Məhkəmə qərarları › İş №e-2(006)-387/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-387/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-387/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh Şəmşir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5219 manat məbləğində əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 72,59 manat, ümumilikdə, 5291,59 (beş min iki yüz doxsan bir manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “Toyota Corolla” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin kompleks sığorta təminatı” almış “Kia Ev6 GT Line” minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Xətai rayon DYPŞ-nin TP6087392 saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. CM-0073/2023-AKT1809/23 saylı sığorta aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində“Kia Ev6 GT Line” minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilədəymiş 14397 (on dörd min üç yüz doxsan yeddi) manat məbləğində maddi zərərə görə 100 (bir yüz) manat azadolma məbləği çıxılmaqla və sığorta hadisəsi baş verdiyi tarixə sığorta məbləği ilə müqavilədə göstərilən sığorta məbləği fərqli olduğundan qismən sığorta şərti tətbiq edilərək, 7994 (yeddi min doqquz yüz doxsan dörd) manat məbləğində sığorta ödənişi "xxxx" tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Sığorta ödənişinin 2775 (iki yeddi yüz yetmiş beş) manat məbləğində hissəsi zərərvuran “Toyota Corolla” markalı, ** PN ***dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh mülki məsuliyyətinin icbari sığortasını sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, maşın lizinq maşınıdır. Qəzanı o törətməmişdir. Maşına dair etibarnaməsi vardır. Ondan qabaq o maşını 1 ay başqa sürücü sürüb. Ola bilsin, qəzanı da o törədib. Həmin vaxt Qədir adlı şəxs qəza edib. Qədir demişdir ki, maşını velosiped vurub. xx.xx.2023-cü ildə maşını o sürməmişdir. Hadisə oktyabrın 1-i olub. O isə etibarnaməni xx.xx.2023-cü ildə almışdır. İddia ərizəsində göstərilən “KİA” markalı maşını görməmişdir. Məhkəmə prosesi zamanı bundan xəbərim olub. Maşın hal-hazırda ondadır. İnzibati xəta haqqında qərardan xəbəri olmayıb. Maşın hazırda da o vəziyyətdədir. Təkcə faranı dəyişib. Cavabdeh məhkəmə baxış iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC-nin CM-0073/2023AKT1809/23 saylı xx.xx.2023-cü il tarixli, sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə “Toyota Corolla” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil “Kia Ev6 GT Line” minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara və İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Şəmşir oğlu İXM-nin 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən, Bakı şəhər DYPİ bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 dəqiqədə Bakı şəhəri, yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsirli olan şəxs tərəfindən idarə edilən avtonəqliyyat vasitəsi “Toyota Corolla” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil dövlət nömrə nişanlıdır. “Gold Avto services”in xx.xx.2023-cu il tarixli qiymətləndirmə aktından görünür ki, «Kia Ev6 GT Line” minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 14397,00 manat dəyərində qiymətləndirilmişdir. Kart Hesabından çıxarışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə zərərçəkənin hesabına 7994 (yeddi min doqquz yüz doxsan dörd) manat "xxxx" ASC tərəfindən pul köçürülmüşdür. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilən dövlət rüsumunun məbləği 72,19 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “Kia Ev6 GT Line” minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin kompleks sığorta təminatı” almışdır. “Toyota Corolla” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil isə "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almışdır. xx.xx.2023-cü il tarixində «Toyota Corolla” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil «Kia Ev6 GT Line” minik markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və Cavabdeh Şəmşir oğlu “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. "xxxx" ASC dəymiş zərəri aradan qaldıraraq 7994,00 manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Sığorta ödənişinin 2775 (iki yeddi yüz yetmiş beş) manat məbləğində hissəsi zərərvuran “Toyota Corolla” markalı, ** PN ***dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh mülki məsuliyyətinin icbari sığortasını sığortalamış "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində «Kia Ev6 GT Line” minik markalı avtomobilə vurulmuş zərərin əvəzi 5219 manat həcmində iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, Cavabdeh Şəmşir oğlundan həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmənin hazırlıq iclasında cavabdeh hadisənin onun tərəfindən deyil, başqa şəxs tərəfindən törədildiyini bildirərək hazırda irəli sürülən məbləğin ondan tutulmasına etiraz etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı izah edir ki, cavabdehin qeyd etdiyi halları təsdiq edəcək kifayət qədər sübutları olduğu təqdirdə, Mülki Məcəllənin 1114-cü maddəsinin tələbinə uyğun olaraq reqres qaydada həmin şəxsdən, ondan tutulması qət edilən məbləği tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh Şəmşir oğlundan 5219 (beş min iki yüz on doqquz) manat sığorta ödənişi tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 72,19 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Şəmşir oğlundan 5219 (beş min iki yüz on doqquz) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 72,19 (yetmiş iki manat on doqquz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar