Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4020/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Nəsimi rayon İcra və probasiya şöbəsinə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Nəsimi rayon İcra və probasiya şöbəsinə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC Qiymətləndirmə Şirkətinin 06 iyun 2022-ci il tarixli, M006/06/22 №li əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatda ünvan 1 ünvanında yerləşən 8 saylı evin bazar və ya digər dəyərlərinin yekun göstəricisini ləğv edib, evin yenidən qiymətləndirilməsinin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 MMC-nin əmlakın qiymətləndirilməsinə dair hesabatından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifariş məktubuna əsasən İddiaçı məxsus əmlak qiymətləndirilərək, bazar dəyərinin 210.000 manat olduğu müəyyən edilmişdir. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadının 22-ci bəndinə əsasən, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Qərardadın 23-cü bəndinə əsasən, qanunverici kreditorların yönəltmə hüquqlarının mahiyyətini nəzərə alaraq, icra sənədi üzrə borclunun əmlakına yönəltmə ilə bağlı hərracın keçirilməsi qaydalarını (Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53, 61, 62-ci maddələri) ipoteka predmeti olan əmlakın hərracda satışı qaydalarından (“İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri) fərqli şəkildə tənzimləmişdir. Qərardadın 28-ci bəndinə əsasən, “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Həmin qərardada əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Həmin qərardada əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Həmin qərardada əsasən, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4982/2020 saylı qətnaməsi ilə İddiaçı X1 xeyrinə 30.000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qeyd edilən qətnamə icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəlmiş, icra məmuru tərəfindən borclunun mülkiyyətində icra sənədi üzrə tələbin yönələ biləcəyi əmlak (fərdi yaşayış evi) aşkar edilmiş və həmin əmlakın qiymətləndirilməsi məqsədilə qiymətləndirmə şirkəti, yəni Cavabdeh2 MMC cəlb edilmişdir. Cavabdeh2 MMC tərəfindən öz növbəsində əmlakın qiymətləndirilməsinə dair müvafiq rəy verilsə də, borclu İddiaçı həmin rəylə razılaşmayaraq, qeyd edilən rəyi mübahisələndirmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisə predmeti olan əmlak ipoteka predmetinə aid edilmədiyindən, həmin əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması ilə əlaqədar Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri tətbiq edilməli, habelə həmin məsələyə icra icraatı çərçivəsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçıya izah edilməlidir ki, o, ipoteka predmeti olmayan əmlakın satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Nəsimi rayon İcra və probasiya şöbəsinə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, ipoteka predmeti olmayan əmlakın satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4020/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4020/2022
12.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver