Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4541/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili – Vəkil, Cavabdehin nümayəndəsi və vəkili – Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «sənədlərin götürülməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «sənədlərin götürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/063 saylı, 19 noyabr 2012-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin inşa etdiyi yüksək mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən, 176 kv.m-dən ibarət 4 ortaqlı mənzilə və 01/075 saylı, 11 yanvar 2013-cü il tarixli maliyyə arayışına əsasən 13-cü mərtəbədə yerləşən, 94 kv.m-dən ibarət 2 otaqlı mənzilə dair ümumi yığıncağın qərarlarının cavabdeh tərəfindən iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 01/063 saylı, 19 noyabr 2012-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh inşa etdiyi yüksək mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən, 176 kv.m-dən ibarət 4 ortaqlı mənzil və 01/075 saylı, 11 yanvar 2013-cü il tarixli maliyyə arayışına əsasən 13-cü mərtəbədə yerləşən, 94 kv.m-dən ibarət 2 otaqlı mənzil almışdır. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona təqdim edilməsi barədə şifahi və yazılı qaydada dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən ona bürokratik əngəllər yaradılmış, qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin onun tələbinə əsassız imtinası qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi qeyri-müəyyəndir. İddiaçı nə barədə hansı tarixli ümumi yığıncaq qərarlarının verilməsini müəyyən etməmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi maliyyə sənədlərindən də görünür ki, onun MTK-ya borcu vardır. Ödəniş qrafiki və notarial təsdiq etdirdiyi digər sənədlərdə qeydlərdən də görünür ki, o, məbləği tam olaraq MTK-ya ödəməmiş, hətta 9 mindən çox borcu qalması barədə Azayevin imzası olan qeyd vardır. Bundan başqa, iddiaçı qəbul etməsə də həmin bina XİN-nin əmri ilə nazirlik əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə tikilmişdir. İddiaçı məhkəməyə iddia verməyə subyektiv hüququ olan hər iki mənzilə dair müqavilələri təqdim etməmişdir və tələb etdiyi qeyri-müəyyən qərar da mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan sənəd deyildir. Elektron sistemə yüklədiyi sənənlər, ümumi yığıncağın protokolu (pay haqqını tam ödəmiş kooperativ üzvünə mənzilin özəlləşdiriib mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün və çıxarış alınması barədə), təhvil-təslim aktı və baş mühasib və sədrin imzası ilə verilmiş maliyyə arayışı çıxarış alınması üçün əsas olan sənəddir. İddiaçının təqdim etdiyi maliyyə arayışı xahişinə əsasən tək sədrin imzası ilə olan maliyyə arayışıdır ki, o maliyyə arayışı tam ödəməni əks etdirmir və iddiaçı tam mənzilin dəyərini ödəməmişdir. Bu barədə elə özü də təsdiqedici sənədlər yükləmişdir. İddiaçının xahişinə əsasən ilkin tam ödəməmiş tək imza ilə maliyyə arayışı verilmişdir ki, hazırda cavabdeh yalnız mənzillərin dəyərini tam ödəmiş sakinə zəruri sənədləri təqdim etməyi müqavilə üzrə öhdəsinə götürmüşdür. Odur ki, hesab edir ki, iddia tələbi qeyri-müəyyən olduğu, eləcə də mənzillərin dəyəri ödənilmədiyi üçün, həmçinin tələb edilən qeyri-müəyyən ümumi yığıncağın qərarı mülkiyyət hüquqlarının qeydə alınmasına əsas vermədiyi üçün iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2010-cu il tarixli 026 saylı müqavilədən görünür ki, Bakı şəhəri, S.Rəhimov 109 və M.İbrahimov 53, 55, 57 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 176,0 kv.metr təşkil edən 4 otaq yaşayış sahəsini cavabdeh iddiaçıya verilməsini, iddiaçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürmüşlər. xx.xx.2011-ci il tarixli 053 saylı müqavilədən görünür ki, Bakı şəhəri, S.Rəhimov 109 və M.İbrahimov 53, 55, 57 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 94 kv.metr təşkil edən 2 otaq yaşayış sahəsini cavabdeh iddiaçıya verilməsini, iddiaçı isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürmüşlər. xx.xx.2012-ci il tarixli 01/063 saylı Maliyyə arayışından görünür ki, iddiaçı cavabdehin Yasamal rayonu, 422-ci məhəllədə inşa etdiyi çox mərtəbəli yaşayış binasında aldığı 026 saylı müqaviləyə əsasən 13-cü mərtəbə, 4 otaqlı mənzilin 176 kv.metrdən ibarət yaşayış sahəsinin hər bir kv.metri 1000 manat olmaqla, 176000 manat vəsaiti tam ödəmişdir. xx.xx.2013-cü il tarixli 01/075 saylı Maliyyə arayışından görünür ki, iddiaçı cavabdehin Yasamal rayonu, 422-ci məhəllədə inşa etdiyi çox mərtəbəli yaşayış binasında aldığı 053 saylı müqaviləyə əsasən 13-cü mərtəbə, 2 otaqlı mənzilin 94 kv.metrdən ibarət yaşayış sahəsinin hər bir kv.metri 1000 manat olmaqla, 94000 manat vəsaiti tam ödəmişdir. xx.xx.2013-cü il tarixli 07/03 saylı məktubdan görünür ki, iddiaçı mənzillərə dair ümumi yığıncağın protokollarından çıxarışların təqdim edilməsini cavabdehdən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 2018-ci ilin iyulun 1-dək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü pay yığımına hüquq olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Həmin Məcəllənin 113-cü maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tıkinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən görünür ki, Cavabdeh mənzil-tikinti kooperativi ilə “Payçı” kimi İddiaçı arasında kooperativ binanın mənzil tikintisi haqqında bağlanmış xx.xx.2010-cu il tarixli 026 saylı və xx.xx.2011-ci il tarixli 053 saylı müqavilələrə əsasən Cavabdeh mənzil-tikinti kooperativi Bakı şəhəri, S.Rəhimov 109 və M.İbrahimov 53, 55, 57 ünvanında tikintidə olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 176,0 kv.metr olan 4 otaqlı və 94 kv.metr olan 2 otaqlı mənzilləri payçı kimi İddiaçı verməyi, İddiaçı isə mənzilin müəyyənləşdirilmiş haqqını vaxtında ödəməyi öz öhdələrinə götürmüş, mənzillərin dəyəri hər bir kv.metri 1000 manat olmaqla, 176000 manat və 94000 manat müəyyən olunmuşxx.xx.2012-ci il tarixli 01/063 saylı və xx.xx.2013-cü il tarixli 01/075 saylı Maliyyə arayışlarına əsasən İddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh mənzil-tikinti kooperativi ilə kooperativ binanın mənzil tikintisi haqqında xx.xx.2010-cu il tarixli 026 saylı və xx.xx.2011-ci il tarixli 053 saylı müqavilələri payçı kimi bağlamışdır. Məhkəmə işin halları nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı şəhəri, S.Rəhimov 109 və M.İbrahimov 53, 55, 57 ünvanında tikintidə olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 176,0 kv.metr olan 4 otaqlı və 94 kv.metr olan 2 otaqlı mənzillərə mülkiyyət hüququnu həmin mənzillərin dəyərinin tam ödənildiyi gündən, yəni ümumi sahəsi 176,0 kv.metr olan 4 otaqlı mənzilə xx.xx.2012-ci il tarixdə, ümumi sahəsi 94 kv.metr olan 2 otaqlı mənzilə isə xx.xx.2013-cü il tarixdə əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, S.Rəhimov 109 və M.İbrahimov 53, 55, 57 ünvanında tikintidə olan yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 176,0 kv.metr olan 4 otaqlı və 94 kv.metr olan 2 otaqlı mənzillərin pay haqlarını tam ödədiyi üçün ona həmin mənzillərə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarları verilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçının təqdim etdiyi maliyyə arayışı xahişinə əsasən tək sədrin imzası ilə olan maliyyə arayışıdır ki, o maliyyə arayışı tam ödəməni əks etdirmir və iddiaçı tam mənzilin dəyərini ödəməmişdir. Məhkəmə göstərilən dəlili iş materiallarına əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan maliyyə arayışlarından görünür ki, həmin arayışlar Cavabdeh mənziltikinti kooperativinin sədri tərəfindən imza qoyulmaqla, Cavabdeh mənzil-tikinti kooperativinin möhürü ilə təsdiq olunmuşdur. Belə olan halda, yəni nə qədər ki, cavabdeh maliyyə arayışlarını təsdiq etmişdir, o, iddiaçının borcu olduğunu, bununla da maliyyə arayışlarını mübahisələndirmək hüququnu itirmiş olur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbidir ki, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla da o, mübahisə etmək hüququnu itirir. Bundan başqa, hüquqi şəxsin adından təsdiq edilmiş hər bir sənəd onun möhürü ilə təsdiq edilməli olduğundan və hüquqi şəxsin möhürü yalnız qanuni təmsilçidə və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsdə saxlanılmalı olduğundan, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, üzərində Cavabdeh mənzil-tikinti kooperativinin möhürü olan maliyyə arayışları tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 026 saylı və xx.xx.2011-ci il tarixli 053 saylı müqavilələr üzrə iddiaçının mənzillərin dəyərini cavabdehə tam ödədiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 01/063 saylı, 19 noyabr 2012-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh inşa etdiyi yüksək mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən, 176 kv.m-dən ibarət 4 ortaqlı mənzilə və 01/075 saylı, 11 yanvar 2013-cü il tarixli maliyyə arayışına əsasən 13-cü mərtəbədə yerləşən, 94 kv.m-dən ibarət 2 otaqlı mənzilə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarları Cavabdeh tərəfindən İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4541/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4541/2023
01.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver