Məhkəmə qərarları › İş №e-2(006)-4027/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4027/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4027/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 900 (doqquz yüz) manat, mənəvi zərərə görə isə 100 000 (bir yüz min) manat olmaqla, ümumilikdə, 100 900 (bir yüz min doqquz yüz) manat məbləğində kompensasiyanın və ödənilmiş 390.9 manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1980-ci ildə anadan olmuşdur. Orqanizmin funksiyalarının 100 % pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Şəxs anadangəlmə 1-ci qrup əlil olaraq doğulmuşdur və 8 əl barmağı yoxdur. Digər 2 barmağı isə yarı işlək vəziyyətdədir. Bu səbəbdən həbs olunanadək anası tərəfindən şəxsə xüsusi qulluq edilmişdir. İddiaçı sanitar ehtiyaclarının qarşılanması, qidalandırılması belə anası tərəfindən həyata keçirilmişdir. İddiaçı barəsində 23 dekabr 2020-ci ildən həbs qətimkan tədbiri seçilmiş, şəxs həmin tarixdən xx.xx.2023-cü il tarixinədək istintaq təcridxanasında və 13 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılmış, nəticədə 2 il 8 ay 14 gün müddətində əsassız olaraq azadlıq hüququndan məhrum olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2021-ci il tarixli, 1(101)-1195/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,177.2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 29, 177.2.1 və 29, 177.2.3 maddələri ilə 2 (iki) il müddətinə, CM-in 232.2.1-ci maddəsi ilə 5 (beş) il müddətinə, azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Məhəmmədəli Rzayev) 21 yanvar 2022-ci il tarixli 1(105)-37/2022 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1195/2021 saylı, 04 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun və müdafiəçinin apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Qılıcov (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və İlkin Rəcəbov) 19 yanvar 2023-cü il tarixli 1(102)-23/2023 nömrəli qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, İddiaçı barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Ruhiyyə Əsgərova) 05 sentyabr 2023-cü il tarixli 1(105)-296/2023 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 1(101)-1195/2021 nömrəli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.3 və 232.2.1-ci maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Qərardan kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-770/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli 1(105)-296/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçının uzun müddət azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirib, bu baxımdan cavabdehdən iddiaçının xeyrinə 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərərin əvəzinin tələb edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Həmçinin maddi ziyanla bağlı isə işin həqiqi halları baxımıdan iddiaçıya xeyli miqdarda maddi ziyan dəymiş olsa da, çox təəssüf ki, həmin zərəri sübut edəcək kifayət qədər sübut mövcud deyil. Lakin iddiaçı tərəfindən hüquqi yardımla əlaqdar cinayət işi üzrə və hazırkı iddia tələbi ilə məhkəmə müraciət etmək üçün 900 manat vəkilə hüquqi xidmət haqqı ödəmişdir ki, bu da iddia ərizəsinə əlavə edilmiş müqavilələrlə təsdiq edilir. Ona görə də cavabdehdən 900 manat məbləğində maddi ziyan tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş dövlət rüsmunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi ilə əlaqədar 390.9 AZN dövlət rüsumu ödənilmişdir. Ona görə də ödənilmiş 390.9 AZN dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi üzrə cavabdehlik daşımalı orqanın kim olmasına münasibətdə isə hazırkı iddia üzrə cavabdeh olacaq tərəf məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyidir. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, hüquqi xidmətin göstərilməsinə görə çəkilən xərclər üzrə 900 (doqquz yüz) manat, mənəvi zərərə görə isə 100 000 (bir yüz min) manat olmaqla, ümumilikdə 100 900 (bir yüz min doqquz yüz) manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyidən tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Sumqayıt Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 1(105)-296/2023 nömrəli hökmündən görünür ki: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(101)-1195/2021 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.3 və 232.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 29, 177.2.1, 177.2.3 maddələri ilə 02 (iki) il müddətə, CM-in 232.2.1-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 dekabr 2020-ci il tarixindən hesablanması və s. hökm edilmişdir; - İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 232.2.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(101)-1195/2021 nömrəli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 və 232.2.1-ci maddələri ilə, onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun həbsdən dərhal azad edilməsi və s. hökm edilmiş, bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilmişdir. Xırdalan şəhər Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 382 nömrəli müqavilədən görünür ki, Vəkil Vəliyəddin oğlu ona həvalə edilən tapşırıq əsasında müraciət edən İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat pul ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(102)-770/2024 nömrəli qərarından görünür ki, kassasiya protestinin təmin edilməməsi, İddiaçı barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Xırdalan şəhər Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 538 nömrəli müqavilədən görünür ki, Vəkil Vəliyəddin oğlu ona həvalə edilən tapşırıq əsasında müraciət edən İddiaçı Nəsimi Rayon Məhkəməsində hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Xırdalan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat pul ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.3 və 232.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzaçəkmə müddətinin əvvəlinin 23 dekabr 2020-ci il tarixindən hesablanmaqla, qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü ilə ona həmin maddələrlə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə, o, həbsdən dərhal azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, beləliklə, qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı qanunsuz azadlıqdan məhrum etmə nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, hüquqi xidmətin göstərilməsinə görə çəkilən xərclər üzrə 900 (doqquz yüz) manat maddi, 100 000 (bir yüz min) manat isə mənəvi zərərin ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, İddiaçı 23 dekabr 2020-ci il tarixindən 05 sentyabr 2023-cü il tarixinədək, yəni 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçı ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İddia tələbinin “900 (doqquz yüz) manat maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməsi səbəbindən vəkil xidmətlərindən istifadə nəticəsində ona 900 manat maddi zərər dəydiyini iddia etsə də, bu tələbinin yalnız 300 manat hissəsini təsdiq edən mötəbər sübutları (Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardım göstərilməsi haqqında müqavilə və qəbz) məhkəməyə təqdim etmişdir (hazırkı iş üzrə ödənilmiş vəkil xərci isə məhkəmə xərci kimi qiymətləndirilir). Məhkəmə tərəfindən bütün sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçının vəkili-nümayəndəsi digər müqavilə və qəbzlərin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 300 (üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin “100 000 (bir yüz min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 2 (iki) il 8 (səkkiz) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İddiaçının İ dərəcəli əlilliyi olmaqla, onun əmək qabiliyyətsiz olması nəzərə alındıqda, barəsində qanunsuz aparılan cinayət işi və iddiaçının qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi 100 000 (bir yüz min) manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, məhkəmə yuxarıda istinad edilən bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 38.900 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 38.900 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 300 (üç yüz) manat, mənəvi zərərin əvəzi kimi isə 38.900 (otuz səkkiz min doqquz yüz) manat olmaqla, cəmi 39.200 (otuz doqquz min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, hüquqi xidmət xərci kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0, 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 300 (üç yüz) manat, mənəvi zərərin əvəzi kimi isə 38.900 (otuz səkkiz min doqquz yüz) manat olmaqla, cəmi 39.200 (otuz doqquz min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. Hüquqi xidmət xərci kimi ödənilmiş 300 (üç yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar