Məhkəmə qərarları › İş №e-2(006)-422/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-422/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-422/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.083,35 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi və 126,65 manat dövlət rüsumu olmaqla, cəmi 12.210 manat pulun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Nissan Tiida» markalı ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri Azadlıq prospekti ilə hərəkət edən zaman «Mercedes Benz GLS 450» markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ Müşayiət Eskort bölüyü tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı qərarla «Nissan Tiida» markalı ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (yolayrıcı keçmə qaydalarının pozulması) törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də «avtonəqliyyat vasitələrinin könüllü sığortası» növü üzrə sığortalanan «Mercedes Benz GLS 450» markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə 17.440 manat maddi zərər dəymişdir. MİB220176 saylı sığorta şəhadətnaməsinə və AKS230005 saylı, xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 16.940 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, «Nissan Tiida» markalı ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, iddiaçı tərəfindən "xxxx" ASC-yə «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4.856,65 manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 12.083,35 manat təşkil etmişdir. Buna görə də, «Nissan Tiida» markalı ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (yolayrıcı keçmə qaydalarının pozulması) törətməkdə təqsirli bilinmişdir. Belə ki, Cavabdeh 11 oktyabr 2022-ci il tarixdə saat 15.30-da «Nissan Tiida» markalı ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən, Azadlıq prospektində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş YNH-də «Mercedes Benz GLS 450» markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış MİB220176 nömrəli sığorta müqaviləsinə əsasən "xxxx" QSC-yə məxsus olan «Mercedes Benz GLS 450» markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi kasko sığorta növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh idarə etdiyi «Nissan Tiida» markalı ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobili «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, «Mercedes Benz GLS 450» markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün görülməli işlərə və ehtiyat hissələrinin alınmasına cəmi 17.440 manat pul vəsaiti tələb olunur. xx.xx.2023-cü il tarixli AKS230005 saylı sığorta ödənişi aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 17.440 manat sığorta ödənişi X2 ödənilmişdir (bank hesabına köçürülmüşdür). Təqdim edilmiş sənədlərdən aydın olur ki, iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığorta ödənişinin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4.856,65 manat ödəniş həyata keçirilmişdir. Hazırda, iddiaçının bildirdiyinə görə sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 12.083,35 manat təşkil edir (subroqasiya tələbi üzrə məbləğ). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2023-cü il tarixli 9/9596 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X4 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı «Mercedes Benz CLS 450» markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15.126 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir və iddiaçının ona qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 126 manat 25 qəpik məbləğində dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10.269 manat 35 qəpik məbləğində sığorta ödənişi (15.126 manat – 4.856,65 manat) və ödənilmiş dövlət rüsumunun 108 manatı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10.269 manat 35 qəpik məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 108 manatı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar