Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-441/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi İddiaçıların nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı, X3 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı öz övladları, xx.xx.2001-ci il doğumlu X3 və xx.xx.2007-ci il doğumlu X6 hər birinin adına 1000 ABŞ dolları olmaqla 2000 ABŞ dolları pul vəsaitini 03 Aprel 2008-ci ildə "xxxx" ASC-yə əmanət olaraq qoymuşdur. Azərbaycan Respublikası X11 heyətinin 12 İyul 20212-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin lisenziyası ləğv edilib. 13 İyul 2012-ci il tarixdən həmin bankın müvəqqəti inzibatçısı təyin edilib, 16 İyul 2012-ci il tarixdən bankın kreditorları qarşısında öhdəliklərini icra etməsi ilə bağlı iflas proseduruna başlanılıb. Həmin andan da "xxxx" ASC-nin öhdəliklərinin icrasına moratorium qüvvəyə minib. 25 İyul 2012-ci ildə 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarı ilə banka ləğvedici cavabdeh Əmanətlərin Sığortalanması Fondu təyin olunub. 07 Sentyabr 2021-ci ildə "xxxx" ASC-yə qoyduğu əmanətin və ona hesablanmış faizlərin geri qaytarılması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh **********185 saylı 13 Oktyabr 2021-ci il tarixli məktubla ərizəni təmin etməyib, vəsaitini geri qaytarmayıb. Göstərilənlərə əsasən, övladları X3 və X6 hər birinin adına 03 Aprel 2008-ci ildə "xxxx" ASC-yə qoyduğu hər biri 1000 ABŞ dolları olmaqla 2000 ABŞ dolları məbləğində əmanətinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. X8 məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki işdə iddiaçı qismində işdə iştiraka cəlb edilməsini xahiş etmişdir.
4. Daha sonra iddiaçılar iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 və X6 hər birinin adına 03 Aprel 2008-ci ildə "xxxx" ASCyə qoyduğu hər biri 1000 ABŞ dolları olmaqla 2000 ABŞ dolları məbləğində əmanətin geri ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər. Cavabdeh 2008-ci ildən bəri həmin vəsaitlərdən istifadə etmişdir. Buna görə də, iddia tələbini dəqiqləşdirərək, 03 aprel 2008-ci ildə "xxxx" ASC-yə qoyulmuş 1000 ABŞ dolları əmanətin faizləri ilə birlikdə X5 və 1000 ABŞ dolları əmanətin faizləri ilə birlikdə İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 441/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı, X3 cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(006)- 441/2024 saylı qərardadı iddiaçılar İddiaçı, X3 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair hissədə isə dəyişdirilmişdir.
5. Daha sonra cavabdeh Əmanətlərin Sığortalanması Fondu məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı LPO "xxxx" ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı "pulun geri qaytarılması" tələbinə dair e-2(006)-441/2024 nömrəli iş Sizin icraatınızdadır. Aşağıda qeyd edilənlərə görə hesab edirik ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş, barəsində iflas proseduruna başlanmışdır. Həmin Məhkəmənin 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Cavabdeh bildirmişdir ki, qanunvericiliyə əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edir. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır. İş materiallarına əlavə edilmiş iddiaçının ərizələrindən də görünür ki, İddiaçı kompensasiya ödənişinin həyata keçirilməsi üçün müraciətləri həmin tarixlərdə Fond tərəfindən qəbul edilmiş və baxılaraq cavablandırılmışdır. Həmin müraciətlər kompensasiya alınması üçün müddətin ötürülməsinin əyani göstəricisidir. Həmçinin cavabdeh bildirmişdir ki, sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə qarşı iddia tələbi üzrə icraata xitam verilməsini və Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşı irəli sürmüş olduğu tələbi üzrə iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək X3 və X6 hər birinin adına 03 Aprel 2008-ci ildə "xxxx" ASC-yə qoyulmuş hər biri 1000 ABŞ dolları olmaqla 2000 ABŞ dolları məbləğində əmanətlərin iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə əmanətçi X8 (uşaq həddi-buluğa çatanadək hesabın sərəncamçısı onun babası X8) arasında xx.xx.2008-ci il tarixli depozit müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 15% ödənilməsi şərti ilə yerləşdirmişdir. Hazırda iddiaçılar həmin əmanət məbləğinin faizləri ilə birlikdə geri ödənilməsini tələb edir.
b) Mülki işin materialları:
10. Mülki işin materiallarında olan "xxxx" ASC ilə əmanətçi X8 (uşaq həddi-buluğa çatanadək hesabın sərəncamçısı onun babası X8) arasında bağlanmış xx.xx.2008-ci il tarixli, müddətli depozit müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 1000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəti 18 aydır. Bank əmanətçiyə illik 15 % ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə əsasən sığorta hadisəsi (bankın məcburi ləğvi və ya müflis elan olunması və s.) baş verdikdə Fond tərəfindən əmanətçiyə kompensasiya ödənilməlidir. Əmanətçinin kompensasiya almaq hüququ istisna hallarda Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 5 il müddətində saxlanılır.
11. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2008-ci il tarixində verilmiş əmanət kitabçalarının surətindən görünür ki, X6 və X3 hər birinin adına 1000 ABŞ dolları məbləğində əmanət qoyulmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir.
14. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.
15. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.
16. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.
17. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.
18. Məhkəmə hazırki işlə bağlı qeyd edir ki, hər iki iddiaçıya münasibətdə iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
19. Belə ki, məhkəmə hesab edir ki, “Əmanətlərin Sığortalanması Fondu” hazırki işdə subyektiv cavabdeh olsa belə, iddiaçılar tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı müəyyən olunmuş müddət üzrlü səbəblər olmadan ötürülmüşdür.
20. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
21. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən Əmanətçinin müraciətini qeyrimümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
22. Qanunun tələblərindən də göründüyü kimi Fond tərəfindən kompensasiyaların ödənilməsi ilə bağlı kəsici müddət müəyyən olunmuşdur.
23. Məhkəmə hesab edir ki, müddət axımı "xxxx" ASC-nin lisenziyasının ləğv edildiyi gündən hesablanmalıdır. "xxxx" ASC-nin lisenziyası AR X11 Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə ləğv edilmişdir (müddətinin axımının başlanılması anı).
24. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçılar izahatlarında Azərbaycan Respublikasından kənarda olduqlarına görə xəbərlərinin olmaması səbəbindən müddəti ötürdüklərini bildirmişlər.
25. Lakin bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmanətlərin sığortalanması” haqqında Qanunun 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.
26. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən müddətin ötürülməsi üzrlü hesab oluna bilməz.
27. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı, X3 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı və X3 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.