Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-450/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27000 (iyirmi yeddi min) manat pulun, əldən çıxmış faydaya görə 5000 (beş min) manat pulun və məhkəmədə iddia qaldırmaq üçün dövlət nəfinə keçirilmiş 186 (yüz səksən altı) manat ödənilmiş dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2 (iki) ildir ki, tanışdırlar və dəfələrlə bir-birlərinin evində olmuşlar. Cavabdeh əvvəllər də iddiaçıdan qızıl alaraq satmış və borcunu bağlamışdır. Buna görə də iddiaçıda cavabdehə qarşı inam yaranmışdır. 2022-ci ilin fevral ayında cavabdeh yenidən iddiaçıdan qızıl almış, aralarında olan razılığa əsasən iddiaçı cavabdehə 250 qram dəyərində qızıl verir, cavabdeh isə həmin qızılın dəyərini, yəni 34000 (otuz dörd min) manat məbləğində pulu 2022-ci ilin iyul ayının sonuna qədər qaytarmalı olmuşdur. Lakin cavabdeh müxtəlif zamanlarda ümumilikdə 7000 (yeddi min) manat məbləğində pulu iddiaçıya qaytarsa da, həmin məbləğin böyük hissəsini, yəni 27000 (iyirmi yeddi min) manat hissəsini razılığa gəldikləri vaxtdan xeyli müddətdir ki, müxtəlif bəhanələr gətirərək qaytarmaqdan yayınmışdır. Cavabdeh özünə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə iddiaçıya məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə WhatssApp vasitəsi ilə ona olan borcunu etiraf etməsi barədə səsli mesajlar göndərmişdir. Cavabdeh “indi pulundan ödənişlər edəcəm” deyərək iddiaçını aldadaraq ödənişlər etməmişdir. Səsli mesajlar aşağıdakılardan ibarətdir: “14 avqust 2022-ci il tarixdə səsli mesaj belədir: Bazar günü nə notarius? İkinci gün Bayram pul alacaq, gətirib verəcək, hara istəsən gətirək də. Bazar günü notarius işləyir ki, gedək? Mənim indi vaxtım yoxdur. Ancaq ya bir, ya da iki gedə bilərəm”. Daha bir səsli mesaj belədir: “Salam, Amalya xala, necəsən? Dünən, üstüvə sağlıq, iki dənə skoru gəlib, həqiqətən, çox pis idim. Üzr istəyirəm, sənə ona görə cavab verə bilmirdim. Düz 2 saata sənin kartıva pul atacam. Gün ərzində kartıva pul atacam. Səbrli ol, dünən ölürdüm. Səsləri atım? Evdə ölürdüm, çox pis idim. Əsəbləşdirirsən, pis oluram, Amalya xanım. Anamın qəbri üçün ölürdüm. Alacağımı almışam, 2 saata yarı-yarı kartıva atacam. Səbrli ol. Mən borcumu danmıram. İyun ayından sənə 20 qəpik də verməmişəm. Artıq sentyabrdı, bilirəm, hara istəyirsən, yaz, borcumu danmıram. Götürmüşəm. Mən borcumu danmıram, 3 aydı, sənə 20 qəpik də vermirəm. İşim alındı, atacam. Davleniyam 190-dan düşmür təzyiqim”. 10 avqust 2022-ci il tarixdə səsli mesaj belədir: “Saat 9-da, 8-ə kimi sizdəyəm, Amalya xala”. 10 sentyabr 2022-ci il tarixdə səsli mesaj belədir: “Amalya xala, sənin kartın həmin kartdı? Mavi rəngdə, bir dənə kartı at, sonra yığacam, əsəbi danışma, skoru gəlib. Axı o kartı at 200 atırlar, saat 3-də 800 manat sənə atacaqlar lotoreya pulunu, bir dənə kartı at, 1000 manat borcumdan sil, ikisini birdən ata bilmirlər. 200 atıram, 800 isə saat 3-də atıram, sənin yaşıl kartın işləmir. Qız atır. Pul atıram günorta. Mən pulu ödəyirəm, faizi çıx, lotoreya alıram, danışa bilmirəm, gecə səhərə qədər yatmamışıq. Amalya xanım, sənin kartın həminki kartdı? Pul atdığımız. Bir dənə kartı at mənə. Mən qaçmıram, təcili yardım gəlib. Kartı at, indi 200 atırlar. Saat 3-də 800 manat atacaqlar. Ümumi 1000 manat pul edir”. Daha bir səsli mesaj belədir: “Axşamacan gələcəm. Amalya xanım, puldan verəcəm. Yığırsan Whatssappa, işləmir. Bu saniyə girmişəm liftdən. Heç kəsə cavab verməmişəm, əsəbiyəm. Axşamacan nə əlimə düşəcək, gətirib verəcəm. Neynəməliyəm? Yaxşı, gələrəm, danışarıq”. 22 sentyabr 2022-ci il tarixdə səsli mesaj belədir: “Mənim 27000 manat sənə borcum var. Borcumu bilirəm. Mənə görə faiz də verirsən, onu da bilirəm. Demişəm, avqustda bağlayacam. İndi sentyabrdı. Bilirəm də, bunları hər gün deməyin nə mənası var. Mən səndən qaçmıram”. Göründüyü kimi, cavabdeh hər dəfə iddiaçını aldadaraq “pulu indi göndərirəm” demiş, lakin göndərməmişdir. Artıq iddiaçı cavabdehi axtarsa da, onu tapa bilməmiş və aldadıldığını başa düşərək, buna görə də cavabdehin haqqında Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanması barədə Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Abşeron RPİ-nin İŞ-nin 06 oktyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı cavabdehdən pulu başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, iddiaçının pulunu qaytarmır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, təqdim edilmiş iddia ərizəsi ilə bağlı sübutların təhlil edilməsi üçün məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyində cavabdeh iddiaçıya 27.000 manat borcunun olmasını etiraf etmişdir və ekspert rəyi ilə həmin səsyazmaların cavabdehə məxsus olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, iddia ərizəsini müdafiə etdiyini qeyd edərək, eyni saatda hüquqlarını müdafiə etdiyi şəxsin təqsirləndirilməsinə dair cinayət işi üzrə başqa məhkəmədə işinin olmasını, hazırki mülki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alıb, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, iddia ərizəsinə etiraz edərək bildirdi ki, tərəflər arasında olan mübahisə üzrə borc müqaviləsi yazılı formada bağlanmadığından mülki qanunvericiliyin imperativ göstərişləri pozulmuşdur, buna görə də iddia əsassız hesab edilməlidir. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iddiaçının vəkilinümayəndəsinin ərizəsini nəzərdən keçirib, ekspert rəyini və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 186 (bir yüz səksən altı) manat məbləğində rüsum ödənilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı etiraf etmişdir ki, iddia ərizəsi məhkəməyə veriləndən sonra Cavabdeh ona 200 (iki yüz) manat ödəmişdir. Tərəflər arasındakı mübahisə ilə əlaqədar Abşeron RPİ-də toplanmış materialın məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən RPİ-yə göndərilən xx.xx.2022-ci il tarixli məktuba Abşeron RPİ-nin xx.xx.2022-ci il tarixli məktubu ilə verilən cavabdan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material məhkəməyə göndərilmişdir. Həmin materiallarda olan İddiaçı izahatlarından görünür ki, Qəmərin hazırda ona 24000 manat borcu qaldığını bildirmişdir. Cavabdeh izahatlarından isə görünür ki, onun İddiaçı 12700 manat məbləğində borcu qaldığını bildirmişdir. Mülki işin materiallarında olan Abşeron RPİ İŞ-nin 06 oktyabr 2022-ci il tarixli “cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı 2022-ci ilin fevral ayında tanışı Cavabdeh satmaq üçün qızıl verməsi, lakin sonuncunun pulun bir hissəsini verərək, qalan 24000 manatı verməməsinə dair müraciətinə əsasən material toplanmışdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 3 il əvvəl Cavabdeh ilə tanış olmuş, onun evinə getmiş və aralarında yaxşı münasibətlər olmuşdur. Dolanmaq üçün qızıl alıb satmalqa məşğuldur. Onun qızıl alveri ilə məşğul olduğunu bilən Qəmər ondan qızıl alıb satmaq istədiyini bildirdikdə, o bir söz deməmiş və 2022-ci ilin fevral ayından iyun ayına qədər Qəmərə hissə-hissə qızıl-zinət əşyaları vermişdir ki, satsın. Qəmər də ona iyun ayına qədər hissə-hissə 7000 manata yaxın pul vermişdir. Qəmər aldığı qızılları başqa şəxslərə satsa da, ona 24000 manat borcu qalmışdır. İyun ayından sonra Qəmər ödəniş etməmiş, onunla dəfələrlə görüşmüş, telefonda danışmış, hətta səsini də telefonuna yazmış, lakin bu günə qədər Qəmər ona qalan 24000 manat borcunu ödəməmişdir. Qəmər demişdir ki, avqust ayına qədər borcu qaytaracaq, vədinə əməl etməmiş və hər dəfə də müxtəlif bəhanələr gətirmişdir. Qızılları aldığı şəxslərdən biri pulunu və qızılı istədiyi üçün və Qəmər ödəmədiyi üçün əlavə 3000 manat pul almış və həmin şəxsə verdiyinə görə ərizəsində 27000 manat göstərmişdir. İzahatı alınmış Cavabdeh göstərmişdir ki, o, İddiaçı təxminən 3 ildir ki, tanıyır. Amaliyanı tanıyandan sonra qızıl alveri ilə məşğul olduğunu öyrənmiş və söhbət əsnasında məlum olmuşdur ki, Amalya qızılları nisyə verir, lakin dəyərindən baha qiymətə. O, 3 ildir Amalyadan dəfələrlə qızıl götürürmüş və tanışlarına satırmış, tanışları da pulu hissə-hissə verirmiş, verəndən sonra da Amalya xanıma ödəyirmiş. Sonuncu dəfə 2022-ci il tarixdə may ayında ondan 12 qram qızıl götürmüş, həmin vaxtı Amalyaya 2000 manat pul vermiş, hesablarına görə 12000 manat pul verməlidir. Həmin pulu da aralarında olan razılaşmalara əsasən hissə-hissə ödəməliymiş. Son zamanlar Amaliya xanım borcu bağlamasını xahiş etmiş, ona bildirmişdir ki, danışdıqları kimi də Amaliyaya hissə-hissə ödəməlidir, lakin o razılaşmamış və bildirmişdir ki, borcu tez bağlasın. Lakin o Amaliyaya olan borcunu Amaliyanın istədiyi şəkildə bağlaya bilmir. Həmin qızılları başqa-başqa adamlara hissə-hissə ödəmək şərtilə üstünə hər qramına 5 manat qoyub vermişdir. Qeyd etmişdir ki, Amalya xanım qramı 85 manata olan qızılı 140 manata ona vermiş, o da dediyi kimi hər qrama görə 5 manat üstünə qoyub satırmış. Ərizəyə əlavə edilmiş bir ədəd CD diskdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında telefon söhbətləri olmuş, Cəfərova X2 Amalya Mahmud qızına olan 27000 manat borcunun olmasını təsdiq edərək ödəyəcəyini bildirmişdir. Göründüyü kimi Cavabdeh hərəkətlərində aldatma, o cümlədən aldatmanın aktiv və ya passiv forması yoxdur. Belə olan halda aldatmanın mövcud olması real deyildir. Bundan əlavə aldatma yolu ilə əmlak ələ keçirilərkən, bir qayda olaraq təqsirkarın hərəkətlərində yalan vədlər təşkil edir. Material üzrə görünür ki, Cavabdeh hər hansı bir əmlakı ələ keçirməmiş, satmaq üçün aldığı qızılları digər şəxslərə vermiş və hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Dələduzluğun ikinci törədilmə üsulundan biri də etibardan sui-istifadə hesab olunur ki, bu zaman təqsirkar onunla əmlakın sahibi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir və niyyəti özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş olsun. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan müxtəlif tarixli ekran görüntülərindən görünür ki, müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair köçürmə əməliyyatları baş tutmuşdur. Lakin köçürmələrin təyinatını, hansı hesabdan hansı hesaba köçürülməsini və s. isə müəyyən etmək mümkün olmur. xx.xx.2023-cü il tarixdə Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 şifahi vəsatətlə məhkəməyə müraciət edərək, işdə olan səs yazılarının tədqiqi məqsədilə mülki iş üzrə müvafiq ekspertizanın təyin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli 4/368-4/370 saylı ekspert rəyi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü ildə iş üzrə icraat təzələnmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli 4/368-4/370 saylı ekspert rəyindən görünür ki:
1. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan “WhatsApp Audio 2022-09-18 at 13.51.40” və “WhatsApp Audio 2022-09-21 at 21.56.56” adlı mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.
2. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan “WhatsApp Audio 2022-09-18 at 13.51.40” və “WhatsApp Audio 2022-09-21 at 21.56.56” adlı mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi - Cavabdeh, «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi - İddiaçı məxsusdur.
3. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan “WhatsApp Audio 2022-09-18 at 13.51.40” və “WhatsApp Audio 2022-09-21 at 21.56.56” adlı mübahisəli fonoqramlardakı danışıqlarda, diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, əlavə etmə, birləşdirmə, akustik fonun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi ardıcıllığın pozulması kimi montaj əlamətləri müəyyən olunmadı. Digər dəyişikliklərin olub-olmamasını mübahisəli fonoqramlar ilkin olmadığından müəyyən etmək mümkün olmadı.
4. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan və tədqiqatı tələb olunan “WhatsApp Audio 2022-09-18 at 13.51.40” və “WhatsApp Audio 2022-09-21 at 21.56.56” adlı mübahisəli fonoqramlar ilkin olmadığından fonoqramların əldə olunma üsulunu müəyyən etmək mümkün olmadı.
5. Audio və videofaylların yaranma tarixinin müəyyən olunması üzrə uyğun metodika olmadığından ekspertizanın təyini haqqında qərarda göstərilən 5-ci sual üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli 4/368-4/370 saylı ekspert rəyində (mülki işin materiallarında olan 112-ci səhifədə) “WhatsApp Audio 2022-09-21 at 21.56.56” adlı mübahisəli fonoqramlardakı danışıqlarda “Q1 – Aha mən demişəm, mənim borcum var. 26, 27 min sənə borcum var. Borcumu da bilirəm, mənə görə faiz verirsən, onu da bilirəm, demişəm avqustda bağlıyacam, bağlamamışam uje sentyabr qurtarıb, bilirəmdə bunları. Bunları hər gün deməyin nə mənası var?”; “Ay, ay nə vaxt ödüyəcəksən” ifadələri qeyd edilmişdir. Həmin rəydə (mülki işin materiallarında olan 113-cü səhifədə) göstərilmişdir ki, aparılmış ilkin tədqiqatın və auditiv-linqivistik analizlərin nəticələri göstərir ki, auditiv-linqivistik eyniləşdirici əlamətlərinə görə mübahisəli fonoqramların yazılı mətnlərindəki «Q1» diktorunun səsi ilə - Cavabdeh, «Q2» diktorunun səsi ilə - İddiaçı səsi oxşarlıq təşkil edir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manatdır. xx.xx.2023-cü il tarixdə iddiaçının vəkili-nümayəndəsi tərəfindən ekspert rəyinə dair mülahizə təqdim edilmiş, rəyin əsaslı olması səbəbindən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı 34000 manat dəyərində olduğunu iddia etdiyi qızıl-zinyət əşyalarını hissə-hissə ödəniş etməsi şərtilə cavabdehə satmış, cavabdeh isə qızıl-zinyət əşyalarını qəbul edib, 2022-ci ilin iyul ayına kimi əşyaların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini tam icra etməmişdir. İddiaçı cavabdehin onu aldatdığını iddia edərək şikayət ərizəsi ilə Abşeron RPİ-yə müraciət etmiş, lakin Abşeron RPİ-nin müvafiq qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilməlidir ki: - Abşeron RPİ-də verdiyi izahatda Y.Amalya bildirmişdir ki, C.Qəmər Xanımın ona 24000 manat borcu qalıb. - Məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdehin iddiaçıya 27000 manat borcu olduğu qeyd edilmişdir. - İş materiallarındakı CD-diskdə olan səs yazısında isə cavabdeh iddiaçıya 26000-27000 manat borcu olduğunu bildiyini qeyd edir. - İddiaçı məhkəmə iclasında bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona 200 manat ödəniş etmişdir. Məhkəməyə təqdim edilmiş səs yazılarının müvafiq qaydada tədqiqatının aparılması məqsədilə materiallar ekspertizaya təqdim edilmiş və ekspertlər tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya 26000-27000 manat borcu olduğunu etiraf edən şəxs cavabdehin özüdür. Lakin aparılmış tədqiqat nəticəsində həmin səs yazılarının tarixlərini müəyyən etmək mümkün olmamışdır. Buna görə də iddiaçının Abşeron RPİ-də öz imzası ilə təsdiq etdiyi hər iki izahatda bildirdiyi fikirlərə istinadən məhkəmə hesab edir ki, aralarında olan nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya 24000 manat məbləğində borcu qalmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdehin 200 manat məbləğində ödəniş etməsinə dair dəlili də nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin 23800 manat hissəsində haqlıdır. Bununla yanaşı, cavabdehin Abşeron RPİ-də öz imzası ilə təsdiq etdiyi hər iki izahatda bildirdiyi fikirlərə münasibətdə qeyd edilməlidir ki, cavabdeh polis idarəsində izahat vermişdir, onun bilə-bilə yalan ifadə vermək və ifadə verməkdən imtinaya görə məsuliyyəti olmamış, həmçinin, özünü müdafiə etmək hüququndan istifadə etmək imkanı olmuşdur. Buna görə də Cavabdeh izahatlarının mötəbərliyi məhkəmə üçün mübahisəlidir. Bundan əlavə, cavabdeh tərəfin təqdim etdiyi qəbzlərin ekran görüntülərindən kim tərəfindən kimin hesabına hansı təyinat üzrə köçürmələr edilməsi müəyyən edilə bilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 11300 manat məbləğində ödəniş etməsi və buna görə 12700 manat məbləğində borcunun qalması onun tərəfindən müvafiq qaydada sübuta yetirilməmişdir. Cavabdehə məxsus olduğu müvafiq ekspert rəyi ilə təsdiq edilən səs yazısında onun 26000-27000 manat məbləğində borcunun olmasını etiraf etməsi, iddiaçı tərəfin polis idarəsində verdiyi izahatda cavabdehin ona 24000 manat məbləğində borcunun qalmasını bildirməsi və məhkəmə iclasında iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən borc üzrə 200 manat məbləğində ödəniş edilməsinə dair izahatı məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin iddiaçıya 23800 manat məbləğində borcu qalmışdır. Eyni zamanda, qeyd olunanlara istinadən cavabdehin iddiaçıya daha az, yəni 12700 manat məbləğində borcunun qalmasına dair nəticəyə gəlməyə əsas verən hər hansı mötəbər sübut yoxdur. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddia tələbinin “əldən çıxmış faydaya görə 5000 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Cavabdehin iddiaçıya nisyə alqı-satqı müqaviləsi əsasında verilmiş malların dəyərini ödəməməsi ilə bağlı iddiaçı əldə edə biləcəyi gəlirlərə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. İddiaçının iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin nisyə alqı-satqı müqaviləsi və öhdəlik hüquq münasibətlərinə dair normaları nəzərdən keçirilərək müəyyən edilir ki, işin faktiki halları üzrə qanuni əsas mövcuddur və cavabdeh tərəfin gətirdiyi dəlillərlə həmin əsaslar aradan qalxmır. Belə ki, cavabdeh tərəf iddia tələbinin qanuni əsası kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yarandığı halda, həmin müqavilənin yazılı bağlanmalı olmasına dair imperativ normaların mövcudluğuna istinad edir və bildirir ki, tərəflər arasında yazılı müqavilə olmadığından iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə bu dəlilə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan münasibətlərin nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir, buna görə də cavabdeh tərəfin həmin dəlili əsassızdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, məhkəmə iddia tələbinin 23800 manat hissəsində əsaslı olduğu qənaətinə gələrək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırmağı zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 138 (bir yüz otuz səkkiz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan hissəsi isə İddiaçı aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 185 manat hissəsi Cavabdeh, qalan 65 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 23800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 138 (bir yüz otuz səkkiz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin, qalan hissəsi isə İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 250 (iki yüz əlli) manat pulun 185 (bir yüz səksən beş) manat hissəsi Cavabdeh, qalan 65 (altmış beş) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova