Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3790/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxslər Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2, "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6049/2014 saylı, 13 yanvar 2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı 197.320 AZN əsas, 27.265,97 AZN faiz, cəmi 224.585,97 AZN borc və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq Maraqlı şəxs1 ASC-yə ödənilməli, tələb ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ ilə Maraqlı şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 39A saylı fərdi yaşayış evinin B tikilisinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı və əldə olunmuş vəsait hesabına borc ödənilməlidir. İcra sənədi icraya yönəldilmiş və icra sənədində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmədiyindən Sabunçu rayon İcra və Probasiya şöbəsinin 27 yanvar 2020-ci il tarixli qərarı və 574-10081-25 saylı müraciətinə əsasən qiymətləndirici dəvət edilmiş və Cavabdeh MMC tərəfindən 05 fevral 2020-ci il tarixə ipoteka predmetinin bazar qiyməti 75.000 (yetmiş beş min) AZN müəyyən edilmişdir. 2(008)-6049/2014 saylı, 13 yanvar 2020-ci il tarixli təkrar verilmiş icra sənədinə əsasən tutmanın yönəldildiyi Maraqlı şəxs3 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 2 (iki) mərtəbəli, 152,6 kv.m ümumi, 77,3 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair Cavabdeh MMC tərəfindən tərtib olunmuş QR-2629 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyi predmetin real bazar qiymətini özündə əks etdirmir, əsassızdır və tənasübsüz qaydada azdır. Belə ki, ipoteka qoyan Maraqlı şəxs3 ilə ipoteka saxlayan Maraqlı şəxs1 ASC ilə aralarında bağlanılmış 11 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinin 3.1ci maddəsində göstərilmişdir ki, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 300.000 (üç yüz min) AZN məbləğində likvid qiymətlə qiymətləndirilmişdir. İddiaçı Şuşa rayonundan məcburi köçkün kimi faktiki olaraq 6 ailə üzvü ilə birlikdə Qaraçuxur qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Özü Qarabağ müharibəsi əlili və veteranıdır, Sabunçu telefon qovşağı 4 saylı Rabitə mərkəzində 28 ildir kabel lehim rəisi olaraq 700-800 AZN arası əmək haqqı alır. İddiaçı 2011-ci ildə bir tanışı vasitəsi ilə həmin dövrdə Maraqlı şəxs1 ASC-nin 2 saylı Sabunçu rayon filialının kredit şöbəsinin müdiri Faiq Məmmədovu tanımışdır. Faiq Məmmədov sonralar bankın maliyyə vasitəsini vətəndaşların etibarından sui-istifadə edərək cinayət yolu ilə mənimsədiyi üçün 11 il müddətinə azadlıqdan məhrum edildi. Maraqlı şəxs3 Faiq Məmmədovun qardaşıdır. Həmin dövrdə ipoteka predmeti olan əmlak Maraqlı şəxs3 adına olsa da, faktiki olaraq qardaşı Faiq Məmmədov öz ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. Faiq Məmmədov belə bir dələduzluq edərək iddiaçının adına kredit rəsmiləşdirmiş və öz faktiki yaşadığı evi ipoteka qoymuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən iddiaçının ünvanına daxil olan bildirişdə ona məlum oldu ki, Sabunçu rayon İcra və Probasiya şöbəsi icra sənədi üzrə icraata Maraqlı şəxs3 aid hissədə 05 oktyabr 2020-ci il tarixli qərarla xitam vermiş və həmin qərar ilə razılaşmayan Maraqlı şəxs1 ASC şikayət vermişdir. Daha sonra, icra işi ilə tanış olmaq üçün ərizə ilə icra şöbəsinə müraciət etdi və iş materialları ilə tanış olarkən narazı olduğu halları gördü. İpoteka predmetini açıq hərrac vasitəsi ilə Faiq Məmmədun həyat yoldaşının qardaşı Maraqlı şəxs2 guya vicdanlı alıcı kimi bacısının evini 63.750 AZN ödəməklə almışdır. Göründüyü kimi Faiq Məmmədov və onun ailəsinin hal-hazırda da qanunsuz əməlləri davam edir, zərərçəkən şəxs kimi də bu gün iddiaçının üzərində xeyli miqdarda kredit borcu qalır və hal-hazırda da bank iddiaçıdan kredit borcunu tələb edir. Bundan başqa, qiymətləndirmə rəyinə nəzər yetirdikdə məlum olur ki, qiymətləndirici daşınmaz əmlakı qiymətləndirərkən vizual baxış metodu ilə kifayətlənmiş, həmin ərazidə cari dövrdə, əmlakın yerləşdiyi ərazidə daşınmaz əmlakların satışı üzrə aparılmış əməliyyatları, mülki dövriyyəni və daşınmaz əmlakla bağlı əqdlərin qiymətini nəzərə almamış, statistik təhlil aparmamış, rəy əsas etibarilə formal mülahizələrə və şablon müddəalara əsaslanmışdır. Halbuki, fərdi yaşayış evi tək B tikilisi olaraq digər bir vicdanlı alıcı tərəfindən alındığı təqdirdə məlumdur ki, həmin evin yerləşdiyi torpaq sahəsindən də istifadə etmək hüququ olur. Fərdi yaşayış evinə giriş həyətyanı qapıdandır və bu daşınar əmlak deyil ki aparıb hər hansı bir yerdə yerləşdirərək evə giriş qapıdan girilsin. Başqa sözlə, qiymətləndirmə rəyində qiymətləndirici mübahisəli daşınmaz əmlaka dair zəruri bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən daşınmaz əmlakın dəyərinə təsir edən bütün amillər müəyyən edilməmiş, daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi üçün analoji daşınmaz əmlakların bazar dəyəri təhlil edilməmiş, müvafiq əmlakların müqayisəli təhlili aparılmamış və daşınmaz əmlakın cari dövrdəki dəyəri də qeyri-obyektiv təyin edilmişdir. Həmçinin, ipoteka predmeti naməlum vaxtda, naməlum şəraitdə qiymətləndirilmiş və qiymətləndirmə prosesində iştirak etmiş şəxslərin dairəsi məchuldur. Başqa sözlə, həmin əmlakın qiymətləndirici tərəfindən hansı vaxtda, hansı şəraitdə, kim tərəfindən və kimin iştirakı ilə qiymətləndirilməsi məlum deyil. Hal-hazırda icra sənədinə əsasən tutmanın yönəldildiyi ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 39A saylı fərdi yaşayış evinin B tikilisinin real bazar qiyməti Cavabdeh MMC tərəfindən tərtib olunmuş QR-2629 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyində müəyyən edilmiş qiymətdən xeyli yüksəkdir. Beləliklə, Cavabdeh MMC tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri qiymətləndirmə qaydalarına müvafiq təyin edilməmiş, Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən əmlak qeyri-adekvat qiymətə açıq hərracdan satılmaq üçün sifariş verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh MMC tərəfindən tərtib olunmuş tutmanın yönəldildiyi ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 2 (iki) mərtəbəli, 152,6 kv.m ümumi, 77,3 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair QR- 2629 saylı, 05 fevral 2020-ci il qiymətləndirmə rəyinin ləğv edilməsi və həmin əmlakın hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hərrac tam qanuni keçirilib və mənzil nümayəndəsi olduğu şəxsə satılıb. Daha sonra səxs həmin mənzili özgəninkiləşdirib, yəni faktiki olaraq əmlakın mülkiyyətçisi deyil. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, əmlakın dəyəri iddiaçı tərəfindən ifrat dərəcədə şişirdilib 300 000 manat yazılıb. Həmin mənzilin dəyəri hal-hazırda 75 000 manatdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Maraqlı şəxs3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Maraqlı şəxs3 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 2 (iki) mərtəbəli, 152,6 kv.m ümumi, 77,3 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı fərdi yaşayış evini banka ipoteka kimi təqdim etmişdir. İpoteka predmeti 300.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, MA seriyalı ******* №-li çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 2 (iki) mərtəbəli, 152,6 kv.m ümumi, 77,3 kv.m yaşayış sahəsindən ibarət 4 (dörd) otaqlı fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 124 nömrəli reyestr kitabının 11324 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, QXM/2629 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 39A fərdi yaşayış evinin B tikilisinin bazar dəyəri 75.000 manat müəyyən edilmişdir. İşin materiallarında olan «Hərracın yekunları barədə» 01 oktyabr 2020-ci il tarixli, 26/01 №-li protokolun surətindən görünür ki, hərracın təşkilatçısı – "xxxx" MMC direktoru G.N.Mustafayeva ilə tələbkar-alıcı Maraqlı şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində yerləşən 39A fərdi yaşayış evinin B tikilisinin 75.000 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Məhkəmə qeyd edir ki, İddiaçı ipoteka müqaviləsi üzrə tərəf olmadığından, onun qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ipoteka müqaviləsi üzrə nə tərəf, nə də əmlakın mülkiyyətçisi olmadığından, onun qiymətləndirmə rəyinin ləğv edilməsi və həmin əmlakın hazırkı real bazar qiyməti əsasında yenidən qiymətləndirilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Bundan əlavə, iddiaçı müvafiq subyektiv hüquqa malik olmuş olsa da belə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı iddia tələbinin əsasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi tələbi"nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmlakın qiymətləndirilməsi barədə qiymətləndirmə rəyinin ləğv edilməsi və predmetin yenidən qiymətləndirilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3790/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3790/2022
24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver