Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4414/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və onun faktiki sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)- 4414/2022 saylı qərardadına əsasən iş üzrə icraata «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair hissədə xitam verilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzili xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ seriylı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 onun nümayəndəsi Cavabdeh1 ilə 53 saylı notariat kontorunda rəsmiləşdirərək almışdır. Həmin mənzilin hal-hazırda mülkiyyətçisidir. Həmin əmlakın satılması zamanı qanunla müəyyən edilmiş qaydada qeydiyyatda olan şəxslərin də razılıq ərizələri notarius tərəfindən alınmış və qanuni şəkildə alğı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Buna baxmayaraq, cavabdehlər tərəfindən ötən müddət ərzində mənzil üzərində sərancam vermək hüquqları pozulmuş, həmin hüquqları tam həyata keçirə bilməmişdir. Belə ki, cavabdehlər alğı-satqı müqaviləsi bağlandıqdan sonra yuxarıda göstərilən ünvandakı mənzildə bir müddət qalmalarına icazə istəsələr də, hələ ki mənzil ala bilməmələri və müxtəlif bəhanələrlə uzun müddət mənzildə yaşasalar da, hazırda da mənzili boşaldaraq ona təhvil vermək niyyətində deyillər. Eyni zamanda formal olaraq orada qeydiyyatda qalmışlar. Müqavilənin şərtlərinə əsasən isə satıcı Cavabdeh2 mənzili xx.xx.2017-ci il tarixədək faktiki sahibliyinə verməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 53 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 818 saylı reyestr kitabının 76221 saylı səhifəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq cavabdehlər iddiaçıya satılmış, hazırda iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Halbuki, keçmiş mülkiyyətçi Cavabdeh2 mənzili satarkən onun yetkinlik yaşına çatmış ailə üzvü olan Cavabdeh1 mənzilin satılmasına razı olduğunu notariat orqanına rəsmi şəkildə ərizə təqdim etməklə bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə baxışında müəyyən edildi ki, Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə göstərilən mənzilə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, cavabdehlər alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış, hazırda iddiaçının mülkiyyətində olan mənzili boşaldaraq iddiaçıya təhvil verməməklə, iddiaçının qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırırlar. Bu səbəbdən, iddia əsaslı olduğundan təmin edilməlidir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılmalı və İddiaçı təhvil (faktiki sahibliyinə) verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyinə görə, iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən çıxarılsınlar. Mənzil boşaldılsın və İddiaçı təhvil (faktiki sahibliyinə) verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyinə görə, iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-4414/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4414/2022
18.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver