Məhkəmə qərarları › İş №e-2(006)-4554/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4554/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4554/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh oğluna qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində əsas və 30 (otuz manat) manat məbləğində dövlət rüsumu, ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə işə iddia icraatında baxılması qərara alınmışdır. İşin iddia ərizəsində qeyd edilən halları: "xxxx" ASC tərəfindən sığortalı X1 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi (London Pub) əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2020-ci il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində X1 istifadəsində olan qeyri-yaşayış sahəsi (London Pub)çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh məxsus olan 18 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Həmçinin iş materiallarında olan 70 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 105, mənzil18-dən gələn su, X1 istifadəsində olan qeyriyaşayış obyektinin tavanını yararsız hala salmış, elektrik naqilləri sıradan çıxmışdır. Həmçinin iş materiallarında olan 70 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 105, mənzil 18-in mülkiyyətçisi Cavabdehdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli dəymiş zərərin həcmi ilə bağlı 578 nömrəli rəydən görünür ki, X1 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (London Pub) subasma nəticəsində 600 (altı yüz) manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2020-ci il tarixli, AKT2093/CFİ-0089/2020 nömrəli aktla 150 (bir yüz əlli) manat azadolma məbləği çıxılmaqla, 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, qədimi binalarda yaşayırlar. Evi 2-ci mərtəbədədir. Bu qeyri-yaşayış sahəsinin təmiri zamanı səhər 7-dən təmir edirdilər, həmin qeyri-yaşayış sahəsində təmir işləri gedəndə çoxlu şikayətlər etmişdir. Evinin divarı 1 metr 25 sm idi, qeyri-yaşayış sahəsində isə daha qalın idi. Ora gedəndə görmüşdür ki, bütün divarların araları sökülüb, böyük ikimərtəbəli bir restoran tikiblər. Bu səbəbdən mülkiyyətçinin ona qarşı qərəzi yaranmışdır. 2 il onunla razılaşdıqları şərtlərlə təmir etmişdirlər. Daimi suları kəsilmişdir. Cavabdehin evindən başqa bütün qonşulara su gəlmişdir. 1 il bu səbəbdən əziyyət çəkmişdir. Bununla bağlı Nəsimi rayon Su İdarəsinə də müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyri-yaşayış sahəsində bir qapı düzəldiblər, evin su turbasını istədikləri vaxt açıb-bağlayırlar. Lakin onları məhkəməyə şikayət etməmişdir. Bir gün Cəlil müəllim əlində ətirlə gəlmişdir. Dedi ki, “mən sizi çox incitmişəm”. Cavabdehin evinə gəlmişdir. Sonra yenidən qarşılaşmışlar. Ona bildirmişdir ki, restoranın üstündə hotel açmaq istəyir. Cavabdeh bildirmişdir ki, məzənnəyə uyğun razılaşa bilərlər. Cəlil müəllim başqa ev təklif etmişdir, onunla isə razılaşmamışdır. Aradan uzun müddət keçmişdir, xəbər gəlmişdir ki, evdən su damır. Razılaşmışlar ki, onların ustası ilə gəlib təmir etsin. Cavabdeh xərci ödəmişdir. Şəxsi qərəzlikləri ev ilə bağlıdır. Bu yollarla evi cavabdehdən almaq istəyiblər. Tərəflər yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (London Pub) xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. "xxxx" ASC-nin 2093/CFİ-0089/2020 saylı xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (London Pub) 600.00 manat ziyan dəyməsi müəyyən edilmişdir. Sığorta ödənişi 150 manat azadolma məbləği çıxılmaqla 450,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X2r. 70 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli 34 saylı məktubuna əsasən 70 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidməti ərazisinə aid olan, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 105, mənzil 18-in mülkiyyətçisi Cavabdehdır. Cavabdeh xx.xx.2018-ci ildən göstərilən ünvanda qeydiyyatdadır. 70 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsini işlədən vətəndaş X1 şikayət ərizəsi əsasında həmin restorana xx.xx.2020-ci il tarixdə baxış keçirilmişdir. Bu zaman üst mərtəbədə yerləşən 18-ci mənzildən su axını nəticəsində restorana xeyli ziyan dəydiyi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, zərərçəkən X1 hesabına 450 manat "xxxx" ASC tərəfindən pul köçürülmüşdür. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilən dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Maddə 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Qeyd edilməlidir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Demək, subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, özü də subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Lakin hazırki iş üzrə cavabdehin zərərə görə məsuliyyət daşımalı olan şəxs hesab edilməsi üçün onun təqsiri müəyyən edilməlidir. Onun təqsiri isə müəyyən edilməmişdir. Göründüyü kimi qanunvericilikdə (“İcbari sığrta haqqında” Qanunun 25-ci maddəsində) sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya qaydasında geri tələb etməsinin əsasları müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçının cavabdehdən subroqasiya qaydasında pul tələb etməsi üçün qanunvericilikdə müəyyən edilmiş hallar baş verməmişdir. İddiaçı tərəfindən subroqasiya hüququnun yaranması sübut edilə bilməmişdir. Belə ki, iddiaçı tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın cavabdehə məxsus mənzildən su axması nəticəsində baş verdiyini iddia etsə də, bu faktı təsdiq edə biləcək mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. İddiaçı tərəfindən sübut kimi təkcə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 70 saylı MKİS tərəfindən verilən xx.xx.2020-ci il tarixli aktın surətidir ki, həmin aktda qeyri-yaşayış sahəsinə su axıntısının olduğu qeyd edilsə də, lakin bu, iddia olunan deliktin konkret olaraq cavabdehə məxsus mənzildəki su borularının nasazlığı və ya cavabdehin digər hüquqazidd hərəkəti nəticəsində nəticəsində baş verməsi qənaətinə gəlmək üçün kifayət deyildir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə iddiaçı tərəfindən iddiasını əsaslandıra biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddiaçı "xxxx" ASCnin Cavabdeh oğluna qarşı subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar