Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3909/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi, tutulmuş məbləğin və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi, tutulmuş məbləğin və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC-nin “Ağdaş” filialı ilə iddiaçı arasında 05 iyun 2008-ci ildə 469 nömrəli kredit müqaviləsi bağlanaraq iddiaçının adına 6 ay müddətinə qaytarmaq şərti ilə istehlak məqsədi ilə 11000 manat kredit verilmişdir. Cavabdeh Cəmiyyətlə iddiaçı arasında götürülmüş kreditin qaytarılmasının təminatı kimi həmin tarixli 469 nömrəli girov müqaviləsi bağlanmış və kreditin təminatı üçün 16160 manat məbləğində qızıl-zinət əşyaları aktla iddiaçı tərəfindən girov qoyulmuşdur. Həmin vaxt iddiaçı cavabdeh "xxxx" ASC-nə əmək haqqından tutmanın həyata keçirilməsinə razılıq barədə rəsmi ərizə verməmişdir. Cavabdeh Cəmiyyətlə qarşılıqlı şifahi razılaşmaya görə həmin kredit iddiaçının adına rəsmiləşdirilmiş, lakin həmin məbləği faktiki olaraq iddiaçının adından Mətanət adlı qadın götürmüşdür. Götürülmüş kreditin qrafikə uyğun olaraq Mətanət adlı şəxs tərəfindən ödəniləcəyi ilə bağlı cavabdeh bankla ümumi razılıq olduğuna görə kredit götürüldükdən sonra keçən müddətdə iddiaçı banka bir manat belə ödəməmiş və kreditin ödənilməsi ilə bağlı bankla iddiaçı arasında heç bir mübahisə olmamışdır. İddiaçı “Qaz ixrac” idarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsində işləyir. Aylıq əmək haqqını "xxxx" ASC tərəfindən verilmiş kart vasitəsi ilə alır. 2022-ci ilin aprel ayının əmək haqqını və əmək məzuniyyəti pulunu kart vasitəsi ilə çıxaran zaman ümumi hesablanmış 800 manat məbləğin 400 manatı hesabına vurulduğunu bilmişdir. İddiaçı bu barədə mühasibatlıqdan öyrənəndə bildirilib ki, onun hesabına 800 manat vəsait köçürmüşlər, əmək haqqı və məzuniyyət pulundan tutmalar Beynəlxaq bank tərəfindən həyata keçirilib. Bundan sonra bütün bunlara aydınlıq gətirilməsi üçün iddiaçı cavabdeh "xxxx" ASC-nə müraciət etmişdir. Müraciətin araşdırılması və qısa müddətdə iddiaçıya cavab veriləcəyi bildirilsə də, müraciət cavabdeh Cəmiyyət tərəfindən araşdırılmamış və müraciət əsasında mübahisənin müsbət həlli ilə bağlı heç bir məlumat verilməmişdir. Ona görə də iddiaçı 05 iyun 2008-ci il tarixli müqavilə üzrə yaranmış borca görə 14 ildən sonra heç bir məhkəmə qərarı və iddiaçının rəsmi razılığı olmadan özbaşına cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının əmək haqqının 50 faizinə yönəldilməsi və tutulmasının həmin Cəmiyyət tərəfindən qanun pozuntusu olması barədə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank şikayəti cavabdeh Cəmiyyətə göndərmiş, cavabdeh cəmiyyət isə iddiaçıya müraciətlə bağlı konkret olaraq düzgün məlumat verməmişdir və iddiaçının əmək haqqından tutulma bu gün də davam edir. İddiaçı bütün bunları tam qanunsuz və özbaşına hesab edir. Belə ki, qanunvericiliyin tələbinə görə borcalan kredit müqaviləsi üzrə götürdüyü məbləği müqavilədə göstərilən qaydada və müddətdə ödəmədiyi təqdirdə borc verənlə borc alan arasında yaranmış mübahisə məhkəmə vasitəsi ilə həll edilir. Kreditor kreditin kredit götürən tərəfindən qaytarılmamasını bildiyi və bilməli olduğu halda, borc alana qarşı üç il müddətində sonuncuya qarşı borcun və faizlərin tutulması, tutmanın girov əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Lakin cavabdeh Cəmiyyət qanunla onlara verilmiş həmin hüquqdan istifadə etməmişdir. Ona görə də cavabdeh "xxxx" ASC-nin iddiaçının əmək haqqının 50 faizini tutmağa və tutmanın yaranmış borcun ödənilməsinə yönəltməyə heç bir səlahiyyəti və hüququ yoxdur. Cavabdeh orqan bütün bunları bildiyinə görə iddiaçının əmək haqqının "xxxx" ASC vasitəsi ilə aldığını öyrənəndən sonra, yəni kredit götürüldükdən 14 il sonra özbaşına əmək haqqının 50 faizini tutaraq kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinə yönəltmişdir. Belə ki, cavabdeh Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının əmək haqqından 430 manat, xx.xx.2022-ci il tarixdə isə 500 manat tutmanı həyata keçirmişdir. Göründüyü kimi Qanunvericilik müxtəlif tələblər üzrə müxtəlif iddia müddətləri müəyyən edir ki, mülki dövriyyənin iştirakçıları məsuliyyətli olsunlar, iddialarını vaxtında qaldırsınlar. Yəni maraqlı tərəf heç bir məhkəmə qərarı və razılıq olmadan özbaşına, mübahisənin üstündən 14 il keçəndən sonra, keyfinin istədiyi vaxt götürülmüş krediti istədiyi qaydada vətəndaşın əmək haqqından tuta bilməz. Cavabdeh "xxxx" ASC onunla iddiaçı arasında bağlanmış 05 iyun 2008-ci il tarixli 469 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsinə dair mübahisəni keçən müddətdə mübahisələndirmədiyinə və iddia müddətini buraxdığından hazırda həmin tələblə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsasları olmadığına görə yaranmış borc silinməli, iddiaçının əmək haqqından tutulmuş məbləğ və girov qoyulmuş 16160 manat məbləğində qızıl-zinət əşyaları geri qaytarılmalıdır. Lakin cavabdeh bütün bunları könüllü etmədiyinə görə ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 05 iyun 2008-ci il tarixli 469 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11000 (on bir min) manat əsas borcun və 4935 (dörd min doqquz yüz otuz beş) manat 33 (otuz üç) qəpik faiz borcun, cəmi 15935 (on beş min doqquz yüz otuz beş) manat 33 (otuz üç) qəpik borcun silinməsinə, keçən müddət ərzində qanunsuz olaraq iddiaçının əmək haqqından tutulmuş 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat 94 (doxsan dörd) qəpik məbləğində pulun, iddia ərizəsi üzrə ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu, müvəqqəti təminat tədbirləri barədə ərizə üzrə ödənilmiş 13 (manat) 80 (səksən) qəpik, cəmi dövlət rüsumu hesabına ödənilmiş 151 (bir yüz əlli bir) manat 80 (səksən) manat pulun və kreditin qaytarılmasının təminatı kimi 460 nömrəli girov müqaviləsinə əsasən girovun qəbul edilməsi aktına əsasən cavabdeh orqanın xeyrinə girov qoyulmuş ümumi dəyəri 16160 manat olan qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 05 iyun 2008-ci il tarixli, 469 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11000 manat əsas borcun və 4935,33 manat faiz borcun, cəmi 15935,33 manat borcun silinməsinə, keçən müddət ərzində qanunsuz olaraq iddiaçının əmək haqqından tutulmuş 1430 manat məbləğində pulun, iddia ərizəsi üzrə ödənilmiş 138 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirləri barədə ərizə üzrə ödənilmiş 13,80 manat, cəmi dövlət rüsumu hesabına ödənilmiş 151,80 manat pulun və kreditin qaytarılmasının təminatı kimi 460 nömrəli girov müqaviləsinə əsasən girovun qəbul edilməsi aktına əsasən cavabdeh orqanın xeyrinə girov qoyulmuş ümumi dəyəri 16160 manat olan qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 05 iyun 2008-ci il tarixli, 469 nömrəli kredit müqaviləsi üzrə yaranmış 11000 manat əsas borcun və 4935,33 manat faiz borcun, cəmi 15935,33 manat borcun silinməsinə, keçən müddət ərzində qanunsuz olaraq iddiaçının əmək haqqından tutulmuş 1928,94 manat məbləğində pulun, iddia ərizəsi üzrə ödənilmiş 138 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirləri barədə ərizə üzrə ödənilmiş 13,80 manat, cəmi dövlət rüsumu hesabına ödənilmiş 151,80 manat pulun və kreditin qaytarılmasının təminatı kimi 460 nömrəli girov müqaviləsinə əsasən girovun qəbul edilməsi aktına əsasən cavabdeh orqanın xeyrinə girov qoyulmuş ümumi dəyəri 16160 manat olan qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia müddətinin keçməsi iddia öhdəliyinin xitamına əsas deyil. Bu barədə Konstitusiya Məhkəməsinin Plenum qərarı vardır. Belə ki, 06 ay müddətində borc ödənilməmiş ancaq tərəflərindən 14 il ərzində iddia qaldırılmamışdır. Çünki iddia qaldırmaq hüquqlarıdır, vəzifələri deyil. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 05 iyun 2008-ci il tarixli, 469 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank borcluya 06 ay müddətinə illik 24% ödəmək şərti ilə 11.000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli girov haqqında müqaviləyə əsasən eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı ona məxsus olan 16.160 manat dəyərində olan qızılzinət əşyalarını girov saxlayana girov kimi təqdim etmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəlləsinin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər. Göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü iddia tələbi ilə bağlı iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi, tutulmuş məbləğin və girov qoyulmuş qızılzinət əşyalarının qaytarılması tələbi"nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi, tutulmuş məbləğin və girov qoyulmuş qızıl-zinət əşyalarının qaytarılması tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3909/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3909/2022
03.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver