Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-456/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzi kimi 15.000 (on beş min) manat, mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat, cəmi 65 (altmış beş min) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş, xx.xx.2014-cü il tarixdə həmin məktəbi bitirdikdən sonra ona leytenant hərbi rütbəsi verilmişdir. İddiaçı 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-tədris mərkəzinin “Zabitlərin dinləyici kursu”nda iştirak etmiş, xx.xx.2015-ci il tarixdə xidmət etmək üçün Müdafiə Nazirliyinin Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən N saylı hərbi hissəsinə göndərilmişdir. 6-cı bölüyün 2-ci tağım komandiri vəzifəsində işləyərkən, may ayının əvvəlindən məlum “Tərtər” hadisələri baş vermiş və iddiaçını da həmin hadisə ilə bağlı xx.xx.2017-ci il tarixdə saat 21 radələrində xidmət etdiyi hərbi hissənin komandiri polkovnik leytenant Vüsal Ələsgərov hərbi hissəyə çağırtdırmış və yanına gələndə o, iddiaçının şərəf və ləyaqətini təhqir edə-edə qarın nahiyyəsindən yumruqla vurmuş, sonra onun göstərişi əsasında hərbi hissənin 3-4 nəfər kəşfiyyatçısı iddiaçını təhqir edə-edə vəhşicəsinə döymüş, əl-qolunu bağlayıb hərbi hissənin otaqlarından birinə “atmışlar”. xx.xx.2017-ci il tarixdə iddiaçını hərbi hissənin çoxsaylı hərbi qulluqçuları ilə birlikdə, əlləri və gözləri bağlı halda vətənə xəyanət cinayəti ilə bağlı sorğulanmaq üçün N saylı hərbi hissəyə aparmışlar. Həmin hərbi hissədə işgəncə verilə-verilə iddiaçı hərbi əsir kimi 1 (bir) ay saxlanmış, son 15 (on beş) gündə, yəni 25 maydan 09 iyunadək ona dəhşətli formada işgəncələr (bədəninin müxtəlif nahiyələrinə elektrik enerjisi verməklə, suda boğmaqla, ayaq və əl barmaqlarından dırnaqlarını çıxartmaqla, taxta dəyənəklə, dəmir və ya plasitk boru ilə bədənimin müxtəlif nahiyyələrinə zərbələr vurmaqla, əl və ayaqla döyməklə və sair) verilmiş və ağır formada təhqir olunmuşdur. Bu kimi hallar hərbi prokurorluq əməkdaşlarının gözləri qarşısında, bəzən də onların iştirakı ilə baş verirdi. Qeyd olunan işgəncələrə dözə bilmədiyindən (həmin işgəncələrə dözmək mümkünsüz idi), iddiaçı sorğu-sual edən müstəntiqə onların iddiaçıdan tələb etdikləri formada izahat və ya ifadə verməyə razı olduğunu bildirmişdir. Bundan sonra iddiaçını Tərtər hərbi prokurorluğunda ifadə vermək üçün aparmış, orada ifadə verdikdən sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 150.1-ci (seksual xarekterli zorakılıq hərəkətləri etmə (şəxsin köməksiz vəziyyətindən istifdə etməklə uşaqbazlıq və ya seksual xarekterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə cinayət işi başlanmış və Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanının 18 dekabr 2017-ci il tarixli qərarına əsasən, iddiaçının əməli Cinayət Məcəlləsinin 331.3-cü və 150.1-ci maddələrindən həmin Məcəllənin 331.3-cü maddəsinə tövsif edilmiş, Tərtər hərbi Məhkəməsinin 05 fevral 2018-ci il tarixli hökmünə əsasən, o, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İddiaçı məhkəmə hökmü ilə verilmiş cəzanı tam çəkdikdən sonra azadlığa buraxılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 29 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcələsinin 329.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən, onun əməlində cinayət tərkibi olmadığından, yəni bəraətverici əsaslarla xitam verilmişdir. İddiaçı N saylı hərbi hissəyə sorğulanmaq üçün məcburi surətdə aparılanadək, yəni xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Tərtər rayonu, Sarov kəndi ərazisində yerləşən N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edərkən vəzifə maaşı və digər təminatları (vəzifə maaşı dedikdə, rütbə maaşı və sair təminatlar: paltar pulu, yemək pulu, məxfiçilik, mənzil kirəyə haqqı və sair) nəzərə alınmaqla təxminən 1500 (min beş yüz) manat olmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissədə hərbi prokurorluq əməkdaşlarının və iddiaçının xidmət etdiyi hərbi hissə rəhbərliyinin qanunsuz hərəkətlərinə görə o, qanunsuz olaraq 1 (bir) ay saxlanmış, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 09 (doqquz) ay Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında cəza çəkmişdir. Azərbaycan Respublikası Hərbi prokurorluğunun (Tərtər hərbi prokurorluğu) və Tərtər hərbi məhkəməsinin birbaşa qanunsuz hərəkətləri nəticəsində 9 (doqquz) ay müddətinə qanunsuz olaraq iddiaçının azadlıq hüququ məhdudlaşdırılmış və bu səbəbdən o, həmin 9 ay müddətində 13.500 (on üç min beş yüz) manat əmək haqqından məhrum olmuşdur. Eyni zamanda, qeyd olunanlardan bəlli olur ki, iddiaçı iradəsindən aslı olmadan Müdafiə Nazirliyinin və Hərbi prokurorluğun əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissədə hərbi prokurorluq əməkdaşlarının və xidmət etdiyi hərbi hissə rəhbərliyinin qanunsuz hərəkətlərinə görə qanunsuz olaraq 1 (bir) ay saxlanmışdır. Normal halda, yəni qeyd edilən qanunsuz araşdırma aparılmadığı halda iddiaçı həmin bir ayı xidmət etməli və əmək haqqı almalı idi. Belə olduğu halda, 10 (on) ay xidmətinə görə iddiaçıya 1 (bir) ay müddətinə əmək məzuniyyəti haqqı ödənilməli idi ki, bu da 1 (bir) aylıq vəzifə maaşına (digər təminatlar nəzərə alınmaqla) 1500 bərabər tutulmalıdır. Göründüyü kimi, hərbi prokurorluq və məhkəmənin qanunsuz hərəkətləri nəticəsində iddiaçı 10 (on) ay müddətinə cəmi, 15.000 (on beş min) manat əmək haqqı və digər gəlirləri almaqdan məhrum olmuşdur. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 29 iyun 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam veriməsi” barədə qərarından göründüyü kimi iddiaçı barəsində 07 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 150.1-ci (seksual xarekterli zorakılıq hərəkətləri etmə (şəxsin köməksiz vəziyyətindən istifdə etməklə uşaqbazlıq və ya seksual xarekterli digər zorakılıq hərəkətləri etmə)) maddələri ilə cinayət işi başlanmış və Tərtər Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanının 18 dekabr 2017-ci il tarixli qərarına əsasən, iddiaçının əməli Cinayət Məcəlləsinin 331.3-cü və 150.1-ci maddələrindən həmin Məcəllənin 331.3cü maddəsinə tövsif edilmişdir. Tərtər hərbi Məhkəməsinin 05 fevral 2018-ci il tarixli hökmünə əsasən, iddiaçı Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş arayışla təsdiq olunur. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 09 (doqquz) ay müddətinə cəza çəkmiş və məhkəmə hökmü ilə verilmiş cəzanı tam çəkdikdən sonra azadlığa buraxılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Qasım Məmmədovun 29 iyun 2022-ci il tarixli qərarından göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcələsinin 329.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına iddiaçının əməlində cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən, bəraətverici əsaslarla xitam verilmişdir. Yəni iddiaçının barəsində olan cinayət işi qanunsuz olmuş və o, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixdədək 09 (doqquz) ay müddətinə istintaq təcridxanasında qanunsuz saxlanılmış, bu müddət ərzində mənəvi, psixi və fiziki iztirablar çəkmişdir. Belə ki, ən dəhşətli sarsıntı və iztirab iddiaçının azadlığının əlimdən alınmasıdır. Təbii ki, dünyada azadlıqdan qiymətli və dəyərli hər hansı anlayış yoxdur. Hüquq mühafizə orqanlarının təqsiri üzündən iddiaçı azadlığını itirmiş, Azərbaycan dövlət olaraq normal ədalət mühakiməsi yaratmalı olduğu halda bunu etməmişdir. Təhqiqat və istintaq orqanının, prokurorluğun və məhkəmənin yol verdiyi kobud səhvlərə görə məhz dövlət məsuliyyət daşıyır. İddiaçı ömür boyu (ittiham olunanda 23 yaşı var idi) vicdanla yaşamış və fəaliyyət göstərmiş, ətrafda olanlar və onu tanıyanlar, qohumları, tabeçiliyində olmuş əsgərlər və s. onu vicdanlı, şərəfli bir zabit kimi tanımışdır. İddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarekterli hərəkətlər etmə-Azərbaycan əsgərinin köməksiz vəziyyətindən istifdə etməklə uşaqbazlıq etmə (qeyri-təbii üsulla əsgərlə cinsi əlaqədə olma)) maddəsi ilə cinayət işinin başlanması, cinayət işi üzrə istintaq aparılması cəmiyyətdə onun imicini məhv etmişdir. Belə ki, qeyd edilən maddə ilə barəsində cinayət işinin istintaqı aparıldığından iddiaçını istintaq təcridxanasında ən pis şəraiti olan 30 nəfərin yaşadığı otaqda (kamerada) yerləşdirdilər. Kamerada olan təqsirləndirilən şəxslərin hamısı iddiaçıya qarşı çox pis münasibətdə olmaqla yanaşı, onu həmişə təhqir edir, onunla heç kim danışmır və heç kim çörək yemirdi. Əməli Cinayət Məcəlləsinin 331.3-cü və 150.1-ci maddələrindən həmin Məcəllənin 331.3-cü maddəsinə tövsif edilən günədək, yəni iddiaçının barəsində Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilən günədək (dekabr 2017-ci il tarixədək) onun yataq yeri tualetin yanı olmuş və həmin tarixədək həmin kameradakı tualetdə təmizlik işləri yalnız onun tərəfindən aparılmışdır. İddiaçının əsgərə qarşı yuxarıda qeyd edilən hərəkətləri etməsi barədə məlumatlar, xidmət etdiyi hərbi hissədə, korpusda, onu tanıyan tələbə yoldaşları və müəllimləri, tanışları, qohumları, valideynlərinə və digər şəxslərə yayılmışdır. İddiaçı qeyd edilən maddə ilə təqsirləndirildiyinə görə valideynlərinə mağazalar ərzaq satmaqdan belə imtina etmişlər. Nəzərə almaq lazımdır ki, iddiaçı 5 il hərbi məktəb oxumuş, ona leytenant hərbi rütbəsi verilmiş və təxminən 2 il tağım komandiri vəzifəsində xidmət etmiş, adları cəlb qərarında, həbs qətimkan tədbirinin seçilməsi, ittiham aktında, hökmdə və sair aktlarda göstərilən şəxslərin qanunsuz və məsuliyyətsiz qərarları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilmişdir. Həmin şəxslərin qanunsuz qərarları və sair olmadığı halda iddiaçı hazırda kapitan hərbi rütbəsində və həmin hərbi rütbəyə uyğun hərbi vəzifədə olmalı idi. Gələcəkdə general hərbi rütbəsində olmağı istisna deyil. İddiaçının keçirdiyi mənəvi sarsıntıları heç bir pulla ölçmək mümkün deyil. Lakin mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi sarsıntılar, iztirablar maddiləşdirilməlidir. İddiaçı ona vurulan mənəvi sarsıntıları 50.000 (əlli min) manat həcmində dəyərləndirir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia ərizəsi barədə etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, İddiaçı hüquqmühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini dövlət büdcəsinə yönəltmişdir. Lakin iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də nazirliyin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki, sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır. Bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 148-ci maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Buradan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin, sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda, Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb olunması və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaqı aparmış orqanların cəlb olunması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar sübut kimi gətirdiyi faktlar əsassızdır. İddiaçı vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona vurulmuş maddi zərərin əvəzi kimi 9.546,4 (doqquz min beş yüz qırx altı manat qırx qəpik) manat, mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat, cəmi 59.546,4 (əlli doqquz min beş yüz qırx altı manat qırx qəpik) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçı məxsus EZ seriyalı ******* nömrəli hərbi biletin 1-2, 5 və 10-11-ci səhifələrində qeyd edilmişdir ki: - İddiaçı 2014-cü ildə H.Əliyev adına AAHM-nin “Mexanika mühəndisliyi” ixtisası üzrə mülki və “Motoatıcı bölmə hissə və birləşmələrin döyüşə tətbiqi” ixtisası üzrə hərbi təhsil almışdır. - Azərbaycan Respublikası müdafiə nazirinin 0474 nömrəli xx.xx.2014-cü il tarixli əmri ilə ona “leytenant” rütbəsi verilmişdir. - 17 mart 2018-ci ildə AR MN-nin № 0165, xx.xx.2018-ci il tarixli əmri ilə (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - Az.Resp. MN-nin xx.xx.2013-cü il tarixli əmri ilə Az.Resp. SQ-in 95 illiyi (1918-2013) yubiley medalı ilə təltif olunmuşdur. - Az.Resp. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Az.Resp. CM-nin 331.3 62 mad. ilə 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə azadlığa buraxılmışdır. Tərtər Hərbi Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 1(098)-69/2018 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəza çəkməsinin əvvəlinin 09 iyun 2017-ci il tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Tərtər Hərbi Məhkəməsi tərəfindən verilmiş hökmün icrası barədə xx.xx.2018-ci il tarixli göstərişdən görünür ki, Tərtər Hərbi Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 1(098)-69/2018 nömrəli hökmü xx.xx.2018-ci ildə qanuni qüvvəsini almışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM 331.3, 62-ci maddəsi ilə - 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cəza çəkmiş və cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin 0165 nömrəli xx.xx.2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “a” bəndinə (həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan) müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamında olan (157 nömrəli hərbi hissənin motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının sabiq komandiri) leytenant İddiaçı 09 iyun 2017-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsi döydüyünə görə Tərtər Hərbi Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 1(098)-69/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X3 cinayət işi üzrə icraata xitam verilməsi haqqında 29 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tabeliyində olan bəzi hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual prosesinə məruz qoyulmaları faktları üzrə ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, həmin işin istintaqı zamanı ona fiziki və psixi zor tətbiq edilərək qanunsuz azadlıqdan məhrum edilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə (əməl 331.3-cü maddədən 329.1-ci maddəyə tövsif edilmişdir) istintaq olunan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli, 213 nömrəli cavab məktubundan görünür ki, həmin hərbi hissədə hərbi xidmət keçmiş ehtiyatda olan leytenant İddiaçı pul təminatı ilə xx.xx.2017-ci il tarixədək təmin olunmuşdur. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hərbi hissə tərəfindən ödəniş olunmamışdır. xx.xx.2018-ci il tarixdən həbsdə olanların siyahısından çıxardılaraq, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. xx.xx.2017-ci il tarixdə əmək haqqı üçün pul təminatı növləri aşağıdakı kimi olmuşdur: - vəzifə maaşı: 380.00 (üç yüz səksən) manat 00 qəpik; - rütbə maaşı: 122.00 (bir yüz iyirmi iki) manat 00 qəpik; - xidmət illərinə görə faiz əlavəsi (10%): 50.20 (əlli) manat 20 qəpik; 2-ci qat üçün döyüş tapşırığı pul təminatı: - vəzifə maaşı: 380.00 (üç yüz səksən) manat 00 qəpik; - rütbə maaşı: 122 (bir yüz iyirmi iki) manat; - xidmət illərinə görə faiz əlavəsi (10%): 50.20 (əlli) manat 20 qəpik; Əlavə olaraq, 2017-ci il üçün maddi yardım (vəzifə və rütbə maaşı həcmində) ödənilmiş, 2017-ci il üçün növbəti məzuniyyətdən istifadə etmədiyi üçün məzuniyyət kompensasiyası (vəzifə maaşı həcmində) ödənilməmiş və birdəfəlik pul mükafatı (vəzifə və rütbə maaşının 2 misli həcmində) ilə təmin olunmamışdır. Hərbi hissədə qazan təminatı olduğu üçün ərzaq əvəzi pul kompensasiyasının ödənişi ilə təmin olunmamışdır. Ehtiyatda olan leytenant İddiaçı 2017-ci il üçün xidmət dövründə kirayə əvəzi pul kompensasiyasının ödənilməsi üçün hərbi hissə komandirinin əmrlərində adı olmadığı səbəbindən kirayə əvəzi pul kompensasiyası ödənişi ilə təmin olunmamışdır. Qeyd: Birdəfəlik pul mükafatı yüksək döyüş hazırlığının saxlanması, vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizam nəzərə alınmaqla hərbi hissə komandirinin əmri ilə təyin olunur. Bununla 2018-ci ilin maddi yardım, məzuniyyət kompensasiyası və birdəfəlik pul mükafatı hərbi hissənin siyahısından çıxdığı tarixədək ödənilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli, 370 nömrəli cavab məktubundan görünür ki, İddiaçı son 36 (otuz altı) ay ərzində almadığı əşya əmlak əvəzinə pul kompensasiyasının ödənilməsinə görə arayışın tərtib olunmasına əsas olan, hərbi qulluqçunun şəxsi istifadəsinə verilmiş maddi vəsaitlərin uçotu (forma 45) kartının saxlanılma müddətinin bitməsi ilə əlaqədar olaraq, məhv olunduğu üçün, pul kompensasiyasının ödənilməsinə görə arayışın tərtib olunması hərbi hissənin əşya xidməti tərəfindən mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş, 2014-cü ildə həmin məktəbi bitirmiş və xx.xx.2014-cü il tarixdə ona “leytenant” hərbi rütbəsi verilmişdir. İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində “tağım komandiri” vəzifəsində işləmiş, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək sərəncamda olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2018-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158ci maddəsinin “a” bəndinə əsasən, yəni həqiqi hərbi xidmətdə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğuna görə xx.xx.2018-ci ildə ehtiyata buraxılmışdır. Belə ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəlinin 09 iyun 2017-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökm xx.xx.2018-ci ildə qanuni qüvvəsini almışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2018-ci il tarixdə verdiyi arayış əsasında müəyyən edilir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cəzasını tam çəkib qurtarmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 29 iyun 2022-ci il tarixli qərarı ilə bəzi hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual prosesinə məruz qoyulmaları faktları üzrə cinayət işində İddiaçı zərərçəkmiş şəxs qismində tanınması, həmin işin istintaqı zamanı ona fiziki və psixi zor tətbiq edilərək qanunsuz azadlıqdan məhrum edilməsi müəyyən edilmiş, barəsində olan cinayət işinin icraatına isə əməldə cinayət tərkibi olmadığına görə xitam verilmişdir. Hazırda iddiaçı qanunsuz azadlıqdan məhrum edildiyinə, bu zaman ağır işgəncələrə məruz qaldığına görə ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 50.000 manat məbləğində kompensasiya, azadlıqdan qanunsuz olaraq məhrum edildiyi müddət ərzində ona dəymiş maddi ziyanın əvəzi kimi cəmi 9.546,4 manat (müvafiq dövrlərə münasibətdə ikiqat hesablanmış maaş və istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası) pulun dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; cavabdeh isə iddiaçıya onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Göründüyü kimi, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi 9 (doqquz) ay müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, həmçinin, bəzi hərbi hissələrin düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının fiziki və psixi zor tətbiq edilməklə qanunsuz sorğu-sual prosesinə məruz qoyulmaları faktları üzrə cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış, belə ki, ona fiziki və psixi zor tətbiq edilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Bununla yanaşı, iddiaçıya hansı məbləğdə maddi və mənəvi ziyan dəyməsi işin mübahisəli halını təşkil etmişdir. Belə ki, iddiaçı azadlıqdan qanunsuz olaraq məhrum edildiyi müddət ərzində ona 9.546,4 manat məbləğində maddi ziyan dəydiyini bildirir. Məhkəmə hesab edir ki, iddiaçıya cəmi 9.162 manat məbləğində maddi zərər dəymişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında müəyyən edilir ki, iddiaçı pul təminatı ilə xx.xx.2017-ci il tarixədək təmin olunmuş, xx.xx.2017-ci il tarixdən ona heç bir ödəniş olunmamışdır. Beləliklə, iddiaçının qanunsuz azadlıqdan məhrum edildiyi dövrdə o, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək cəmi 9.162 manat maaşdan məhrum olmuşdur (8 ay 9 günlük əmək haqqı, yəni 8.835,20 manat ≈ [8 ay x 1.104,40 manat] + 326,80 manat [9 gün x (1104,40 / 30,4)]). İddiaçının tələb etdiyi istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası isə məhkəmə tərəfindən iddiaçıya dəymiş maddi ziyan kimi qiymətləndirilmir. Belə ki, maddi ziyan real olmalı və mötəbər sübutlarla təsdiq olunmalıdır. İddiaçı tərəfindən tələb edilən istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası isə bu əlamətlərə uyğun gəlmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 9.162 (doqquz min bir yüz altmış iki) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin “mənəvi ziyan” hissəsinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının ali təhsilli zabit kimi (yubiley medalı ilə təltif olunmuş leytenant rütbəsində olan tağım komandiri) qanunsuz olaraq 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum edilməsi, ona fiziki və psixi zor tətbiq edilməsi, vətənə xəyanət cinayətini törətməkdə ittiham olunması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 50.000 manat deyil. Məhkəmə yuxarıda qeyd edilən bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 13.500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi ziyan hissəsində də qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 13.500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı X1 əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 9.162 (doqquz min bir yüz altmış iki) manat və mənəvi zərərin əvəzi kimi 13.500 (on üç min beş yüz) manat olmaqla, cəmi 22.662 (iyirmi iki min altı yüz altmış iki) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 9.162 (doqquz min bir yüz altmış iki) manat və mənəvi zərərin əvəzi kimi 13.500 (on üç min beş yüz) manat olmaqla, cəmi 22.662 (iyirmi iki min altı yüz altmış iki) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-456/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-456/2024
11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver