Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3890/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı kredit müqaviləsi üzrə öhdəliyə xitam verilmiş hesab edilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən borc öhdəliyi məlumatlarının silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə və üçüncü şəxs Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminə qarşı kredit müqaviləsi üzrə öhdəliyə xitam verilmiş hesab edilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən borc öhdəliyi məlumatlarının silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi; Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən İddiaçı ilə ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyi məlumatlarının silinməsi öhdəliyini cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ləğv prosesində olan Cavabdeh ASC arasında xx.xx.2007-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçıya 68 ay müddətinə 427 000 (dörd yüz iyirmi yeddi min) manat məbləğində kredit verilmişdir. İddiaçı həmin kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh ASC qarşısında öhdəliklərini icra edərək banka olan kredit borcunu tam olaraq ödəmiş və bunun təsdiqi olaraq bank tərəfindən iddiaçıya xx.xx.2013-cü il tarixli kredit borcunun olmamasına dair arayış da verilmişdir. 2024-cü ilin mart ayında iddiaçı kredit götürmək üçün banka müraciət etmiş və bankdan iddiaçıya bildirilmişdir ki, ləğv prosesində olan Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin məlumatlarına əsasən iddiaçının adında ümumilikdə 78 020, 84 (yetmiş səkkiz min iyirmi manat səksən dörd qəpik) manat məbləğində borc öhdəliyi mövcuddur. Məhkəmə iş materiallarını araşdıraraq, münasibət iştirakçılarının subyektiv tərkibini və mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə işin aidiyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu işin aidiyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarda göstərilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış tərəflərin vergi məlumatlarına əsasən, İddiaçı (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış, fərdi sahibkar statusuna malik olan vergi ödəyicisi, cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC isə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. Mübahisənin predmeti İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 427000 manatın verilməsinə dair kredit müqaviləsi ilə bağlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı müvafiq krediti sahibkarlıq fəaliyyəti ilə əlaqədar götürdüyünü, cavabdehin nümayəndəsi isə aralarında bağlanmış müqavilənin biznes məqsədi ilə iddiaçıya kredit verilməsi barədə olduğunu təsdiq etdilər. Beləliklə, iddiaçının fərdi sahibkar statusuna malik olmaqla kommersiya hüquqi şəxsindən biznes məqsədli kredit götürməsi, yəni, mübahisənin predmeti ilə bağlı tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakteri, habelə iştirakçılarının subyektiv tərkibi hazırkı mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməsi üçün qanunla tələb edilən şərtlərin iş üzrə yerinə yetirildiyi barədə qənaətə gəlməyə kifayət edir. Sözügedən hallar da öz növbəsində əsas verir ki, hazırkı mübahisə MPM-in tələblərinə və Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli qərarının izahlarına əsasən kommersiya mübahisəsi kimi xarakterizə edilsin. Məhkəmə yuxarıda adıçəkilən qərarda göstərilən mövqedən çıxış edərək, qeyd edir ki, İddiaçı öz fəaliyyətini müvəqqəti dayandırması, yəni onun VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Belə ki, onun Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə uçotdan çıxarıldığı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı kredit müqaviləsi üzrə öhdəliyə xitam verilmiş hesab edilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən borc öhdəliyi məlumatlarının silinməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı kredit müqaviləsi üzrə öhdəliyə xitam verilmiş hesab edilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən borc öhdəliyi məlumatlarının silinməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3890/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3890/2024
30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver