Məhkəmə qərarları › İş №e-2(006)-4358/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4358/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4358/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 450 maddi və 300 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh ünvan 1 ünvanında yerləşən plastik qapı-pəncərə sexində fəaliyyət göstərir. O, sexin rəhbəri və usta kimi təqdim olunmuş, sifarişi şəxsən özü qəbul etmişdir. 2025-ci ilin yanvar ayında şifahi razılaşma əsasında mənzili üçün plastik materialdan hamam-ayaqyolu üçün qapının hazırlanması barədə podrat müqavilə münasibəti yaranmışdır. Sifarişi həmin ünvanda yerləşən sexdə vermiş, dəyəri isə 450 (dörd yüz əlli) manat təşkil etmişdir. Cavabdeh mənzilə gələrək ölçülər götürmüş, peşəkar usta olduğunu və sifarişə tam uyğun keyfiyyətli qapı hazırlayacağını bildirmişdir. Lakin o, vədinə əməl etməmiş, hazırladığı qapı ölçülərə uyğun olmamış, mexanizmləri işləməz vəziyyətdə, tam bağlanmayan, keyfiyyətsiz və funksional cəhətdən yararsız şəkildə hazırlanaraq quraşdırılmışdır. İddiaçı 75 yaşında pensiyaçıdır və bu sahədə mütəxəssis deyil. Cavabdehin peşəkarlığına inanaraq sifariş vermişdir. Lakin nəticədə həm maddi ziyana, həm əsəb pozuntusuna, həm də vaxt itkisinə məruz qalmışdır. Qapının yararsız olması səbəbilə əlavə xərclərə düşərək başqa sexdən yeni qapı sifariş etmək məcburiyyətində qalmışdır. Yeni qapının hazırlanması və quraşdırılması üçün əlavə pul xərcləmişdir. Cavabdehə dəfələrlə şifahi müraciət edilsə də, problemi aradan qaldırmaqdan imtina etmişdir. Bundan sonra ona rəsmi yazılı pretenziya təqdim etmiş, lakin nəticəsi olmamışdır. xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli №A3461 nömrəli məktub ilə cavab verilmişdir ki, bu müraciət polisin səlahiyyətlərinə aid olmayıb mülki xarakterli məsələdir. Bu da bir daha mübahisənin məhkəmə yurisdiksiyasına aid olduğunu təsdiq edir. Baş vermiş hallar, o cümlədən qüsurlu məhsulun vəziyyəti barədə şəkil və videomateriallar mövcuddur və onlar məhkəməyə sübut kimi təqdim ediləcəkdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi izahat verərək bildirdi ki, Mahmud bəy deyib ki, hamamı düzəldəndə o boşluğu düzəldəcəklər. Sonra ustalar gəlib görüb ki, o boşluğu hörmək mümkün deyil. İddiaçı bu zaman başa düşüb ki, burda nəsə problem var. Heç kəs istəməz ki, sanitar qovşağının qapısında boşluq olsun. Cavabdeh qapını gəlib düzəldəcəyini, o boşluğu dolduracağını bildirib. Bu səbəbdən iddiaçı gözləmişdir. Sonradan cavabdehin verdiyi vədlərə əməl etmədiyini gördükdə isə lazımi orqanlara müraciət etməyə başlamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə şikayət etmişdir. Lakin iddiaçıya cavab verilmişdir ki, bu müraciət polisin səlahiyyətlərinə aid olmayıb, mülki xarakterli məsələdir. Bununla da məhkəməyə müraciət etmişdir. Cavabdeh izahatında qeyd etdi ki, qapını quraşdıranda ev təmirsiz vəziyyətdə idi, divarda əyriliklər var idi. Qapı qoyulduqdan sonra çox kiçik ölçüdə boşluq yaranmışdır, əvvəldən bunun səbəbini iddiaçıya izah etmiş, həmin boşluğu doldura bilməsinin mümkün olduğunu bildirmişdir. 4 aydan sonra evi təmir ediblər, təmirdən sonra 10 sm boşluq əmələ gəlib. Əslində isə iddiaçının həyat yoldaşı bildirmişdir ki, mənzilin təmiri bitdikdən sonra qapının görünüşü xoşlarına gəlməyib, təmirlərinə uyğun olmayıb deyə 4 ay sonra qapını dəyişmək qərarına gəlmişlər, bu isə mümkün deyil. Bununla bağlı mağazaya yaxınlaşanda istədikləri dizaynda qapı gətirəcəyini demişdir. Sadəcə həmin qapının yalnız maya dəyərini ödəməli idilər, bunun üçün 100 manat kifayət edirdi. Lakin iddiaçı onu verməkdən imtina etmişdir. Qapını 450 manata quraşdırmış, lakin bu 450 manata materiallar, zəhmət haqqı da daxildir. İddiaçının qapını 4-5 ay istifadə edəndən sonra qaytarılması ilə bağlı müraciət etməyi düzgün deyildir. Halbuki qapını quraşdırdıqdan 10 gün sonra iddiaçının eyvanında da işlər görmüşdür, onu yaxşı qarşılamışdılar, heç bir irad bildirməmişdilər. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3461 nömrəli məktubuna əsasən, evin keyfiyyətsiz təmir edilməsi ilə bağlı məsələ polisin səlahiyyətlərinə aid olmayan mülki xarakter daşıyan iddiadır və həmin iddia ilə bağlı məhkəməyə müracit etmək hüququnun olduğu bildirilmişdir. Cavabdeh 2025-ci ilin iyul ayında xəbədarlıq məktubu göndərilərək, maddi zərərin ödənilməsi, yəni 450 manatın geri qaytarılması tələb edilmiş, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət ediləcəyi bilirilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılış məlumatlara əsasən Cavabdeh aktiv vergi ödəyicisi kimi plastik qapı-pəncərə istehsalı ilə məşğuldur. Tətbiq edilən hüquq: Mülki Məcəllə: Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliy Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Prosessual Məcəllə: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırda iddiaçı, Cavabdeh gördüyü işin qüsurlu olmasını əsas gətirərək, maddi ziyan görə 450 manat və mənəvi zərərə görə 300 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsini məhkəmədən xahiş edir. İddiaçı tərəf görülmüş işlərin keyfiyyətsiz və qüsurlu olduğunu, nəticədə cavabdehin təqsirindən yeni qapı almaq məcburiyyətində qalmaqla maddi zərərə məruz qaldığını, cavabdeh isə bu qüsurun onun təqsirindən qaynaqlanmadığını, təmirdən əvvəl evin divarında olan əyriliklərin qapı ilə divar arasında kiçik məsafənin yaranmasına səbəb olduğunu, həmin məsafənin də bağlanmasının mümkün olmasını işi təhvil verən zaman iddiaçının nəzərinə çatdırdığını, iddiaçının isə evin təmirini tam başa çatdırdıqdan sonra quraşdırılmış qapını bəyənməyərək 4 ay müddət keçdikdən sonra qaytarmaq fikrinə gəldiyini, bunun isə yolverilməz olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, tələbin hüquqi əsasını tərəflər arasında yaramış podrat münasibətləri təşkil edir. İşin məhkəmə tərəfindən müəyyənləşdirilən mübahisəsiz hallarına əsasən iddiaçı mənzilinin hamam-sanitar qovşağı otağı üçün qapının hazırlanmasını və quraşdırılmasını cavabdehə sifariş etmiş və sonuncu tərəfindən həmin işlər icra edilmiş, iddiaçı cavabdehə razılaşdırılmış 450 manat məbləğində pulu ödəmişdir. İşin mübahisəli halı cavabdeh tərəfindən işin keyfiyyətsiz icra edilməsi, yəni podratın nəticəsinin qüsurlu olub-olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsi və bunun nəticəsində ona ziyan dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi CD diskdə əksini tapan videogörüntü tərəflərin iştirakı ilə tədqiq edilmiş, görüntüdə qapı ilə divar arasında boşluğun mövcudluğu müəyyən edilmiş, lakin cavabdeh qapı quraşdırıldıqdan sonra cüzi boşluğun yarandığını, iş təhvil verilərkən iddiaçıya bu boşluğun yaranma səbəbini izah etdiyini, hətta aradan qaldırmağı təklif etdiyini, videogörüntüdə əks olunmuş ölçüdə boşluğun isə mənzilin təmiri başa çatdıqdan sonra yarandığını iddia etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Tərəflərin izahatı əsasında qapı quraşdırıldıqdan sonra sözügedən boşluğun əmələ gəlməsi, iddiaçının mövcud şəkildə məmulatı qəbul etdiyi müəyyən edilmiş, iddiaçı qüsura dair yerindəcə pretenziya irəli sürülməməsinin səbəbi kimi cavabdehin qapını quraşdırdıqdan dərhal sonra çıxıb getdiyini, ona bu barədə irad bildirmək üçün imkanının olmadığını bildirmişdir ki, məhkəmə iddiaçının həmin mövqeyini (cavabdehin daimi fəaliyyət göstərdiyi sexin ünvanını iddia ərizəsində yazmasını və keçən müddət ərzində əlavə icra tələb etmək imkanının olmasını nəzərə almaqla) ağlabatan və inandırıcı hesab etmir. Belə ki, 2025-ci ilin yanvar ayında quraşdırılaraq nəticəsinin dərhal görülməsi mümkün olan podratın nəticəsini iddiaçı işi qəbul edərkən deyil (halbuki məhkəmə iclasında iddiaçı qüsuru elə həmin gün gördüyünü bildirmişdir), aylar sonra mübahisələdirmişdir ki, bu da Mülki Məcəllənin 773-cü maddəsinə əsasən tələb hüququnu istisna edir. O da qeyd olunur ki, cavabdeh izahatında mübahisəli qapını quraşdırdıqdan 10 gün sonra iddiaçının eyvanında da işlər gördüyünü, onun iddiaçı tərəfindən xoş qarşılandığını, hazırda iddia etdikləri qüsurla bağlı ona hər hansı irda bildirmədiklərini qeyd etmiş və iddiaçı göstərilən halları təkzib etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə maddi ziyanın ödənilməsi hissəsində iddianın rədd edilməsini məqsədəmüvafiq hesab edir. İddianın mənəvi zərərə görə 300 manat pulun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu tələb maddi ziyanın ödənilməsi tələbi ilə bağlıdır və məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır, çünki maddi ziyanın ödənilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar