Məhkəmə qərarları › İş №e-2(006)-4290/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4290/2023

13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4290/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASCyə qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASCyə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cari hesabındakı 76.08 manat pulun, MM-nin 449.1-ci maddəsinə əsasən, Mərkəzi Bankın halhazırda qüvvədə olan bank uçot dərəcəsinə (9%) uyğun olaraq faizlərin və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona ödənilməli olan 76.08 manat məbləğlə bağlı iki aylıq gecikmə yarandığı üçün 1.14 manat faiz borcu hesablanmaqla ümumilikdə cavabdeh tərəfindən ona 31.14 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC-nin 3 saylı filialında ona məxsus bank hesabı mövcud olub. Həmin bank hesabında bank ləğvetmə proseduruna daxil olmadan əvvəl 76,06 (yetmiş altı manat, altı qəpik) manat pul qalığı mövcud idi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)- 42/2023 nömrəli qərarı ilə Günay Bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “Fond”) Bankın ləğvedicisi təyin edilmişdir. Ləğvetmə prosesində olan Günay Bankda qorunan pul vəsaitləri üzrə kompensasiyaların ödənilməsi "xxxx" ASC tərəfindən həyata keçirilir. 2023-cü ilin iyun ayının sonlarında Cavabdeh2 ASC-in baş ofisinə yaxınlaşmış və sənədlərini təqdim edərək kompensasiya almaq üçün nə etməli olduğunu soruşmuşdur. Ona hesabından çıxarış təqdim olunmuş və bu çıxarışla "xxxx" ASC-yə gedib müraciət edərək kompensasiyanı ala biləcəyi bildirilmişdir. 2023-cü ilin iyul ayının 11-də o, həmin çıxarışla "xxxx" ASC-in baş ofisinə kompensasiya almaq niyyətilə yaxınlaşmışdır. Lakin, həmin bankda elektron sistemdə onun məlumatlarını yoxlamaqla ona bildirmişlər ki, onun hesabında 76.06 manat olduğu görünür, lakin bu məbləğin kompensasiya olunan məbləğ olmadığı qeyd olunub və buna görə də ona kompensasiya ödənilə bilməz. Həmin bankın əməkdaşları onun təqdim etdiyi sənədlərin fotoşəkillərini “Whatsapp” vasitəsilə Fondun əməkdaşına göndərdilər və əlaqə nömrəsini götürərək məsələnin araşdırılmasından sonra onunla əlaqə saxlayacaqlarını bildirmişlər. Lakin, onunla "xxxx" ASC-dən hələ də əlaqə saxlayan olmayıb. Bir müddət gözlədikdən sonra, o, Fondun qaynar xəttinə (941) bir neçə dəfə zəng etmiş və ona bildirmişlər ki, o, notarius olduğu üçün ona kompensasiya ödənilməməlidir. Fondun əməkdaşlarına notarius olmadığı bildirdikdə ona dedilər ki, ona müvafiq şöbədən belə məlumat veriblər və o, ən yaxşısı Cavabdeh2 ASC-in baş ofisinə müraciət etsin. 2023-cü ilin iyul ayının 18-də o, Cavabdeh2 ASC-in baş ofisinə yaxınlaşmış, məsələni onlara izah etmiş və onun sənədlərinin fotoşəkilləri ondan istənilmiş və sabahkı gün ona telefon vasitəsilə məlumat verəcəklərini demişlər. 19 iyul tarixində onun əlaqə saxlayan bank əməkdaşı bildirdi ki, hüquq məsləhəti xidmətləri göstərən şəxslərə kompensasiya ödənilmir. Daha sonra bu barədə xx.xx.2023cü il tarixdə Fonda yazılı müraciət etmişdir. Fond xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərmişdi ki, ona məxsus bank hesabı vəkillik fəaliyyəti ilə əlaqədar açıldığı üçün qorunan əmanətlərə aid edilmir və cari hesabı vəkillik fəaliyyəti ilə bağlı açıldığı üçün həmin məbləğ ona geri qaytarıla bilməz. Halbuki o nə vəkillik fəaliyyəti ilə məşğuldur, nə də “Vəkillər Kollegiyası”nın üzvü deyil və bank hesabı sahibkarlıq fəaliyyəti ilə bağlı açılmışdır. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, LPO "xxxx" ASC-də sığorta hadisəsi baş verəndə xx.xx.2023-cü il tarixində “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyasının 28.5-ci maddəsinə əsasən Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X2 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünən odur ki, şəxsin Fonda ilk müraciəti xx.xx.2023-cü il tarixində olmuşdur. Həmin gündən 90 gün müddət isə xx.xx.2023-cü il tarixinə təsadüf edir. Yəni qanunla müəyyən edilmiş müddət ötürülmədən kompensasiya tələbinin icrası təmin edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh LPO Cavabdeh2 ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 16 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 3(103)-42/2023 nömrəli qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.7-ci maddəsinə əsasən Bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20.000 manatadək vəsaitlər qorunan əmanətlərə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən vəkillik fəaliyyəti ilə əlaqədar açılan bank hesabları qeyri-sahibkarlıq fəaliyyətinə aid olduğu üçün qorunan əmanətlərə aid edilmir. Nəzərə alınması xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Cavabdeh2 ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, əmanətçi İddiaçı Bankda 76 (yetmiş altı) manat məbləğində kompensasiya məbləği mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 ASC-nin 3 saylı filialında ona məxsus bank hesabı mövcud olmuş və bank hesabında 76.08 manat məbləğində qalıq pul vəsaiti qalmış, daha sonra Bank ləğv edilmiş və ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə yazılı müraciət edilərək kompensasiyanın geri qaytarılmasını xahiş etmiş, bank tərəfindən verilən cavab məktubunda qorunan əmanət olmadığı üçün pulun qaytarılmasından imtina edilmişdir. İddiaçı həmin pul vəsaitinin, faizlərin və ödənilmiş dövlət rüsumunun ödənilməsini, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 76,08 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənildiyini qeyd edərək, həmin pul vəsaitinin müddəti ötürməklə ödənildiyi üçün yaranmış faiz borcunun və ödənilmiş dövlət rüsumunun qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, LPO Cavabdeh2 ASC-də sığorta hadisəsi baş verdiyi zaman, yəni xx.xx.2023-cü il tarixdə qüvvədə olan “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.5-ci maddəsinə əsasən Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X2 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə yazılı müraciət etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən pul iddiaçıya geri qaytarılmışdır. Göründüyü kimi qanunla müəyyən edilmiş müddət ötürülmədən kompensasiya məbləğinin iddiaçıya qaytarılması təmin edilmişdir. Bu səbəbdən də kompensasiya məbləği vaxtında iddiaçıya qaytarıldığından həmin məbləğ üzrə iddiaçının tələb etdiyi 1.14 manat faiz borcunun cavabdehdən tutulması əsassızdır. Eyni zamanda iddiaçı tərəfindən kompensasiya məbləğinin gecikdirilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun qaytarılması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun qaytarılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi faiz borcunun qaytarılması hissəsində təmin edilmədiyindən dövlət rüsumunun qaytarılması hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASCyə qarşı “pulun ödənilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar