Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4217/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “X10 Azərbaycan” QSC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən qanunsuz hərəkətləri nəticəsində maddi zərərin əvəzi olaraq 2597 manat, mənəvi zərərə görə 300000 manat, cəmi 302597 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o yeni avtomobilin alınması üçün avtomobili satan şəxslə avtomobilin dəyərini tam şəkildə ödəyə bilmədiyi üçün həmçinin Novruz bayramı ərəfəsi olduğundan, qeyri iş günlərindən sonra kredit götürərək avtomobilin dəyərinin tam şəkildə ödəyəcəyinə dair qarşılıqlı razılığa gələrək 19 mart 2021-ci ildə notarial qaydada təsdiq edilmiş beh müqaviləsi bağlamışdır. Beh müqaviləsi bağlanmazdan öncə 2018-2019-cü illərdə müştərisi olduğu Kapital Bank ASC ilə şifahi danışıqlar aparmış və yalnız bundan sonra beh müqaviləsini imzalamışlar. Qeyri iş günləri bitdikdən sonra 29 mart 2021-ci il tarixdə o, Kapital Banka rəsmi müraciət etdi və bu zaman onu çox məyus edəcək bir cavab aldı. Bank tərəfindən ona bildirildi ki, 13 noyabr 2012-ci il tarixində rəsmiləşdirilmiş 700 manat limitli kredit xətti müqaviləsinə əsasən MKR tarixçəsi üzrə cari günə 2635 gün faiz borcu gecikməsi olduğu üçün kreditin rəsmiləşdirilməsi qeyri mümkündür. Sözügedən gecikmənin hansı bank tərəfindən MKR tarixçəsinə əlavə edildiyini soruşduqda bu barədə ona məlumat verə bilmədilər. Bundan sonra qeyd edilən məsələnin araşdırılması məqsədi ilə o, Azərbaycan Kredit Bürosuna müraciət etdi və müəyyən olundu ki, “X10 Azərbaycan” QSC 29 oktyabr 2012-ci il tarixdə ona vermiş olduğu 700 manat kredit üzrə 91,92 manat məbləğində faiz borcu guya 2666 gün müddətində gecikdirilmişdir. Faiz gecikdirilməsi haqqında əsassız məlumatlar MKR tarixçəsinə 2020-ci ilin fevral ayında əlavə edilmişdir. Onunla cavabdeh təşkilat arasında 29 oktyabr 2012-ci il tarixdə qarışıq müqaviləsi bağlanaraq ona 700 manat məbləğində kredit verilmişdir. Kreditin bir hissəsini qaytarsa da digər hissəsinin ödənişində çətinlikləri olmuş və vaxtında ödəniş edə bilmədiyi üçün cavabdeh təşkilat barəsində Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Nizami rayon Məhkəməsinin 03 iyul 2014-cü il tarixli əmri ilə kredit borcuna görə ondan cəmi 659,46 manat pulun tutulması qərara alınmışdır. Məhkəmə əmrinə əsasən tutulması qət edilmiş məbləğ tərəfindən 16 dekabr 2014-cü ildə tam şəkildə ödənilmişdir. Cavabdehin 18 dekabr 2014-cü il tarixli məktubu ilə kredit borcunun tam ödənildiyi Nizami rayon İcra Şöbəsinə bildirilmişdir. O, 2018,2019 və 2020-ci illərdə ayrı-ayrı banklardan kreditlər götürmüş və vaxtında ödənişlərini həyata keçirmişdir. Hal-hazırda belə bir aktiv krediti vardır. O, kredit tarixçəsinin müsbət olduğundan əmin olduğu üçün beh müqaviləsi bağlayaraq icrası 11 aprel 2021-ci il tarixədək olmalı olan öhdəlik götürmüşdür. Lakin cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyi üçün öhdəliyi 2500 manat məbləğində beh geri qaytarılmamışdır. Göründüyü kimi o, cavabdeh təşkilatdan götürdüyü kredit məbləğini 2014-cü ildə tam şəkildə ödəmiş, lakin buna baxmayaraq tam ödənişdən 6 ilə yaxın müddət keçdikdən sonra cavabdeh heç bir hüquqi əsası olmadan 91,92 manat məbləğində faiz gecikmələrinin olması haqqında məlumatları MKB-ya daxil edir və onun müsbət kredit tarixçəsini bərbad edir. Yuxarıda qeyd etdikləri ilə bağlı tərəfindən 06 aprel 2021-ci il tarixdə cavabdeh təşkilata rəsmi müraciət edilmiş və qanunsuzluqun ən qısa zamanda aradan qaldırılması və AKB-də müvafiq düzəlişlər aparılaraq faiz gecikməsi kimi əks olunan məlumatların silinməsi xahiş edilmiş əks təqdirdə onun maddi ziyana uğrayacağı bildirilmişdir. 2021-ci ilin aprel ayının sonunda cavabdehin nümayəndəsi onunla telefon əlaqəsi saxlayaraq ilk öncə gecikdirilmiş faiz borcunun həqiqətdə 13 manat olduğunu bildirmiş və həmin məbləği ödədiyi təqdirdə AKB-də müvafiq düzəlişlərin aparılacağı bildirmişdir. Cavab olaraq o, nümayəndəyə cavabdeh təşkilatın hərəkətlərinin tamamən qanunsuz olduğunu və buna gödə də onun artıq maddi ziyana uğradığı bildirdi. Bir neçə dəqiqəlik danışıqlardan sonra cavabdehin nümayəndəsi onunla razılaşaraq bildirdi ki bir neçə gündən sonra AKB-də müvafiq düzəlişlər ediləcəkdir. 2021-ci ilin may ayında cavabdeh tərəfindən AKB-də müvafiq düzəşlilər aparılmış və faiz gecikmələri haqqınsa əsassız qeydlər silinmişdir. Bu da öz növbəsində cavabdeh tərəfindən öz hərəkətlərinin qanunsuz hesab etməsinin etirafıdır. Cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində ona beh kimi ödədiyi 2500 manat, müqavilənin bağlanmasına görə ödədiyi 92 manat, xidmət haqqına görə ödədiyi 5 manat, cəmi 2597 manat məbləğində maddi ziyan dəymişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsində “xahiş etdim” hissəsində cavabdeh tərəfindən heç bir hüququ normalarına əsaslanmamış və uydurma bir məbləğ maddi ziyan və mənəvi ziyan tələb edir. Cavabdeh şəxs olaraq iddiaçının iddia ərizəsində tam aydın deyil. İş üzrə iddiaçı cavabdeh olan “X10 Azərbaycan” QSC-yə pretenziya göndərməmişdir. İddiaçı iddia edir ki, gecikmə günlərindən xəbəri olmamış və bu barədə məlumatı yalnız kreditdən imtina olandan sonra "xxxx" MMC 06 aprel 2021-ci il tarixdə çıxarışını əldə etdikdən tam məlumatı əldə edləmişdir. İddiaçının bu iddiası ilə elektron məhkəməsində olan sənədləri nəzərdə keçirdikdə tam yalnış olmasını sübut edir və məhkəməyə yalnış məlumat verir. Belə ki, "xxxx" MMC 06 aprel 2021-ci il tarixli çıxarışından məlum olur ki, “nəqliyyat vasitəsinə dair beh müqaviləsi”nin bağlanmasından 9 gün öncə, yəni 10 mart 2021-ci il tarixdə "xxxx" MMC şəxsən sorğu edərək çıxarış əldə etmişdir. Yəni beh müqaviləsinə qədər iddiaçıya məlum idir ki, onun gecikməsi var. Heç bir sübut yoxdur ki, vətəndaşa kreditin ona verilmədiyindən mənəvi zərər dəymiş, mənəvi zərərin dəyməsi hansı meyarlarla ölçülür, kim tərəfdən müəyyən olunub ki, mənəvi zərər var. Bu suaların hamısı cavabsız olaraq qalması onu sübut edir ki, iddia əsassızdır. "xxxx" ASC “Bakıxanov” filialı tərəfindən 29 mart 2021ci ildə verilən arayış çox şübhə yaradır belə ki, bu arayışa imza atan şəxsin hansı vəzifədə çalışması müəyyən etmək olmur, bəlli deyil ki, imza atan D.V.Mirzəyev səlahiyyətli şəxsdir yoxsa yox. İddiaçı öz ərizəsində yazaraq qeyd edir ki, "xxxx" ASC tərəfindən şifahi razılıq əldə etdikdən sonra “beh” müqaviləsini imzlayıb, yəni əvvəlcədən riskləri qəbul edib və beh müqaviləsini imza atıb, bununla belə iddiaçının iddia ərizəsində göstərdiyi fikirlərə hazır ki, iş üzrə cavabdeh olan “X10 Azərbaycan” QSC-yə aidiyyəti yoxdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 19 mart 2021-ci ildə X2 ilə İddiaçı arasında nəqliyyat vasitəsinə dair beh müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X1 məxsus olan “X9” minik markalı 90VJ777 dövlət qeydiyyat nişanlı avtomobilə dair gələcəkdə əsas alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməsi məqsədi ilə İddiaçı 2500 manat beh almışdır. Avtomobilin satış qiyməti isə 45000 manat müəyyən edilmişdir. İş materiallarında olan Nizami rayon Məhkəməsinin 03 iyul 2014-cü il tarixli 2(007)- 2940/2014 saylı məhkəmə əmrinə əsasən İddiaçı kreditor “X10 Azərbaycan” QSC-nin xeyrinə cəmi 659,46 manat məbləğində pul vəsaitin tutulması əmr edilmişdir. İddiaçı Nizami rayon Məhkəməsinin 03 iyul 2014-cü il tarixli 2(007)-2940/2014 saylı məhkəmə əmrinə əsasən olan borcunu tam ödədiyindən Nizami rayon İcra Şöbəsi tərəfindən iş üzrə icraata xitam verilmişdir. Beləliklə, iddiaçı cavabdeh tərəfindən ona qanunsuz hərəkətləri nəticəsində maddi zərərin əvəzi olaraq 2597 manat, mənəvi zərərə görə 300000 manat, cəmi 302597 manat zərər vurulduğunu iddia edir. Lakin buna dair məhkəməyə heç bir sübut təqdim etmir. Halbu ki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçının bu tələbi də rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Qeyd olunanlara əsaslanıb məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “X10 Azərbaycan” QSC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbini məhkəmədə sübuta yetirə bilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “X10 Azərbaycan” QSC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4217/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4217/2021
12.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver