Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4436/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2650 manat əsas borc, 132,5 manat faiz, 320 manat vəkilə ödənilən xidmət haqqı, 52 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3154,5 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təhsil alan X1 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli, 494-22 nömrəli müqavilə, həmin müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolu bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilalan”a Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlərinin təşkilini, 2ci maddəyə əsasən isə Təhsilalanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən 04 oktyabr 2022-ci il tarixli, 494-22 nömrəli müqavilə üzrə təhsil haqqı 6750 manat təşkil etməkdədir. Lakin cavabdeh tərəfindən təhsil haqqının bir hissəsi olan - 4100 manat ödənilmiş, qalan 2650 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı iddiaçının şifahi müraciətləri nəticəsiz qalmışdır. İddiaçı böyük kollektivə malikdir, işçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərcləri ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdehin üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5% (2650 x 5% = 132,5 manat) ilə dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 52 manat dövlət rüsumu olmaqla, cəmi 3154,5 cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizələr təqdim edərək, iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən bu günə qədər cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilmədiyi qeyd edilmiş, üzrlü səbəbdən məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı MMC ilə X1 valideyni və ya digər qanuni nümayəndəsi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolundan görünür ki, illik təhsil haqqı 6750 (altı min yüz əlli) manat təşkil edir. Tərəflər “Təhsil haqqı”nın hissə-hissə ödənilməsi barədə razılığa gəlirlər. Bu Protokol imzalandığı və hesab faktura təqdim edildiyi gündən 3 iş günü müddətində “Qanuni nümayəndə” tərəfindən təyin olunan ilkin ödəniş 1340 (min üç yüz qırx) manat ödənilir, “Təhsil haqqı”nın qalan hissəsi tədris davam etdiyi halda növbəti ayın ödəniş günündən etibarən ödənilir. “Təhsil haqqı”nın hissə-hissə ödənilməsi cədvəl üzrə həyata keçirilir. Cədvəldə qeyd edilmişdir ki, müqavilə imzalandıqda 1340 AZN ilkin ödəniş, xx.xx.2022-ci il tarixində 560 AZN, xx.xx.2022-ci il tarixində 693 AZN, xx.xx.2022-ci il tarixində 693 AZN, xx.xx.2023-cü il tarixində 693 AZN, xx.xx.2023-cü il tarixində 693 AZN, xx.xx.2023-cü il tarixində 693 AZN, xx.xx.2023-cü il tarixində 693 AZN və xx.xx.2023-cü il tarixində 692 AZN ödənilməlidir. “Təhsil haqqı” Razılaşdırma Protokolunda göstərilən məbləğdə və müddətdə ödənilməlidir. “Qanuni nümayəndə” bu öhdəliyi vaxtında və tam həcmdə icra etmədikdə gecikdirilən hər gün üçün aylıq ödəniləcək məbləğin 1 (bir) %-i həcmində cərimə tətbiq olunacaqdır və bununla əlaqədar yaranan hüquqi xərclər də “Qanuni nümayəndə” tərəfindən ödənilməlidir. “Təhsil haqqı”nın gecikdirildiyi gündən başlayaraq ən geci 1 (bir) ay müddətində mübahisələrin həlli tətbiq olunur. İddiaçı MMC ilə X1 valideyni və ya digər qanuni nümayəndəsi Cavabdeh arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli, 494-22 nömrəli müqavilədə qeyd edilmişdir ki, bu müqavilənin predmeti müqavilədə nəzərdə tutulmuş qayda və şərtlər daxilində “Lisey” tərəfindən “Təhsil alan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil (ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil) xidmətlərinin təşkili və göstərilməsi və “Təhsil alan” tərəfindən müəyyən edilmiş qaydalara riayət edilməsində tərəflərin hüquq və vəzifələrinin, öhdəliklərinin yerinə yetirilməsindən irəli gələn Tərəflərin qarşılıqlı münasibətləridir. “Lisey” bu müqavilənin qüvvədə olduğu müddətdə “Təhsil alan”ın ünvan 1 ünvanında yerləşən təhsil müəssisələrində 1-ci sinif Rus bölməsi üzrə təhsil xidmətləri göstərir, “Qanuni nümayəndə” isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 494-22 saylı, xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. “Lisey”də göstərilən təhsil xidməti müqabilində təhsil haqqının ödənilməsini tələb etmək və “Qanuni nümayəndə”lər və ya “Təhsil alan”lardan bu müqavilənin şərtlərinin yerinə yetirilməsini tələb etmək “Lisey”in hüquqlarındandır. Təhsil haqqını bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam həcmdə və vaxtında ödəmək “Qanuni nümayəndə”nin vəzifələrindəndir. Pretenziyadan görünür ki, Cavabdeh müqavilə üzrə yaranmış borcun 5 gün ərzində ödənilməsi, əks təqdirdə qeyd edilən borcun qaytarılması və dəymiş zərərin məhkəmə qaydasında tələb ediləcəyi barədə İddiaçı MMC tərəfindən xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli 342 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən hüquqi xidmətlərə görə 18 saylı Vəkil Bürosunun hesabına 320,00 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 52,00 manat məbləğində rüsum ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh uşağı X2 təhsil xidməti göstərməyi, cavabdeh isə illik 6750 manat təşkil edən ümumi təhsil haqqını cədvəl üzrə vaxtlıvaxtında ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə öz öhdəliyini icra etmiş, cavabdeh isə öhdəliyini tam icra etməmiş, nəticədə iddiaçıya müqavilə üzrə 2650 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyini hazıradək yerinə yetirməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc, ona hesablanmış faiz borcunu və məhkəmə xərclərini cavabdehdən tələb edir. Göründüyü kimi, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı cavabdehin övladına təhsil xidmətləri göstərmiş, cavabdehin övladı bu xidmətlərdən yararlanmış, lakin cavabdeh bunun qarşılığında iddiaçıya müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə və qaydada haqqı tam ödəməmişdir. Mülki qanunvericiliyin normalarına müvafiq olaraq, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinin “əsas borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb əsaslı olduğundan və sübutetmə yükü cavabdehin üzərində olmasına baxmayaraq, onun tərəfindən borcun ödənildiyini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən tələb bu hissədə təmin edilməlidir. İddia tələbinin “faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşdırma protokolunda cavabdehin borcu vaxtında və tam ödəmədiyi halında cərimə ödəməsi öhdəliyi müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin nəticə hissəsində əsas məbləğə hesablanmış faiz borcunun cavabdehdən tutulmasını qeyd etsə də, əslində məhz müqavilə ilə müəyyənləşdirilmiş əsas borcun gecikdirilməsinə görə cərimə məbləğini cavabdehdən tələb edir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı bu tələbində də haqlıdır və tələb bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1 və 324.2-ci maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər: 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1, 389.2 və 389.3-cü maddələrinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir; 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 397.1 və 398.1-ci maddələrinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinin tələblərinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 399.4-cü maddəsinə görə, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir; 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 777.1 və 777.2-ci maddələrinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iddia tələbinin “vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsinin qismən, yəni ağlabatan məbləğdə təmin edilməsi məqsədəmüvafiqdir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqi xidmətə görə ödənilmiş pulun 200 (iki yüz) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq belə qənaətə gəlir ki, iddia tələbi “dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0, 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2650 (iki min altı yüz əlli) manat əsas borc, 132,5 (bir yüz otuz iki manat əlli qəpik) manat cərimə faizi olmaqla, cəmi 2782,5 (iki min yeddi yüz səksən iki manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, hüquqi xidmətə görə ödənilmiş pulun 200 (iki yüz) manat hissəsi və 52 (əlli iki) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli) manat əsas borc, 132,5 (bir yüz otuz iki manat əlli qəpik) manat cərimə faizi olmaqla, cəmi 2782,5 (iki min yeddi yüz səksən iki manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Hüquqi xidmətə görə ödənilmiş pulun 200 (iki yüz) manat hissəsi və 52 (əlli iki) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4436/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4436/2023
23.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver