Məhkəmə qərarları › İş №e-2(006)-3999/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3999/2023

24.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3999/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (təsisçisi) X13, cavabdehlər Cavabdeh4 və Cavabdeh2, onların nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 Hüseyn qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər X12, Cavabdeh1 Hüseyn qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X8 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə ünvan 1 ünvanında 6 girişli, 11 mərtəbəli, 4 nömrəli yaşayış binasının tikintisinə dair müqavilə üzrə sifarişçi İddiaçı MTK ilə icraçı "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən podratçı "xxxx" MMC tərəfindən binanın tikintisi başa çatdırılmış və xx.xx.2018-ci il tarixli 001806 saylı istismara hazırlıq aktı alınaraq İddiaçı MTK-ya təhvil verilmişdir. İddiaçı MTK-nın paylayıcının Ümumi Yığıncağının xx.xx.2012-ci il tarixli iclas protokoluna əsasən mənzildə yaşayıb-yaşamamağından asılı olmayaraq hər bir payçıdan xx.xx.2012-ci il tarixdən etibarən 1 otaqlı mənzillər aylıq 15 manat, 2 otaqlı mənzillər üçün aylın 18 manat, 3 otaqlı mənzillər üçün 21 manat, 4 otaqlı mənzillər üçün 24 mant, qeyri-yaşayış sahələri üçün isə hər kv.m. görə 0,50 manat (50 qəpik) olmaqla kommunal xidmət haqqı müəyyən edilməsi qərara alınmışdır. Qeyd edilən qərar MTK tərəfindən binanın bloklarının girişində və binanın digər yerlərində sakinlərin binaya daxil olarkən asanlıqla görə biləcəyi yerdə asılmışdır. Binanın ümumi əmlakının lazımi qaydada saxlanılması və bina sakinlərinin normal yaşayış səviyyəsini təmin etmək məqsədilə binaya su nasosları vasitəsi hər gün fasiləsiz içməli suyun verilməsi, liftlərin daim işlək vəziyyətdə saxlanılması, məişət tullantılarının gündəlik olaraq daşınması, su hövzələrinin vaxtaşırı təmizlənməsi, binanın daxili və xarici hissələrinin təmiz saxlanması və s. digər kommunal xidmətlər, həmçinin binanın xarici və daxili hissəsində bir sıra cari təmir kosmetik işlər MTK tərəfindən davamlı olaraq göstərilməkdədir. Belə ki, MTK tərəfindən istehlak edilmiş elektrik enerjisinin sərfiyyat dəyəri aylıq mövsümdən asılı olaraq 150-650 manat civarında, məişət tullantılarının daşımasına görə isə hər ay stabil olaraq 200 manat təşkil edir və MTK tərəfindən gecikdirilmədən davamlı olaraq ödənilir. Lakin binanın bir qrup mülkiyyətçiləri, həmçinin qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri onlara dəfələrlə MTK tərəfindən şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ardıcıl olaraq bir neçə ildir ki, binanın ümumi əmlakının saxlanması üçün nəzərdə tutulmuş kommunal haqları ödəməkdən, həmçinin MTK ilə kommunal xidmətlərə dair müqavilə bağlamaqdan qəsdən boyun qaçırırlar. Belə ki, ümumi sahəsi 115,72 kv.m. olan 3 otaqlı 1 saylı mənzilin mülkiyyətçisi X9 aylıq 21 manatdan hesablanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 107,59 kv.m. olan 3 otaqlı 62 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 aylıq 21 manatdan hesablanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 105,95 kv.m. olan 3 otaqlı 47 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 aylıq 21 manatdan hesablanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 88,59 kv.m. olan 3 otaqlı 117 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 aylıq 21 manatdan hesablanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756), ümumi sahəsi 107,59 kv.m.olan 3 otaqlı 85 saylı mənzilin mülkiyyətçisi Cavabdeh4 aylıq 21 manatdan hesablanmaqla 3 il müddətinə 756 manat (21x36ay=756) və ümumi sahəsi 54,35 kv.m.olan 1 otaqlı 43 saylı mənzilin X6 aylıq 15 manatdan hesablanmaqla 3 il müddətinə 540 manat (15x36ay=540) İddiaçı MTK-ya kommunal xidmətlərə görə borcu vardır. Ümumilikdə cavabdehlərin İddiaçı MTK-ya kommunal xidmətlərə görə cəmi borcu 4320 manat təşkil edir. Göstərilənlərə əsasən cavabdehlər X7 756 manat, Cavabdeh3 756 manat, Cavabdeh2 756 manat, Cavabdeh1 756 manat, Cavabdeh4 756 manat, X5 540 manat pul vəsaitinin və ödənilmiş 64 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonra İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3 756 manat, Cavabdeh2 756 manat, Cavabdeh1 756 manat, Cavabdeh4 756 manat və ödənilmiş 64 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi (təsisçisi) X18 iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı MTK-nın payçılarının Ümumi Yığıncağının xx.xx.2012-ci il tarixli iclas protokoluna əsasən mənzildə yaşayıb-yaşamamağından asılı olmayaraq hər bir payçıdan xx.xx.2012-ci il tarixdən etibarən 1 otaqlı mənzillər üçün aylıq 15 manat, 2 otaqlı mənzillər üçün aylıq 18 manat, 3 otaqlı mənzillər üçün 21 manat, 4 otaqlı mənzillər üçün 24 manat, qeyri-yaşayış sahələri üçün isə hər kv.m. görə 0,50 manat olmaqla kommunal xidmət haqqı müəyyən edilməsi qərara alınmışdır. Qeyd edilən qərar MTK tərəfindən binanın bloklarının girişində və binanın digər yerlərində sakinlərin binaya daxil olarkən asanlıqla görə biləcəyi yerdə asılmışdır. Binanın ümumi əmlakının lazımi qaydada saxlanılması və bina sakinlərinin yaşayış səviyyəsini təmin etmək məqsədilə binaya su nasosları vasitəsilə hər gün fasiləsiz icməli suyun verilməsi, liftlərin daim işlək vəziyyətdə saxlanılması, məişət tullantılarının gündəlik olaraq daşınması, su hövzələrinin vaxtaşırı təmizlənməsi, binanın daxili və xarici hissələrinin təmiz saxlanması və s.digər kommunal xidmətlər, həmçinin binanın xarici və daxili hissəsində bir sıra cari tamir və kosmetik işlər MTK tərəfindən davamlı olaraq göstərilməkdədir. Lakin binanın bir qrup mülkiyyətçiləri, həmçinin qeyriyaşayış sahələrinin mülkiyyətçiləri onlara dəfələrlə MTK tərəfindən şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq ardıcıl olaraq bir neçə ildir ki, binanın ümumi əmlakının saxlanması üçün nəzərdə tutulmuş kommunal haqları ödəməkdən, həmçinin MTK ilə kommunal xidmətlərə dair müqavilə bağlamaqdan qəsdən boyun qaçırırlar. Hazırki mülki iş üzrə cavabdehlər də belə sakinlərdən bir neçəsidir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, İddiaçı MTK fəaliyyətini 2013-cü ildən dayandırıb. Buna səbəb bina tikintisini başa çatdırdıqdan sonra onun 5 il davamlı olaraq müraciət etməsinə baxmayaraq onun sadələşmiş vergi ödəyicisi kimi qeydiyyata alınmasından imtina olunması ilə əlaqədardır. Nəticə o, da məcbur qalıq "xxxx" MMC-ni yaratmış və kommunal ödənişləri həmin "xxxx"MMC adından yığmağa başlamışdır. Onlar 2012-ci ildə kommunal qiymətlərlə bağlı tarif müəyyənləşdirərkən bunu İddiaçı MTK adından etmişlər. Hazırda da onun həmin tariflə kommunal ödənişlər yığılmaqdadır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı MTK 2013-cü ildən fəaliyyətini rəsmi olaraq dayandırmışdır. MTK-nın təsisçisinin öz adına "xxxx" MMC yaradaraq sakinlərdən kommunal ödənişlər yığması qanunsuz və əsassızdır. Bu səbəbdən cavabdehlərin nümayəndəsi iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdehlər Cavabdeh2 iddia tələbini qəbul etməyərək onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdehlər Cavabdeh4 iddia tələbini qəbul etməyərək onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) mülki işin materialları:

10. İş materiallarında olan İddiaçı MTK-nın payçılarının ümumi yığıncağının xx.xx.2012-ci il tarixli, 1 nömrəli protokolundan görünür ki, mənzilində yaşayıbyaşamamağından asılı olmayaraq hər bir MTK üzvü xx.xx.2012-ci il tarixdən etibarən 1 otaqlı mənzillər üçün 15 manat, 2 otaqlı mənzillər üçün 18 manat, 3 otaqlı mənzillər üçün 21 manat, 4 otaqlı mənzillər üçün isə 24 manat, qeyri-yaşayış sahələri isə hər kv.m. görə 50 qəpik olmaqla kommunal xidmət haqqı ödəməlidir. Vaxtında kommunul xidmət haqqını ödəməyən MTK üzvünün mənzilinə, obyektlərinə elektrik enerjisinin verilməsi dayandırılması qərara alınmışdır.

11. İş materiallarında olan İddiaçı MTK-nın Nizamnaməsinin surətinə əsasən İddiaçı MTK Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 5/359 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış «204 saylı» mənzil-tikinti kooperativinin bazasında yaradılıb və onun hüquqi varisidir. Kooperativin fəaliyyətinin məqsədi müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli, 9/492 saylı qərarı ilə təsdiq edilmiş «204 saylı» mənzil-tikinti kooperativinin üzvlərinin və respublika vətəndaşlarının əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatının ödənilməsidir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 01/Ç-2408 saylı X4 Reyestrindən Çıxarışının və Dövlət qeydiyyatı haqqında 0104- P63-40484 nömrəli Şəhadətnaməsinin surətlərinə əsasən, İddiaçı MTK xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir, təsisçilər və nizamnamə kapitalında payların miqdarı: X18 (1.000.000 manat), X15 (1.000.0000 manat), X10 (1.000.000 manat), X20 (1.000.000 manat), X14 (1.000.000 manat), pay fondunun miqdarı 5.000.000 manat təşkil etmiş, MTK-nın ümumi yığıncağının xx.xx.2002-ci il tarixli qərarına əsasən X1 təyin edilmişdir. MTK-nın fəaliyyət predmeti tikinti, təmir, istehsal və qanunvericiliklə qadağan olmayan digər fəaliyyət kimi müəyyən edilmişdir.

13. İş materiallarında olan «Sifarişçi» qismində İddiaçı MTK ilə «İcraçı» qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə, tərəflərin hüquq və vəzifələrini, mülki-hüquq məsuliyyətini müəyyən edir (bənd 1.1.). «Sifarişçi» binanın tikintisi üçün ona ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən torpaq sahəsini Bakı şəhəri İcra Hakimiyyəti Başçısının «Bakı şəhəri X25 İcraiyyə Komitəsinin kooperativ yaşayış binalarının tikintisi ilə bağlı müvafiq qərarlarının icrası barədə» xx.xx.2004-cü il tarixli 221 saylı sərəncamına əsasən binanın tikilməsindən ötrü «İcraçı»nın istifadəsinə verir və torpaq sahəsində binanın tikilməsinə öz razılığını (icazə verdiyini) bildirir (bənd 1.2.1.). «İcraçı» yaşayış binasının tikintisini aparmaq üçün torpaq sahəsini istifadəsinə qəbul edir və binanın qüvvədə olan bütün normativlərin və qaydaların tələblərinə ciddi surətdə riayət etməklə yüksək keyfiyyətlə tikilməsini təmin edir (bənd 1.2.2).

14. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 4 saylı evin 56 nəfər sakinlər tərəfindən ayrı-ayrılıqda yazılmış 06-08 oktyabr 2023-cü il tarixli məlumatların surətlərindən görünür ki, onlar İddiaçı MTK-nın Ümumi yığıncağının xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmiş kommunal haqqların miqdarı ilə tam razıdırlar və mütəmadi olaraq hər ay İddiaçı MTK tərəfindən göstərilən Kommunal xidmətlərinə görə komsmunal pulunu tam həcmdə ödəyirlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər İddiaçı MTKya məxsus ünvan 2 ünvanında yerləşən yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının sakinləridir. Cavabdehlər kommunal xərcləri ödəməkdən yayınmış və nəticədə iddiaçı yaranmış borcun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386.1-ci maddəsi).

17. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsində yerləşən 4 saylı binanın mülkiyyətçiləri olan cavabdehlərlə kommunal xidmətin göstərilməsi ilə bağlı İddiaçı MTK arasında hər hansı müqavilə bağlanılmamışdır.

18. «R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir.

19. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”.

20. Konstitusiya Məhkəməsi yuxarıda göstərilən qərarında həmçinin göstərmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər.

21. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.

22. Lakin iddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, cavabdehlərin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Bu səbəbdən iddiaçı cavabdehlərdən göstərilən xidmətlərlə bağlı borc tələb etməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının yaranmış borcla bağlı istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar da qanunvericiliyin tələblərinə ziddir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, Mənzil Məcəlləsinin 109.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar.

24. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

25. Göründüyü kimi qanunun yuxarıda göstərilən tələbinə əsasən mənzil tikinti kooperativinin 50% payçılarının çoxunun mənzilləri mülkiyyət hüququ üzrə onlara keçdikdən sonra kooperativ ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır.

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər.

27. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyətçilərinin kommunal xidmətlərlə bağlı öhdəliyinin yaranması üçün xidmət göstərən şəxslə mülkiyyətçi arasında müqavilə bağlanılmalıdır. Lakin işin faktiki hallarından göründüyü kimi belə bir müqavilələr bağlanmadığı üçün, iddiaçının göstərilən xidmətlə bağlı cavabdehlərdən pul tələb etməsi əsassızdır.

28. Məhkəmə eyni zamanda kommunal borc məbləğinin müəyyən edilməsi və hesablanması ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, binanın saxlanılması üçün nəzərdə tutulan mütləq ödənişlərin və haqların miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid olan məsələdir.

29. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 124-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır.

30. Həmin Məcəllənin 125.2-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir.

31. Qeyd edilən Məcəllənin 127.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.

32. Göstərilən Məcəllənin 127.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər.

33. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən MTK-nın mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyəti yoxdur.

34. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə bağlanmadığı üçün iddiaçının həmin pulu tələb etməyə subyektiv hüququ olmaması əsası ilə təmin edilməməlidir.

35. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iddiaçı özünün məhkəmə baxışı iclası zamanı qeyt etmişdir ki, onun tərəfindən "xxxx" MMC yaradılmış və kommunal ödənişlər həmin sonuncu hüquqi şəxs tərəfindən həyata keçirilməkdədir. Bu isə bir daha deməyə əsas verir ki, hazırki iddiaçının belə bir tələb ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud olmamışdır. Bundan başqa mülki iş materiallarına əlavə edilmiş İddiaçı Mənzil Tikinti Kooperativinin nizamnaməsində belə mənzil mülkiyyətçilərindən habelə mənzil istifadəçilərindən kommunal ödənişlərin alınması və bu kimi fəaliyyətin həyata keçirilməsi də nəzərdə tutulmamışdır. Bundan əlavə isə İddiaçı Mənzil Tikinti Kooperativi kommersiya hüquqi şəxs kimi yaradılmaqla məqsədi kommersiya fəaliyyəti olmuş və daha sonradan öz fəaliyyətini dayandırmışdır (bu halda belə kommunal ödənişlərin alınması və ya tələb edilməsi fəaliyyəti dayandırılmış hüquqi şəxsin hüquqi statusuna ziddir).

36. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

37. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, binanın sakinləri binanın saxlanılması üçün tələb olunan zəruri xərclərin ödənilməsi üçün müqavilə bağlamaqdan və yaxud müqavilə bağlamadan bu xərclərin ödənilməsindən yayındıqda, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti belə zəruri xərclərin tutulmasını məhkəmə qaydasında tələb edə bilərlər.

39. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 Hüseyn qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir.

40. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 64 (altmış dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

41. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

47. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 Hüseyn qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar