Məhkəmə qərarları › İş №e-2(006)-3813/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3813/2022

08.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3813/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh3, X3 və cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı “ölkəyə idxal olunmuş tibbi avadanlıqları alqı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, Gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, bank ödəmə tapşırığının, keyfiyyat sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və potenləşdirilməsini təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi, dövlət rüsumu və vəkil xərcinin cavabdehlərdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4rşı “ölkəyə idxal olunmuş tibbi avadanlıqları alqı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, Gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, bank ödəmə tapşırığının, keyfiyyat sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və potenləşdirilməsini təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi, dövlət rüsumu və vəkil xərcinin cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasına idxal olunmuş ümumi dəyəri 148.000 manat olan “Venus İegacy” (P/N, LE24004, S/N 600096), “Zimmer” (D-69231, **********), “Technispa” (SN00186C), “Vip Line” (EV260A) tibbi avadanlıqların (aparatların) ölkəyə idxal olunmuş tibbi avadanlıqların alqı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, gömrük bəyannaməsinin, invoys-unun, hesab fakturasının, ödəmə tapşırığının, keyfiyyət sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və patentləşdirilməsi təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi və 100.40 (yüz manat qırx qəpik) manat dövlət rüsumunun, 110 (yüz on) manat vəkil ilə müqavilə üçün ödədiyi 500 (beş yüz) manat pulun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MedEra” hospitalın əməkdaşları Cavabdeh1, Cavabdeh3 və X9 iddiaçını aldadaraq 178.000 manat pulunu mənimsəmişlər, əvəzində isə ona lisenziyası olmayan estetik aparatlar vermişlər. İddiaçı bildirir ki, əri X1 İslam Respublikası vətəndaşıdır və o, hal-hazırda İranda yaşayır. İddiaçı həmin avadanlıqları gömrükdən keçirərək İran İslam Respublikasına apara bilmir. Belə ki, həmin avadanlıqların hansı ölkə tərəfindən idxal olunduğunu təsdiq edən sənədlər, Azərbaycan Respublikasının ərazisinə keçirilərkən təqdim edilmiş gömrük sənədləri və həmin adları qeyd edilmiş avadanlıqların lisenziyaları ona təqdim edilməmişdir. Vətəndaş İddiaçı əvvəlcə ona təqdim edilmiş avadanlıqların işlək olduğunu bilsə də o, həmin klinikada işə başlayandan sonra avadanlıqların qüsurlu və nasaz olmasını bilmiş, bu barədə dərhal Cavabdeh1 məlumat vermişdir. Onun tələbi təmin olunmadığından o, bu barədə 2018-ci il tarixdə Binəqədi rayon 5-ci polis bölməsinə şikayət etmişdir. Onun ərizəsi Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Binəqədi RPİ İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı Nəriman Atakişiyevin icraatında olmuş, xx.xx.2018-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilmişdir. Onun şikayəti əsasında həmin qərar ləğv edilərək Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru İlqar Həmidovun icraatında olaraq xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı bildirir ki, həyat yoldaşı İran İslam Respublikasının vətəndaşıdır. 2017-ci ilin mart ayında Binəqədi rayonu Ə.ünvan 1 ünvanda yerləşən Medera Hospitalına xəstə aparmışdır. Həmin hospitalda həyat yoldaşının həmyerlisi İİR-nın vətəndaşı Mohammad Hassani işləyir, hospitalın icraçı direktoru Cavabdeh1 yanına aparmışdır. Söhbət əsnasında Lalə xanım həkim kosmetoloq işlədiyini, onların hər ikisi ona hospitalda həkim kosmetoloq işləməsini təklif edərək 207-ci otaqda işləyəcəyini bildirmişlər. xx.xx.2017-ci ildə kosmetoloq kimi hospitalda işə başlamışdır. Cavabdeh1 ilə arasında olan razılaşmaya əsasən əvvəl gəlirin 60/40 faizi olmaqla işləməyə razılaşmışlar. İddiaçı Cavabdeh1 onunla əmək müqaviləsi bağlanmasını təklif etsə də, sonuncu müqavilə bağlanılacağını demiş, lakin onunla müqavilə bağlanmamış o işə başlamışdır. İddiaçı işə başlayanda hospitala özünə məxsus üztəmizləmə «Beathyinstrument» aparatını da gətirmişdir. İşlədiyi 207 saylı otaqda «Zimmer» və «Mary Cohr» kosmetoloji aparatları olmuşdur, Cavabdeh1 və Mohammad Hassani ona həmin aparatlarla işləməsini, aparatı xaricdən onlara 67.000 ABŞ dollarına gətirildiyini, həmin aparatları ona 48.000 manata verə biləcəklərini söyləmişlər. Lakin o, maddi imkanı olmadığını bildirmişdir. Lalə aparatı bacısı Sevdanın gətirdiyini, onunla danışıb qiymətini 37.000 manata verəcəyini demişdir. Bu söhbətlər olanda həyat yoldaşı X6 da yanında olmuşdur. Lalə və Məhəmmədinin təkidi ilə məcbur olub həmin aparatın pulun 10.000 manatını xx.xx.2017-ci ildə Medera hospitalında Cavabdeh1 otağında Mohammad Hassaninin şahidliyi ilə həyat yoldaşı ilə birlikdə cavabdehlərə vermişdir. xx.xx.2017-ci ildə yenə həyat yoldaşı ilə birlikdə Cavabdeh1 və Mohammad Hassaninin iştirakı ilə 27.000 manat pul vermişlər. O, işləməyə başlayan kimi Mohammad Hassani onunla tanış etdiyi İran İslam Respublikasının vətəndaşı Yunus adlı şəxs ona zəng vurub xarici ölkədən kosmetoloji aparatların gətirildiyini, alğı-satqısı ilə məşğul olduğunu bildirmişdir. xx.xx.2017-ci ildə o, Yunusa 6000 ABŞ dolları ona lazer aparatı gətirməsi üçün vermişdir. O, 6000 ABŞ dollarını əvvələr işlətdiyi Paris gözəllik salonunda Yunusa vermişdir. Lakin, Yunus aparatı gözəllik Salonuna gətirəndə salıb sındırdığı üçün ondan 6.000 ABŞ dolları pulunu geri tələb etmişdir. Hospitalda işləyən zaman Yunus ona zəng edərək sınmış aparatınəvəzinə əlavə olaraq 17.000 manat verərsə, Çin istehsalı olan yeni lazer «Global İPL» aparatı verəcəyini demişdir. Yunus 6000 dollarını qaytarmadığı üçün məcbur olub razılaşmışdır. Həyat yoldaşı X10 hesabına 14.000 manat pul köçürmüşdür. Yunus həmin aparatı gətirib işlədiyi hospitalda vermişdir. Yunus ora gələndə Məhəmmədi və Lalə ilə tanış olduqdan sonra Cavabdeh1 və Mohammad Hassani ona bildirmişlər ki, Yunusun satdığı aparat keyfiyyətsizdir, yenidən 13.000 manat əlavə edib “Vip Line” aparatı ilə barter üsulu ilə dəyişə bilər. Pulun 11.000 manatını o yenə Cavabdeh1 otağında Mohammad Hassaninin və həyat yoldaşının iştirakı ilə vermişdir. Qalan 2000 manatı gəlirindən çıxmalı idilər. Elə həmin vaxt yenə Cavabdeh1 və Mohammad Hassani 48.000 manata arıqlamaq üçün aparatı ona məcburi aldırmışlar. Həmin aparatı 35.000 manatın həyat yoldaşı ilə birlikdə, Cavabdeh1 bacısı kimi təqdim etdiyi Sevdanın, Məhəmmədinin iştirakı ilə vermişdir. 10-15 gün müddətdən sonra ondan qalan pulunu istəmişlər. O, yenə özü və həyat yoldaşı ilə birgə 11.000 manatı Cavabdeh1 və Mohammad Hassaniyə onların birgə iştirakı ilə Cavabdeh1 iş otağında vermişlər. Qalan 2000 manatı yenə işlədiyi müddətdə gəlirindən çıxmışlar. O, pulları alanda Cavabdeh1 tərəfindən pulun alınması barədə ona qəbz verilmiş və Cavabdeh3 da onlarla birlikdə imza etmişdir. Lakin, sonradan ona Medera hospitalında işlədiyi üçün ona gəlir verilmədiyindən işdən çıxmışdır. İşdən çıxanda ona satdıqları aparatın pulunu geri tələb edəndə onlar ona pulu qaytarmaqdan imtina etmişlər. O da məcbur olub işdən çıxanda aparatı özü ilə aparmışdır. Yunisin, Mohammad Hassaninin, Cavabdeh3 və Cavabdeh1 onu aldadaraq satdıqları 148.000 manat dəyərində olan aparatların ölkəyə daxil olma sənədlərinin, gömrük və sair sənədləri İddiaçı təhvil verməmişlər. Vətəndaş İddiaçı “MedEra” hospitalın əməkdaşları Cavabdeh1, Cavabdeh3 və “MedEra” hospitalın İrandan sifariş verilən dərmanlarını çatdırılmasını təmin edən X9 tərəfindən ona ümumi dəyəri 148000 manat pulunu müqabilində satılmış, Azərbaycan Respublikasına gətirilmiş Tibbi Aparatlarin “VENUS LEGACY” (P/N LE24004, S/N LE600096), “ZİMMER” (D-69231,**********), “TECHNİSPA” (SN00186C),“VİP LİNE PLU”(EV260A) gömrükdən ölkəyə keçirilərkən idxal olunduğu ölkəni təsdiq edən sənədlərin, həmin aparatların Azərbaycanda işlədilməsinə dair verilmiş lisenziyaları və gömrükdən qanuni yolla keçməsini təsdiq edən digər sənədlərin ona təqdim edilməsini və ya həmin sənədləri təqdim etmək mümkün olmadığ halda ona 148.000 manata satılmış aparatları geri qaytararaq onun 148.000 manat pulunun özünə qaytarılmasını məhkəmədən tələb edir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, alqı-satqı 2017-ci il tarixdə olmuşdur. Bankdan pul götürüb, avadanlıqları ikinci əl kimi almışdı. Alqı-satqıda onun özü, iddiaçının yoldaşı və iddiaçının özü iştirak etmişdir. Avadanlığı iddiaçıya verəndə onun invoysu, sertifikatını və pasportuna kimi ona təqdim etmişdir. Həmin vaxt iddiaçı dedi ki, onun yoldaşı Qaraqabaqdır, həmin avadanlıqları da İran İslam Respublikasına aparmaq üçün alırlar. Avadanlıqlar hissə-hissə ödənilməklə iddiaçıya verilmişdi. Hətta sonradan qalan 10.000 ABŞ dolları məbləğində pulu iddiaçı ödəmədiyinə görə o, məcbur qalıb 2019-cu ildə evini də satmışdır. Sonda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh X9 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı hospitalda işə düzəlməsində köməklik göstərmişdir. Həmin hospitalın da icraçı direktoru Cavabdeh1 olmuşdur. O, işə başlayandan sonra elə oldu ki, həmin hospitalda İddiaçı alqı-satqı etməli oldu. Onun da həmin alqı-satqıda iştirak etməsinə səbəb o olmuşdu ki, alqı-satqı zamanı müəyyən məbləğdə borc pul qalmışdı, bunlar da orda həmin borc məbləğinin qalmasına şahidlik etmişdilər. Yekun olaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, ümumiyyətlə iddiaçıya satılan avadanlıqlar “MedEra” Hospitala aid deyil, o, mülkiyyətçi kimi çıxış etməmişdir. Baxmayaraq ki, tərəflərin imzasının olduğu vərəqələrdə “MedEra” Hospital qeyd edilsə də, həmin vərəqələrin üzərində ona aid heç bir möhür və s. olmamışdır. Cavabdeh3 MedEra” Hospitalla heç bir əlaqəsi yoxdur. O, baxça müdiri vəzifəsində çalışır. Əmlaklar Sevda xanıma məxsus olmuşdur. Tərəflər arasında alqı-satqı olmuş, əmlakların satılmasında Cavabdeh2 və Cavabdeh1 isə şahid qismində iştirak etmişlər. Sonda iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə digər Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan “Medera Hospital” və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X7 ünvanlanan 07 aprel 2022-ci və 17 iyun 2022-ci il tarixli məktublardan görünür ki, iddiaçı tərəf məhkəməyə müraciət etməmişdən əvvəl tələblə bağlı tərəflərə müraciət edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-262/2020 saylı Hökmünə əsasən, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs İddiaçı xüsusi ittihamçı (hazırkı iş üzrə cavabdeh) X9 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, o, yalan olduğunu bilə-bilə X5 şərəf və ləyaqətini ləkələyən, sonuncunu nüfuzdan salan məlumatları 21 sentyabr 2020-ci il tarixdə “YOUTUBE”-da “Kanal 13-də “Azərbaycanı HEYRƏTƏ salacaq 1 MİLYONLUQ DƏRMAN ƏMƏLİYYATİNİN GİZLİNLƏRİ:İDDİA” başlığı altında 06:51 dəqiqəlik kadrda yalan və böhtan xarakterli məlumatlar yaymaqla X8 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Mülki işin materiallarından görünür ki, 04 iyul 2017-ci il tarixində “VENUS LEGACY” kosmetoloji cihaz üçün 48.000 manat ödəniş olunmalı olduğu qeyd edilmiş, 04 iyul tarixində 35.000 manat ödənilmiş, pulun qalan 13.000 manatı isə 2017-ci ilin avqust ayının 15-nə kimi ödənilməli olduğu göstərilmişdir. 19 iyul 2017-ci il tarixində “VENUS LEGACY” kosmetoloji cihaz üçün 11.000 manat məbləğində pul ödənilmiş, cihazı Cavabdeh3 təhvil vermiş, Q.Qəmbərzadə isə təhvil almışdır. Mülki işin materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X11 tərəfindən qəbul edilən 22 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərardan görünür ki, İddiaçı “MedEra” Hospitalının əməkdaşlarından verdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işin materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X11 tərəfindən qəbul edilən 22 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında Qərarda öz əksini tapmış Cavabdeh1 izahatından görünür ki, 2017-ci il tarixdə İddiaçı “MedEra” Hospitalda həkim kosmetoloq kimi işə başlamış, həmin vaxt Sevda adlı qadından bir neçə ədəd kosmetoloji aparatlar almışdır. O da iş yoldaşı kimi həmin aparatların Cavabdeh3 tərəfindən İddiaçı satılması barədə tərtib edilmiş qəbzə imza etmişdir. O, İddiaçı heç bir aparat satmamış və bu barədə heç kimdən göstəriş almamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən 09 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh3 və X9 tərəfindən Azərbaycan Respublikasına tibbi avadanlıq idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat yoxdur. Mülki işin materiallarında olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 500 manat və 110 manat məbləğində pul hesaba daxil edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 930790043№li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında kosmetoloji avadanlıqların satılması ilə bağlı heç bir müqavilə bağlanmamışdır. İş materiallarından göründüyü kimi tərəflər sadəcə “VENUS LEGACY” kosmetoloji cihazın təhvil verilməsi və təhvil alınması öz imzaları ilə təsdiq etmişlər. İddiaçı cavabdehlər tərəfindən ona satılmış avadanlıqlarla bağlı sənədlərin (ölkəyə idxal olunmuş tibbi avadanlıqları alqı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, gömrük bəyannaməsinin və s.) ona verilmədiyini iddia etsə də (hansı ki məhkəmə iclasında Cavabdeh3 avadanlıqla bağlı bütün sənədlərin iddiaçıya təhvil verildiyini iddia etmişdir), mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə, həmçinin, qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, iddia tələblərinin yönəldiyi cavabdehlərin ona avadanlıqların sənədlərini verməməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4rşı “ölkəyə idxal olunmuş tibbi avadanlıqları alqı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, Gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, bank ödəmə tapşırığının, keyfiyyat sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və potenləşdirilməsini təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi, dövlət rüsumu və vəkil xərcinin cavabdehlərdən tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar