Məhkəmə qərarları › İş №e-2(006)-4334/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4334/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4334/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbin dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı vurulmuş maddi ziyanın əvəzi kimi 21.600 manat, mənəvi zərərə görə 50.000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Abşeron Rayon Məhkəməsinin 1(012)- 229/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə (hakim Ş.Nəcəfova) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçının müdafiəçisi hökmdən apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-229/2022 saylı hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin CK-nın 1 (105)- 290/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ağayev) İddiaçı CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş, ona CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. O, 2012-ci ildən həbs edildiyi günə kimi fərdi sahibakarlıq fəaliyyəti ilə məşğul olmuş, 2016-cı ildən Xırdalan şəhəri, Heydar Əliyev prospektində yerləşən “Toğrul kişi geyimləri ayaqqabı evi” mağazasında fəaliyyət göstərmişdir. O, 10 yanvar 2016-cı il tarixdə vətəndaş Gülüsümxanım Quliyeva ilə notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən, Gülüsümxanım Quliyeva mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, X1 küçəsi, bina 142, giriş 1 ünvanında yerləşən ümumi sahəsi 97.94 kv.m olan qeyri-yaşayış sahəsini ona xx.xx.2026-cı il tarixə kimi icarəyə vermişdir. Aylıq icarə haqqı isə 1000 manat müəyyən olunmuşdur. Bundan başqa, onun tutulduğu günü mağazada 50.000 (əlli min) manat dəyərində özünə məxsus və 15.000 (on beş min) manat dəyərində isə nisyə aldığı geyim və ayaqqabı olmuşdur. Barəsində cinayət işinin istintaqı aparıldığı, ona CM-nin 178ci maddəsi ilə ittiham elan olunduqdan sonra və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxdıqdan sonra Yadigar Həsənov və qeyriləri tərəfindən onun barəsində məqsədli şəkildə yalan məlumatlar yayıldığı üçün onun işgüzar nüfuzuna xələl gəlmişdir. Nəticədə onun işgüzar nüfuzuna xələl gəlmişdir ki, nəticədə bir sıra vətəndaşlar mağazaya gəlib alış-veriş etməməsinə səbəb olmuşdur. Bundan başqa, ona CM-nin 178ci maddəsi ilə ittiham elan olunduqdan sonra nisyə mal aldığı sahibkarların bir hissəsi ona verdiyi malları geri almışdılar ki, bu da normal işin pozulmasına və satışın azalmasına səbəb olmuşdur. İttiham hökmü çıxarıldıqdan sonra mağazada olan kişi geyimləri və ayaqqabıları başqa şəkildə rializə edilə bilməmişdir. Bundan başqa, mağazada olan kişi geyimləri və ayaqqabılar mövsümlük olduğu üçün mövsümündə satıla bilmədiyi üçün bir növbəti ildə isə həmin malların satılması mümkünsüz olmuşdur. CM-nin 178-ci maddəsi ilə ittiham olunması və ittiham hökmünün çıxarılması onun sahibkarlıq fəaliyyətinə zərər vurmaqla yanaşı barəsində mənfi fikirin formalaşmasına səbəb olmuşdur. Barəsində formalaşan mənfi fikri aradan qaldırmaq onun üçün çox çətin olacaqdır. Bundan başqa, o, qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və 4 aya yaxın müddətdə həbsdə qalması ona maddi və mənəvi ziyan vurmaqla yanaşı sağlamlığına da pis təsir göstərmişdir. Bundan başqa, o, hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlanmışdır. Vəkillə müavilə üçün 600 manat pul ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 1(012)-229/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə zalından həbs edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 1(012)-229/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi hökm edilmişdir. xx.xx.2022-ci il tarixli, **********/393685892 nömrəli və xx.xx.2022-ci il tarixli, 24032 nömrəli qəbzlərin surətindən görünür ki, Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına müvafiq olaraq 300 manat və 200 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə onun arvadı arasında 2016-cı ildə icarə müqaviləsi bağlanmışdır. Hər ay 1200 manat məbləğində icarə haqqı iddiaçı tərəfindən ödənilirdi. İddiaçı pulu ya onun kartına, ya da əlbəəl ona verirdi. İddiaçının həbsdə olmağı ilə bağlı eşitmişdir. İddiaçının həbsdə olduğu vaxtlarda icarə haqqını qardaşı Bəhram ödəyirdi. Hazırda da icarə haqqı 1200 manatdır. İddiaçı ayaqqabı satışı ilə mağazada məşğul olur. Onun özü satıcı deyil, lakin özü orada olurdu. İddiaçı həbsdə olduğu müddət ərzində mağazanın işləyib-işləmədiyindən məlumatı olmamış, ancaq hər ay icarə haqqı ödənilirdi. İşin mübahisələndirilməyən hallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-229/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Abşeron Rayon Məhkəməsinin bu hökmü Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Qeyd edilən məhkəmə aktlarından İddiaçı 3 ay 27 gün müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 21.600 manat, mənəvi zərərə görə 50.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, o, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 4.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, vəkilə ödənilmiş 500 manat xidmət haqqından əlavə iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, yol xərci və s.) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının həbsdə olması səbəbilə sahibi olduğu mağazanın fəaliyyətsiz qalmasına, özünün həmin mağazanın satıcısı olmadığı təqdirdə onun şəxsi iştirakı olmadan malların realizə edilməməsinə dair dəlilləri isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Belə ki, iddiaçının vəsatətinə əsasən dindirilmiş şahid ifadəsində istinad edilən dəlillərin təsdiqi istiqamətində dəqiq məlumatı verə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı iddiaçının əmlakının müsadirə edilməsi və ya üzərinə həbs qoyulması, tərəfindən hökmün icrası zamanı cərimə ödənilməsi halları da müəyyən edilməmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində göstərilən məbləğdə maddi itkilərə məruz qalmasını, bununla təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin hüquqazidd hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğunu sübuta yetirə bilmədiyindən iddia bu hissədə qismən, yəni iddiaçının vəkilə xidmət haqqı olaraq ödədiyi pulu həcmində təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********/393685892 nömrəli və xx.xx.2022-ci il tarixli, 24032 nömrəli qəbzlərinə əsasən iddiaçının Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına müvafiq olaraq 300 manat və 200 manat məbləğində pulun ödənildiyi müəyyən edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Bu Məcəllənin 58.3-cü maddəsinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki-Prpsessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddiaçının tələblərini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə qismən təmin edərək həmçinin qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də maddi və mənəvi zərərin əvəzi оlаn cəmi 4.500 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 500 manat, mənəvi zərərə görə 4.000 manat pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 500 manat və mənəvi zərərə görə 4.000 manat, ümumilikdə 4.500 (dörd min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar