Məhkəmə qərarları › İş №e-2(006)-4541/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4541/2022

07.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4541/2022 07.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı Əliyev Namı̇ k Orucqulu oğlunun nümayəndəsi və vəkili Vəkil, cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Əliyev Namı̇ k Orucqulu oğlunun cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsinə və ipoteka müqaviləsinə xitam verilməsi və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əliyev Namı̇ k Orucqulu oğlu cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "kredit müqaviləsinə və ipoteka müqaviləsinə xitam verilməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə İddiaçı arasında 03 iyun 2008-ci il tarixdə ********** saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən 19200 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə İddiaçı ilə "xxxx" QSC arasında ********** saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə İddiaçı -“İpotekaya qoyan” öhdəliyinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, sahə 167-də yerləşən fərdi yaşayış evini girov qoymuşdur. Sonradan iddiaçı tərəfdən banka olan borc məbləği tam ödənilmiş, cavabdeh tərəfdən iddiaçının girov təminatı olan yaşayış evinin çıxarışı geri qaytarılmışdır. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə təqdim etmək üçün 12 yanvar 2012-ci il tarixli, 11\141 saylı məktubda verilmişdir. Həmin məktubda da cavabdeh tərəfindən qeyd edilmişdir ki, “QSC "xxxx" KB ilə İddiaçı arasında imzalanmış xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsini təmin etmək məqsədilə xx.xx.2008-ci il tarixdə bağlanmış ********** saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, sahə 167-də yerləşən fərdi yaşayış evi girov qoyulmuşdur. İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, sahə 167-də yerləşən fərdi yaşayış evinin girovdan azad edilməsini xahiş edirik”. Məktubun məzmunundan da aydın şəkildə görünür ki, iddiaçı bank qarşısında öz öhdəliyini tam yerinə yetirdiyinə görə kredit təminatı olan əmlakın girovdan azad edilməsini xahiş edir. İddiaçı hesab edib ki, bu məktubun bir nüsxəsi aidiyyəti orqana göndərilib və əmlak girovdan azad edilib. Lakin 10 il sonra iddiaçı bankdan kredit götürmək məqsədilə müraciət etdiyi zaman bəlli olur ki, həmin əmlak girovdan azad edilməyib və kredit reyestrində faiz borcları göstərilir. Müqavilənin bitmə müddətindən 11 ildən çox vaxt keçmişdir. Belə ki, müqavilənin müddəti 36 (otuz altı) ay olmasına və həmin müddətin 2011-cu ildə bitməsinə baxmayaraq, hələ də İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, sahə 167-də yerləşən fərdi yaşayış evini girov cavabdeh tərəfindən girovda saxlanılır ki, bununla da onun mülkiyyətindən sərbəst istifadə hüququ pozulur. Bundan əlavə, iddiaçı cavabdeh qarşısında öhdəliyini tam yerinə yetirməsinə-yəni borc məbləğini tam ödəməsinə baxmayaraq, kredit reyestrində 4517,37 manat borc göstərilir. Göstərilənlərə əsasən "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 03 iyun 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə və eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, sahə 167-də yerləşən fərdi yaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi və bu barədə DƏDRX 1 saylı Bakı ərazi idarəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlərin aparılması, İddiaçı 03 iyun 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin olmaması barədə "xxxx" QSC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlərin aparılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Əliyev Namı̇ k Orucqulu oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan QSC "xxxx" KB-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2012-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov küçəsi, Zirə qəsəbəsi, sahə 167-də yerləşən fərdi yaşayış evinin girovdan azad edilməsi xahiş edilmişdir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Əliyev Namı̇ k Orucqulu oğlunun QSC "xxxx" KB-yə cəmi 4517,37 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışda qeyd edilmişdir ki, QSC "xxxx" KB ilə Əliyev Namı̇ k Orucqulu oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə İddiaçı bank qarşısında 4517,37 manat məbləğində borc öhdəliyi mövcuddur. Əsaslandırıcı hissə: Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Göstərilən Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Eyni Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Göstərilən Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Eyni Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında imperativ qaydada qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, kredit müqaviləsində icra müddəti müəyyənləşdirildiyinə görə öhdəliklərin xitamı üçün müddətin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən həmin tarixdən başlamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində müəyyən edildiyi kimi icra müddəti xx.xx.2011-ci il tarixdə başa çatmış, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi borcludan tələb edilməmişdir. İcra müddətinin keçməsindən artıq 11 il ötdüyündən, kreditor öhdəliyin icrasını tələb etmədiyindən, iddiaçı həmin öhdəliklərə xitam verilməsini tələb etməkdə tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, bank qarşısında olan əsas öhdəlik üzrə iddia müddəti ötürüldüyündən, həmin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlak ipoteka yüklülüyündən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 03 iyun 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə və eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə 03 iyun 2021-ci il tarixdə xitam verildiyi müəyyən edilməli, İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, sahə 167-də yerləşən fərdi yaşayış sahəsi ipoteka yüklülüyündən azad edilməli və bu barədə DƏDRX 1 saylı Bakı ərazi idarəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılmalı, İddiaçı 03 iyun 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin olmaması barədə "xxxx" QSC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlər aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 03 iyun 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə və eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə 03 iyun 2021-ci il tarixdə xitam verildiyi müəyyən edilsin. İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, sahə 167-də yerləşən fərdi yaşayış sahəsi ipoteka yüklülüyündən azad edilsin və bu barədə DƏDRX 1 saylı Bakı ərazi idarəsi tərəfindən rəsmi reyestrdə müvafiq qeydlər aparılsın. İddiaçı 03 iyun 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərinin olmaması barədə "xxxx" QSC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrində qeydlər aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar