Məhkəmə qərarları › İş №e-2(006)-380/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-380/2022

10.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-380/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.07.2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə (VÖEN **********) məxsus marketdə bir istehlakçı (müştəri) kimi çox kobud rəftara məruz qalaraq qida məhsullarına olan tələbatlarını ödəmək üçün Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunvericiliyi ilə iddiaçıya verilmiş hüquqları məhdudlaşdırılmışdır. Belə ki, marketdə öz şəxsi telefon ilə vitrində yerləşdirilmiş və kütləvi şəkildə satış məqsədilə açıq nümayiş olunan müxtəlif istehlakçılara məxsus pendir məhsullarının şəklini çəkərək hansını almaq barədə öz ailə üzvləri ilə (həmin vaxt marketə himayəsində azyaşlı uşaq olduğuna görə gələ bilməyərək evdə olan ailə üzvləri) “Whats App” proqramı vasitəsilə məsləhətləşdikdə özünü təqdim etməyən marketin əməkdaşı iddiaçıya yaxınlaşaraq marketin daxili qaydalarına əsasən marketdə satışa çıxarılan malların vitrində şəklinin çəkilməsinin qadağan olduğunu bildirərək, həmin şəkilləri telefonundan silməsini tələb etmişdir. Niyə görə vitrində malın şəklini çəkə bilmədiyini soruşduqda isə həmin vitrində malın telefonla çəkilən foto şəkillərdə həmçinin malın qiymətinin də əks olunduğunu əsas gətirərək bunun qadağan olduğunu bildirmişdir. İddiaçı onun bu tələbinin qanunsuz olduğunu bilsə də, konfliktin yaranmaması üçün şəkilləri pozacağını bildirmiş və ondan ailə üzvləri ilə məsləhətləşə bilmədiyi halda onun iddiaçıya vitrində olan mallar barədə məlumat verərək, iddiaçıya lazım olan malın seçilməsində köməklik etməyini xahiş etmişdir. Lakin, həmin əməkdaş yenidən müştəriyə kömək etmək, vitrində olan mallar barədə müvafiq məlumatları vermək əvəzinə israrla iddiaçının şəxsi telefonuna müdaxilə etməyə cəhd edərək göstəriş və imperativ (konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməsi tələb olunur) formada əvvəlcə telefondan şəkilləri pozmasını, eləcə də xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərə yol verməklə qanunla qorunan hüquqlarını pozmağa yönəlmiş tələblər irəli sürərək həqiqətən də şəkilləri pozduğuna əmin olmaq üçün telefonunun yaddaş hissəsinə (şəxsi və ailə məlumatlarının olduğu) baxmağı tələb etmişdir. Həmin əməkdaşın hərəkətlərindən haqlı olaraq narazı qaldığı səbəbindən marketin menecerinin dəvət edilməsini xahiş etmişdir. Lakin, iddiaçıya bir qədər sonra yaxınlaşan menecer ətrafında olan marketin mühafizəçiləri ilə birlikdə təzyiq edərək, mühafizəçilər isə müştəri ilə sanki bir cinayətkar kimi davranaraq “əllə” danışaraq yenidən hüquqlarını pozmağa davam etdilər. Bu məqamda yaranmış xoşa gəlməz və iddiaçı üçün mənəvi sarsıntı ilə nəticələnmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai, iaşə, məişət və digər növ xidmət Qaydaları”nın müvafiq maddə və bəndlərini rəhbər tutaraq Cavabdeh MMC-nin rəhbərliyinə onlayn müraciət etmiş, lakin heç bir nəticə olmamışdır. Təkrar 26.07.2021-ci il tarixdə Cavabdeh MMC-yə məxsus marketdə hüquqlarının pozulmasına və məhdudlaşdırılmasına səbəbkar olmuş şəxslərin şəxsiyyətinin müəyyən edilməklə onlar barədə müvafiq araşdırma apararaq və təqsirli şəxslər barəsində qanuna müvafiq tədbirlər görülməsini, həmçinin həmin supermarketdə həmin gün kameraya çəkilmiş video görüntülərə baxış keçirilməsinə və daxili qaydalar ilə tanış olmasına şərait yaradılması xahiş edilmişdir. 18.08.2021-ci il tarixdə Cavabdeh MMC-nin idarə heyətinin sədri Rəşad İbrahimov tərəfindən iddiaçıya məktub ünvanlayaraq göstərilmişdir ki, “apardığımız araşdırma zamanı işçi heyətimiz tərəfindən yalnız Cəmiyyətimizin daxili qaydaları izah olunmaqla Sizə qarşı fiziki zorakılıq, habelə hörmətsizlik ifadə edən hər hansı qərəzli hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Hər bir qurum digər bazar istehlakçılarının hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə almaqla özünün mülkiyyətində və ya istifadəsində olan ərazilərdə şəxslərin davranışına və fəaliyyətinə dair daxili qaydalar müəyyən etmək hüququna malikdir. Bu baxımdardır ki, Cəmiyyətimiz müştərilərinin, eləcə də işçi heyətinin şəxsi toxunulmazlıq hüququ və qanuni mənafelərinin, həmçinin özünün kommersiya maraqlarının qorunması prinsipi əsasında özünə məxsus mağazalarda video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən etmişdir. Mağazanın vitrinlərində, piştaxtalarında, habelə digər yerlərində olan pərakəndə satış məqsədi üçün nəzərdə tutulmuş yeyinti məhsulları müvafiq qaydada istehlakçıya satılması anınadək həmin yeyinti məhsullarının üzərində mülkiyyət hüququ Cəmiyyətimizə məxsusdur və mülkiyyət hüququnun müdafiə vasitəsi olaraq Cəmiyyətimiz tərəfindən bu kimi daxili qaydaların müəyyən edilməsi qanunvericiliklə qadağan edilməmişdir. Müəssisədaxili qaydalar işəgötürən və işçilər arasında olan münasibətləri tənzimlədiyindən, sözügedən qaydaların üçüncü şəxslərə (istehlakçı) bəyan edilməsi, o cümlədən onların daxili qaydalarla tanış edilməsi şəraitinin yaradılması, eləcə də videogörüntülərə baxış keçirilməsinə razılıq verilməsi mümkün deyildir”.”Araz Supermarket” MMC-yə məxsus yuxarıda göstərilən ünvanda yerləşən marketin əməkdaşları (menecer, satıcı, mühafizə və sair əməkdaşlar) ilə söhbət zamanı onların Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etmələrini, irəli sürlükləri tələbləri qüvvədə olan qanunvericiliyə və ya digər normativ hüquqi, normativ xarakterli, qeyri normativ hüquqi aktla əsaslandırmağı tələb etdikdə onlar iddiaçıya bildirmişlər ki, həmin marketdə işin təşkili və müştərilərlə (istehlakçılarla) münasibətlər qeyd olunan qaydalar və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə yox onların hər hansı rəsmi sənəd təqdim etmədiyi uydurma qaydalarla tənzimlənir. Beləliklə 16.07.2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə məxsus marketdə həmin marketin meneceri və digər əməkdaşları tərəfindən bir istehlakçı (müştəri) kimi qida məhsullarına olan tələbatlarını ödəmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində iddiaçıya verilmiş hüquqları məhdudlaşdırılmış, onu maraqlandıran malın (işin, xidmətin) qiyməti barədə zəruri məlumat almaq, düzgün, müstəqil və sərbəst seçim və aldığı malla baxış keçirməklə həmin mallarla tanış olmaq, qiymətini yoxlamaq imkanlarından məhrum edilmişdir. Bir istehlakçı (müştəri) kimi qida məhsullarına olan tələbatlarını ödəmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində iddiaçıya verilmiş hüquqlarının məhdudlaşdırılması yuxarıda qeyd olunan ünvanda yerləşən marketdə istehlakçılarla (müştərilərlə) xidmətin, işin Azərbaycan Respublikası qanunevericiliyinə uyğun olaraq düzgün təşkil etməməsi, müvafiq əməkdaşların (Cavabdeh MMC-nin adlarını bildirməyən əməkdaşları – menecer, satıcı, mühafizə və sair) Azərbaycan Respublikası qanunvericiliyini bilməməsi, onlara bu istiqamətdə müvafiq təlim və təlimatların keçirilməməsi nəticəsində mümkün olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən edilməsi barədə daxili qaydaların verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının heç bir hüququ pozulmamışdır. Üzr istəmək, əslində, problemli və ya ayıb bir məsələ deyil, lakin üzr istədikləri iddianı qəbul etməkləri deməkdir, onlar isə qəbul etmirlər. İddiaçı öz hüquqlarının pozulmasını sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 26.07.2021-ci il tarixli ərizənin surətindən görünür ki, 16.07.2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçəsinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə məxsus marketdə hüquqlarının pozulmasına və məhdudlaşdırılmasına səbəbkar olmuş şəxslərin şəxsiyyətinin müəyyən edilməklə onlar barədə müvafiq araşdırma apararaq və təqsirli şəxslər barəsində qanunla müvafiq tədbirlər görülməsini, həmçinin həmin supermarketdə həmin gün kameraya çəkilmiş video görüntülərə baxış keçirilməsinə və daxili qaydalar ilə tanış olmasına şəraitin yaradılması, görülmüş işlər barədə ona məlumat verilərək hüquqlarının pozulması və məhdudlaşdırılması nəticəsində qanunvericiliyə uyğun olaraq mənəvi ziyanın ödənilməsi məqsədilə məhkəməyə müraciət etmək imkanından yararlanmaq hüququnun təmin edilməsi göstərilmişdir. İş üzrə Cavabdeh MMC tərəfindən Nümayəndə1 ünvanlanmış 18.08.2021-ci il tarixli məktubun surətindən görünür ki, apardıqları araşdırma zamanı işçi heyəti tərəfindən yalnız Cəmiyyətinin daxili qaydaları izah olunmaqla İddiaçı qarşı fiziki zorakılıq, habelə hörmətsizlik ifadə edən hər hansı qərəzli hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Hər bir qurum digər bazar istehlakçılarının hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə almaqla özünün mülkiyyətində və ya istifadəsində olan ərazilərdə şəxslərin davranışına və fəaliyyətinə dair daxili qaydalar müəyyən etmək hüququna malikdir. Bu baxımdardır ki, Cəmiyyət müştərilərinin, eləcə də işçi heyətinin şəxsi toxunulmazlıq hüququ və qanuni mənafelərinin, həmçinin özünün kommersiya maraqlarının qorunması prinsipi əsasında özünə məxsus mağazalarda video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən etmişdir. Mağazanın vitrinlərində, piştaxtalarında, habelə digər yerlərində olan pərakəndə satış məqsədi üçün nəzərdə tutulmuş yeyinti məhsulları müvafiq qaydada istehlakçıya satılması anınadək həmin yeyinti məhsullarının üzərində mülkiyyət hüququ Cəmiyyətə məxsusdur və mülkiyyət hüququnun müdafiə vasitəsi olaraq Cəmiyyət tərəfindən bu kimi daxili qaydaların müəyyən edilməsi qanunvericiliklə qadağan edilməmişdir. Müəssisədaxili qaydalar işəgötürən və işçilər arasında olan münasibətləri tənzimlədiyindən, sözügedən qaydaların üçüncü şəxslərə (istehlakçı) bəyan edilməsi, o cümlədən onların daxili qaydalarla tanış edilməsi şəraitinin yaradılması, eləcə də videogörüntülərə baxış keçirilməsinə razılıq verilməsi mümkün deyildir. Bildirirlər ki, uzun illərdə ölkə üzrə əhalinin ərzaq və gündəlik istehlak mallarına olan tələbatının qarşılanması istiqamətində ən böyük ərzaq və qeyri ərzaq istehlak malları idxalçılarda və satıcılardan biri olan Cəmiyyətin əsas hədəfi daima inkişaf etməklə əhaliyə göstərilən xidmət vəsiyyyəsini yüksəltmək və müştəri məmnunluğunu təmin etməkdən ibarətdir. Cəmiyyətin həmçinin fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olmaqla hər kəsin hüquqlarına hörmətlə yanaşırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, 26.07.2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Zahid Xəlilov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə məxsus marketdə həmin marketin meneceri və digər əməkdaşları tərəfindən bir müştəri kimi qida məhsullarına olan tələbatlarını ödəmək üçün onun hüquqlarını məhdudlaşdırılmış, onu maraqlandıran malın qiyməti barədə zəruri məlumat almaq, düzgün və sərbəst seçim və aldığı malla baxış keçirməklə həmin mallarla tanış olmaq, qiymətini yoxlamaq imkanlarından məhrum edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarını müəyyən edilməsi barədə daxili qaydaların verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddianın ilkin hissəsi olan Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi əsası kimi ona qarşı telefondan istifadənin qadağan edilməsi barədə və çəkilmiş şəkillərin silinməsi tələbi olmuşdur. Məhkəmə tərəfindən cavabdehə belə bir hadisənin olması barədə video görüntü tələb edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə iclasında bildirilmişdir ki, artıq onlarda belə bir görüntü saxlanılmamışdır. Bu halda, iddiaçıya iddianı sübut etmək yükü düşür ki, bu halıda iddiaçı məhkəmədə qeyd olunan hadisənin həqiqətəndə olmasını (şahid ifadələri, özünün çəkmiş olduğu audio-video yazı və s..ilə ) sübuta yetirə bilməmişdir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ilkin tələbi əsaslı olsaydı da belə bu tələb sonunda heç bir hüquqi nəticə ilə yekunlaşmayacaqdır. İddia ərizəsində göründüyü kimi, iddiaçının cavabdehdən heç bir maddi və mənəvi tələbidə mövcud deyildir. Tələb yalnız cavabdehin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarət olmuşdur ki, buda məhkəmə prosesi zamanı sübuta yetirilə bilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iddia tələbinin video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin ikinci hissəsi olan Cavabdeh MMCyə məxsus marketdə video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi hissəsidə əsaslı hesab edilə bilməz. Belə ki, qeyd olunan market cavabdehin bu və ya digər əsaslarla qanuni sahibliyində olmuş və qeyd olunan qaydaların müəyyən edilməsidə mülkiyyətçiyə (qanuni sahibinə) məxsus olan hüquqdur ki, bununda digər şəxslər tərəfindən müdaxiləsi yolverilməzdir. Hər bir halda məhkəmə hesab edir ki, istənilən müdaxilə qanuni olmalıdır və ilk öncə mülkiyyətçinin hüquqları gözlənilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Qerasimova Rusiyaya qarşı iş üzrə 16 sentyabr 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən «dövlət orqanı» anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar