Məhkəmə qərarları › İş №e-2(006)-401/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-401/2025

15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-401/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, X1 iştirakı ilə İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan iddiaçıya vurulan maddi ziyanın əvəzi olaraq 14,525 (on dörd min beş yüz iyirmi beş) manat, mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat olmaqla, cəmi 17,525 (on yeddi min beş yüz iyirmi beş) manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci ilin may ayında "xxxx" MTK-nın rəhbəri kimi özünü qələmə vermiş camaat arasında "xxxx" kimi çağırılan, özünün dediyinə görə əsl adı gah Şair, gah da Şahir kimi bildirilmiş şəxslə (hazırda da orada özünü rəhbər kimi aparmış, lap təzəliklə əsil adının Sahir olduğunu öyrənmişdir) söhbət edib, Bəxtiyar Əliyev küçəsində tikilməkdə olan binada 2 (iki) otaqdan ibarət ümumi sahəsi 100 (yüz) kvadrat metrdən artıq olacaq mənzilə sahib olmaq istədiyini bildirmişdir. Həmin şəxs iddiaçıya müsbət cavab verərək 2 (iki) otaqlı mənzillərin ümumi sahəsinin 100 kv.m. yox, 90 (doxsan) kvadrat metr olduğunu dedikdə iddiaçı ümumi sahəsi 90 (doxsan) kvadrat metr olan mənzillə bağlı razılaşmış, bir neçə gündən sonra, yəni 2015-ci ilin iyun ayında həmin "xxxx" kimi çağırılan, özünü MTK-nın rəhbəri kimi qələmə verən şəxslə görüşüb Bəxtiyar Əliyev küçəsindəki tikilən binanın 8-ci mərtəbəsində yerləşən 124 saylı mənzil (hansı ki, ümumi sahəsi 90 (doxsan) kv.m. 2 (iki) yaşayış otağından ibarət olmalıdır) üçün ödəniləcək ümumi məbləğin 85.000 (səksən beş min) manat olmasına dair müqavilə bağlamışlar. Çox qəribədir ki, həmin "xxxx" iddiaçıya bir neçə kağıza imza etdirmiş, müqavilədə də iddiaçı üçün tikiləcək mənzilin 2 (iki) otaqdan, ümumi sahəsi 90 (doxsan) kvadrat metrdən ibarət olmasına dair qeydlər aparılmışdır. Sonra iddiaçı 2015-ci ilin iyun ayından başlayaraq pulları ödəməyə başlamış, ilk olaraq 08 iyul 2015-ci il tarixdə müqavilədə göstərildiyi kimi mənzilin ümumi dəyərinin 20 %-ni yəni 21.000 (iyirmi bir min) manatını ödəmişdir. Sonra iddiaçı 02 avqust 2015-ci il tarixdə 5000 (beş min) manat, 02 avqust 2015-ci il tarixdə 5000 (beş min) manat, 06 sentyabr 2015-ci il tarixdə 5000 (beş min) manat, 27 oktyabr 2015-ci il tarixdə 5000 (beş min) manat, 21 dekabr 2015-ci il tarixdə 5000 (beş min) manat, 10 yanvar 2016-cı il tarixdə 5000 (beş min) manat, 08 fevral 2016-cı il tarixdə 5000 (beş min) manat, 15 mart 2016-cı il tarixdə 3000 (üç min) manat, 15 aprel 2016-cı il tarixdə 3000 (üç min) manat, 14 may 2016-cı il tarixdə 3000 (üç min) manat, 11 iyun 2016-cı il tarixdə 3000 (üç min) manat, 11 avqust 2016-cı il tarixdə 3000 (üç min) manat, 01 noyabr 2016-cı il tarixdə 2000 (ikimin) manat, 09 dekabr 2016-cı il tarixdə 4000 (dörd min) manat, 12 fevral 2017-ci il tarixdə 8000 (səkkiz min) manat, 09 iyun 2017-ci il tarixdə 5000 (beş min) manat, bütövlükdə 85000 (səksən beş min) manat tam ödəmiş, lakin uzun müddət reyestrdən çıxarışı ala bilməmişdir. Baxmayaraq ki, qazın, elektrik xətlərinin çəkilməsi üçün pulları da ödəmişdir. Nəhayət iddiaçı tərəfindən mənzilin sahəsinin 77 (yetmiş yeddi) kv.metr olması müəyyən edilmiş, o bu barədə həmin "xxxx" ləqəbli şəxsə bildirdikdə sonuncu demişdir ki, görünür düzgün ölçə bilməmişdir. Həmin mənzilin sahəsi 90 (doxsan) kvadrat metrdən çoxdur. Belə razılığa gəlinmişdir ki, xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrdən çıxarış verilməsinə dair reyestr xidmətindən gəlib ölçü aparıldıqdan sonra əgər 90 (doxsan) kvadrat metrdən az olarsa, MTK iddiaçıya hər kvadrat metr üçün 940 (doqquz yüz qırx) manatdan ödəyəcəkdir, əgər 90 (doxsan) kvadrat metrdən artıq olarsa, 940 (doqquz yüz qırx) manatdan iddiaçı ödəyəcəkdi. Nəhayət reyestr xidmətindən gəlib 2023-cü ilin iyul ayında baxış keçirilmiş, ölçülər götürüb iddiaçıya dövlət reyestrindən çıxarışı təqdim etdikdə mənzilin sahəsinin cəmi 75.3 (yetmiş beş tam onda üç) kv.metr olması qeyd edilmişdir. İddiaçı həmin reyestrdən çıxarışı götürüb "xxxx" ləqəbli şəxsin yanına gələrək etirazını ona bildirib reyestrdən çıxarışı göstərib aldadıldığını onun diqqətinə çatdırmış, yəni 15 (on beş) kvadrat metr az verilmişdir. Belə olan halda 14100 (on dörd min yüz) manat iddiaçıya geri qaytarılmalıdır. Həmin "xxxx" ləqəbli şəxs iddiaçıya vəd verməsinə baxmayaraq, 14100 (on dörd min yüz) manat pulu qaytaracaq vaxtı uzadaraq gah kassada pul olmadığını, gah da biraz gözləməsini bildirmişdir. Nəhayət iddiaçının səbri bərk tükəndiyindən 09 dekabr 2023-cü il tarixdə tanışı, hüquqşunas, rəsmi nümayəndəsi olan Abdulla Əfəndizadə ilə MTK-nın Sahil qəsəbəsində yerləşən E.Quliyev küçəsi 42 B ünvanındakı ofisinə gəlmiş, bir neçə sənədləri MTK-nın nümayəndəsinə göstərib yadına salmışdır ki, hətta müqavilə bağlayarkən belə həmin "xxxx" ləqəbli şəxs saxtakarlıqlardan istifadə etmişdir. Belə ki, müqavilənin bağlanması zamanı birinci vərəqində əvvəlcə mənzilin sahəsinin neçə kv.m olması, müqavilənin nömrəsi, tarixi qeyd edilməmiş, etirazını bildirdikdən sonra "xxxx" ləqəbli şəxs birinci vərəqi harasa aparıb sonradan gətirib vərəqdə otaqların sayı, ümumi sahəsi və mənzilin qiyməti, yəni 85000 (səksən beş min) manat, müqavilənin tarixi və nömrəsi qoyulmuş, hətta iddiaçıya verilən və onda qalan şəxsi vərəqəni belə aldatma yolu ilə ondan almışdır. Sonradan müqavilənin ikinci vərəqində isə ödənilən pullara dair aparılan qeydlərdə də düzgün hesablama qəsdən aparılmamışdır. Belə ki, orada guya iddiaçının cəmi 64000 (altmış dörd min) manat ödəmiş olduğu barədə qeydlər var idi, ilk olaraq iddiaçının 21000 (iyirmi bir min) manat ödəməsi haqda məlumat ümumiyyətlə qeyd edilməmişdi. Həmin anda "xxxx" ləqəbli şəxs iddiaçıya bildirmişdir ki, 64000 (altmış dörd min) manat ödədiyi üçün iddiaçıya sahəsi 75 (yetmiş beş) kv.m olan mənzil verilmişdir. İddiaçı isə şəxsi vərəqi göstərəndə ki, 85000 (səksən beş min) manatı tam ödəmiş və MTK-nın məsul şəxsinin imzaları və möhürlərinin olması dedikdə "xxxx" ləqəbli şəxs heç bir söz deyə bilməmiş, belə olan halda reyestr xidmətinin üstünə ataraq ki, guya reyestr xidməti düzgün ölçü aparmamışdır. İddiaçı isə onun diqqətinə çatdırmışdır ki, reyestr xidmətinin cihazları standartlara uyğundur və düzgün ölçü aparılmış, ona görə də 14100 (on dörd min yüz) manatın qaytarmasını "xxxx" ləqəbli şəxsdən tələb etdikdə o, pulu qaytarmayaraq, “hara gedirsənsənsə get şikayət elə” demişdir. İddiaçı da "xxxx" MTK-ya rəsmi şəkildə ərizə və ona qoşma olaraq Abdulla Əfəndizadəyə verdiyi etibarnaməni təqdim etməklə MTK-nın onunla əlaqə qurmasını, sənədləşmə işlərini aparmasını etmiş, 14100 (on dörd min yüz) manatı ona ödəmələrini israrla xahiş etmişdir. Həmin ərizəsində iddiaçı qeyd etmişdir ki, “elə olmasın ki, mən hüquqmühafizə və digər aidiyyatı orqanlara müraciətlər göndərim”. Onların vəziyyəti başa düşüb yaxın günlərdə iddiaçıya çatacaq 14100 (on dörd min yüz) manatını qaytaracaqlarına ümid etdiyini bildirmişdir. Uzun müddət iddiaçıya rəsmi şəkildə cavab verilməmiş, çox get-gəllərdən sonra, nəhayət 03 fevral 2024-cü il tarixində "xxxx" MTK-nın tərəfindən ona 01/24-cü saylı 18 yanvar 2024-cü il tarixində hazırlamış olduqları cavab poçt vasitəsilə 2024-cü ilin fevral ayının əvvəllərində təqdim olunmuşdur. Həmin cavab məktubunda "xxxx" MTK tərəfindən 90 kv.m. sahəni “net” sahə kimi nəzərə almış olduqları barədə məlumat verilmişdi. Halbuki, yuxarıda qeyd edildiyi kimi "xxxx" MTK ilə Dövlət Reyestri Xidmətindən gəlib yekun olaraq sahə göstərildikdən sonra məsələnin yoluna qoyulacağı razılaşdırılıb. İddiaçı ərizəsinin əvvəlində qeyd etdiyi kimi hətta müqavilənin ikinci vərəqində ödənilən pullara dair aparılan qeydlərdə də düzgün hesablama qəsdən aparılmamışdır. Belə ki, orada guya iddiaçının cəmi 64000 (altmış dörd min) manat ödəmiş olduğu barədə qeydlər var idi. İlk olaraq 21000 (iyirmi bir min) manat ödəməyi haqda məlumat ümumiyyətlə qeyd edilməmişdir. Həmin anda "xxxx" ləqəbli şəxs bildirmişdir ki, iddiaçı 64000 (altmış dörd min) manat ödədiyi üçün ona 75 (yetmiş beş) kv.m. verilmişdir. İndi isə görəndə ki, şəxsi hesab vərəqəsi iddiaçıdadır başqa söz deyir. Yəni, "xxxx" MTK-nın rəhbərliyi vergidən yayınmaqla 21000 (iyirmi bir min) manat pulu gizlətmişdir. Ümumiyyətlə təkcə iddiaçı yox, digər sakinlər də MTK-dan, xüsusilə də həmin "xxxx" ləqəbli şəxsdən çox narazıdırlar. Onların da əksəriyyətinin mənzillərinin sahələri müqavilədə göstərildiyindən az olmuş, onların da ödədikləri pullar tam göstərilməmişdir. Bu isə "xxxx" MTK-nın rəhbərliyinin və həmin Sahir Məmmədov adlı şəxsin pulları mənimsəmiş olmağa çalışmalarından irəli gəlmişdir. Həmçinin vergidən yayınmaqdan başqa, iddiaçıya qarşı dələduzluq əməllərini də həyata keçirmişdirlər. Bu səbəblərdən iddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna 2024-cü ilin fevral ayında rəsmi ərizə göndərməklə "xxxx" MTK-nın rəhbərliyinin Azərbaycan Respublikası CM-nin 178.3.1-ci və 178.3.2-ci maddələrinə əsasən cinayət işi başlanmaqla onların təqsirləndirilən şəxslər qismində cəlb edilmələrinə dair qərar çıxarılmasını, görülən tədbirlərlə əlaqədar iddiaçıya rəsmi şəkildə ətraflı cavab verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən iddiaçının ərizəsi baxılması üçün Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərilmişdir. 2024-cü ilin mart ayının əvvəllərində iddiaçı Qaradağ rayon prokurorluğunda izahat vermiş, hətta ondan "xxxx" MTKnın rəhbərliyinin mobil telefonlarını da istədikləri üçün onlara təqdim etmişdir. Lakin iddiaçıya uzun müddət cavab gəlməmiş, 30 may 2024-cü il tarixində xəbər tutmuşdur ki, ona etiraz verilmişdir. İddiaçı 31 may 2024-cü il tarixində prokurorluğa gəldikdə dəftərxanadan ona 124-Ş-24-cü saylı 01 aprel 2024-cü il aprel tarixində tərtib edilmiş cavab təqdim edilmişdir. Həmin cavab kserokopiya olduğundan, həmçinin oxunmadığından, ən əsası da orada prokurorun imzası olmadığından gələcəkdə sübut kimi təqdim etmək mümkün olmadığından, iddiaçı 03 iyun 2024-cü il tarixdə ərizəni tərtib etdirib, imzası ilə sifarişli-xəbərnaməli məktubla Qaradağ rayon prokurorluğuna göndərməklə xahiş etmişdir ki, ona həmin cavabın kserokopiya variantı yox, özünü də təqdim etmək mümkün deyildisə, həmin surət aydın oxunan formada prokurorluğun möhürü ilə təsdiq edilən formada təqdim edilsin. Lakin onlar hal-hazırkı vaxta qədər qəsdən heç bir cavab verməmişdilər. Hətta Qaradağ rayon prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış çox güclə oxunan kserokopiya variantına diqqət yetirilmiş olduğunda onlar da "xxxx" MTK tərəfindən iddiaçıya ünvanlamış olduğu 01/24-cü saylı 18 yanvar 2024-cü il tarixində hazırlanmış cavabında göstərmiş olduğu kimi qeyd etmişdilər ki, iddiaçı iddia müddətini guya ötürmüşdür. Lakin həm cavabdeh olan "xxxx" MTK-nın rəhbərliyi, həm də Qaradağ rayon prokurorluğu əvvəla unudur ki, iddiaçı cavabdeh "xxxx" MTK tərəfindən aldadıldığını məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı X4 yanında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** saylı 10 avqust 2023-cü il tarixli çıxarış verildikdən sonra başa düşmüş, dərhal "xxxx" MTK-nın məsul işçilərinin yanına getmiş, onlar da onu aldatmışdılar. Digər tərəfdən iddiaçı müqavilənin ləğv edilməsinə və ya etibarsız sayılmasına dair iddia qaldırmır. Necə ki, iddiaçıya vurulmuş maddi və mənəvi ziyanlarına dair təzminat tələb etməklə iddia qaldırmışdır. Ümumi iddia müddəti isə 10 (on) ildir. İddiaçının hələ qabaqda 9 (doqquz) ildən artıq iddia müddəti olsa da, o, hələ bir il tamam olmamış bu iddia ərizəsini məhkəməyə verir. Cavabdeh "xxxx" MTK tərəfindən ümumiyyətlə iddiaçı hətta mənzili təhvil alanda belə aldadılmışdır. Belə ki, mənzilin qapısı olmamış, söz verilmişdir ki, qapı qoyulacaqdır. Lakin iddiaçı qapının qoyulmadığını görüb, özü o vaxtkı pulla (yəni 2017-ci ildə olan qiymətlə) 425 (dörd yüz iyirmi beş) manat xərc çəkib, seyf qapı qoydurmuşdur. Deməli, iddiaçı yaşayış sahəsi üzrə 15 (on beş) kv.m ölçüdə aldadıldığından 14.100 (on dörd min yüz) manat maddi ziyan çəkmişdirsə, onun üzərinə qapı qoydurmaq üçün çəkdiyi 425 (dörd yüz iyirmi beş) manat xərci gəldikdə 14.525 (on dörd min beş yüz iyirmi beş) manat maddi ziyan çəkmişdir. Həmçinin, iddiaçıya bu müddətdə ən azı 3.000 (üç min) manatdan artıq mənəvi ziyan da dəymiş, yəni ümumilikdə ən aşağısı iddiaçıya 17.525 (on yeddi min beş yüz iyirmi beş) manat ziyan vurulmuşdur. İddiaçının qoşmada təqdim etdiyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışından məlum olur ki, cavabdeh"xxxx" MTK-nın hüquqi ünvanı ünvan 2r, qanuni təmsilçisi Nümayəndə Əmirulla oğludur. Lakin iddia ərizəsinin başlığından da göründüyü kimi faktiki ünvan ünvan 3iaçının qoşmada təqdim edəcəyi, cavabdeh "xxxx" MTK tərəfindən ona ünvanlamış olduğu cavabda ünvan ünvan 4mişdir. Bu səbəblərdən iddia ərizəsinin surətləri 2 (iki) nüsxədə - biri cavabdehin hüquqi ünvanına, digəri cavabdehin faktiki ünvanına göndərilməlidir. İddiaçıya vurulan maddi zərərin əvəzinin tutulmasına dair iddia tələbi əsaslı olduğundan həmin tələbi təmin edilməlidir. İddiaçı yuxarıda qeyd etdiyi kimi cavabdeh "xxxx" MTK-nın ucbatından, xüsusilə bu bir il ərzində olmazın iztirablar keçirmiş, hal-hazırda da müalicələri davam etdirməklə məşğuldur, iddiaçının ən azı 3.000 (üç min) manat mənəvi ziyanın ödənilməsini tələb etməyi əsaslıdır. Buna görə də məhkəmə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya vurduğu: maddi ziyanla əlaqədar 14.525 (on dörd min beş yüz iyirmi beş) manat, mənəvi ziyanla əlaqədar 3.000 (üç min) manat, cəmi 17.525 (on yeddi min beş yüz iyirmi beş) manat ödənilməsinə dair qətnamə çıxarmalıdır. İddiaçı milliyyətcə ləzgidir (mərhum əri azərbaycanlıdır), rus dilində oxumuş, Azərbaycan dilində əksər sözləri başa düşsə də, hüquqi terminləri Azərbaycan dilində, xüsusilə də latın qrafikasında yazıb-oxuya bilmir. Bu iddia ərizəsini tanıdığı hüquqşünas onun təqdim etdiyi sənədlər əsasında yazır, eyni zamanda lap yaxın qohumu iddiaçıya yazılan iddia ərizəsini Azərbaycan dilindən rus dilinə normal tərcümə etmişdir.

3. Cavabdeh MTK “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddiadan imtina barədə qərardad çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmə iddiadan imtina barədə qərar çıxarmalıdır. Belə ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Sahil qəsəbəsi, B.Əliyev küçəsində tikiləcək 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 90 kv.metr təşkil edən 2 otaqlı 124 saylı mənzilin alınmasına dair Sapfir İnşaat” MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və mənzili 2017-ci ildə iddiaçı təhvil almış, sonradan 2024-cü ildə, yəni 7 il sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla da, qanunvericiliyin tələbi üzrə bir illik iddia müddəti buraxılmışdır.

5. İddiaçı məhkəmə araşdırmaları dövründə çoxsaylı ərizələrlə məhkəməyə müraciət etmişdir (ekspert və mütəxəssis rəyləri, məhkəmənin, ekspertiza mərkəzinin, cavabdehin və üçüncü şəxsin qanunsuz hərəkətləri və s. barədə).

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh MTK-nın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəmə baxışının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən isə nümayəndəsinin gəlməmənin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini, iddia ərizəsini və iddia müddətinin tətbiqi barədə ərizəni nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 119 nömrəli müqavilədən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində tikiləcək 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 90 kv.metr təşkil edən 2 otaqlı 124 saylı mənzili müqavilədə göstərilən texniki vəziyyətdə İddiaçı təhvil verməyi, İddiaçı isə ona düşən tam sahəsi 90 kv.metr olan yaşayış sahəsinin hər kv.metri üçün 666 (altı yüz altmış altı) ABŞ dolları olmaqla, cəmi 85000 (səksən beş min) manat ABŞ dolları Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndində şirkətin mənzillərə giriş qapılarının quraşdırıldıqdan sonra mənzillərin alıcılara təhvil verməli olduğu qeyd edilmişdir. Alıcı müqavilə imzalandığı tarixdən bu müqavilənin 1.1-ci bəndində göstərilmiş yaşayış sahəsinin ümumi dəyərinin 20 %-ni manatla vəsait ilk ödəniş olaraq şirkət hesabına, ya da kassasına ödəyir. Müqavilənin 4.3-cü bəndi aparılmış ödənişlərə dair cədvəldir. Müqavilənin 3.1-ci bəndində yaşayış binasının tikintisinə 2013-cü ilin dekabr ayında başlanması, 2015-ci ilin dekabr ayında başa çatdırılması qeyd edilmişdir.

10. Şəxsi vərəqədən görünür ki, xx.xx.2015-xx.xx.2017-ci illər ərzində İddiaçı tərəfindən 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90 kv.metr təşkil edən 2 otaqlı 124 saylı mənzil üçün cəmi 85.000 manat məbləğində pul Cavabdeh MTK-ya ödənilmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 7, mənzil 124 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən mənzilə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli texniki pasportdan görünür ki, hüquq subyekti İddiaçıdır.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 7, mənzil 124 (Yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 75.30 kv.m. olan daşınmaz əmlak tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

13. Bakı şəhəri Qaradağ rayon prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MTK ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında satın aldığı mənzil sahəsinin müqavilədə göstəriləndən az olması barədə müraciətlə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

14. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 142,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/7322 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyekti sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən ünvan 7 ünvanında yerləşən 124 nömrəli mənzilin ümumi sahəsinin 75.3 kv.metr, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyekti sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmadıqda isə 79,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 7 ünvanında yerləşən 124 nömrəli mənzilin yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 90,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.

16. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

17. İddiaçının müraciəti əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 07-152/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 5 ümumi sahəsi (balkonlara və lociyalara azalma əmsalı tətbiq olunmadan) 79.4 kv.m təşkil etdiyi müəyyən olunur. ünvan 7 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 5 ümumi (faktiki) sahəsi (balkonlara və lociyalara azalma əmsalı tətbiq olunmadan) 79.4 kv.m və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyekti sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablanmaqla mənzilin ümumi sahəsinin 75.3 kv.metr olduğu müəyyən edilir. ünvan 7 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 5 ümumi (faktiki) sahəsi (yaşayış, yardımçı sahələri və divaraltı sahə (arakəsmələr) daxil olmaqla) 87,2 metr olduğu müəyyən edilir. ünvan 7 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 5 sahəsi Cavabdeh ilə İddiaçı arasında bağlanmış 08 iyun 2015-ci il tarixli müqavilə şərtlərinə (müqavilədə divaraltı sahənin ümumi sahəyə daxil olduğu göstərilmədiyini nəzərə alaraq), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qərarına əsasən mənzillərin ümumi sahəsi bayır və ara divarlarının (divar altı sahələr), habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalıdır, həmçinin müqavilə şərtlərinə və “Tikinti obyekti sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə görə mənzilin sahəsi 75.3 kv.metr təşkil edir. ünvan 7 ünvanında yerləşən 124 saylı mənzilin (Yeni qaydalarla: ünvan 5 qapısının 2017-ci il tarixə olan orta bazar qiyməti təqribən 600,0-700,0 manat məbləğində təşkil edir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş Cavabdeh MTK üzvlərinin ümumi iclasının 13 fevral 2018-ci il tarixli 57/18ç nömrəli protokolundan Çıxarışından görünür ki, vətəndaş İddiaçı kooperativə üzv qəbul olunmaqla həmin MTK-ya məxsus Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 41C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok 8ci mərtəbəsində ümumi sahəsi 80 kv.m olan 124 saylı mənzilin payçısı olmasının təsdiq edilməsi qərara alınmışdır. Məktuba əlavə edilmiş Cavabdeh MTK-nın xx.xx.2018-ci il tarixli, 57/18 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı həmin MTK-nın ünvan 10 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok 8-ci mərtəbəsində ümumi sahəsi 80 kv.m olan 124 saylı mənzilin dəyərini tam ödəmişdir. Onun MTK-ya borcu yoxdur. Məktuba mənzilə dair tərtib edilmiş texniki pasport və çıxarış da əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində tikəcəyi 2 saylı binanın 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 m2 təşkil edən 2 otaqlı 124 saylı mənzil 85.000 manata iddiaçıya satılmışdır (hər m2 üçün 666 ABŞ dolları olmaqla, 90 m2 sahə üçün cəmi 59.940 ABŞ dolları ≈ 85.000 manat). Müqavilədə mənzilin ümumi dəyərinin 20 %-nin manatla iddiaçı tərəfindən ilkin ödəniş kimi ödənilməsi, pulun qalan hissəsinin isə aylara bölünməklə hissə-hissə ödəniləcəyi, mənzilə giriş qapısının quraşdırılaraq təhvil verilməli olması barədə bəndlər olmuşdur.

20. İş materiallarında olan şəxsi vərəqədən iddiaçının 21.000 manat ilkin ödəniş etməsi, qalan ödənişlərin isə xx.xx.2017-ci ilədək müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə ödənilməsi, belə ki, iddiaçı tərəfindən 85.000 manat məbləğində pulun hissə-hissə, cəmi 16 dəfə ödəniş edilməsi müəyyən edilir. Sözügedən şəxsi vərəqədə cavabdehin möhürünün 16 ədəd izinə rast gəlinir, yəni müqavilədə göstərilmiş 85.000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi məhkəmə tərəfindən mübahisəsiz olaraq müəyyən edilir.

21. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əldə edəndən sonra çıxarışda mənzilin sahəsinin müqavilədə nəzərdə tutulandan xeyli az olduğunu müəyyən edərək, cavabdehə dəfələrlə müraciət ünvanlasa da, cavabdehlə heç bir yeni razılığa gəlməmiş, bununla bağlı Bakı şəhəri Qaradağ rayon prokurorluğuna müraciət etsə də, prokurorluq tərəfindən ona məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

22. Belə olan halda iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 90 m2 sahədən ibarət mənzil verilməli olduğu halda, 75 m2 sahədən ibarət mənzil verildiyindən, əlavə 15 m2 sahəyə görə ödədiyi 14.100 manat məbləğində pul vəsaiti (hər m2 üçün 940 manat), habelə mənzilə giriş qapısı quraşdırılmalı olduğu halda, mənzil qapısız təhvil verildiyindən, qapı alınması və quraşdırılması üçün ödədiyi 425 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 14.525 manat məbləğində pul vəsaitinin maddi ziyan kimi, həmçinin, bu məsələlərlə əlaqədar ona vurulmuş mənəvi ziyana görə 3.000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

23. xx.xx.2024-cü il tarixdə iş üzrə keçirilmiş ilkin və xx.xx.2025-ci il tarixdə keçirilmiş ikinci məhkəmə hazırlıq iclaslarında iddiaçı cavabdeh tərəfindən mənzilin ona 2018-ci ilin qış aylarında təhvil verildiyini, bu zaman giriş qapısının quraşdırılmadığını bildirmiş, 2018-ci ildən mənzilin öz sahibliyində olduğunu, hətta 2023-cü ildə çıxarış alınması üçün MTK tərəfindən verilən sənədlərin də tarixlərinin 2018-ci il olmasını məhkəmə iclaslarındakı izahatları ilə bir neçə dəfə təsdiq etmişdir.

24. Cavabdeh isə məhkəmə araşdırmaları zamanı iddiaçının iddia müddətini ötürdüyünü bildirərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

25. Məhz iddia müddətinin tətbiqi barədə ərizə müzakirə edilən xx.xx.2025-ci il tarixli məhkəmə iclasından sonra iddiaçının məhkəməyə ünvanladığı ərizələrdən birində o, xəstəliklərini (şəkər və hipertoniya) əsas gətirərək, mənzilin təhvil-təslim tarixini səhv xatırladığını, 2017-ci ildə mənzilə daxil olmaq istəsə də, cavabdeh tərəfin işıq və qaz sayğacı ilə bağlı pulu ödəmədiyini bildirərək, onu mənzilə buraxmadığını, mənzilin qapısı olmadığına görə 2021-ci ilin sentyabr ayında mənzildə təmir işlərinin başlanıldığını, 2023-cü ilin iyul ayında isə mənzilin sahəsinin az olduğundan xəbər tutaraq cavabdeh tərəfə bu barədə iradını bildirdiyini və müddəti ötürmədən məhkəməyə müraciət etdiyini, başqa şəxslər arasındakı aktı nümunə kimi təqdim edərək, cavabdeh tərəfindən mənzillə bağlı düzgün şəkildə təhvil-təslim aktının tərtib edilməli olduğunu qeyd etmişdir. Maraqlısı odur ki, iddiaçının özü hələ cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməzdən əvvəl müstəqil qiymətləndirmə şirkətinə etdiyi müraciətində mənzilə quraşdırılan qapının 2017-ci ilə olan orta bazar dəyərinin müəyyən edilməsini xahiş etmişdir. Deməli, iddiaçı məhz cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə iclasında müzakirə edildikdən sonra mənzilin cavabdeh tərəfindən ona təhvil verilmə tarixi ilə bağlı ilkin və ikinci məhkəmə iclasında səmimi şəkildə verdiyi izahatını dəyişərək, ziddiyyətli fikirlər irəli sürüb, məhkəməni yanıltmağa cəhd etmişdir.

26. İddiaçının mənzilin sahəsi ilə bağlı mübahisələndirdiyi halların mövcud olub-olmadığını müəyyən etmək xüsusi bilik tələb etdiyindən, məhkəmə araşdırmaları zamanı qəbul edilmiş qərardadla iş üzrə müvafiq ekspertiza təyin edilmiş, keçirilmiş ekspertiza nəticəsində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində mübahisə predmeti olan mənzilin ümumi sahəsinin: - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyekti sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, 75.3 kv.metr; - sözügedən Qaydaların tələbləri nəzərə alınmadıqda, 79,4 kv.metr; - yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda isə 90,0 kv.metr təşkil etdiyi göstərilmişdir.

27. İddiaçının özü də müstəqil şəkildə ekspertiza keçirən təşkilata müraciət edərək, mənzilin ümumi sahəsi ilə bağlı rəy verilməsini xahiş etmiş, həmin rəydə yuxarıda göstərilən ekspert rəyindəki ilk 2 bənd eynilik təşkil etmiş, lakin yaşayış, yardımçı sahələri və divaraltı sahə (arakəsmələr) daxil olmaqla mənzilin ümumi sahəsinin 87,2 kv.metr olması müstəqil ekspert tərəfindən müəyyən edilmişdir. Rəydə, həmçinin, qapının qiyməti də öz əksini tapmışdır.

28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə araşdırmasına təqdim edilmiş sənədlərdən isə müəyyən edilir ki, çıxarış alınması üçün iddiaçının adına tərtib edilmiş 2018-ci il tarixli maliyyə arayışı və iclas protokolundan çıxarışda mənzilin sahəsinin 80 kv.m. olması göstərilmişdir.

c) Məhkəmənin mövqeyi:

29. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

30. Bu baxımdan iş materiallarını tərəflərin dəlilləri ilə birlikdə araşdıran məhkəmə hesab edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilənin icrası zamanı cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulan sahədən daha az sahəsi olan və müqavilədə giriş qapısının quraşdırılmış vəziyyətdə olması qeyd edilsə də, qapısı olmayan mənzil verildiyini mübahisələndirdiyindən məhkəmənin mövqeyinə görə, hazırkı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 766-cı maddələri nəzərdən keçirilməlidir.

31. Qeyd olunduğu kimi, iddiaçının mübahisələndirdiyi hal – cavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) və xarici görünüş (qapısının olmaması) baxımından qüsurlu mal verməsi olmuş, deməli, iş üzrə sübutetmənin predmeti də məhz bu məsələ olmuşdur. Burada qeyd edilməlidir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların olub-olmaması haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə öz dəlillərini təsdiq edən mötəbər sübutları təqdim etmələri zəruridir. Bu baxımdan, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olub-olmaması barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki prosessual qanunvericiliyin imperativ qaydada müəyyən edilmiş tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

32. Hazırkı işdə iddiaçı mənzilin sahəsi barədə olan mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışa istinad edərək, cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulandan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Məhkəmə bu faktın mövcud olub-olmadığını yoxlamaq məqsədilə xüsusi bilik tələb edən sualların izah edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində: - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsinin 75,3 m2; - sözügedən Qaydaların tələbləri nəzərə alınmadıqda, 79,4 m2; - yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda isə 90,0 m2 olması göstərilmişdir. Belə olan halda iddiaçı da müstəqil olaraq ekspert fəaliyyəti həyata keçirən bir təşkilatdan mütəxəssis rəyi əldə edərək məhkəməyə təqdim etmiş, həmin mütəxəssis rəyi ilə ekspert rəyindəki ilk 2 bənd eynilik təşkil etsə də, yaşayış, yardımçı sahələri və divaraltı sahə (arakəsmələr) daxil olmaqla mənzilin ümumi sahəsinin 87,2 kv.metr olması müstəqil ekspert tərəfindən müəyyən edilmişdir. Mənzilin giriş qapısı quraşdırılmamış vəziyyətdə iddiaçıya verilməsinə dair heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

33. Məhkəmə hesab edir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hazırkı iş üzrə tətbiq edilməsi, yəni iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətləri çərçivəsində bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməsi düzgün deyildir. Çünki bu, mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb olacaqdır.

34. Belə ki, məhkəmənin qənaətinə görə, əgər tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı heç bir qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, loja və bu kimi köməkçi sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyildir. Deməli, yuxarıda qeyd edilən tənzimləmələrin hazırkı işdə tətbiqi tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnəcəkdir.

35. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-verməməsi yalnız yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Məhz bu araşdırmanın nəticəsindən asılı olaraq, cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməməsi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir. Elə bu səbəbdəndir ki, yerində ölçmə aparıb işdə olan rəyi verən ekspert və mütəxəssis tərəfindən müəyyən edilmiş 79,4 m2 sahə (azalma əmsalları tətbiq edilmədən, o cümlədən xarici divarların alt sahələri nəzərə alınmadan) hazırkı iş üzrə nəzərə alınmalı olan real sahə hesab olunur.

36. Beləliklə, hazırkı işdə iddiaçının iddia etdiyi hallardan birinin mövcudluğu – cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək, müqavilədə göstərilən sahədən daha az sahəsi olan (qüsurlu) mənzil verməsi müəyyən edilir (mənzil təhvil verilərkən giriş qapısının olmamasına, sonradan iddiaçı tərəfindən alınıb quraşdırılmasına dair heç bir sübut verilməmişdir).

37. Lakin burada nəzərə alınmalıdır ki, iş üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Cavabdeh iddia tələbinə dair bu münasibətini bildirməzdən əvvəl, hələ iş üzrə keçirilmiş ilk və ikinci məhkəmə iclaslarında iddiaçı 2017-ci ilin ortalarında mənzilə görə ödənişləri tam ödədiyini, lakin mənzilin 2018-ci ilin qış aylarında cavabdeh tərəfindən ona təhvil verildiyini, həmin vaxtdan mənzilin özünün faktiki sahibliyində olduğunu, hətta 2023-cü ildə mənzilə dair çıxarış alınması üçün verilən sənədlərin 2018-ci il tarixdə tərtib edilmiş sənədlər olmasını bildirmişdir. Beləliklə, iddiaçının öz izahatında dəfələrlə səsləndirdiyi fikirlərlə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçı hazırda sahəsinin az olduğunu mübahisələndirdiyi mənzili 2018-ci ilin qış aylarında təhvil almışdır.

38. Lakin sonradan – məhz cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə iclasında müzakirə edildikdən sonra iddiaçı məhkəməyə ünvanladığı ərizələrdən birində xəstəliklərini (şəkər və hipertoniya) əsas gətirərək, mənzilin təhvil-təslim tarixini səhv xatırladığını, 2017-ci ildə mənzilə daxil olmaq istəsə də, cavabdeh tərəfin işıq və qaz sayğacı ilə bağlı pulu ödəmədiyini bildirərək, onu mənzilə buraxmadığını, mənzilin qapısı olmadığına görə 2021-ci ilin sentyabr ayında mənzildə təmir işlərinin başlanıldığını, 2023-cü ilin iyul ayında isə mənzilin sahəsinin az olduğundan xəbər tutaraq cavabdeh tərəfə bu barədə iradını bildirdiyini və müddəti ötürmədən məhkəməyə müraciət etdiyini, başqa şəxslər arasındakı aktı nümunə kimi təqdim edərək, cavabdeh tərəfindən mənzillə bağlı düzgün şəkildə təhvil-təslim aktının tərtib edilməli olduğunu qeyd etmişdir.

39. Maraqlısı odur ki, iddiaçının özü hələ cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməzdən əvvəl müstəqil qiymətləndirmə şirkətinə etdiyi müraciətində mənzilə quraşdırılan qapının 2017-ci ilə olan orta bazar dəyərinin müəyyən edilməsini xahiş etmişdir.

40. Deməli, iddiaçı məhz cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə iclasında müzakirə edildikdən sonra mənzilin cavabdeh tərəfindən ona təhvil verilmə tarixi ilə bağlı ilk 2 məhkəmə hazırlıq iclasında səmimi şəkildə verdiyi izahatını dəyişərək, ziddiyyətli fikirlər irəli sürüb, məhkəməni yanıltmağa cəhd etmişdir. Bununla belə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə araşdırmasına təqdim edilmiş sənədlərdən iddiaçının adına çıxarış alınması üçün maliyyə arayışı və iclas protokolundan çıxarışın 2018-ci ilin fevral ayında tərtib edilməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun özünün ilk 2 məhkəmə hazırlıq iclasında verdiyi izahat daha düzgün olmuş, sonrakı ərizədə xəstəliklərinə istinadən qeyd etdikləri isə məqsədli şəkildə təhrif edilmiş məlumatlardan ibarət olaraq iddianın təmin edilməsi üçün zəmin yaratmaq niyyəti ilə yazılmışdır.

41. İddiaçı “təhvil-təslim aktının tərtib edilməsinin zəruri olması ilə bağlı” dəlil irəli sürdüyündən məhkəmə qeyd edir ki, bu dəlil haqlı olsa da, hazırkı mərhələdə sözügedən aktın olmamasına istinadən və iddiaçının sonradan təhrif etdiyi, ziddiyyətli fikirlərinə əsaslanaraq tələbin təmin edilməsi düzgün deyildir. Çünki bir daha qeyd olunur ki, hələ cavabdeh tərəfindən irəli sürülmüş iddia müddətinin tətbiqi məsələsi məhkəmə iclasında müzakirə edilməzdən əvvəl iddiaçının mənzilin təhvil alınma tarixi ilə bağlı verdiyi izahatlar digər iş materialları ilə də təsdiqlənmişdir.

42. Beləliklə, mənzilin iddiaçıya 2018-ci ilin əvvəllərində (qış aylarında) təhvil verilməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır və hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. Çünki işdən müəyyən edilir ki, 2018-ci ilin əvvəlində mənzili təhvil alan iddiaçı hazırkı tələblə məhkəməyə qanunla nəzərdə tutulmuş 5 il müddətində deyil, düz 6 il yarım vaxt keçdikdən sonra müraciət etmişdir. İddiaçı bu məsələni çıxarış aldıqdan sonra aşkar etdiyini, yəni dolayısı ilə iddia müddətinin axımının çıxarış alınan vaxtdan hesablanmalı olmasını mübahisələndirsə də, məhkəmə qeyd edir ki, belə qiymətləndirmə Mülki Məcəllənin tələblərinə zidd olmaqla yolverilməzdir. Çünki Mülki Məcəllədə konkret olaraq təsbit edilmişdir ki, sifarişçi icranın qüsuru barədə tələbləri işin qəbul edildiyi gündən 5 il ərzində (binaya aid olduqda) irəli sürə bilər (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2(102)-3884/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı).

43. Məhkəmə hesab edir ki, mənzil faktiki olaraq onun sahibliyinə verildiyi vaxtdan ötən müddət ərzində iddiaçının mənzilin sahəsini ölçməyə kifayət qədər vaxtının olmasına baxmayaraq, o, ağlabatan sayıqlıq və ehtiyatlılıq göstərməkdənsə, bu məsələyə səhlənkar yanaşmış və mənzilin sahəsi ilə bağlı etdiyi tələb üzrə iddia müddətini ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi mənzilin sahəsi ilə bağlı hissədə qismən əsaslı olsa da (10,6 m2 sahə az verilməsi müəyyən edilmiş, lakin iddiaçı bunun 15 m2 olduğunu iddia etmişdir), tələb üzrə iddia müddəti ötürüldüyündən, cavabdeh tərəfindən müddətin tətbiq edilməsi barədə ərizə verildiyindən, tələbin əsaslı olan hissəsi üzrə iddia müddəti tətbiq edilməklə, qalan hissədə isə əsassız olduğundan, tələb təmin edilməməlidir.

44. Qapının olmaması sübuta yetirilməsə də belə, qeyd edilməlidir ki, bu hal xarici görünüşlə bağlı olduğundan mahiyyət etibarilə dərhal aşkar edilə bilən qüsurdur və görünür ki, iddiaçı bu qüsuru bilə-bilə, heç bir pretenziya irəli sürmədən mənzili həmin formada qəbul etmişdir. Deməli, maddi ziyanın qapı ilə bağlı olan hissəsi sübuta yetirilməməklə yanaşı, həm də əsassız olduğundan, o cümlədən Mülki Məcəllənin “qüsurlu məmulatı pretenziya irəli sürmədən qəbul etməklə tələb hüququnun əmələ gəlməməsi barədə” tələbinə görə, maddi ziyanın qapı ilə bağlı olan hissəsi təmin edilməməlidir.

45. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə araşdırmasına təqdim edilmiş sənədlərdə MTK tərəfindən mənzilin sahəsinin 80 m2 göstərilməsi tərəflər arasında bağlanmış müqavilə şərtləri ilə ziddiyyət təşkil etsə də, iddiaçı özü xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bu sənədləri özü aparıb həmin orqana verdiyini bildirdiyindən, məhkəmənin qənaətinə görə bunun cavabdeh tərəfindən texniki səhvliklə, yoxsa bilərəkdən edilməsinin müəyyən edilməsinə zərurət qalmır. İddiaçı son ərizələrində həmin sənədləri özünün vermədiyini, cavabdehin, üçüncü şəxsin və məhkəmənin saxtakarlığa və qanunsuzluğa yol verərək belə sənədlər hazırladığını bildirsə də, görünür, o xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatının mahiyyətini, ya da məhkəmə iclasının fasiləsiz audio-videoyazı ilə aparıldığını unutmuşdur. Çünki həmin iclasda iddiaçı dəqiqliklə bildirmişdir ki, 2023-cü ildə mənzilə dair çıxarış almaq istəyərkən MTK tərəfindən ona 2018-ci il tarixli sənədlər verilmişdir. Deməli, iddiaçı bu sənədləri müvafiq orqana təqdim etsə də, ya lazımi diqqətlilik göstərməyərək sənəddə mənzilin sahəsi ilə bağlı nə yazıldığına əhəmiyyət verməmiş və paralel olaraq cavabdeh MTK da hüququndan sui-istifadə etmiş, ya da iddiaçı həmin sənədlərdə yazılanları görmüş və sənədləri müvafiq orqana təqdim etməklə MTK-nın sahə ilə bağlı etdiyi bu dəyişikliyi bəyənmişdir. İstənilən halda, iş üzrə əhəmiyyət kəsb edən mübahisəsiz hal ondan ibarətdir ki, cavabdeh MTK iddiaçıya aralarındakı müqavilədə göstəriləndən daha az sahəsi olan mənzil vermiş (lap 80 m2 sahə iddiaçı tərəfindən bəyənilibsə də belə, yenə də ona MTK tərəfindən az sahə verilib), lakin iddiaçı bununla bağlı iddia irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş 5 illik iddia müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bu halın MTK tərəfindən texniki səhvliklə və ya bilərəkdən edilməsinin müəyyən edilməsi hazırkı iş üzrə yekun nəticəni dəyişməyəcəyindən, bununla bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur (lap əgər qəsdən edilməsi müəyyən edilsə belə, bu hal hüquqdan sui-istifadə kimi qiymətləndiriləcək, yenə də iş üzrə heç bir faktiki halı və işin nəticəsini dəyişdirməyəcəkdir). Məhkəmə və daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın bu məsələ ilə bağlı hər hansı marağının olmasının mümkünsüzlüyü isə onu deməyə əsas verir ki, iddiaçının saxtakarlıq və qanunsuzluqla bağlı irəli sürdüyü bütün dəlillər əsassız və formal mülahizələrdən ibarətdir. Mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallığını qadağan etməmiş, məhkəmə də öz növbəsində obyektiv araşdırmanın aparılmasını təmin etmək üçün mübahisə predmeti olan mənzilə dair müvafiq orqanda saxlanılan sənədləri sorğu vasitəsilə əldə edərək araşdırmışdır. Nəzərə alınmalıdır ki, bu sənədlər iddia tələbinin təmin edilməli olduğu halda rədd edilməsinə əsas verməmiş, yəni hazırda iddia tələbinin təmin edilməməsinin əsası bu sənədlər deyildir. Deməli, iddiaçının bu məsələ ilə bağlı irəli sürdüyü dəlillər əsassız olmaqla yanaşı, iş üzrə hər hansı xüsusi əhəmiyyət kəsb etmir.

46. İddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, maddi ziyanın ödənilməsi barədə tələb təmin edilmədiyindən, tələbin bu hissəsinin də təmin edilməsi məqsədə müvafiq deyildir.

d) Tətbiq edilən hüquq:

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1-377.2. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1-443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı: İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarı: İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarı: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı: İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

52. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”: 2.1 və 2.1.3-cü bənd. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır.

55. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

56. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

57. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

58. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

59. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

60. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar