Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4130/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqından tutulmuş məbləğin geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqından tutulmuş məbləğin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz şəkildə həyata keçirilən əmək haqqından tutulmanın dayandırılması və xx.xx.2024-cü il tarixdən etibarən heç bir səbəb göstərilmədən əmək haqqından tutulmuş 1.515 manat 74 qəpik pul vəsaitinin və ödənilmiş 36 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mexaniki yığma işləri üzrə çilingər vəzifəsində çalışır və ona əmək haqqı "xxxx" ASC vasitəsilə ödənilir. Onun əmək haqqı hesabından 2024-cü ilin aprel ayından başlayaraq hər ay üzrə 50 % olmaqla Bank tərəfindən əsassız olaraq tutulma baş verir. Lakin bu tutulmanın səbəbi və hüquqi əsası barəsində ona heç bir məlumat verilmir. O, əmək haqqından tutulma barəsində işəgötürənə, yaxud banka heç bir yazılı razılıq ilə müraciət etməmişdir. Bu günə kimi Bank tərəfindən onun əmək haqqı hesabından 1515,74 manat vəsait tutulmuşdur. Bu tutulma tamamilə qanunsuzdur və əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Sözügedən işdə isə nə onun belə bir yazılı, yaxud şifahi razılığı, nə də ki, hər hansısa bir icra sənədi mövcud deyil. İşəgötürən tərəfindən ona təqdim edilən 19 iyul 2024-cü il tarixli əmək haqqının hesablanması barədə arayışda əmək haqqından tutulmalar kimi Vergi, HİK, Tibbi sığorta, Sosial Sığorta və İşsizlik sığortası göstərilmişdir. Bank tərəfindən əmək haqqından tutulan 50 % məbləğin hansı əsasla tutulması heç bir sənəddə öz əksini tapmamışdır. Bu isə tutulmanın tamamilə qanunsuz və əsassız olduğunu göstərir. İşəgötürən tərəfindən əmək haqqı tam şəkildə "xxxx" ASC-dəki əmək haqqı hesabına köçürülür. Tutulma isə bank tərəfindən həyata keçirilir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, təqdim etdikləri hesabdan çıxarışa əsasən tutulmalar 2011-ci ilin yanvar ayında bağlanmış kredit müqaviləsinə əsasən aparılır. İddiaçının təqdim etdiyi hesabdan çıxarışa əsasən isə tutulmalar 9 aprel tarixdən başlayır. Sual yaranır ki, bəs bu tutulmalar hesabına aparılmış vəsait hansı hesaba daxil edilir. Bu “pp silinmə” çıxarışda göstərilən təyinatı üzrə həyata keçirilir. Araşdırma nəticəsində bəlli olmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-3076/2016 saylı qətnaməsi üzrə icra hərəkətləri "xxxx" ASCyə ötürülüb. Bununla bağlı iddiaçının hər hansı bir mübahisəsi varsa, "xxxx" ASC-yə qarşı iddia qaldırmaq hüququndan istifadə edə bilər. Xüsusi olaraq onu qeyd etdi ki, həm müqavilənin 13.2-ci madəsində, həm də Bakı Apellyasiya Məhkəməsinin qərardadında aksept qaydasında silinmələrə dair müddəa vardır. İddiaçının məhkəməyə veribverməməsindən asılı olmayaraq, Konstitusiya Məhkəməsinin Plenum qərarı əsasında əmək haqqının 50%-nin tutulması tam qanunidir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2011-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ona avtomobil alınması ilə əlaqədar 36 müddətinə 27.000 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmiş, kreditin təminatı kimi “Hyundai Sonata” markalı avtomobili təklif etmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 848 nömrəli avtomobil üçün kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC İddiaçı xx.xx.2014cü il tarixədək illik 20%-lə 27.000 ABŞ dolları məbləğində nağd kredit verməyi, cavabdeh isə 36 ay ərzində hər ay 1.003 manat ödəmək şərti ilə borc məbləğini qaytarmağı öz öhdəliyinə götürmüşdür. Həmin müqaviləyə görə “Hyundai Sonata” markalı, 2010-cu il buraxılışlı, KMHEB41C7BA141267 ban nömrəli və ağ rəngli avtomobil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin müqavilənin 13.2-ci maddəsində göstərilmişdir ki, borcverən borcalanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin eləcə də həmin müqavilənin 10-cu bəndinə müvafiq olaraq hesablanan dəbbə pulunun və vurulmuş zərərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 848 nömrəli avtomobil üçün girov müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 848 nömrəli avtomobil üçün kredit müqaviləsinin təminatı məqsədi ilə “Hyundai Sonata” markalı, 2010-cu il buraxılışlı, KMHEB41C7BA141267 ban nömrəli və ağ rəngli avtomobil "xxxx" ASC-nin xeyrinə girov ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2011-ci il tarixli, AA seriyalı 001784 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli 848 nömrəli nəqliyyat vasitəsinin ipoteka müqaviləsinə əsasən, **-KH-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil "xxxx" ASC-nin xeyrinə girov ilə yüklü edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də müdafiə təyinatlı məmulatların və aqreqatların mexaniki emal sexində mexaniki yığma işləri üzrə çilingər işləyir. Əmək müqaviləsi 15 fevral 2023cü il tarixdə bağlanmışdır, müddətli əmək müqaviləsinin müddətinin qurtaracağı tarix 20 fevral 2025-ci ildir. İddiaçı "xxxx" ASC-yə ünvanladığı və xx.xx.2024-cü il tarixdə həmin ASC-yə daxil olmuş ərizəsindən görünür ki, o, "xxxx" ASC-dən əmək haqqı hesabından hər ay vəsaitin tutulmasının hansı əsasla həyata keçirildiyi barədə rəsmi məlumatın və buna dair müvafiq hüquqmüəyyəndici sənədlərin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. "xxxx" ASC ilə İddiaçı arasında aparılan yazışmalardan görünür ki, iddiaçının eyni məzmunlu müraciətinə 14 avqust 2024-cü il tarixdə müvafiq məktubla cavab verilmişdir. "xxxx" ASC-nin İddiaçı məxsus ******************** nömrəli hesabdan xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli 241ALLF110210013 PKD təyinatı ilə əmək haqqından silinmə həyata keçirilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(010)-3076/2016 saylı qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı "xxxx" ASC-nin xeyrinə 5.480 manat əsas borc və 100 manat dəbbə pulu olmaqla, cəmi 5.580 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ilk növbədə ipoteka predmeti olan «VAZ-21154» markalı **-KK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışın nəticəsində əldə olunacaq vəsait hesabına banka olan borcun və dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinin satışından banka olan borc tam ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. “X4 Edilməsi Agentliyi” MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli 1333 nömrəli məktubun surətindən görünür ki, İddiaçı onunla "xxxx" ASC-nin “Sumqayıt” filialı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 204/11 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqlarının “X4 Edilməsi Agentliyi” MMC tərəfindən idarə ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Kredit Bürosu MMC-nin İddiaçı kredit məlumatlardan görünür ki, 214ALLF110210013 hesab nömrəsi üzrə İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2011-ci il tarixdə 27000 ABŞ dolları məbləğində kredit verilmişdir.Kreditin statusu qeyri-işlək olmaqla təminatı kimi Hyundai Sonata markalı avtomobil qeyd edilmişdir. Azrbaycan Respublikası DİN BDYPİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-16/2-E-156467 nömrəli məktubun və həmin məktuba əlavə edilmiş kompüter çıxarışın surətindən görünür ki, “Hyundai Sonata” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən, “Lada VAZ 21154” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-16/2-E-156466 nömrəli məktubun surətindən görünür ki, «Hyundai» markalı, ** KH *** və «Vaz 21154» markalı, ** KK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin saxlanılmasına köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanlanmış müraciətə baxılmışdır. Avtomobillərin üzərinə həbs qoyulması ilə bağlı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)- 3076/2016 saylı icra vərəqəsi və üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulması ilə əlaqədar Suraxanı Rayon icra Şöbəsinin xx.xx.2021-ci il tarixli 18/119619/16-19, xx.xx.2018-ci il tarixli 18/8417/18-19 nömrəli məktubları əsasında Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər mövcuddur. Həmçinin qeyd edilmişdir ki, Baş DYP İdarəsinin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı «Hyundai» markalı, **-KH-*** və «Vaz 21154» markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin idarə olunması halları müşahidə edilməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün iddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək onun əmək haqqında aparılmış tutulmanın əsassız olmasını bildirmiş və həmin məbləğin bank tərəfindən ona geri qaytarılmasını tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən hal ondan ibarətdir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2011-ci il tarixli avtomobil krediti müqaviləsi mövcuddur və həmin müqavilə şərtində borcverənin, yəni hazırki halda bankın borcalanın,yəni iddiaçının hesablarında kredit üzrə gecikdirilmiş borcunun və ondan istifadə üzrə faizlərin akseptsiz qaydada silinməsi hüququna dair şərt razılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni onun əmək haqqı hesabından əsassız silinmələr aparılmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim olunmuş sənədlərdən göründüyü kimi, yuxarıda qeyd olunan silinmələr iddiaçının aldığı əmək haqqına və mükafatlara yönəldilmək üçün qanuni şəkildə icra edilmişdir. Belə olduğu təqdirdə, iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqından tutulmuş məbləğin geri qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 36 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqından tutulmuş məbləğin geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4130/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4130/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver