Məhkəmə qərarları › İş №e-2(006)-4399/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4399/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4399/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta məbləğinin tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın İcbari Sığorta növü ilə sığortalanmış Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84, mənzil 55-ə dəymiş zərərə görə 404.90 AZN (dörd yüz dörd manat doxsan qəpik) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 AZN (otuz manat) dövlət rüsumunun, Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qonşuluqda yerləşən İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın icbari sığortası növü ilə sığortalanmış X3 məxsus 55 saylı mənzilə su axıdılması baş vermiş və sonuncuya maddi zərər vurulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən, 23 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Y.Əliquliyev, mühəndisi Ə.Qasımov, nəzarətçi texnik Ə.Quliyevanın iştirakı ilə 1-ci mikrorayon, Moskva prospekti, ev 84, mənzil 55-də baxış zamanı aşkar olunmuşdur ki, mənzilə X1 məxsus 58-ci mənzilin sanuzelində yaranmış nasazlıq səbəbindən su axıdılmışdır. Su axması nəticəsində şikayətçinin mənzilinin dəhliz, qonaq otağı, mətbəxinə su axmış, tavan və divarlarda suyun izi qalmış, mətbəxin işıq sistemi sıradan çıxmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84, mənzil 55 mülkiyyət hüququ ilə X3 məxsusdur. Həmçinin RAT ********** saylı sığorta şəhadətnaməsinin 126048 saylı sığorta aktından çıxarışdan da göründüyü kimi, daşınmaz əmlaka dair icbari sığorta müqaviləsi sonuncu ilə bağlanmışdır və xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər müddətə qüvvədədir. Əmlaka dəyən zərərin qiymətləndirilməsinə dair müstəqil ekspert olan "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli hesabata uyğun olaraq, X3 məxsus 55 nömrəli mənzilə 655 AZN (altı yüz əlli beş manat) ziyan dəydiyi müəyyən olunmuşdur. 126048 saylı sığorta аktına və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, 250 manat franşiza (azadolma məbləği) və 0.10 manat bərpa məbləği çıxılmaqla qalan 404.90 AZN (dörd yüz dörd manat doxsan qəpik) pul X3 ödənilmişdir. Göstərilənlərə əsasən, qeyd olunan su sızması hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti tərəfindən vurulan zərərə uyğun olaraq ödənilmiş 404.90 AZN (dörd yüz dörd manat doxsan qəpik) zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalanan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-də Daşınmaz Əmlakın icbari sığortası növü ilə sığortalanmış X3 məxsus 55 saylı mənzilə qonşuluqda yerləşən Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən su axıdılması baş vermiş və nəticədə sığortalı mənzilə maddi zərər vurulmuşdur. İddiaçı Sığorta Şirkəti ASC su sızması hadisəsi nəticəsində sığorta şirkəti tərəfindən vurulan zərərə uyğun olaraq ödənilmiş 404.90 AZN (dörd yüz dörd manat doxsan qəpik) zərər məbləğinin cavabdehdən subroqasiya qaydasında tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, 23 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Y.Əliquliyev, mühəndisi Ə.Qasımov, nəzarətçi texnik Ə.Quliyevanın iştirakı ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki,1-ci mikrorayon, Moskva prospekti, ev 84, mənzil 55-də baxış zamanı aşkar olunmuşdur ki, mənzilə X1 məxsus 58-ci mənzilin sanuzelində yaranmış nasazlıq səbəbindən su axıdılmışdır. Su axması nəticəsində şikayətçinin mənzilinin dəhliz, qonaq otağı, mətbəxinə su axmış, tavan və divarlarda suyun izi qalmış, mətbəxin işıq sistemi sıradan çıxmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84, mənzil 55 tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 01/02-493 ATS saylı hesabatdan görünür ki, X3 məxsus Bakı şəhəri, Moskva prospekti, 84 saylı evin, 55 nömrəli mənzilinə su axıdılması nəticəsində dəymiş zərərin həcmi 655 AZN (altı yüz əlli beş manat) məblğindən müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli, 126048 saylı sığorta aktından görünür ki, sığortalanmış mülkiyyət hüququ ilə X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 84 saylı evin, 55 saylı mənzilinə su axıdılması nəticəsində 655 AZN (altı yüz əlli beş manat) ziyan dəymiş, 126048 saylı sığorta аktına və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, 250 manat franşiza (azadolma məbləği) və 0.10 manat bərpa məbləği çıxılmaqla qalan 404.90 AZN (dörd yüz dörd manat doxsan qəpik) pul X3 ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında müəyyən edilmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC 404,90 manat məbləğində sığorta ödənişi X3 məxsus kart hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixi mədaxil qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, həyata keçirilmiş sığorta ödənişi olaraq 404,90 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 430.90 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Sığorta ödənişi olaraq 404 (dörd yüz dörd) manat 90 (doxsan) qəpik və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, cəmi 434 (dörd yüz otuz dörd) manat 90 (doxsan) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar