Məhkəmə qərarları › İş №e-2(006)-4524/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4524/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4524/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Cavadova X3 Eldar Adil oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən verilmiş 2026-cı ilin oktyabr ayının 10-a kimi qüvvədə olan debit kredit olan tam kartı üzrə 2.598,27 manat əsas borcun, həmin kredit məbləğinə görə hesablanmış 304,54 manat faiz borcunun, cəmi 2.902,81 manat borcun silinməsi, həmçinin, ödənilmiş 46 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xəstəliyi ilə əlaqədar təyin edilmiş pensiya məbləğinə uyğun cavabdeh "xxxx" ASC (Gəncə filialı) tərəfindən ona kredit verilən zaman tam kart debit-kredit kartı verilmişdir. İddiaçı bankdan götürdüyü krediti tam bağladıqdan sonra tam kart debit-kredit kartı onda qalmış, lakin o, həmin kartdan istifadə etməmişdir. Bundan sonra, yəni bankdan iddiaçıya limitin artırılması ilə bağlı zəng gəldikdən və tam kartla bağlı proqramı telefonuna yüklədikdən sonra ona məlum olmuşdur ki, ona məxsus tam kartda olan 2.598,27 manat puldan xx.xx.2024-cü il tarixində 24 manat və 2540.45 manat məbləğində pul silinmişdir. Bundan sonra dəfələrlə "xxxx" ASC-yə və yaşadığı ərazi üzrə polis idarəsinə müraciət etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, ona məxsus tam kartdan çıxarılmış 2.598,27 manat məbləğində pul vəsaiti hazırki iş üzrə üçüncü şəxs X4 məxsus kart hesabına köçürülmüşdür. Lakin buna baxmayaraq, cavabdeh bank iddiaçıya məxsus tam kart kredit kartında olan borcu silmir, əksinə həmin kreditə görə faiz hesablanır. Odur ki, iddiaçı məcbur olub, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:

7. "xxxx" ASC (Bank) ilə İddiaçı (Müştəri və ya Borcalan) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli BPM**********51 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, bu Müqaviləyə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra “Tam kart”) buraxmağı, Müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab, yəni hesablar) açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 (otuz min) manat məbləğinədək, kreditdən (nağd kredit və/və ya kredit xətti, yəni kredit) istifadəyə görə illik 24 % ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə “Tam kart”, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlar, o cümlədən “Tam kart”dan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən “şəxsi ehtiyacların ödənilməsi/istehlak” məqsədilə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 10.3-10.4-cü bəndlərində tam kart (internet vasitəsilə tam kartdan istifadə olunmaqla aparılmış əməliyyatlar da daxil olmaqla), eləcə də hesablar vasitəsilə aparılmış bütün əməliyyatlara görə müştərinin özünün məsuliyyət daşıması; müştərinin tam kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (tam kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq və s.) məsuliyyəti tam şəkildə özünün daşıması müəyyən edilmişdir. Müqavilədə müştərinin nömrəsi kimi ***-***-**-** qeyd edilmişdir.

8. Bank kartına kredit limitinin təyin olunmasına dair xx.xx.2021-ci il tarixli razılaşmadan görünür ki, İddiaçı verilmiş karta 2.600 manat məbləğində limit ayrılması, kredit xəttinin müddətinin 36 ay və illik faiz dərəcəsinin 24 faiz olması razılaşdırılmışdır.

9. "xxxx" tərəfindən göndərilmiş SMS-lərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:09da və 17:11-də iddiaçıya məxsus +**********59 mobil nömrəsinə “DİQQƏT! Təqsid kodunu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: ****48, ****59, Tel: 937”; saat 17:15-də isə “DİQQƏT! Kartınızdan köçürüləcək məbləğ: **** USD. OTP kodu: ****82. Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın.” məzmununda xəbərdarlıqlar göndərilmişdir.

10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

11. "xxxx" MMC tərəfindən təqdim olunmuş ********* nömrəsi ilə bağlı çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində ABB tərəfindən həmin nömrəyə SMS-lər göndərilmişdir. xx.xx.2024-cü il tarixli məktubda qısa nömrələrdən gələn mesajların məlumat xarakterli olduğundan mətnlərinə dair məlumat təqdim etməyin mümkün olmaması bildirilmişdir.

12. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus +**********59 mobil nömrəsinə xx.xx.2024-cü il tarixində mobil tətbiqə daxil olmağı təsdiq etmək üçün "xxxx" ASC tərəfindən SMS vasitəsilə OTP kodlar göndərilmiş, bundan sonra müştərinin mobil tətbiqinə “Apple iPhone 6S” (iOS 15.7.9 əməliyyat sistemi) cihazı ilə giriş edilmişdir. İddiaçı məxsus 5490-2641-0391-5771 nömrəli kartdan xx.xx.2024-cü il tarixində 25 AZN vəsait “Leobank” ("xxxx" ASC-nin mobil bankçılıq xidməti) tərəfindən emissiya edilmiş 4098-5844-6202-8588 nömrəli karta göndərilmişdir. Bu kartla bağlı ətraflı məlumat (kimə məxsus olması və s.) əldə etmək üçün aidiyyəti üzrə müraciət edilməsi xahiş edilmişdir. İddiaçı məxsus 5490-2641-0391-5771 nömrəli kartdan xx.xx.2024-cü il tarixində 2573.27 AZN (1490 ABŞ dolları) vəsait ******************** saylı hesaba köçürülmüşdür. Bu vəsaitin köçürülməsini təsdiq etmək üçün İddiaçı məxsus +**********59 mobil nömrəsinə xx.xx.2024-cü il tarixində "xxxx" ASC tərəfindən SMS vasitəsilə OTP kodlar göndərilmişdir. "xxxx" ASC-də ABŞ dolları valyutasında açılann ******************** nömrəli hesabın sahibi X5r (şəxsiyyət vəsiqəsi seriyası və nömrəsi: AA3473210, FİN kodu: 64Z4L8Z).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış tam kart çərçivə müqaviləsinə əsasən, bank tərəfindən iddiaçıya illik 24 % ödəmək şərtilə 30.000 manatadək kredit limiti olan kart verilməsi barədə razılığa gəlinmiş və həmin tarixdə iddiaçının müraciəti əsasında, bank tərəfindən ona verilmiş karta 36 ay müddətinə 2.600 manat məbləğində kredit limiti təyin edilmişdir. Müqavilədə iddiaçının nömrəsinin ***-***-**-** olması qeyd edilmişdir.

14. Müqavilə ilə kart (internet vasitəsilə kartdan istifadə olunmaqla aparılmış əməliyyatlar da daxil olmaqla), eləcə də hesablar vasitəsilə aparılmış bütün əməliyyatlara görə müştərinin özünün məsuliyyət daşıması; müştərinin kartdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə (kartı üçüncü şəxslərə verməmək, ŞEN-kodu gizli saxlamaq və s.) məsuliyyəti tam şəkildə özünün daşıması müəyyən edilmişdir.

15. xx.xx.2024-cü il tarixdə bank tərəfindən iddiaçıya məxsus həmin nömrəyə “DİQQƏT! Təqsid kodunu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: ****48, Tel: 937” məzmununda SMS göndərilmiş, bundan sonra onun tətbiqinə başqa cihazla giriş edilərək, əvvəlcə 25 manat başqa karta, sonra isə 2.573,27 manat (1.490 ABŞ dolları) məbləğində pul vəsaiti iş üzrə üçüncü şəxs X4 məxsus hesaba köçürülmüşdür.

16. Hazırda iddiaçı başqa kart və hesaba köçürülmüş həmin məbləğin (əsas borcun) və ona hesablanmış faiz borcunun silinməsini və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh bank isə iddiaçıya məxsus karta bağlı mobil tətbiqin və kartdakı vəsaitin dələduzların əlinə keçməsində özlərinin təqsirinin olmamasını və əsl cavabdeh olmadıqlarını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

17. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci ildə iddiaçı ilə bank arasında çərçivə kredit müqaviləsinin bağlanması və bu zaman iddiaçının müraciətinə əsasən ona 2.600 manat məbləğində kredit limiti olan kartın müəyyən müddətə və faizlə verilməsi, müqavilədə kartdan istifadə edilməklə aparılmış əməliyyatlara və təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə iddiaçının tam məsuliyyət daşıması, xx.xx.2024-cü ildə bankın təhlükəsizlik məqsədilə iddiaçıya məxsus mobil nömrəyə OTP kod göndərməsi, bundan sonra isə iddiaçıya məxsus kartda olan vəsaitin 2.598,27 manat hissəsinin başqa karta və hesaba köçürülməsi iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır.

18. İddiaçının müqavilə üzrə əsas borc öhdəliyinin yaranmasında, bu borca müqavilə şərtlərinə müvafiq faiz hesablanmasında bankın heç bir təqsiri olmadığından, belə ki, bankın müvafiq təhlükəsizlik tədbirini həyata keçirməsi mübahisəsiz olduğundan, lakin iddiaçı tərəfindən təhlükəsizlik tədbirlərinə tam əməl edilməsi faktı sübuta yetirilmədiyinən məhkəmə hesab edir ki, iddiaçının banka qarşı irəli sürdüyü əsas və faiz borcunun silinməsi barədə tələbinin təmin edilməsinə əsas yoxdur.

19. Belə ki, tərəflər arasında bağlanmış müqavilə etibarlı olmuş, müqavilə qüvvədə olduğu müddət ərzində isə iddiaçıya məxsus kartdan pulun istifadəsi faktı baş vermiş və bu faktın baş verməsində bankın heç bir təqsirinin olmaması, əksinə bankın müvafiq təhlükəsizlik tədbirini həyata keçirməsi müəyyən edilmişdir. Müqavilə qüvvədə olduğu müddət ərzində kredit kartından istifadə edilmiş pul vəsaitinə görə müqavilənin tərəfi kimi məhz iddiaçının öhdəliyi yaranmış, bank da haqlı olaraq ona əsas və faiz borcu hesablamışdır. Müqavilə şərtlərində kartdakı məbləğdən istifadə, habelə təhlükəsizlik tədbirlərinə əməl edilməməsi zamanı iddiaçının tam məsuliyyət daşıması müəyyən edilmişdir.

20. İddiaçının üçüncü şəxsə məxsus hesaba köçürülməsi müəyyən edilmiş pul vəsaiti ilə bağlı onun atasının pulu geri qaytarmağa razı olduğuna dair dəlilini də nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının cavabdeh bankın ona hesabladığı əsas və faiz borcu ilə bağlı həmin borcun yaranmasına əsas vermiş hərəkəti törədən şəxsdən özünə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Lakin bu əməlin başqa şəxs tərəfindən törədilməsi faktı gələcəkdə öz təsdiqini tapsa da belə, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı hesab edilə bilməz. Çünki bankın müqavilə şərtlərindən və ya qanundan kənara çıxan hər hansı hərəkətə yol verməsi, həmçinin, iddiaçıya əsassız borc hesablaması müəyyən edilmir. Buna görə də iddiaçının bankla aralarında bağlanmış müqavilə əsasında yaranan öhdəliyinə xitam verilməsi üçün hazırda heç bir əsas yoxdur.

d) Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2, 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 527. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Fəsil 27, 6-cı paraqraf. Öhdəliyin xitamının digər əsasları: Maddə 555. Borclu və kreditor eyni şəxs olduqda öhdəliyin xitamı; Maddə 556. İcra mümkün olmadığına görə öhdəliyin xitamı; Maddə 557. Dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı; Maddə 558. Borclunun ölümü nəticəsində öhdəliyin xitamı; Maddə 559. Hüquqi şəxsin ləğvi nəticəsində öhdəliyin xitamı.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

24. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

26. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

28. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 46 manat məbləğində dövlət rüsumu İddiaçı verilməlidir.

Nəticə:

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar