Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-380/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə dövlət orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində iddiaçı barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxs kimi cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə 10000 (on beş min) manat məbləğində pulun tutulub İddiaçı nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə İddiaçı CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə ki, o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3144/2016 saylı 31 may 2016-cı il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3403/2017 saylı 05 aprel 2017-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə aktlarını qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İddiaçının cəzasının əvvəli 13 oktyabr 2020-ci il tarixdən hesablanmış və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. Həmin hökmdən iddiaçının müdafiəçisi V.M.Vəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından iddiaçının müdafiəçisi V.M.Vəliyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən müdafiəçi V.M.Vəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən təkrarən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş və iddiaçıya Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal həbsdən azad olunmuşdur. Beləliklə, iddiaçı 13 oktyabr 2020-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixinə kimi 11 (on bir) ay 15 (on beş) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli hökmündən zərər çəkmiş şəxs X2 və onun nümayəndəsi A.Ş.Bayramovun verdiyi birgə kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2982/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 3600 (üç min altı yüz) manat və mənəvi ziyana görə 11400 (on bir min dörd yüz) manat pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə iddia ərizəsinə dair etiraz təqdim edilərək, iddia tələbinin tam həcmdə rədd edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz hesab edərək ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu hesab edir və bu əsasla ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən öz xeyrinə maddi və mənəvi ziyana görə 15000 (on beş min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı cinayət prosesini həyata keçirən orqanların hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ona qarşı yönəltmişdir. Lakin iş materiallarından aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkətə (hərəkətsizliyə) yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Digər tərəfdən, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq, bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin ibtidaiistintaq və məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Həmçinin, iş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir. Sübut kimi sadəcə olaraq sadaladığı faktlar əsassızdır. Həmçinin, iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır və əsassızdır. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X7 iddianı qəbul etməyib, iddia ərizəsinə dair etirazın məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının 20-22 saylı qeydlərindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 09 №-li əmrlə "xxxx" MMC-yə “satış müdiri” vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci tarixli, 03 №-li əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1. “d” (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə) bəndinə əsasən vəzifəsindən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə “rəis müavini” vəzifəsinə təyin edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-yə “satış müdiri” vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin işə qəbul barəsində xx.xx.2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə "xxxx" MMC-yə “satış müdiri” vəzifəsinə işə qəbul edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə əsas iş yeri üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “satış müdiri” vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı vaxtamuzd əsaslarla hesablanmaqla 300 manat təşkil etmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(005)-110/2020 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin еdilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 13 oktyabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-604/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı müdafiəçisi V.M.Vəliyev tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli 03 nömrəli əmrindən görünür ki, "xxxx" şirkətində satış müdiri vəzifəsində çalışan İddiaçı ilə xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.d) (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə) bəndinə əsasən xitam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin 74.1.d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə əsası ilə xitam verilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-604/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı müdafiəçisi V.M.Vəliyev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuşdur. Mülki işin materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(103)- 1598/2021 saylı hökmündən görünür ki, məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-110/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli hökmü məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Valeriy Vəliyevin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal həbsdən azad olunmuş, hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-yə “rəis müavini” vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin işə qəbul barəsində xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı qeyd edilən tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə "xxxx" MMC-yə “rəis müavini” vəzifəsinə işə qəbul edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əsas iş yeri üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə “rəis müavini” vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı vaxtamuzd əsaslarla hesablanmaqla 350 manat təşkil etmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-604/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə onun təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli cavab məktubuna əlavə edilmiş əmək fəaliyyəti ilə bağlı məlumatlardan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müddətsiz olaraq "xxxx" MMC-yə əsas iş yeri üzrə satış müdiri vəzifəsinə qəbul edilmiş, əmək haqqı 300 manat təşkil etmiş və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə 74.1d əsası ilə xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən müddətsiz olaraq "xxxx" MMC-yə əsas iş yeri üzrə rəis müavini vəzifəsinə qəbul edilmiş, əmək haqqı 350 manat təşkil etmişdir, müqavilə hal-hazırda qüvvədədir. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 33/22 nömrəli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində 300 (üç yüz) manat əmək haqqı ilə, əmək müqaviləsi üzrə satış müdiri vəzifəsinə işə qəbul edilmişdir. O, Nərimanov Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü qüvvəyə mindiyi tarixdən xx.xx.2021-ci il tarixli 03 nömrəli əmrlə, Əmək Məcəlləsinin 74.1.d) (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə) bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı məhkəmə qərarı ilə həbs olunduqdan sonra xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işdə olma imkanı olmadığına görə, onun hesabına heç bir əmək haqqı köçürülməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixləri üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən 1407,24 manat əmək haqqı hesablanmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli, **********6 nömrəli müraciətin aidiyyəti üzrə göndərilməsi haqqında məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadı ilə sorğu edilən İddiaçı əmək haqqı ilə bağlı məlumatlar Fondun fəaliyyət istiqamətləri xaricində olduğundan qərardad aidiyyəti üzrə baxılması üçün Nazirlik yanında X6 Xidmətinə göndərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2020xx.xx.2021-ci illərdə təqdim etdiyi muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinə əsasən İddiaçı ödənilən əmək haqqı məbləği 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə 0 manat, 2021-ci ilin yanvar, fevral və mart ayları üzrə 300,0 manat təşkil etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əmrdə dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli 0001 nömrəli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 03 may 2021-ci il tarixli 03 saylı əmrində mexaniki olaraq səhvən 74.ç) bəndi 74.d) kimi göstərildiyindən İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinin əsası 74.ç) kimi oxunmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin еdilmişdir. Cəzasının əvvəli 13 oktyabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalında dərhal həbs edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının müdafiəçisi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmuş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 1(103)-1598/2021 saylı hökmü ilə iddiaçının müdafiəçisinin apellyasiya şikayəti təmin edilmiş, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ləğv edilmiş, iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal həbsdən azad olunmuş, hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, iddiaçıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 13 oktyabr 2020-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixinə kimi 11 (on bir) ay 15 (on beş) gün müddətində qanunsuz olaraq həbsdə saxlanılmışdır. Bundan əlavə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixli, 09 №-li əmrlə həmin tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən, "xxxx" MMC-də əsas iş yeri üzrə “satış müdiri” vəzifəsində işləmiş, əmək haqqı 300 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli 03 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.ç (işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) bəndinə (texniki düzəliş əsasında) əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi işsiz olmuş, lakin faktiki olaraq ona məhkəmə qərarı ilə həbs olunduqdan sonra xx.xx.2020-ci il tarixindən işdə olma imkanı olmadığına görə heç bir əmək haqqı ödənilməmişdir. Beləliklə, bu müddət ərzində ona 3450 (üç min dörd yüz əlli) manat məbləğində maddi zərər dəydiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçı həbs olunana (xx.xx.2020-ci il) qədər 300 manat məbləğində aylıq əmək haqqı ilə "xxxx" MMC-də işləmiş, hökmün qanuni qüvvəyə minməsi ilə əlaqədar xx.xx.2021-ci ildə onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmiş, bəraət aldıqdan sonra isə xx.xx.2021-ci il tarixində işə bərpa olunmuşdur. Beləliklə, müəyyən olunur ki, iddiaçı qanunsuz olaraq həbs olunduğu gündən həbsdən azad olunduğu günədək keçən 11 ay 15 gün ərzində əmək haqqı almamışdır. İddiaçının aylıq əmək haqqının məbləğinin 300 manat olmasını nəzərə alaraq isə ona 11 ay x 300 manat + 15 gün x 10 manat = 3450 manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin maddi zərər hissəsində qismən haqlıdır və iddia bu hissədə qismən təmin edilməlidir. İddiaçıya həbs olunduğu gündən işəgötürən tərəfindən əmək haqqının ödənilməməsi məsələsi ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 179-cu maddəsi işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı halların dairəsini konkret olaraq müəyyən etmişdir və həmin maddədə iddiaçının vəziyyətində olan şəxsə orta əmək haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Buna görə də iddiaçının işəgötürəni haqlı olaraq, iddiaçının əmək müqaviləsinə onun barəsində hökm qanuni qüvvəyə minənə qədər xitam verməmiş, lakin əmək müqaviləsinin qüvvədə olmasına baxmayaraq, iddiaçı faktiki olaraq həbs olunduğundan işə gəlməmiş və həmin gündən başlayaraq işəgötürən tərəfindən ona əmək haqqı ödənilməmişdir. Beləliklə müəyyən edilir ki, iddiaçının qanunsuz olaraq həbs olunması nəticəsində ona maddi zərər dəymişdir. Maddi zərərlə qanunsuz həbsəalınmanın səbəbli əlaqəsi məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin zərər cavabdeh vasitəsilə dövlət büdcəsinin hesabına iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə cavabdeh vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Avropa İnsan Hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 2002-ci il tarixli qərarda Konvensiyanın 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı Konvensiyanın 41-ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan, məhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur və məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə mənəvi zərərin iddia edilən 11.400 (on bir min dörd yüz) manat məbləğində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 13 oktyabr 2020-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixinə kimi 11 (on bir) ay 15 (on beş) gün həbsdə saxlanılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış, ona streslər, əzab və əziyyətlər yetirmişdir. Mənəvi ziyana görə iddia edilən 11.400 (on bir min dörd yüz) manat məbləğində pulun iddiaçıya ödənilməsi ağlabatan hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 3450 (üç min dörd yüz əlli) manat məbləğində pul maddi zərərin, 11.400 (on bir min dörd yüz) manat məbləğində pul isə mənəvi zərərin əvəzi olaraq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 3450 (üç min dörd yüz əlli) manat məbləğində pul maddi zərərin, 11.400 (on bir min dörd yüz) manat məbləğində pul isə mənəvi zərərin əvəzi olaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-380/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-380/2023
02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver