyə uyğun formada qurulmuşdur. Nəticə etibarilə cavabdeh Enverson MMC, İddiaçı iddia etdiyi üzrə sözügedən müqavilənin 2.1.1-ci bəndində göstərilən öhdəliklərini pozmamışdır, əksinə Sifarişçiyə müqavilənin təmin etdiyindən daha çox güzəştə getmişdir. İddiaçı iddia edir ki, xx.xx.2023 tarixində bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqavilənin 3.2.4-cü bəndi İcraçı tərəfindən pozulmuş və Sifarişçiyə qiymətləndirmə vərəqi təqdim olunmamışdır. Müqavilənin 3.2.4-cü bəndinə əsasən, dərsləri onlayn formada keçirilən tələbələrin qiymətləndirmə vərəqəsi elektron formada olur və tələbə gündəlik qiyməti ilə tanış olmaq üçün müəllimə müraciət edə bilər, etmədiyi halda cari dərs günü müddətində tələbənin qiymətindən narazılığı ilə bağlı kursa yazılı müraciət təqdim olunmayıbsa, qiymətindən razı hesab edilir. İddiaçı bu dərslərdən onlayn formada iştirak etdiyi üçün onun qiymətləndirilməsi elektron formada aparılmış və bu halda müqaviləyə də uyğun olaraq tələbəyə imzalanmaq üçün vərəqə təqdim olunmur. Tələbə qiymətlə tanışlıq üçün müəllimə müraciət edə bilər və qiymətilə bağlı narazılığı olarsa, kursa yazılı müraciət edə bilər, etməyibsə, qiymətindən razı sayılır. Və sifarişçinin qiymətindən narazılığı ilə bağlı kursa müraciəti daxil olmadığı üçün müqavilə üzrə qiymətindən razı hesab olunumuşdur. Göründüyü kimi Cavabdeh1 MMC müqavilənin 3.2.4-cü bu bəndi üzrə də hüquq pozuntusu törətməyib. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Cavabdeh1 MMC ilə İddiaçı Aydın qızı arasında bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqavilə üzrə İcraçı Cavabdeh1 MMC öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, pozmamış, Sifarişçiyə 40 gün müqavilədə qeyd olunan formatda, qrafıklərdə, peşəkar müəllimlərlə dərslər təyin olunmuş və tədris edilmişdir. Sifarişçi İddiaçı Aydın qızı müqavilə üzrə ümid etməyə haqqı çatanlardan məhrum olmamış, əksinə ona şirkət tərəfindən müqavilə üzrə haqqı çatandan daha artıq güzəşt olunmuşdur. Müqavilə bağlanmazdan və ödəniş olunmazdan öncə Sifarişçi İddiaçı Cavabdeh1 MMC tərəfindən dərslər və müqavilə ilə bağlı bütün şərtlər izah olunmuş və razılığı alınmışdır. İddiaçı proqrama qeydiyyatdan keçməzdən və ya xidmət haqqını ödəməzdən öncə Cavabdeh1 MMC-nin əməkdaşları tərəfindən ona yazılı surətdə xəbərdarlıq edilmişdir ki, qrafiklərin sıxlığı səbəbindən dərslər üzrə dəqiq olaraq hansı müəllimin təyin olunacağı haqqında əvvəlcədən söz verə bilmir. Sifarişçi isə bu nüansı nəzərə alaraq ödəniş prosedurunu həyata keçirmişdir. Ümumiyyətlə, Sifarişçinin proqramda iştirak etdiyi müddətdə etmək istədiyi əhəmiyyətli dəyişikliklərlə (müəllim dəyişikliyi, proqram dondurulması və s.) bağlı hərəkətlərin nəticələri əvvəlcədən şəxsə izah olunmuş və bu şərtlərlə razılaşdığı və özünəuyğun hesab etdiyi təqdirdə dəyişikliklər həyata keçirilmişdir. İddiaçı Aydın qızının Cavabdeh1 MMC-nin vergidən yayınmaq məqsədilə kart hesabına ödəniş qəbul etdiyi ilə bağlı iddianın da əsassız olduğunu hesab edirlər. Şəxs uzaqda olduğundan ofisə yaxınlaşmadan onlayn formada qeydiyyatdan keçdiyi üçün nağd ödəniş kart vasitəsilə (bu zaman əməkdaş Cavabdeh2 Ramil qızının kart hesabı istifadə olunmuşdur) qəbul olunmuş, daha sonra nağdlaşdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq şirkətin kassasına əlavə olunmuş, rəsmi kassa mədaxil qəbzi yazılmış, İddiaçı qəbzin surəti göndərilmiş və daxil olan ödəniş Dövlət Vergi Xidmətinə rəsmi formada bəyan edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh1 MMC hər hansı əsas olmadan iddiaçının pulunu özündə saxlayır. Bu iddia da tamamilə əsassızdır. İddiaçı ödəniş qanuni əsaslarla, tərəflərin arasında xx.xx.2023 tarixində bağlanılmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı müqaviləyə əsasən alınmışdır. Müqavilənin predmetinə əsasən, İcraçı “40 günlük intensiv proqram” üzrə 40 gün ərzində dərslər tədris etməyi, Sifarişçi isə qarşılığında İcraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürür. Sifarişçi ödənişi kart hesabına etdikdən sonra ödəniş əməkdaş tərəfindən nağdlaşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq kassaya rəsmi formada əlavə olunmuş, rəsmi kassa mədaxil qəbzi yazılmış, qəbzin surəti Sifarişçi İddiaçı göndərilmiş və Dövlət Vergi Xidmətinə rəsmi formada bəyan edilmişdir. İddiaçı Aydın qızının mənəvi zərər üzrə kompensasiya tələbəni də əsassız hesab edir. Onun həqiqətən Cavabdeh1 MMC ilə bağlı münasibətlər zəminində xəstələndiyi ilə bağlı sübut təqdim edilməmişdir. Həmçinin Cavabdeh1 MMC-nin əməkdaşları hər zaman müştərilərlə etik davranış qaydaları çərçivəsində, mülayim tonda ünsiyyətdə olur, onları dinləyərək hər hansı təklif və ya şikayətləri dəyərləndirilir və qarışıqlı razılıq əldə olunması yönündə hərəkət edilir. İddiaçı şirkətə son dəfə müraciəti zamanı əməkdaşlar tərəfindən ona qarşılıqlı razılığın əldə olunma məqsədilə səviyyə yoxlanışı imtahanında (proqram üzrə final imtahan) iştirak təklif olunmuşdur. Bu imtahanın məqsədi şəxsin dil səviyyəsini ölçmək, dildə olan boşluqlarını və nə qədər müddət lazım olduğunu dəqiqləşdirməkdir. Beləliklə, şəxsin nəyə ehtiyacı olduğu və nə qədər müddət lazım olduğu dəqiqləşdirilir və ona uyğun proqram təklifi olunur. Lakin, təəssüf ki, İddiaçı bu təklifi qəbul etməmiş, beləliklə, ona şirkət tərəfindən hər hansı kömək və ya güzəşt fürsətini geri çevirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, Cavabdeh1ndə hüquqşünas işləyir. İddiaçı ilə müqavilə münasibətini həll etdikdən sonra kart məlumatlarını göndərmişdir ki, iddiaçı ödənişi həmin karta etsin, çünki Amerikada yaşayırdı. İddiaçı karta pulu göndərdikdən sonra pulu çıxarıb kassaya qoydular. İddiaçı özü dərsləri dondurmuşdu. Kurs dərs keçməyə də bilərdi, çünki dərslərin dondurulması onlardan qaynaqlanan problem deyil. 23 oktyabrda iddiaçı qrafikin və müəllimin dəyişməsini xahiş etmişdir. Dəyişiklik olanda da müəyyən müddətə ara verilə bilər. Uzanmaların getmə səbəbi odur ki, Aidə xanım istəyirdi ki, Aslan bəy ona dərs keçsin, ona Aslan bəyə uyğun olan vaxtları deyirdi, lakin o vaxtların xanımın tədrisinə uyğun olmadığını da bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Məhdud Məsuliyyətlinin nümayəndəsi X3 iddia ərizəsinə etirazda göstərilənlərə uyğun iahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Sifarişçi İddiaçı ilə icraçı Cavabdeh1 MMC arasında bağlanmış “40 günlük intensiv proqram üzrə xidmətin göstərilməsi” haqqında 97 saylı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, icraçı “40 günlük intensiv proqram” üzrə 40 gün ərzində ingilis dili dərsləri tədris etməyi, Sifarişçi isə qarşılığında İcraçıya xidmətin haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılığı ilə ödənişin məbləği 1422 manat müəyyən edilmişdir. İddiaçı Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə ödədiyi 1420 manat pulunun qaytarılmasının təmin edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə 1420 manat ödəniş etmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddianın qaldırılması üçün 45 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2023-cü il tarixdə təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, Cavabdeh1 MMC “40 günlük intensiv proqram” üzrə 40 gün ərzində ingilis dili dərsləri tədris etməyi, İddiaçı isə müqavilə üzrə haqqı Cavabdeh1 MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş 1420 manat pul vəsaitini MMC-nin hesabına ödəmiş və iddiaçı Amerikada yaşadığından həmin tədris mərkəzində ingilis dili üzrə onlayn şəkildə təhsil almağa başlamışdır. Tədris dönəmində İddiaçı bir neçə dəfə şəxsi məsələlər ilə bağlı dərsləri dondurmuş, daha sonra dərsləri yenidən davam etmək istəyi nəzərə alınaraq dərslərə yenidən başlanmışdır. Hazırda iddiaçı müqavilə üzrə ödədiyi 1420 manatın Cavabdeh1 MMC tərəfindən ona qaytarılmasını xahiş edir və iddiasını, MMC-nin müəllimlərinin dərsləri vaxtlı-vaxtında keçə bilməməsində təqsirlərinin olması səbəbindən proqramın müqavilədə nəzərdə tutulan 40 günlük intensiv dərs rejiminə riayət edilməməsi, habelə müqavilədə nəzərdə tutulan sifarişçinin ingilis dili səviyyəsinin B2 səviyyəsinə çatdırılmasını təmin etmək öhdəliyinin icraçı tərəfindən yerinə yetirilməməsi ilə əsaslandırır. Cavabdeh isə İddiaçı şəxsi səbəblərlə bağlı dərsləri dondurmaq müraciətləri ilə əlaqədar proqramın ardıcıllığının, yəni, 40 günlük intensiv dərs rejiminin pozulduğunu və buna görə də müqavilə müddətinin uzadıldığını göstərərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının öz tələbini əsaslandırmaq üçün istinad etdiyi faktiki halların məcmusundan göründüyü kimi iddia tələbi cavabdehlə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsindən ibarətdir. Beləliklə, hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390 və 442-ci maddələri təşkil edir. Belə ki, tərəflər arasında münasibətlər müqavilə münasibətlərindən irəli gəlir. Mübahisənin mahiyyətinə gəldikdə isə tərəflər arasında təhsil xidmətinin göstərilməsi haqqında müqavilə bağlanmış, müqavilə şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş, hər iki tərəf müqaviləni imzalamışdır. Müqavilənin bağlanması tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün əsas olmuşdur. Qanun müqavilə bağlandığı andan müqavilə şərtlərinə əməl etməyi vəzifə olaraq tərəflərin üzərinə qoyur. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərindən də məlum olur ki, cavabdeh 40 günlük intensiv proqram çərçivəsində ingilis dili dərslərinin tədrisini təşkil etməli, iddiaçı isə xidmət haqqını Cavabdeh1 MMC-yə ödəməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı təhsil xidmətləri üçün razılaşdırdıqları 1420 manatı cavabdehə ödəmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində təşkil edilmiş 54 dərsdən müəyyən fasilələrlə, ümumilikdə 38 dərsdə iştirak etmişdir (Google Sheets aləti vasitəsilə tərtib olunmuş cədvəl məlumatlarına əsasən). Hazırkı mübahisə üzrə müqavilə tərəflərinin hüquq və vəzifələrinə dair müqavilə şərtlərinin tətbiqi ilə bağlı qeyd olunmalıdır ki, təcrübədə təhsilalanlarla təhsil xidmətləri göstərən müəssisələr arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq həmin müəssisələr tərəfindən təklif edilir, həmin müqavilələr özündə, eyni zamanda əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri də ehtiva edir. Mülki qanunvericiliyə görə müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Göründüyü kimi müqavilənin standart şərtləri qanunda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə uyğun olduğu halda da, həmin şərtlər etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən müqavilə şərtləri təfsir edilərkən hər hansı etibarsızlıq halı və ya etimad və vicdanlılıq prinsiplərinə zidd hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa müqavilə şərtlərində cavabdeh tərəfindən hər hansı hüquqdan sui-istifadə hallarına yol verilməmiş, əksinə müqavilənin 4.2-ci bəndində bu müqavilənin 3.1.4-cü maddəsində göstərilən hal baş verdikdə müqavilənin müddətinin buraxılan dərslərin sayı qədər uzadılacağı, 4.3-cü bəndində müqavilənin müddətinin bitdiyi, ancaq tərəflərin bir-birlərinin qarşısında öhdəliyi qaldığı hallarda müqavilənin müddətinin öhdəliyin tam icra olunub qurtardığı müddətədək uzadılacağı ilə bağlı müddəalar nəzərdə tutulmuş, iddiaçı isə xx.xx.2023-cü il tarixdə müqavilə vaxtının və xidmət öhdəliyinin icra vaxtının bitməsini bildirməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdən dərslərə müəyyən fasilələrlə davam edərək, ümumilikdə 38 dərsdə iştirak etdikdən sonra müqavilədə icraçının vəzifəsi kimi müəyyən edilmiş “sifarişçini ingilis dilinin “Upper intermediate” (B2) səviyyəsinə çatdırılmasının” təmin edilməməsinə istinad edərək, iştirak etdiyi dərslərə görə ödədiyi məbləğin geri qaytarılmasını tələb edir. Halbuki göründüyü kimi intensiv keçirilməsi nəzərdə tutulmuş dərslərə bir neçə dəfə fasilələr verilmiş, habelə müqavilədə intensivliyin təmin edilməsindən istisna - müqavilənin 4.2 və 4.3-cü bəndlərinin tətbiqi əvvəlcədən razılaşdırılmışdır ki, bu da iddiaçıya ingilis dilinin B2 səviyyəsinin təmin edilməsinin mümkün olmamasının gözlənilən hal olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda iddiaçının həmin dövrdə Amerikada yaşaması və ölkələr arasında 9 saatlıq fərqin olması da nəzərə alınmalıdır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddaçının 40 günlük intensivliyin cavabdehin təqsiri üzündən pozulması ilə bağlı bildirdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə cavabdeh tərəfindən sifarişçinin müqavilə üzrə öhdəlikləri - müqavilənin 3.1.4cü bəndini pozaraq sonuncu dondurulma ilə bağlı müraciət etmədən və cavab almadan dərsləri özbaşına dondurmasına baxmayaraq, MMC tərəfindən onun yenidən dərslərə başlamaq istəyi qəbul olunaraq dərslərinin xx.xx.2024-cü il tarixində yenidən bərpa olunması bildirilmiş, bundan başqa cavabdehin məhkəmə iclasında verdiyi izahat əsasında müştəri məmnuniyyətinin təmin edilməsi prinsipi rəhbər tutularaq cavabdeh tərəfindən iddiaçının ödədiyi məbləğin müqabilində yenidən 40 günlük intensiv dərslərin keçirilməsi təklif olunsa da, iddiaçı ona təklif olunmuş imkandan imtina edərək israrlı şəkildə məhkəmə yolu ilə ödəniş məbləğinin geri qaytarılmasına nail olmağa çalışır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1420 manatın qaytarılması barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın Cavabdeh2 qarşı olan hissəsinə münasibətdə qeyd edir ki, müqavilə üzrə ödənişlər Cavabdeh1 MMC-nin işçisi Çinarə Məmmədovanın kart hesabına köçürülsə də, sonradan nağdlaşdırılaraq MMC-nin bunu bəyənməsi (sonradan verilən razılıq) əsasında onun hesabına mədaxil edilmişdir ki, bu da Çinarə Məmmədovanı hazırkı iş üzrə iddiaya cavab verməli olmayan şəxs olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də həmin ödənişin təyinatının məhz tərəflər arasındakı müqavilə üzrə olmasını, habelə Cavabdeh1 MMC-nin direktoru həmin məbləğin Cəmiyyətin balansına keçməsini təsdiq etmişlər. Bununla da Çinarə Məmmədovanın əsassız varlanması halı istisna olunur. Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. İddia ərizəsinin cavabdeh tərəfindən “vergi qanunvericiliyinin və nağdsız hesablaşmalar haqqında qanunvericiliyin tələblərinin pozulması” ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən hal üzrə iddiaçı hər hansı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, AR Vergilər Məcəlləsinin tələblərinə görə bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatı olan vergi bəyannaməsini bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına vermək vəzifəsini daşıyırlar. Göründüyü kimi Məcəllədə sözügedən hallara nəzarət etməli orqan konkret olaraq müəyyən edilmişdir. Mülki prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hazırda iddiaçının barəsində xüsusi qərardad çıxarılmasını tələb etdiyi hal üzrə onun hər hansı hüquqlarının, maraqlarının pozulması halı müəyyən edilmir. Məhkəmə iddianın “102 manat gecikmə faizi, 500 manat mənəvi zərərin əvəzinin ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, bu tələblər müqavilə üzrə ödənilmiş pulun qaytarılması tələbi ilə bağlıdır və məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki ödənilmiş 1420 manatın qaytarılması tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1420 (bir min dörd yüziyirmi) manat ödənilmiş pul, 102 (bir yüziki) manat faiz, 500 manat mənəvi zərər üçün kompensasiya, 45 manat dövlət rüsumu, 120 manat hüquqi xidmət xərci, cəmi 2187 (iki min bir yüz səksən yeddi) manat pul tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri (dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş məbləğlər) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1420 (bir min dörd yüz iyirmi) manat ödənilmiş pul, 102 (bir yüz iki) manat faiz, 500 manat mənəvi zərər üçün kompensasiya, 45 manat dövlət rüsumu, 120 manat hüquqi xidmət xərci, cəmi 2187 (iki min bir yüz səksən yeddi) manat pul tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-379/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-379/2025
21.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver