Məhkəmə qərarları › İş №e-2(006)-4039/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4039/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4039/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh2nə, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə, Cavabdeh3 ASC-ə qarşı “qiymətləndirmə hesabatının ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon icra şöbəsinin sifarişi əsasında,Cavabdeh2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 0083/25 saylı “Qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2402/2016 nömrəli,xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iddiaçıdan Cavabdeh3 ASC-nin xeyrinə cəmi 19.300 manat pul vəsaiti tutulmalı, bu isə iddiaçıya məxsus olan, ipoteka ilə yüklü edilmiş “Volkswagen Tiquan” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli idi. Lakin sonradan qeyd olunan maşın qəzaya uğradığından Nəsimi Rayon Məhkəməsinin 2(006)-2402/2016 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, məcburi icra tədbiri kimi iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 189 saylı evin 5 saylı mənzilinin üzərinə həbs qoyulmuş və tutma həmin mənzilə yönəldilmişdir. Nəsimi rayon icra şöbəsinin sifarişi əsasında iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 189 saylı evin 5 saylı mənzili Cavabdeh2 tərəfindən qiymətləndirilmiş, həmin qiymətləndirmə hesabatında mənzilin bazar dəyəri 73600 manat müəyyən edilmişdir. İddiaçı hesab edir ki, həmin qiymət real bazar dəyərini əks etdirmir və əsassızdır. Beləki, icra məmurunun sifarişi əsasında həyata keçirilmiş qiymətləndirmə nəticəsindən iddiaçı razı deyil, hesab edir ki, mənzilin dəyəri daha yüksəkdir və yenidən qiymətləndirmə aparılmalıdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iclasın təxirə salınmasın xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı mərhələdə əmlakın qiymətləndirilməsinin nəticələri barədə hesabatların mübahisələndirilməsi icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı məxsus əmlak barəsində icra icraatı çərçivəsində hərrac keçirilməmiş və borclu qeyd olunan daşınmaz əşyanın ilkin satış qiymətini hərracın keçrilməsinədək olan dövr ərzində mübahisələndirimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadında qeyd olunmuşdur ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə, Cavabdeh2nə və Cavabdeh3 ASC-ə qarşı qiymətləndirmə hesabatının ləğvi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat (qəbz № **********85) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar